XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 16:01

XƏZƏRDƏ ABŞ ƏLEYHİNƏ QURULAN İTTİFAQ… –Bu oyunda kim uduzdu, kim uddu? - Təhlil

Beş sahilyanı dövlətin Xəzərin statusunu müəyyənləşdirən sammiti arxada qaldı. 20 ildən artıqdır ki, sahilyanı ölkələrin üzərində anlaşa bilmədiyi məsələlər bir neçə gün öncə Qazaxıstanın Aktau şəhərində toplanan “Xəzəryanı dövlət rəhbərləri sammiti”ndə öz həllini tapdı. Əslində əldə edilən razılaşmalar ötən ayın ortalarında bir araya gələn Xarici İşlər nazirləri tərəfindən müəyyənləşdirilmişdi. Son sammitdə prezidentlərə düşən isə bu razılaşmaları imzalamaq oldu.

“Xəzər beşliyi” adlanan və aralarında Azərbaycanın da olduğu ölkələrin su sərhədlərini müəyyənləşdirən bu Konvensiya barədə müxtəlif fikirlər mövcuddur. Bəziləri imzalanan sazişin yalnız Rusiyanın lehinə oluduğunu, digər ölkələrin isə güzəştə getdiyini önə sürürlər. Azərbaycanın rəsmi dairələri isə Xəzərin statusunda böyük nailiyyətlər qazandığını iddia edirlər.

Bəs, əsl həqiqətdə Aktau sammitində udan və uduzan kimdir? Xəzərin qəbul olunan hüquqi statusu dünyanın yeni geopolitik mənzərəsini necə dəyişə bilər?

  

Xəzərin geopolitik əhəmiyyəti

 

Fikrimizcə, bu suallara cavab vermək üçün ilk növbədə Xəzərin dünya enerji siyasətində oynadığı rola və geopolitik əhəmiyyətinə nəzər salmaq lazımdır.

Dünyanın ən böyük gölü olan Xəzər təbii sərvətlərlə zəngin su hövzəsidir. Dünyada təsbit olunmuş neft ehtiyatlarının 6%, təbii qazın isə 8%-ni özündə cəmləşdirən bu göl həm də balıqçılığı ilə böyük şöhrət qazanıb. Dünya kürü ehtiyacının 90%-ə yaxını Xəzərdə istehsal olunur.

Bu qədər iqtisadi önəmə sahib olan su hövzəsinin  hansı ölkə tərəfindən necə istifadə ediləcəyi təkcə region dövlətlərini deyil, həm də qlobal güc mərkəzlərini də yaxından ilgiləndirir.

Üstəlik, Xəzər dənizi Çin və Avropa arasında qurulan İpək Yolu marşrutunun da mühüm keçid nöqtələrindəndir.

Çindən Qırğızıstan vasitəsilə Qazaxıstana keçirilən mallar Xəzər dəniziylə ya Rusiyaya, ya da Azərbaycana daşına və bu ölkələrdən Qərbə nəql oluna bilər. Digər bir marşrut kimi önə çıxan Əfqanıstan-Pakistan-İran-Türkiyə xətti isə güvənli olmadığından əsas güc Xəzərətrafı regionların payına düşəcək.

Çinin iqtisadi inkişaf baxımından dünya liderliyinə iddia etməsi və  Uzaq Şərqdən Avropaya uzanan ticarət yolunun Xəzərdən keçməsi də sənayeləşmiş qüdrətli dövlətlərin, xüsusilə ABŞ-ın diqqətini bu regiona yönəlməsini şərtləndirir. Qlobal iqtisadi rəqabətdə getdikcə Çinə uduzan ABŞ-ın bu tənəzzülün qarşısını almaq üçün yeganə bir yolu var: nəyin bahasına olursa olsun,  bu güzargah (marşrut) üzərində keçilməz sədlər yaratmaq və dünyanın bütün su hövzələrindəki dominantlığını Xəzərə daşımaq.

Əslində Tramp hakimiyyətinin eyni anda həm Çin, həm İran, həm Rusiya, həm Türkiyə, həm də Avropa İttifaqı ilə “uğraşması” məhz bu xofdan qaynaqlanır və öz hegemoniyasını qorumaq məqsədindən doğur.

 

Aktau Konvensiyası

 

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 sahilyanı ölkənin bağladığı “Xəzərin hüquqi statusu barədə Konvensiya”dakı maddələri əsasən 3 yerə bölmək olar:

1. Xəzərin dibinin və səthinin necə istifadə olunacağının müəyyən edilməsi;

2. Ölkələrarası rəqabətin, tarixi və strateji istiqamətləri müəyyənləşdirən balansın yaradılması;

3. Rusiya və İranın Transxəzər sahəsinə yönələn hərbi-təhlükəsizlik hədələrini dəf edə bilməsi.

Aktau Konvensiyasının tələblərinə nəzər salanda, qlobal güc mərkəzlərinin geostrateji savaşlarının bu sənəddə öz əksini tapdığını görürük. Konvensiyaya görə, sahilyanı dövlətlər xarici orduların Xəzərdə məskunlaşmasına izn verməyəcəkləri öhdəliyini boyunlarına götürüblər. Bu da İran və Rusiya ilə yanaşı, Xəzərdən çox-çox uzaqda yerləşən Çinin də dövlət maraqlarına uyğundur. 

Sözsüz ki, Xəzərin istər Azərbaycan, istərsə də Qazaxıstan və Türkmənistan sektorunda neft-qaz layihələrinə böyük miqdarda kapital yatıran ABŞ-ın bu Konvensiya ilə razılaşacağını gözləmək həddindən artıq sadəlövhlük olardı. Bu isə o deməkdir ki, 5 sahilyanı dövlətin imzaladığı bu sənəddən sonra ABŞ-ın regiona təzyiqləri daha da artacaq.

Xəzərin yeni statusunda ən çox diqqətə çarpan maddələrdən biri də onun tərəflər arasında bölünməsi prinsipləridir. Məsələ burasındadır ki, istənilən su hövzəsi Birləşmiş Millətlər Təşkilatının 1982-ci ildə qəbul olnmuş Dəniz Hüququ Konvensiyasına əsasən, ya dəniz, ya da göl statusu ilə milli sektorlara bölünür. Bölgü əgər dəniz statusu ilə aparılırsa, su hövzəsinin sahildən 12 mil uzaqlıqdakı hissəsi dövlətlərin ərazilərinə aid edilir. 12 mildən uzaqda yerləşən bölgə isə hər kəsin ümumi ərazisi və ya neytral zona kimi qəbul olunur.

Su hövzəsi göldürsə, o zaman sahilyanı dövlətlər tərəfindən öz torpaq sərhədlərinə nəzərən ortadan bölünür. Xəzərin ən böyük hissəsinin – 29%-nin Qazaxıstana, 20%-nin Türkmənistana, 19.5%-nin Azərbaycana, 18.7%-nin Rusiyaya, 14%-nin isə İrana düşdüyünü nəzərə alsaq, bu bölgüdə ən az qazanan ölkələrin Rusiya və İran ola biləcəyini görürük. Sözsüz ki, Rusiya və İran bu bölgüylə razılaşmazdılar və razılaşmadılar da.

Xəzərin dəniz statusu ilə bölünməsi də Rusiyaya sərf etmirdi. Zira Xəzər dəniz kimi qəbul edilsəydi, o zaman yenə BMT-nin Dəniz Hüququ Konvensiyasına görə, bu su hövzəsini okeanlara bağlayan boğaz və ya kanalların da ortaq əraziyə çevrilməsi tələb olunurdu. Rusiya isə Xəzərlə Azov dənizini birləşdirən Volqa-Don kanalını heç kiminlə bölüşmək istəmirdi.

Maraqlıdır ki, həlli çətin tənliyə çevrilən bu problemin çıxış yolu Aktau sammitində tapıldı: Xəzər nə dəniz, nə də göl, yaxud, həm dəniz, həm göl statusunda bölündü. İmzalanan sazişə əsasən, Xəzərin dibi göl, səthi isə dəniz olaraq qəbul edildi. Yəni ölkələr bu su hövzəsinin öz ərazilərinə düşən hissəsinin tam ortasından sahilə qədər məsafədə yerin altındakı təbii sərvətləri çıxara biləcəklər. Dənizin səthində isə yalnız 12 mil uzaqlıqda hərəkət etmək hüququ qazanacaqlar. Nəzərə alsaq ki, Xəzərin eni 554 km-dir və hər dəniz mili 1852 metrdir, onda ortaya belə bir nəticə çıxır: Azərbaycan öz sahillərindən gölün ortasına qədər hardasa 200 km-dən artıq ərazisində sərbəst hərəkət etmək hüququnu itirəcək. Bu isə ilk növbədə balıqçılıq və kürüçülük üçün ən münbit sahələri əldən çıxarmağımız deməkdir.

Onu da nəzərdən qaçırmaq olmaz ki, Xəzərin Azərbaycan sektorundakı sahillər xeyli çirklənib və balıqlar əsasən dənizin ortalarına çəkilib. Ölkəmizin balıqçı təknələri zaman-zaman hətta Qazaxıstan və Rusiya sərhədlərinə qədər irəliləyərək balıq tuturdular. Bir çox hallarda həmin ölkələrin dəniz mühafizəçiləri tərəfndən tutulur, gəmiləri və özləri göz altına alınırdılar. İndiyədək Xəzərin statusu müəyyən olunmadığından, həmin balıqçıları qonşu dövlətlərdən almaq asan idi. İndisə Xəzərin sərhədləri dəqiq koordinatlarla bölündüyündən, eyni və ya bənzər hərəkətlər qonşu dövlətlərin ərazisini pozmaq kimi tövsif olunacaq və onların geri istənilməsi də çətinləşəcək.

Ən önəmlisi isə, getdikcə eneji resurslarımızın tükəndiyi bir şəraitdə balıqçılıq və kürüçülük yaxın zamanlarda daha qazanclı sektor kimi ön plana çıxa bilər. Dünya kürü istehsalının əsas bazası kimi tanınan Xəzərdə bu avantajımızı itirməyimiz, əlbəttə, Azərbaycanın iqtisadi maraqlarına cavab vermir.

Digər tərəfdən, Xəzərin hüquqi statusunun İran və Rusiyanın lehinə həll olunması transmilli şirkətlərin bu dənizdən çıxarılan enerji resurslarına maraqlarını azalda bilər. Ona görə ki, ABŞ-ın maraqlarının nəzərə alınmaması Tramp hakimiyyətinin hansı addım atacağını proqnozlaşdırmağa imkan vermir. Super gücün ən müxtəlif təxribatlarına açıq hala gələn regionumuza beynəlxalq marağın zəifləməsi nəticəsində neft və qaz müştərilərinin itirilməsi ehtimalı xarici sərmayədarları ürküdə, bu da təkcə Azərbaycanda yox, bütün bölgədə ciddi iqtisadi böhranlara yol aça bilər.

Xəzərə dəniz statusunun verilməsi Rusiyanın bu göldəki hərbi donanmasının Bakının 20 km-liyinə qədər gəlməsinə imkan verəcək. Zira dəniz hüququna görə, təxminən, 20 km olan 12 milin ötəsi neytral zona sayılır və bütün sahilyanı dövlətlər tərəfindən ortaq istifadə olunur. Qanunən, hər nə qədər hərkəsinki kimi görünsə belə, neytral zonaların əslində güclü tərəfin əlində olduğu heç kimə sirr deyil. Xəzərdə ən güclü donanma isə Rusiyaya aiddir və Moskva bu gücünü 2015-ci ildə Suriya müxaliflərinə qarşı mübarizədə açıq şəkildə nümayiş etdirmişdi. Həmin vaxt Rusiya donanmasına aid 4 gəmi Xəzərin ortasında dayanaraq, 1500 km uzaqlıqdakı hədəflərinə 10-larla raket yağdırmışdı və heç bir Xəzəryanı dövlət buna cınqırını belə çıxara bilməmişdir. 

 

Xəzər Qara dənizin açarıdır

 

Aktau Konvensiyası ilə Moskva istədiyi zaman istədiyi ölkənin sərhədlərinə özünün gəmilərini göndərə və dolayısı ilə onları mühasirəyə ala bilər. Nəzərə alsaq ki, Xəzərdə İranın donanma saxlamaq hüququ yoxdur, digər dövlətlərin isə Rusiya ilə qarşı-qarşıya gəlmək imkanları məhduddur, Konvensiyanın bu tələblərinin Xəzəri tamamilə Moskvanın inhisarına verdiyi ortaya çıxır.

NATO-nun son zamanlar Qara dənizdə lövbər salması ilə Rusiyanın Xəzərdə öz hərbi qüdrətini möhkəmləndirməsi də təsadüfə oxşamır. Sirr deyil ki, Qara dəniz ölkələrinin enerji təhlükəsizliyi birbaşa Xəzərin karbohidrogen ehtiyatlarından asılıdır. Rusiya Xəzərdə özünü möhkəmlətməklə, sanki, ABŞ-a “Qara dənizin açarını sənə vermərəm” demək istəyir.

Bununla belə, Xəzərin hüquqi statusu ilə yaranan yeni status-kvonu yalnız qara rəngdə görmək də doğru deyil. Xüsusilə Xəzər üzərindən nəqliyyat imkanlarına hüquqi zəminin yaranması Azərbaycandan müxtəlif istiqamətə yüklərin daşınmasını asanlaşdıra bilər. 2013-cü ilin 3 iyul tarixində Türk Şurası çərçivəsində Türkiyənin Samsun, Qazaxıstanın Aktau, Azərbaycanın Bakı limanları arasında bağlanan “Qardaş limanlar” müqaviləsi buna imkan verir. Məlumatlara görə, Türkmənistanın Türkmənbaşı limanı da bu layihəyə qoşulmaq istəyir.

Bilindiyi kimi, bu zamanadək Avropanın bir çox ölkələrindən yüklər Türkiyəyə gəlir və 80%-dən artığı İran üzərindən Orta Asiyaya daşınırdı. Xəzərin hüquqi statusunun müəyyənləşməsindən sonra bu nisbət Azərbaycanın xeyrinə 75% dəyişə bilər. Bu il Bakı-Tblisi-Qars dəmir yolunun açılması da bu imkanları genişləndirir.

Sözsüz ki, bütün müsbət ehtimalların reallaşması ABŞ-la region dövlətlərinin arasında yaşanan ticari müharibələrin seyrindən və nəticələrindən asılıdır. ABŞ bu savaşı qazanarsa, İpək Yolu layihəsinə bəslədiyimiz bütün ümidlər puç olacaq. Çin və regional dövlətlərin başarısı isə bölgədə tamamilə fərqli tabloların ortaya çıxmasını şərtləndirəcək.

Bir sözlə, Azərbaycan özündən asılı olmayan geopolitik rüzgarların təsirilə bilinməzliyə doğru sürüklənir.

Heydər Oğuz

Ovqat.com




Yuxarı Əvvələ Ana Səhifə