XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2018 - 11:22

QIZIL DONDURMA YEYƏN AĞAZADƏLƏR:İran elitasının uşaqları ABŞ sanksiyaları hesabına daha da harınlaşır

Holli Daqres

“Atlantic Council”

 

1970-ci illərin sonlarında ABŞ-ın Tehrandakı səfirliyindən belə bir məlumat alınmışdı: “İran eyş-işrətdə olan və fasadın arxasında həyatın dibində yaşayan insanları ilə böyük bir Potyomkin kəndini xatırladır”. 1979-cu ildə fasad yerini dəyişib və yeni zənginlər sosial media vasitəsi ilə sərvətlərini nümayiş etdirirlər.

Sözügedən qrup Tehranda və xaricdə yaşayan ağazadələr kimi tanınır – elitanın uşaqları. Ağazadələr rus oliqarxlarına bənzəyir, bu, İslam Respublikasının güclü şəxsləri və onların ailələridir.

Sosial medianın mövcudluğundan əvvəl ağazadələrin zənginliyi dillərdə dastan idi: lüks avtomobil markaları və ya Tehranın şimalında çoxmərtəbəli evlər barədə dedi-qodular dolaşırdı. 1990-cı illərin sonlarında İranın ən zəngin ruhanilərindən biri olan mərhum prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Fatimə Haşimi bir neçə kitab və məqalədə çadra altında “Chanel” kostyumları geyinən qadın kimi təsvir olunurdu. “New York Times” qəzetinin bir hekayətinə görə, o, kürü olmayan süfrənin başında oturmurdu.

Rəfsəncaninin oğullarından biri – Mehdi Haşimi 2005-ci ildə başqa bir jurnalistə atasının yenidən prezidentliyə namizəd olmağa hazırlaşdığını, ailənin bunun əleyhinə olduğunu bildirmişdi: “Biz artıq hər şeyə sahibik”.

Bu gün ağazadələrin həyatı artıq söz-söhbət deyil. İndi bəziləri sosial media vasitəsi ilə öz elit həyat tərzinə pəncərə açırlar. Məsələn, İranda texniki cəhətdən qadağan edilmiş “Instagram”da fotoşəkillərini paylaşırlar. Durğunluq keçirən İran iqtisadiyyatı, pis idarəçilik, korrupsiya və ABŞ sanksiyalarının təkrar tətbiqi şəraitində iranlılar sosial şəbəkələrdə lüks avtomobillərə və paltarlara xüsusi diqqət yetirirlər.

“Azadlıq Radiosu / Azad Avropa”nın əməkdaşı Gülnaz İsfəndiyari ağazadələrin sosial media mesajlarını əhatə edən bəzi müzakirələri, o cümlədən İranın moda modeli və Danimarkadakı səfirin dizayner oğlunun toyu, eləcə də “Instagram”da hər zaman fərqli bir “Ferrari” ilə şəkillərini paylaşan Venesueladakı keçmiş səfirin oğlu ilə əlaqədar yazışmaları sənədləşdirib. Məsələn, Saşa Sübhani mal-dövlətinin atasının diplomatik statusu ilə deyil, “öz ağlı” ilə əldə etməsi ilə qürrələnib.

Bundan başqa, İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin qız nəvəsinin bir neçə “Instagram” fotoşəkli, xüsusən əlində tutduğu “Dolce & Gabbana” çantasının 3.700 dollardan baha olması müzakirə mövzusu olub. Müzakirələrdə “BMW” – Qərbdən fərqli olaraq, İranda üç dəfə baha qiymətdə olan avtomobil sayəsində onun da ağazadə statusu təsdiqlənib.

İranlı seçicilərin ictimai medianı diqqətlə izləməsi yeni təzahür deyil. 2014-cü ildə, “Instagram”da “Rich Kids of Tehran” (RKOT) – “Tehranın Zəngin Uşaqları” hesabı ortaya çıxıb. İranlıların bir faizini təşkil edən bu adamları tənqid etməyə hamı tələsib, hətta “Tehranın Yoxsul Uşaqları” “Instagram” hesabı ilə onlara istehza edilib.

RKOT hesabı İslam Respublikasının 30 ildən bəri qarşılaşdığı ən mübahisəli sanksiyaların zirvədə olduğu zamanda ortaya çıxmışdı. Barak Obama administrasiyasının tətbiq etdiyi çoxtərəfli sanksiyalar rejimində lüks avtomobillər və Tehranın Fereşte-İlahiyə məhəlləsi Beverli Hillslə müqayisədə, daha çox Monako Qran Prisini xatırladırdı. Bu, elitanın sanksiyalarla inkişaf etməsinin əlamət idi, halbuki ortabab və yoxsul iranlılar əziyyət çəkirdilər.

“The Economist”in məlumatına görə, alman avtomobil istehsalçısı “Porsche” 2011-ci ildə Tehranda digər Yaxın Şərq şəhərindən daha çox maşın satıb.

Hətta bəzi restoranlarda menyulara baxıb ağazadə həyatına sübut tapmaq mümkündür. Onlardan birində yeməli qızıl dondurma təklif olunur.

Artan iqtisadi böhran şəraitində İranda hökumət elitasının həyatına daha çox diqqət yetirilir. İctimai narazılıq iranlıları sosial mediada ağazadəliyi və tayfabazlığı hədəfləyən korrupsiyaya qarşı kampaniyaya sövq edib. Fars dilində #Where_Is_Your_Child? haştaqı ilə İranın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Məhəmməd Cavad Zərifin uşaqlığı, İran universitetində təhsili və karyerasından danışılır.

Bu yaxınlarda parlamentdə təxminən 40 yüksək vəzifəli dövlət məmuru uşağının ABŞ-da təhsil aldığı məlum olub. Parlament, həmçinin neçə xarici ölkə vətəndaşının İran hökumətində çalışmasına dair statistikanı açıqlayıb. Sabiq prezident Mahmud Əhmədinejad isə prezident Donald Trampdan “Twitter”də “qrin kart”ları və ABŞ-da hesabları olan səlahiyyətlilərin adlarını açıqlamasını istəyib. Kinayə budur ki, elita məhz onun prezidentliyi dövründə inkişaf edib.

Əhmədinejadın iki prezidentlik dövründə elit köpük “qara bazar” əməliyyatlarından faydalanıb. Bir iranlı iş adamının 2012-ci ildə qeyd etdiyi kimi, “qaçaqmalçılıq günbəgün yox, saatbasaat artıb, ölkəyə idxal olunan məmulatlar rəsmən qadağan edilmiş məhsullardır, yenə də ən əlverişli valyuta məzənnəsi ilə alınır. Onlar ölkəyə gömrük rüsumları ödənmədən gətirilir və sonradan asanlıqla bölüşdürülürlər”.

İndi Tramp administrasiyası sanksiyaların yenidən tətbiqi ilə tarix də təkrarlanır.

 

Tərcümə: Strateq.az