XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 16:52

Səudiyyə Ərəbistanı 150 minlik qoşunla Suriyaya girəcək: Əməliyyat “qapısı” isə Türkiyə sərhədləri olacaq

gundem_suudi_aSəudiyyə Ərəbistanının Suriyada İŞİD-lə mübarizə çərçivəsində 150 min əsgərə təlim keçdiyi məlum olub.

Strateq.az xəbər verir ki, bu iddianı “CNN Arabic” telekanalı ortaya atıb.

Telekanalın iddiasına görə, böyük qismi Səudiyyə Ərəbistanı əsgərindən ibarət olacaq bu qüvvənin arasında Misir, Sudan və İordaniyadan əhəmiyyətli sayda hərbi qulluqçu da yer alacaq. Xəbərdə həmçinin Mərakeş, Türkiyə, Qətər, Küveyt, Bəhreyn və BƏƏ-nin də lazımi təlim gördükdən sonra əməliyyata qatılmaq üçün Səudiyyə Ərəbistanına hərbi birliklər göndərdikləri önə sürülür.

Səudiyyə və Türk hərbi səlahiyyətlilərinin Suriyaya yönəlik əməliyyatlara rəhbərlik etmək üçün ortaq komandirlər heyəti yaratdıqları da iddialar arasındadır.

Asiya ölkələrindən Malayziya, İndoneziya və Bruney də əməliyyata qatılacaq, ancaq bu üç ölkənin ayrıca qərargah yaradacağı gözlənilir. Qərargahın detallarıyla bağlı isə, hələ ki, təfsilatlı məlumat verilmir.

Maraqlıdır ki, Səudiyyə Ərəbistanında yaradılacaq hərbi qüvvənin əməliyyatlara başlama qapısı Türkiyə sərhədləri olacaq. Bir müddət əvvəl Türkiyənin Baş Qərargah rəisinin ölkə tarixində ilk dəfə Səudiyyə Ərəbistanına getməsi və orda ən yüksək səviyyələrdə görüşlər keçirməsi bu mənada təsadüfi sayılmır. Görünür, iki ölkənin hərbi  yetkililəri qlobal güc mərkəzlərini qarşı-qarşıya gətirəcəyi gözlənilən bu əsgəri əməliyyatların mühüm detallarını müzakirə ediblər. “Canlı qüvvə və maliyyə Ərəbistandan, poliqon isə Türkiyədən” şərtləri üzərində razılıq əldə olunub.

Qeyd edək ki, bir müddət əvvəl Riyadda toplanan İslam Əməkdaşlıq Təşkilatı terrorizmə qarşı birgə mübarizə aparmağı qərara almış və 40-dan artıq ölkə bu bəyannaməyə imza atmışdı. Bəyannaməni imzalayan bütün ölkələrin sünnilərdən (söhbət, əlbəttə, idarəçiləri sünni olan ölkələrdən gedir) təşəkkül tapması ağıllarda bu sual yaratmışdı: Əcəba, rəsmi Riyadın bu addımı sünni-şiə müharibəsinə hazırlıq məqsədimi dayışır?

Daha sonra, konkret desək dünən, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi İŞİD-lə mübarizənin yalnız hava hücumlarıyla aparmağın mümkünsüzlüyünü və daha effektli mübarizə məqsədilə yaradılacaq quru qoşunları koalisiyasında yer almağa hazır olduqlarını açıqlamış, bu bəyanla da ABŞ hərbi dairələrini xeyli sevindimişdi. Məsələylə bağlı açıqlama verən Rusiya isəhadisələri yaxından izləyəcəklərini bildirməklə kifayətlənmişdi.

İranın məsələyə münasibəti isə xeyli sərt olmuşdu. İran İnqilab Keçikçiləri korpusunun rəhbəriMəhəmməd Əli Cəfəri olduqca kəskin sözlərlə rəsmi Riyadı təhdid etmişdi: “Səudiyyə Ərəbistanı Suriyaya hərbi müdaxilə edərsə, bu, krallığın tabutuna vurulmuş son mismar olacaq”.

Səudiyyə Ərəbistanının rəhbərliyi altında aparılacaq hərbi əməliyyatların mühüm qlobal təsirlərinin olacağı istisna edilmir.

Əvvəla, Türkiyə sərhədlərində başlamasına baxmayaraq, Hörmüz boğazına sıçraması ehtimalı yüksək olan qarşıdurmaların dünya neft bazarını ciddi şəkildə alt-üst edəcəyi proqnozlaşdırılır. Dünya neft ehtiyatlarının 60%-dən çoxunun cəmləşdiyi boğazın okeanla bağlantısının kəsilməsi “qara qızıl”ın qiymətini dəfələrlə artıra bilər. Hətta bir barrel neftin qiymətinin 250-300 dollara qədər sıçrayacağı ehtimal olunur.

İkincisi, “sünni ittifaqı”nın Rusiya ətrafında toplanan əks-koalisiya qüvvələriylə çarpışması digər dünya dövlətlərinin şimal qonşumuza qarşı müəyyən hərbi fəaliyyətlərinə yol aça bilər.

Böyük ehtimalla, Rusiyaya qarşı ikinci cəbhə Ukraynadan açılacaq. Təsadüfi deyil ki, son zamanlar bu istiqamətdə müəyyən işlərin getdiyi nəzərlərdən yayınmır. Xatırlayırsınızsa, bir müddət əvvəl Ukrayna prezidenti Rusiyaya qarşı müdafiə sistemini gücləndirmək üçün Almaniyadan silah alacaqlarını və lazım gələrsə, işğal altındakı torpaqlarını xilasetmə əməliyyatlarına başlayacaqlarını bildirmişdi.

Son zamanlar Yaxın Şərqə yayılmaq istəyən və bu məqsədlə prezident səviyyəsində regiona səfər edən rəsmi Pekinin də hadisələrə biganə qalmayacağını gözləmək olar. Rusiyayla bir sıra sahələrdə əməkdaşlıqlar içərisində olan Çinin “şiə ittifaqı”nda yer alacağı ehtimalı daha güclüdür.

Dünən ABŞ Müdafiə nazirinin gələn həftə Brusseldə anti-İŞİD koalisiyasının digər üzvləriylə hərbi müdaxilə ehtimalını müzakirə edəcəklərini bəyanlaması da məsələnin Yaxın Şərqlə qalmayacağını, daha da qloballaşacağını göstərir.

Bir sözlə, planetimiz get-gedə 3-cü dünya müharibəsinin tam astanasına yaxınlaşır.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə