XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2018 - 13:09

İDLİBDƏ QİYAMƏT GÖZLƏNTİSİ –Rusiyanın Əsədə dəstək əməliyyatı yeni fəlakətlərə yol aça bilər - TƏHLİL

Nagehan Alçı

“Habertürk”, 01 sentyabr 2018-ci il

 

İdlibdə durum getdikcə daha da mürəkkəbləşir və laqeyd yanaşıla bilinməyəcək bir vəziyyətə gəlir. Dünyanın qiyaməti – 5 ildir davam edən Suriya müharibəsində yığışan şiddət və təzyiq, görünür, böyük güclərin laboratoriya kimi gördükləri bu bəxtsiz, lakin həlledici əhəmiyyətli şəhərdə partlayacaq.

Əsəd rejimi Suriyadakı müxalifləri İdlibə sıxışdırmağı bacarıb. Bura müxaliflərin əlində qalan yeganə böyük və bütün sahədir.

Bəs müxalif deyəndə kimin nəzərdə tutulduğunu anlamalıyıq?

Bax, dananın quyruğu burada qopur. Çünki “əl-Qaidə” qalıntılarından təşkil olunan “Heyət Tahrir Şam”ın (HTŞ) mövcud olduğu yer buradır və Əsəd rejiminin əməliyyatına legitimlik qazandıran da bu təşkilatdır.

Ancaq bunlarla bərabər, İdlibdə Azad Suriya Ordusu da, digər mötədil müxaliflər də və hər şeydən önəmlisi, sayları tam müəyyən edilə bilməyən, lakin terror təşkilatlarından və Əsəd rejimindən qaçan 3-5 milyon arası mülki şəxslər də var.

Beləliklə, mümkün bir əməliyyatda ortalığın bu qədər toz-duman olduğu bir nöqtədə HTŞ mənsublarını digərlərindən ayırmaq nə qədər mümkün olacaq? Üstəlik, Əsəd kimi özünə qarşı olan hər bir ünsürü yox etməyə and içmiş “ölüm maşını” buna nə qədər diqqət edəcək?

Görünən tabloya Türkiyə baxımından baxsaq, durum heç də ürəkaçan deyil, çünki yuxarıda bəhs etdiyim təhlükə ilə bağlı qaçışlar başlayıb. HTŞ ünsürləri də mülki şəxslərin arasına qarışır və bu insanlar Türkiyə sərhəddinə dayanacaq. Beləliklə, bir neçə ildir terrorla çox çətin və nəticə almağa hədəflənən mübarizə aparan Türkiyə üçün sərhəd təhlükəsizliyinə nəzarət etmək çox çətinləşə bilər.

Həm bu, həm də yarana biləcək humanitar fəlakət səbəbiylə Türkiyə gözlənilən əməliyyatı əngəlləmək və bir həll yolu tapmaq üçün çalışır. Gələn son məlumatlara görə, bu təşəbbüslərin içində HTŞ-nin özünü ləğv etməsi istiqamətində keçirilən görüşlərdə iştirak etmək də var.

 

Türkiyənin iştirakı

 

Türkiyə 2017-ci ilin oktyabrından bu yana qurduğu 12 müşahidə nöqtəsi ilə İdlibdə öz hərbi iştirakını təmin edib. Türkiyə burada yalnız əməliyyat keçirən ölkə deyil. Öz sərhəddinə çox yaxın olan bu şəhərin atəşkəs bölgəsi olması məsələsində Türkiyənin Astana prosesində oynadığı rol da inkar edilə bilməz. Son bir ildə İdlib demək “təhlükəsiz liman” demək idi.

İndi isə Rusiyanın dəstəyi ilə baş tutacaq Əsəd rejiminin yaxınlaşan əməliyyatıyla birlikdə, bura “təhlükəsiz liman” bir yana, ən qanlı cəbhə olmağa namizəddir…

Türkiyə də belə bir fəlakəti önləmək istəyir. Ancaq Rusiya əməliyyat məsələsində qərarlıdır, çünki HTŞ-ni ABŞ-ın nəzarətində olan bir alət kimi görür və öz mövcudluğunu gücləndirmək üçün onu yox etmək istəyir.

Moskva Əsəd rejimi ilə tam həmrəylik içindədir. Ancaq adına istər İŞİD, istər HTŞ, istərsə də “əl-Qaidə” deyin, artıq bu strukturu Suriyada hər bir sifətdə görə bilərsiniz. Təşkilat, sanki, bir Troya atına dönmüş durumdadır.

Qısası, Əsəd rejimi, Rusiyanın da dəstəyi ilə, böyük insanlıq dramına səbəb ola biləcək əməliyyat hazırlığındadır.

Türkiyə yalnız orada alınacaq nəticələrə görə deyil, o əməliyyatla birlikdə yaranacaq yeni köç dalğasına görə də narahatdır. Bu narahatlığında da yalnız deyil. Avropa Birliyi də ona təsir edə biləcək belə bir dalğadan qorxur, ona görə də Türkiyə ilə bənzər qayğılarla hərəkət edir. ABŞ isə gün içində belə bir əməliyyata qarşı olduğu yönündə qəti bir açıqlama verib. BMT də mümkün təhlükələrə diqqət çəkir və belə bir ehtimala qarşı xəbərdarlıq edir.

Təəssüf ki, Suriyada 7 il yarımdır davam edən müharibə artıq hamımıza təəccüb etməməyi öyrədib. Ona görə də bu mövzuda yazarkən təmkinli davranmalıyıq. Hər an qüvvələr balansı dəyişə bilər. Ancaq hələlik durum budur. Burada Türkiyə həm diplomatik baxımdan masada güclü olmalı, həm özünü mümkün bir köçə və terror ünsürlərinin sızmasına qarşı qorumalı, həm də Astana prosesindən bu yana yürütdüyü “İdlibi təhlükəsiz ada halına gətirmə və qoruma siyasəti”ni davam etdirməlidir.

Təbii ki, bu, ABŞ-la münasibətlərin bu qədər gərgin olduğu və Rusiya ilə son dərəcə yaxın əlaqələr içində olduğumuz bu günlərdə, əlbəttə, heç də asan deyil…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə