XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 05:17

ABŞ 92 yaşlı strateqini Putinlə danışığa göndərdi:Nəyə görə Kissincer və niyə məhz indi?

putin-kissincerRusiya prezidenti Vladimir Putin Amerikanın ən nüfuzlu diplomatlarından biri Henri Kissincerlə görüşüb. Yüksək səviyyəli qonağın Rusiyaya gəlişi barəsindəki məlumatlar minimum həddə olub. Rusiya jurnalistləri isə siyasətçilər arasında dostluq münasibətləri haqqında Kreml funksionerlərinin verdikləri məhdud məlumatla kifayətləniblər. (“Крым реалии” – Krymr.org – ABŞ)

Kremlin rəsmi saytında görüş çox xəsisliklə işıqlandırılıb. Sadəcə olaraq faktın təsdiqi və protokol olaraq iki fotoşəkillə kifayətlənilib. Özünün 92 (!) yaşında Kissincerin “dostcasına” çay içməkdən ötrü durub Moskvaya gəlməsi xeyli şübhəli görünür.

Çox güman ki, yaxın zamanlarda biz bu görüşün hansı nəticələr verəcəyini biləcəyik. İndi biz Kissinceri Kremlə gəlməyə vadar edə biləcək səbəblərin ümumi konturlarını təsvir edək.

İlk öncə bu şəxsin kimliyinə nəzər yetirək.

Henri Alfred Kissincer – Amerika diplomatiyasının patriarxı və əfsanəvi bir şəxsdir. Çox təmtəraqlı səslənməsinə baxmayaraq, bu bir həqiqətdir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri və Dövlət Departamentinin keçmiş rəhbəri. Keçən əsrin yetmişinci illərində Vaşinqton ilə Moskva arasındakı münasibətlərdə “gərginliyin zəiflədilməsi” siyasətinin memarlarından biri. Bəzi tarixçilər hesab edirlər ki, Kissincer bəlkə də həmin strategiyanın yeganə müəllifidir.

Kissincer ABŞ-SSRİ-Çin geosiyasi üçbucağında çox məharətlə oynamışdı. Baş katib Leonid Brejnev və SSRİ Xarici İşlər naziri Andrey Qromıko Damansk adasındakı münaqişədən sonra çinlilərin amerikanlarla pərdəarxası söhbətlərə gedəcəklərindən bərk ehtiyatlanırdılar. Sovet İttifaqı ilə Çinin münasibətləri Stalinin ölümündən sonra pisləşməyə başlamışdı. 1969-cu ildə iki ölkə arasında vəziyyətin pisləşməsi, özünün zirvə nöqtəsinə çatmışdı. 1970-ci illərin əvvəlində Çin rəhbərliyi anlamağa başladı – əlbəttə, kommunizm yaxşıdır, ancaq yemək də lazımdır axı! Çinin satış bazarına və texnologiyaya böyük ehtiyacı vardı. Bunları isə yalnız Qərb təmin edə bilərdi.

Kissincerin diplomatiyası SSRİ-ni elə vəziyyətlə qarşılaşdırdı ki, sakitcə Pekin ilə Vaşinqton arasındakı əlaqələri müşahidə etməkdənsə, ABŞ-la razılığa gəlmək sovetlər üçün daha əlverişli göründü. ”Gərginliyin zəiflədilməsi” siyasəti çoxsaylı dövlətlərarası müqavilələrin imzalanması ilə yadda qaldı.

Həmin dövrdə Kissincerin qarşısında öz həllini gözləyən bir neçə tapşırıq dayanmışdı. Bunların içərisində ən əsas məsələ nüvə potensialının azaldılmasıydı. Dövlət menecmenti baxımından nüvə silahı çox pis maliyyə aktivdir. Çünki əgər adi silahlar birbaşa və ya dolayı yolla gəlir qazandıra bilirdisə, nüvə silahı əksinə, hədsiz xərc tələb edən bir şey olmaqla yanaşı, heç bir gəlir də gətirmir. Vaşinqton üçün Sovet İttifaqı ilə olan termonüvə qarşıdurmasını, digər iqtisadi və sosial inkişaf müstəvisinə keçirmək əlverişliydi. On ildən sonra “gərginliyin zəiflədilməsi” amerikanlara nəzərəçarpacaq dərəcədə xeyir verdi. SSRİ isə ona sırınmış olan yarışın ağırlığına tab gətirə bilmədi.

Onu da demək tam yerinə düşür ki, Krımın ilhaqından sonra amerikanların köhnə süjeti yenidən necə təkrar etmələrinin bir daha şahidi olduq. Ukrayna ərazisinin zəbt edilməsinə cavab olaraq, Ağ Ev Kremlin ən zəif yerinə – iqtisadiyyata zərbə vuraraq, onsuz da arıq və çəlimsiz gündəki Rusiyanın kriminal kapitalizmini əməllicə laxlatdı.

Akademik nöqteyi-nəzərə görə, Kissinceri siyasi realizm nümayəndələrinə aid edirlər. Həmin ideyanın nümayəndələri əmindirlər ki, dövlətin hərbi gücü beynəlxalq siyasətdə əsas faktor olaraq qalır. Siyasi realistlərin fikrinə görə, insan haqları, iqtisadiyyat, liberal demokratiyanın yayılması öz-özlüyündə effektli deyildir və bu ünsürlər mütləq güc potensialına bərkidilməlidir.

Beləliklə, ”Krım bizimdir”, Donbas, Suriya və sanksiyalar, Putin ilə Kissincerin söhbətinin yalnız diplomatik fasadı ola bilər. Bu cür problemlərin müzakirəsi diplomatik idarələrin işidir.

Belə bir sual meydana çıxır: nəyə görə Kissincer və niyə məhz indi? Kissincer vasitəsilə, Amerikanın Krım və Donbas hesabına yeni “gərginliyin zəiflədilməsi” təklifini irəli sürməsi şübhəli görünür. Putin özünün qabiliyyətsiz və aqressiv siyasəti ilə öncəki diplomatik qaydaları tapdalayıb. Müasir Rusiya SSRİ-nin əldə etdiyi potensila heç yaxın da düşə bilməz.

Böyük ehtimalla, görüş zamanı iki məsələyə toxunulub: nüvə silahı və Putinin şəxsi taleyi.

Siyasi ənənə istiqaməti, Rusiya prezidentinin “səddamlaşdırılması” prosesinin var gücü ilə işlədiyini göstərir. İraq diktatoru Səddam Hüseyn də, Vaşinqtonun “qara hədəf”inə tuş gəlməyənə qədər, başqalarının ərazilərini işğal edərək, özünü at üstündə hesab edirdi. Hazırda Putin Səddamın izi ilə gedir. Son günlər Putinin ünvanına nə qədər cinayətə bulaşdığı barədə (qətl, korrupsiya və pedofilya) ittihamlar səslənib ki, bütün bunlara dözmək üçün, gərək Kreml rəhbərinin əsəbləri dəmirdən olsun. Onu heç zaman bu dərəcədə çirkabın içərisinə soxmamışdılar.

Krımın ilhaqından sonra Rusiya “Şimali Koreyalaşmağa” tərəf yuvarlanır ki, bu da Vaşinqtonu narahat edir. İndi bu ölkə, öz sürfəsindən təzəcə çıxmış qurd kimi, bütün dünyanı nüvə dəyənəyi ilə təhdid edir, amma Qərbin Putini sakitləşdirmək istəməsinin mənası yoxdur. NATO-nun bu yaxınlardakı hesabatında deyilir ki, 2013-cü ildə Kreml alyans ölkələrinə qarşı nüvə zərbələrinin endirilməsini məşq edib və beləliklə, Moskva bu cür manevrlərlə Krımın ilhaq edilməsi üçün qoşunların hərəkətindən diqqəti yayındırıb.

Digər tərəfdən rejimin sürətlə dağılması və Rusiya Federasiyasının parçalanması amerikanları daha çox qorxudur. İndi Moskva Qərbi yöndəmsizcəsinə şantaj etməyə cəhd göstərərək, demək istəyir ki, Putinin yerinə hakimiyyətə, amerikanlara qarşı “provaslav cihadı” elan edəcək terrorçu İqor Qirkin gələ bilər. Elə buna görə də, Kreml “vətənpərvər müxalifət” adlandırılan qüvvələrə barmaqarası baxır. Lazımı informasiya səs-küyünün yaradılması üçün təlxəklər çox faydalıdır.

Kissincer danışıqları rahat üslubda aparır, çünki o, Putinin başa düşdüyü dildə danışmağı bacarır. Rusiyanın maraqlarına qarşı nəzakətli münasibəti, lap əvvəldən də onun fərqləndirici xüsusiyyəti olub. Kissincer dəfələrlə qeyd edib ki, Qərb Ukraynanın NATO-ya üzv olması məsələsində çox ehtiyatlı davranmalıdır.

Vaşinqtonun indi Ukrayna ilə bağlı hansısa sövdələşmə təklif etməsi, haradasa şübhəlidir. Kreml diplomatları “vəziyyət dəyişib” söyləməyi təkrarlamağı sevirlər. Səbəb isə çox sadədir. Cavab olaraq, Putinin təklif edəcəyi bir şeyi yoxdur. Əsas məsələ isə Kreml “strateqləri”nin ağılsızlıq edib, Donbasda və ya Suriyada “çirkli bomba” partlatmaları və əl-ayağa dolaşmalarıdır. Axı, onların itirəcək bir şeyləri qalmayıb.

Kissincerin başlıca işi hadisələrin bu istiqamətdə inkişaf etməsinə imkan verməməkdən ibarətdir.

Vaqif NƏSİBOV

AzPolitika.info




Yuxarı Əvvələ Ana Səhifə