XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 22:03

ABŞ İRANA QARŞI HƏRBİ İTTİFAQ YARADIR –Vaşinqtonun yeni planı - "Ərəb NATO-su"...

“Rbk.ru”, (Rusiya)

 

Birləşmiş Ştatlar İrana qarşı yeni hərbi ittifaq – Yaxın Şərq Strateji Alyansını (MESA) qurmaları üçün ərəb ölkələrinə çağırış edir. Lakin “Ərəb NATO-su” ideyasının gerçəkləşməsinə elə onun potensial iştirakçıları arasındakı mübahisələr mane ola bilər. Belə ki, onlar Rusiya ilə hərbi-siyasi əməkdaşlıqdan, çətin ki, imtina edələr.

Tramp administrasiyası məlum ideyanın reallaşması üçün səylərini son bir neçə aydır daha da gücləndirib. Vaşinqtonun planına görə, alyans 8 dövləti – Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 6 ölkəsini (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman, Bəhreyn), həmçinin Misir və İordaniyanı əhatə etməlidir.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə mətbuat katibi bildirib ki, alyansın hədəfi regionda İranın aqressiyasını məhdudlaşdırmaq, həmçinin terrorizmlə mübarizə və Yaxın Şərqdə sabitliyin qorunmasıdır. Qurumun vəzifələrinə dair rəsmi bilgi Fars körfəzi ölkələrinin oktyabrın 12-13-də Vaşinqtonda keçirilən sammitində açıqlanacaq.

Alyansın qurulmasına dair sazişin imzalanma tarixi barədə isə, hələ ki, Ağ Ev hər hansı açıqlama verməyib.

Tramp administrasiyasının MESA-nı qurmaq üçün aktiv fəaliyyətə keçdiyi barədə iyulun sonlarında “Reuters” agentliyi də məlumat yaymışdı. Həmin vaxt agentlik ABŞ-ın və ərəb ölkələrinin adının çəkilməsini istəməyən diplomatik mənbələrinə istinad etmişdi.

Bu arada, Yaxın Şərqdə təhlükəsizliyi müzakirə etmək üçün ABŞ Silahlı Qüvvələri mərkəzi komandanlığının rəhbəri, general Jozef Votel iyulda regionu ziyarət etmişdi.

Ərəb dövlətlərinin hərbi ittifaqının yaradılması ideyası ilk dəfə 2011-ci ildə – “ərəb baharının” başlaması ilə ortaya çıxmışdı. 2015-ci ildə Vaşinqton yenidən bu ideyaya qayıtdı. Lakin prezident Obamanın administrasiyası həmin vaxt daha çox ABŞ-ın Yaxın Şərqdəki hərbi iştirakını məhdudlaşdırmaq planlarıyla məşğul idi.

ABŞ-ın indiki hökuməti isə Vaşinqton-Tehran münasibətlərinin kəskinləşməsi fonunda regiona daha çox diqqət ayırır. Elə ona görə də “Ərəb NATO-su” qurmaq ideyasına tam dəstək verilir.

Beynəlxalq məsələlər üzrə ekspert Anton Mardasov ABŞ-ın anti-İran cəbhəsi qurmaq səylərinin yeni olmadığını və bu cəhdlərin hər dəfə ərəb ölkələri arasındakı fikir ayrılığına görə nəticəsiz qaldığını deyir:

“Bu, Yəmən savaşında da göründü. Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında rəqabət və vahid komandanlıqla bağlı problemlər vardı. Ərəb ölkələri arasında koordinasiya yaxşılaşmır. Fars körfəzi ölkələri arasında münaqişə davam edir. 2017-ci ilin iyununda Səudiyyə Ərəbistanı BƏƏ, Bəhreyn, Misir və Liviya ilə birgə Qətəri terrorizmi maliyyələşdirməkdə ittiham edərək bu əmirliklə ticari və diplomatik əlaqələri dayandırdı. Körfəz ölkələrinin bir qismi Qətərlə bağlı daha yumuşaq mövqe sərgiləsə də, gərginlik hələ də qalmaqdadır. 

MESA ideyası, çətin ki, reallaşsın. Bu təşəbbüs ABŞ-a və İran əleyhdarlarına qısamüddətli problemləri həll etməyə kömək edə bilər. Ola bilsin ki, “Ərəb NATO-su” qısamüddətli effekt – İranı nüvə sazişini yeniləməyə məcbur etmək üçün lazımdır. Və ya ərəb dövlətlərini ABŞ-ın dəstəklədiyi kürd yaraqlılarının nəzarətində olan Şərqi Suriyaya sərmayə qoymağa sövq etmək üçün”.

Yaxın Şərq məsələləri üzrə ekspert Vladimir Sajin hesab edir ki, ərəb ölkələri arasında İrana münasibətdə konsensus yoxdur: “Məlum hərbi alyansın yaradılmasında ilk növbədə ABŞ və İsrail maraqlıdır. Məsələn, Qətər və Omanın İranla normal münasibətləri var. ABŞ və İsrail olmadan bu hərbi blokun heç bir mənası qalmaz. Çünki hərbi qüdrəti İranınkından xeyli geridə qalar”.

Ronald Reyqanın keçmiş müşaviri, “Cato Institute”un eksperti Duq Bendou İranla bağlı təhdidin şişirdildiyini düşünür: “Keçmişdə NATO-nun hədəfi Sovet İttifaqının Avrasiyada hegemonluğunun qarşısını almaq idi. Lakin indi Yaxın Şərqdə digər güclərə hökmranlıq edəcək qüvvə yoxdur. Baxmayaraq ki, İran şərin mənbəyi kimi göstərilir, əslində, Tehran Birləşmiş Ştatlara zərər vurmaq və ya qonşuların ərazilərini tutmaq iqtidarında olmayan bir “qnomdur”.

Ekspert Maksim Suçkov Rusiyanın MESA-nın qurulması ilə bağlı narahatlıq keçirməsinə ehtiyac olmadığını deyir: “Əvvəla, ideyanın özü hələ çiydir. İkincisi, ərəb dövlətləri son bir neçə il ərzində xarici oyunçularla münasibətlərin şaxələndirilməsini arzulayıblar ki, Moskva ilə hərbi və siyasi əlaqələr yeni alyansın yaradılması prosesindən asılı olmayaraq, öz əhəmiyyətini qoruyacaq”.

Yeri gəlmişkən, Rusiya gələcəkdə “Ərəb NATO-su”na daxil ola biləcək ölkələrin bir neçəsinin hərbi tərəfdaşıdır. Onların arasında S-400 kompleksini almaq üçün Moskva ilə danışıqlar aparan Səudiyyə Ərəbistanı, Qətər və Misir də var.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə