XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 11:53

XƏZƏR KONVENSİYASI İRANDA SİYASİ QALMAQALA RƏVAC VERDİ:Ruhani və Zərif ikinci "Türkmənçay müqaviləsi"nə qol çəkməkdə ittiham olunur

“Azadlıq” radiosunun müxbiri Gülnaz İsfəndiyari yazır ki, Xəzərin statusuna dair beştərəfli Konvensiyanı imzalamış İran rəsmiləri vətəndə çox kəskin tənqid dalğası ilə üzləşiblər.

Məqalədə deyilir ki, Xəzər Dənizinin Hüquqi Statusuna dair Konvensiya Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasındakı əksər kəskin mübahisələri sonraya saxlasa da, Tehranın Sovet İttifaqı ilə imzalanmış çoxtərəfli sazişlərinin üstündən birdəfəlik xətt çəkib.

Tənqidçilər bu qənaətdədirlər ki, Tehran, xüsusilə də Xəzərin neft və qaz sərvətlərinin sahibliyi baxımından ən çox uduzan tərəf olub.

İsfəndiyari yazır ki, İranda bəziləri Konvensiyanı İranın Qafqazdakı torpaqlarını Rusiyaya vermiş 1828-ci il Türkmənçay müqaviləsi ilə müqayisə edirlər.

İran mediasının bu barədə üç gündür ki, qaldırdığı hay-küydən sonra prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif səslərini çıxararaq bu razılaşmanı İran üçün böyük qələbə adlandırıblar.

İran kabinetinin 15 avqustda keçirilən iclasında Ruhani deyib ki, İran bu sazişdən təhlükəsizlik cəbhəsində böyük üstünlük əldə edib, beləki saziş Xəzərdə xarici bazaların – xüsusilə də NATO və ABŞ bazalarının qurulmasını qadağan edir.

Gələn həftə İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsində çıxış etməyə hazırlaşan Zərif deyib ki, “İranın ərazi bütövlüyü qorunaraq saxlanıb”.

Konvensiya sahil ölkələri üçün ərazi sularını və balıqçılıq zonalarını müəyyən etsə də, neft və qazlı dəniz dibinin bölüşdürülməsi sonrakı danışqılara saxlanıb.

Bununla belə İran millət vəkillərindən Mahmud Sadeghi avqustun 12-də yazdığı tvitdə soruşur: “Bu doğrudur ki, İranın 50 faizlik payı 11 faizə düşüb?” Sadeghi habelə bu razılaşmanın bir çox məsələlərə ikibaşlı yanaşmasını dilə gətirib. Millət vəkili sual edir: “Bu daha bir Türkmənçay müqaviləsidir?”. O,hökuməti millət vəkillərindən məxfi pərdəarxası danışıqlar aparmaqda ittiham edib.

“Qanun” qəzeti isə yazır ki, Konvensiya İranın Rusiyaya inanmamalı olduğunu və Rusiyanın ona istənilən an xəyanət edə biləcəyini göstərib.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Rusiyanı İranla ikibaşlı oyun oynamaqda ittiham edib: “Rusiya bir tərəfdən deyirdi ki, istənilən razılaşma konsensus əsasında olmalıdır, digər tərəfdən isə ayrı-ayrı ölkələrlə danışıqlar aparıb”.

Politoloq və keçmiş millət vəkili İlahə Kulayi deyib ki, Konvensiyanın imzalanması ABŞ-ın 2015-ci il nüvə sazişindən çıxması və Tehran üzərinə sanksiyaları bərpa etmək qərarı ilə eyni vaxta təsadüf edərək İranın maraqlarına zidd olub:

“Mühüm olanı budur ki, İran həm ABŞ, həm də regiondakı müttəfiqləri tərəfindən basqı altındadır və bu Xəzər dənizinin statusu barədə sənədin qəbulu üçün heç də münasib vaxt deyildi”.

Avqustun 13-də “Ebtekar” qəzeti özünün redaksiya məqaləsində yazır ki, danışıqların şəffaf olmaması sazişin ikibaşlı alınmasına yol açıb. “Ebtekar” başqa bir məqalədə yazır ki, onun müraciət etdiyi əksər ekspertlər danışmaqdan imtina ediblər, çünki bu Konvensiyanın nə olduğundan xəbərsizdirlər.

Məqalədə deyilir ki, hökumət ölkənin dəniz payının 11 faizə düşməsinin səbəbini izah etməlidir.

Lakin təhlilçi Hüseyn Aryan deyib ki, tənqidlərin əksəriyyəti məsələ barədə məlumatsızlıqdan qaynaqlanır:

“İrana 50 faiz düşməsi ideyasının hüquqi əsası yox idi. İranın dənizi 5 bərabər sektora bölmək təklifi isə Rusiya Xəzərin şimal hissəsinin sektorlara bölünməsi barədə Azərbaycan və Qazaxıstanla ikitərəfli razılaşmalar imzalayandan sonra mənasını itirmişdi”.

Ruhani avqustun 15-də deyib ki, Xəzərin cənub hissəsi ilə bağlı bəzi məsələlər açıq qalıb. O bunun təfərrüatlarını verməyib.

Zərif isə deyib ki, İran Xəzər ehtiyatlarının 20 faizinə sahib olmalıdır. O bildirib ki, xəyali 11 faiz xətti bundan sonra etibarlı sayıla bilməz. Zərif belə bir bəyanatın xırdalıqlarına varmayıb.

Xəzər məsələsini diqqətlə izləyən təhlilçi Stanislav Priçtin “Azadlıq” radiosuna deyib ki, rəsmilərin belə bəyanatlar verməsi gərginliyin aradan qaldırılması məqsədini güdür. O bildirib ki, İranın payı məsələsi Türkmənistan və Azərbaycanla danışıqlarda müəyyənləşməlidir.

Buna baxmayaraq Amsterdamdakı Sosial Tarix İnstitutunun alimi Touraj Atabaki bildirib ki, İranın yekun payı hardasa 11-13 faiz arasında olacaq. O əlavə edib ki, İranın beynəlxalq çətinliklərlə üzləşdiyi bir vaxtda belə bir bölgü İran xalqının və ölkənin maraqlarına xidmət etmir.

Londondakı “Chatham House” analitik mərkəzinin tədqiqatçısı və Rusiya Elmlər Akademiyası Şərq Araşdırmaları İnstitununun professoru Priçtin isə deyir ki, iyirmi ildən uzun sürən danışıqlardan sonra kimin qalib, kimin məğlub tərəf olduğunu demək çətindir. Lakin onun fikrincə Xəzərdə xarici hərbi qüvvənin qadağan edilməsi Rusiya və İran üçün aşkar uğur sayıla bilər.




Yuxarı Əvvələ Ana Səhifə