XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2018 - 18:09

ERMƏNİ TERRORÇULARI NİYƏ SİYASİ PARTİYA YARATDILAR? –“Sasna tsrer”in kimlərə işlədiyi haqda müəmmalar artır - TƏHLİL

Aşot Sarqsyan

Verelq.am, 25.08.2018

 

“Sasna tsrer” qruplaşmasının liderləri Jirayr SəfilyanVarujan Avetisyan avqustun 23-də mətbuat konfransında çıxış edərək “Sasna tsrer” siyasi partiyasının qurulduğunu bildiriblər. Partiya liderləri yeni yaradılan siyasi qüvvənin əsas hədəflərini təqdim ediblər, yəni:

1. Artsax (Dağlıq Qarabağ-red.) və Ermənistanı birləşdirmək;

2. Rusiya sərhədçilərini Ermənistanınkılarla əvəzləmək;

3. Rusiyaya verilmiş (əslində isə satılmış) strateji obyektləri milliləşdirmək;

4. Rusiya telekanallarının yayımını dayandırmaq;

5. Qərb ölkələri, habelə İran, Gürcüstan, Çin və Hindistanla “Rusiyayönlü münasibətlər” formatından çıxmaq.

Bununla yanaşı, yeni yaradılan partiyanın təmsilçiləri bildiriblər ki, baş nazir Nikol Paşinyanın siyasətini dəstəkləyirlər. Əgər Paşinyanın özü Rusiya-Ermənistan münasibətlərinin müttəfiqyana və strateji olduğunu, buna görə də bunu daha yüksək səviyyəyə qaldırmağın gərəkdiyini  addımbaşı ucadan bəyan edirsə, “Sasna tsrer” tərəfindən indiki baş nazirə hansı dəstəkdən söhbət gedə bilər? Bununla belə, onu “dəstəkləyən” yeni siyasi qüvvə təmsilçiləri hesab edirlər ki, yuxarıda sadalanan radikal üsullarla Rusiyadan aralanmaq lazımdır?

Burada iki sual meydana çıxır: ya “Sasna tsrer” qrupu Paşinyanı dəstəkləməkdə səmimi deyil, bunu isə ona görə deyir ki, baş nazirin hazırda reytinqi yetərincə yüksəkdir; ya da Səfilyan və Avetisyan əmindirlər ki, Paşinyan ancaq sözdə Rusiyayönlüdür, həqiqətdə isə Ermənistan tamamilə özgə siyasət aparacaq…

İstənilən halda qrup azad edildiyinə görə məhz Paşinyana borcludur. Polisin binasını ələ keçirmiş və polisləri öldürmüş bir dəstə adamın hakimiyyətin sanksiyası olmadan necə azadlığa çıxdığını və seçkilərə qatılmaq məqsədilə partiya yaratdığını təsəvvür etmək çətindir.

Bununla belə, bəyan edilən hər bir məqsədi ayrı-ayrı gözdən keçirək:

1. Artsax və Ermənistanı birləşdirmək. “Sasna tsrer” qrupu Artsaxda da eyniadlı partiya yaratmağı planlaşdırır. Jirayr Səfilyan və Varujan Avetisyan özləri üçün qət ediblər ki, Artsax Ermənistanla birləşdirilməlidir, amma bunu qarabağlıların özlərindən soruşmağı unudublar! Artsax məsələsi yalnız Səfilyan və Avetisyanın bəyan etdikləri məqsədlərə artıq mənfi reaksiya vermiş artsaxlıların iradə izharı vasitəsilə həll edilə bilər və edilməlidir.

2. Rusiya sərhədçilərini Ermənistanınkılarla əvəzləmək. Rusiya sərhədçiləri İrəvanla Moskva arasında ikitərəfli müqavilə əsasında 1992-ci ildən Ermənistanın dövlət sərhədinin Ermənistan-Türkiyə və Ermənistan-İran sahələrini qoruyurlar. Sərhəd dəstələri Gümri, Artaşat, Armavir, Mehridə və “Zvartnots” aeroportunda yerləşib. “Sasna tsrer” qrupunun təmsilçilərinə sual meydana çıxır: Rusiya sərhədçilərini hansı pullarla və kimlə əvəzləməyə hazırlaşırlar – Ermənistanınkılarla, ya …?

3. Rusiyaya verilmiş strateji obyektləri milliləşdirmək. Söhbət məhz hansı strateji obyektlərdən gedir? Bu obyektlərin konkret adını çəkmək və hər birinin tarixini gözdən keçirmək lazımdır. “Sasna tsrer” qrupunun üzvləri doğrudan da vətənsevərlərdirsə, onda niyə yalnız Rusiyaya satılmış obyektlər haqda məsələ qaldırırlar? Səfilyan və Avetisyan iki il qabaq ABŞ-a satılmış Vorotan SES-i qaytarmağın gərəkdiyindən niyə danışmırlar? Vətənsevərlər qrupu britaniyalıların belə fəal istismar etdikləri Amulsar qızıl yatağını niyə xatırlamırlar? Misallar lap çoxdur, amma silahlı dəstənin liderləri ancaq Rusiyanı yada salıblar. Səfilyan və Avetisyan kimin sifarişini icra edirlər?

4. Rusiya telekanallarının yayımının dayandırılması. Yadıma gəlir ki, Gürcüstanda da, Ukraynada da Rusiya telekanallarını haçansa yasaqlamışdılar, sonradan isə rusca danışmağı da qadağan etdilər. Və bunun bu ölkələri və xalqlarını nə günə saldığını hamımız görürük. Ermənistan sakinlərinin çoxu Rusiya telekanallarına baxır. Vətənsevər liderlər Ermənistan ictimaiyyətinə hansı tamaşanı təklif etməyə hazırlaşırlar – Amerika tele-şoularını?

5. Qərb ölkələri, habelə İran, Gürcüstan, Çin və Hindistanla Rusiyayönlü münasibətlər formatından çıxmaq. Ermənistan müstəqil xarici siyasət aparan suveren dövlətdir. Ermənistan AİB-in üzvü olan və bununla yanaşı Avropa Birliyi ilə saziş imzalayan yeganə ölkədir. Ermənistanın xarici siyasətinə Rusiyanın mane olduğu haqda mif tam ifşa olunub. Aydındır ki, Ermənistan ictimaiyyəti yeni yaradılmış partiyanın radikal məqsədlərini dəstəkləməyəcək. Tendensiya artıq sosial şəbəkələrdəki şərhlərdən gözə dəyir. Bu kimi siyasi qüvvələr belə radikal məqsədlərlə cəmiyyəti xarici siyasət ehtirasları ilə qütbləşdirir ki, bu da istənilən siyasi orqanizimin daxili sabitsizliyinə səbəb olur. Biz bu cür siyasətçiləri sovetsonrası müxtəlif ölkələrdə artıq görmüşük və bütün bunların nə ilə bitdiyini bilirik.

Əlbəttə, indi müxtəlif xarici – və daxili siyasi qüvvələr “Sasna tsrer” partiyasının ideyalarını fırladacaq, çünki Qarabağ məsələsi və İran ətrafındakı durum və Türkiyədəki siyasi proseslər də nəzərə alınmaqla son hədəfləri Ermənistanı və bütünlükdə bölgəni qarışdırmaqdır. Ermənistan cəmiyyətinin Ermənistan qarşısında olan bütün geopolitik çağırışları adekvat qavramağı və düzgün nəticələrə gəlməyi vacibdir. Və onda “Sasna tsrer”in hansı qüvvələrə işlədiyi və kimlərin sifarişini yerinə yetirdiyi aydın olar.

Tərcümə Strateq.az-ındır.