XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Sentyabr 2018 - 16:17

ƏN SARSIDICI SANKSİYALAR DÖNƏMİ:onlar İrandakı rejimi və ya onun davranışını dəyişəcəkmi? - TƏHLİL

Həsən Həkimian,

London Yaxın Şərq İnstitutunun direktoru

“Project Syndicate”

 

2015-ci ilin nüvə sazişindən çıxma barədə qərarı imzalamasından üç ay sonra ABŞ prezidenti Donald Trampın “tweet” atıb: “İrana qarşı sanksiyalar rəsmən qüvvəyə minib”. O, “Joint Action Plan”ın (JCPOA) ölümünü bildirən zəng kimi, “ən sarsıdıcı sanksiyaların” yenidən tətbiqi ilə öyünüb.

Bu elan bir neçə müşahidəçini təəccübləndirib. Ancaq JCPOA ilə bağlı ABŞ-ın ən böyük müzakirəçisi olan Vendy Şerman bu yaxınlarda bəyan edib ki, sazişin “İran tərəfindən pozulacağını gözlədiyi halda, bu, ABŞ prezidentinin siyasi fırıldağı ilə” baş verib.

Həqiqətən, İran və ABŞ, deyəsən, rollarını dəyişib: İran müqaviləyə sadiq qaldığı halda, Amerika qlobal axına qarşı üzür. Xatırladaq ki, JCPOA-nun digər tərəfləri – Avropa İttifaqı ölkələri, Rusiya və Çin liderləri bu razılaşmaya qətiyyətli sədaqətlərini açıqlayıblar.

ABŞ rəsmiləri, əksinə, Tramp administrasiyasının İranın “nüvə ambisiyalarını” dayandırmaq, ballistik raket proqramını məhdudlaşdırmaq və regional təsirini aşağı salmaq üçün qərarlılığı təkrarlayıblar. 1979-cu ildə Birləşmiş Ştatların Tehrandakı səfirliyində diplomatların girov götürülməsinin 39-cu ildönümü ilə eyni vaxtda, noyabrın 4-də qüvvəyə minəcək sanksiyaların yekun mərhələsi ilə ABŞ-ın məqsədi İranın neft ixracını azaltmaq, “sıfıra endirmək”dir.

İrana qarşı iqtisadi sanksiyaların uzun və təhlükəli tarixini nəzərə alaraq, indi bu problemin həlli prosesində əsas məsələ rejimi və ya onun davranışını dəyişdirməkdə daha təsirli olub-olmamasıdır.

20-ci əsrin ortalarında son dərəcə ağır iqtisadi boykot sayəsində İranın neft ixracatı azaldıqda, İran xalqı tərəfindən seçilmiş baş naziri Məhəmməd Müsəddiq neft sənayesini milliləşdirib. İngiltərənin liderlik etdiyi blokada İranın neft sənayesini dayandırıb, iqtisadiyyatı çökdürüb və 1953-cü ildə şahı hakimiyyətə qaytaran ABŞ və Böyük Britaniyanın təşviqi ilə çevrilişə yol açıb.

2000-ci ildə ABŞ dövlət katibi Madlen Olbraytin Müssədiqi devirən çevrilişin “İranın siyasi inkişafı üçün uğursuz” olması və “əksər iranlıların bu müdaxiləni təhqir sayması”nı” etiraf etmək üçün 50 il tələb olunub.

Ancaq peşmançılıq, bu cür demək mümkündürsə, İrana qarşı daha çox sanksiyaya qapını bağlamayıb. 2010 və 2015-ci illərdə ABŞ və Aİ tərəfindən tətbiq edilən sanksiyalar qarışıq nəticələr doğurub. Daha sonralar ABŞ-ın vitse-prezidenti Co Bayden onları “tarixində ən sarsıdıcı sanksiyaları” kimi təsvir edib, çünki bu hərtərəfli tədbirlər ixracı gündəlik 1 milyon barelə, üçdə iki qədər azaldıb.

Nəticədə, staqflyasiyanın əzabı sıravi iranlıların üzərinə çöküb, ÜDM 2012-ci ildə demək olar ki, 6% aşağı düşüb, inflyasiya isə 35% təşkil edib. Paytaxtda xüsusi sektorun uğursuzluqları və işsizlik artıb. Bununla yanaşı, sanksiyaların prinsipial məqsədlərinə zidd olaraq, dövlət sektoru və yarırəsmi təşkilatların iqtisadi və siyasi hakimiyyəti güclənib. Eyni zamanda, İran dinc nüvə proqramını həyata keçirmək üçün suveren hüququndan əl çəkməyib. Həsən Ruhaninin islahatçı rəhbərliyi 2013-cü ildə iqtidara gələnə qədər uzlaşma imkanı görünməyib.

Bu dəfə necə olacaq?

ABŞ-ın sanksiyalar rejimi daha sərt olsa belə, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə dəstəklənməyəcək və deməli, beynəlxalq legitimlikdən məhrumdur. Bu, İranın təcridinin az olacağı deməkdir. Çin və Türkiyə kimi əsas ticarət tərəfdaşları artıq yalnız “qanuni” sanksiyalara riayət edəcəklərini elan ediblər.

Amma sanksiyaların de-fakto, – de-yure deyil, – statusu onların effektivliyini müəyyən edəcək. Bu, xüsusilə Avropa şirkətlərinə aiddir, təkrarlanan sanksiyaların son nəticəsi onlardan asılıdır, şirkətlər isə öz hökumətlərinin hiyləgər siyasətindən daha çox səhmdarlarının maraqlarını güdür.

Böyük firmaların artıq elan edilmiş İran bazarlarından çıxışını da məhz bu izah edir. ABŞ-ın iqtisadi təsirinin yayıldığı, bir-birinə bağlı dünyada Avropa firmaları üçün – avtomobil istehsalçıları, aviaşirkətlər, enerji şirkətləri, banklar və buna bənzər hər şeyin – ABŞ Xəzinədarlığının qəzəbinə məruz qalma riski var. Bu, sanksiyaların son nəticəsini başqalarının və İranın nə edəcəyindən asılı edir.

Lakin İranın daxili şərtləri də böyük rol oynayır və ABŞ məhz burada sanksiyaların “uğur qazanacağına” inanır. Bir neçə ay ərzində İran şəhərləri iqtisadi şərtlərin pisləşməsinə qarşı etiraz nümayişləri ilə sarsılıb. Bu püskürmələr İranın islahatçılarını zəiflədib. Sərt tənzimçilər, göründüyü kimi, yeni etimad qazanıb və artıq JCPOA barədə başlanğıcdan haqlı olduqlarını iddia edə bilərlər.

İqtisadi təsir artıq hiss olunur, İranın valyutası ABŞ-ın müqavilədən çəkilməsinə dair şayiələr dolaşandan “təkərə düşüb”. İnflyasiya kabusu geri dönüb.

Son nəticədə, ABŞ-ın perspektivindən sanksiyalar rejimin dəyişikliyinə, ya da davranış dəyişikliyinə gətirib çıxarmalıdır. Amma tarixən, sanksiyalar (keçmişdə Kuba, Myanma və Zimbabve) müzakirələrə yol aça bilməyib.

Bir şey aydındır: İrana tətbiq olunan “Tramp doktrinası” bir-birini ittiham edən düşmənləri son həddə sürükləyir – naməlum fəzaya.

 

Tərcümə: Strateq.az