XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 19:27

TÜRKİYƏ ABŞ-dan ÜZ ÇEVİRİB KTMT VƏ YA AVRASİYA BİRLİYİNƏ QOŞULARMI?-TƏHLİL

Oleq Moskvin, Mixail Moşkin, Andreyv Rezçikov

“Vzqlyad.ru”, 15.08.2018

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-a iqtisadi savaş elan edib. Türkiyə türk lirəsini  çökdürən rüsumlara cavab olaraq təkcə Amerika elektronikasından imtina etməyə söz verməyib, həm də Amerikanın bir sıra mallarına, birinci növbədə avtomobil, tütün və alkoqola rüsumları kəskin yüksəldib. Ankaranın Qərbdən qoparaq Moskvaya sarı meyllənməsindən danışmaq olarmı?

 

Türkiyə lideri Rəcəb Tayib Ərdoğan çərşənbə günü amerikalı həmkarı Donald Trampın Türkiyə poladı və alüminiumuna yüksək rüsumlar tətbiq etməyinə asimmetrik cavab tapıb. Ərdoğan Amerikanın bir sıra mallarına – tütün məmulatları (60%), alkoqol (140%), avtomobil (120%), habelə düyü, meyvələr, kosmetik məmulatlar və s.-ə rüsumların artırılması haqda sərəncam verib.

Bundan savayı, Ankarada Amerika elektronikasını boykot hədəsi gəliblər. Ərdoğan bunun necə görünəcəyini təsvir edib: “Onlarda “iPhone” var, amma o biri yandan, dünyada “Samsung” var”.

Bununla yanaşı, Türkiyə lideri təkcə Cənubi Koreya brendinə kompliment deməyib, həm də öz vətəninin istehsalçısını xatırlayıb. “Bizim ölkədə “Venüs Vestel” telefonlarının yerli markası var, onu işlədəcəyik”.

Etiraf etmək lazımdır ki, Trampın sanksiya təşəbbüsü Türkiyə iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib.

“Ona yetərincə güclü zərbə vurulub, – BİBMİ-nin (Beynəlxalq iqtisadiyyat və beynəlxalq münasibətlər institutu-red.) baş elmi əməkdaşı Viktor Nadein-Rayevski “Vzqlyad” qəzetinə bildirib. – İnflyasiya ikirəqəmli zonaya girib, işsizlik 11 faizdir. Bu, Ərdoğanın bütün idarəçiliyi illərində ən pis göstəricidir”.

“Dow Jones” qeyd edir – lirə bir həftədə 20%-dən çox puç olub, çünki dünya bazarları Türkiyənin borcu xarici valyutada ödəmək qabiliyyətindən şübhələnib.

Yada salaq ki, Türkiyənin xarici borcu məhz dollarla hesablanır və 250 milyard dollar dəyərləndirilir və bu, Türkiyə Mərkəzi Bankının valyuta (dollar) ehtiyatından iki dəfə çoxdur.

Trampın iqtisadi müşaviri artıq qeyd edib: lirənin düşməsi Türkiyə iqtisadiyyatında təməl problemlərin varlığından xəbər verir.

Bundan başqa, Amerikanın terrorizmlə mübarizə üzrə ekspertləri Vaşinqton və Ankara arasında münasibətlər pisləşdikdən sonra İŞİD-lə mübarizədə Türkiyənin etibarına şübhə edirlər. Deməli, Amerika kəşfiyyatının yüksəkməqamlı əməkdaşları narahatlıq ifadə ediblər ki, Türkiyə İŞİD-in ehtimal edilən döyüşçüləri və əcnəbi döyüşçülərin Suriya ərazisinə sızmasını önləmək üçün Türkiyə təhlükəsizlik qüvvələrinin apardığı missiya haqda məlumatı gizlətməyə başlaya bilər.

Vaşinqtondakı Strateji və beynəlxalq araşdırmalar mərkəzinin transmilli təhdidlərlə mübarizə üzrə layihəsinin rəhbəri Set Conson isə bildirib ki, guya, Türkiyə yasaqlanmış “Həyat Təhrir əş-Şam” (“Cəbhət ən-Nusra”) terrorçu qruplaşmaya yardım edirdi.

Ərdoğan amerikalı tərəfdaşlarının davranışına özünün həmişəki sərtliyi ilə cavab verib. O, 2016-cı il dövlət çevrilişinə cəhdi yada salıb (məlum olduğu kimi, Ankara bunda ABŞ-da yaşayan vaiz Fətullah Güləni ittiham edir) və bildirib ki, “Vaşinqtonun Türkiyəyə nisbətdə indiki siyasəti qiyamın davamına çevrilib. Əvvəllər bu cür şeylər gizlincə edilirdi, onlar indi açıq şəkildə üstümüzə gəlirlər, – Türkiyə lideri qeyd edib. – Biz iqtisadi və siyasi mövqedən iki şey edə bilərik. İqtisadi baxımdan tədbirlər görürük, maliyyə nazrliyi və xəzinədarlıq gecə-gündüz işləyir”.

Qeyd edək ki, 2014-də Qərbin qəzəbi Rusiyanı sınağa çəkərkən bizim mövqeyimiz xeyli güclüydü – qızıl-valyuta ehtiyatları və zəmanətli ixracat malı (birinci növbədə neft və qaz) alqısının varlığı “tərəfdaşlarımızın” həmlələrini layiqincə önləmək imkanı verirdi. Türkiyənin işi  daha mürəkkəbdir.

“Yaxın Şərq-Qafqaz” Araşdırma Mərkəzinin direktoru, türkşünas Stanislav Tarasov qeyd edib ki, “ABŞ-ın Türkiyəyə göstərdiyi basqı onun AB ölkələrinə, Çinə göstərdiyi basqılardan heç nə ilə seçilmir”. Tarasov “Vzqlyad” qəzetinə “Türklər cavab tədbirləri görürlər. Ərdoğan “iqtisadi savaş” və “dövlət çevrilişi cəhdi” kimi anlayışlar işlədir” deyərək əlavə  edib ki, özünü Yaxın Şərqdə böyük ölkə göstərən Türkiyə belə durumlarda Rusiya-Türkiyə kəskinləşməsi halındakı kimi cavab verməyə bilməz. O əmindir: “Bununla belə, bu bildirmir ki, Türkiyənin Qərblə tarixi tərəfdaşlığı qırılır”.

Ərdoğanın sərt bəyanatlarına baxmayaraq, Türkiyə bütün körpüləri yandırmır. Türkiyə diplomatiyası başçısı Mövlud Çavuşoğlu “yaxşı polis” rolunda çıxış edib. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında yaranmış problemləri müzakirə etmək üçün ABŞ-ı dialoqa qayıtmağa çağırıb.

Nadein-Rayevski hesab edir ki, Çavuşoğlu bilə-bilə Ərdoğanın gərəksizcəsinə davakar çıxışlarını hamarlamağa çalışır. Türkoloq izah edir: “Türk siyasətçilərinin çoxu Ərdoğanın – yetərincə duyğusal adamın sərt və kəskin bəyanatlarını yumşaltmağa çalışır. Problem bundadır ki, amerikalılar hələlik bu növ çağırışlara o qədər də qıcıq vermirlər”.

Ekspert qeyd edir: “Bu, türklər üçün xoşagəlməz məqamdır. Amerikalılar öz müttəfiqlərinin maraqlarına etinasızlıq göstərirlər. Ankaranın Vaşinqtona, az qala, artıq müttəfiqlik xəttiylə cavab verməyə hazır olduğu haqda məsələnin qoyuluşu da buradandır. Amma, fikrimcə, Türkiyənin NATO-dan çıxacağı, ya da bu cür kəskin addım atacağını gözləmək, ən azı, çox tezdir”.

Bir də Türkiyə hərbi müttəfiq kimi Amerikaya da lazımdır. “Türkiyə ABŞ üçün Şərqi Aralıq dənizi bölgəsində önəmli dayaqdır. Onu orada heç kim əvəz etmir, – o deyir. – Nəhayət, bu, Amerikadan sonra NATO-da ən böyük ordudur. Belə ki, təhdidli bəyanatlar vermək olar, amma, əslində, hər şey göründüyü kimi sadə deyil”.

Nadein-Rayevski yekun vurur: “Görünür, hər halda məsələ ABŞ və Türkiyənin münasibətlərinin normallaşmasına gələcək, amma türklər hələlik buna hazır deyil, hələlik hər şey duyğulardadır”.

Yaxın Şərq İnstitutunun eksperti Sergey Balmasov da “Vzqlyad” qəzetinə şərhdə istisna etməyib ki, Türkiyə və ABŞ artıq ən yaxın zamanda hansısa güzəştlər tapacaq. “Əslində, məntiqi əsas götürsək, aydındır ki, bundan sonra Ştatlarla münaqişəni dərinləşdirmək Türkiyəyə lazım  deyil. Türkiyə və Avropa Birliyinin höcətləşməsini hələ anlamaq olar. Amma Ştatlarla dalaşmaq onun nəyinə gərəkdir? – Ekspert sual edir. – İstənilən XİN-in  vəzifəsi isə ümumiyyətlə dinc vasitələrlə, dialoq yoluyla ölkə üçün müsbət nəticələr əldə etməkdir”.

Amerikanın “Wall Street Journal” nəşri hesab edir ki, Ankara Vaşinqtonla kəskinləşmə fonunda Moskvaya sarı hərəkətə başlayıb. Nadein-Rayevski qeyd edir – həqiqətən də, Rusiya Türkiyə üçün həm böyük ticari tərəfdaş, həm də siyasi kəmiyyət kimi yetərincə mühüm ölkə olaraq qalır. Ekspert deyir: “Türklər yeni müttəfiqlər aramağa məcburdurlar, bu haqda açıqca bildirirlər də”.

Sergey Balmasov qeyd edir – Sergey Lavrov Ankaraya gələrək bu ölkənin yürütdüyü siyasi xəttə görə Türkiyəyə və liderinə dərin təşəkkürünü bildirib.

Amma Türkiyənin Qərblə münasibətləri radikal şəkildə kəskinləşdirəcəyi və Rusiyaya doğru yön dəyişəcəyini hesab etməyən Sergey Tarasov bununla razılaşmır.

Türkşünas qeyd edir: “ABŞ-la əməkdaşlıq çoxillikdir, söhbət ixracata yönəlik iqtisadiyyat modelindən gedir. Türklər buxovları sadəcə elə-belə qırıb Avrasiya İqtisadi Birliyinə, KTMT-yə sıçramağa nail olmayacaqlar. Rusiya ilə yaxınlaşmaq üçün çox ciddi islahatlar keçirmək və məqsədyönlü siyasət həyata keçirmək, yəni seçim etmək lazımdır: onlar Şərqlədir, ya Qərblə? Qərblə dalaşanda bildirirlər ki, Şərqlə dostluq edirlər. Şərqlə baş tutmayanda Qərbə üz tuturlar. Türklər həmişə belə oynayıblar, amma indi bu deşik daha sərtləşib”.

Balmasov öz növbəsində qeyd edir – bir də Rusiya-Türkiyə ziddiyyətləri heç hara yox olmayıb. Ekspert sadalayır – bu, Tükiyənin Krım tatarlarından alət kimi yararlanmaq cəhdlərinə, Suriya üzrə fikir ayrılıqlarına, Balkanlarda, Abxaziyada maraqların toqquşmasına da aiddir. Ekspert yekun vurur – ABŞ və AB tərəfdən basqı Rusiya və Türkiyəni əməkdaşlığa itələyir, “amma bu, çox da dərin deyil, kiməsə qarşı dostluqdur”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə