XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2016 - 11:00

Əvəz Zeynallı ilə “Qaynar Qazan”da tarixçi alim Kərəm Məmmədov:"İlk dəfə pulun üzərində “Əliyyən vəliyullah” kəlməsini Qazan xan yazdırıb"

kerem3-500x333Dəmirqapı Dərbənddən Hind okeanına Böyük Azərbaycan!

 

“Qaynar Qazan”da tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov Hətəmoğludur. Oxucu-tamaşaçıların istəyi ilə bu dəfə onunla Azərbaycan tarixinin qaranlıq pərdələrinin arxasında baş verənlərdən danışdıq. Sıradışı bir müsahibə alındı. Tarixin oturuşmuş ehkamlarına qarşı gəlmək asan deyil. Hələ mövzu Azərbaycan tarixi olunca vəziyyət büsbütün dəyişir. Dünən başımızın üstündə olanlar bu gün ayaqlarımızın altındadır.

Hələ tələbə olmağa hazırlanarkən, tarixi imtahanımızın – “Elçibəyin imtahanı” – son günlərində Nəsir Ağayev qəfil bir sual verdi mənə: “De görüm, Azərbaycan harada başlayır, harada qurtarır?” Konkret şəkildə dedim: “Bilmirəm.” Nəsir bəy bildi ki, müzakirə olunan versiyaların çoxluğundan demədim cavabı, çünki o dövrün qəribə mühiti vardı. Hərənin bir Azərbaycanı vardı. Hərə Azərbaycanı bir yerdən başladıb bir yerdə sonlandırırdı. Amma yadımdadı ki, Nəsir bəy də Azərbaycanı Dəmirqapı Dərbənddən başlatmışdı. Sonu isə Həmədanda qurtarmışdı, deyəsən.

İndi Kərəm müəllimlə o məsələ ətrafında dartışdıq. İlk dəfə idi ki, nə istədiyini bilən bir tarixçi ilə tarixi Azərbaycan torpaqlarının sərhədlərini – Azərbaycanın harada başlayıb harada qurtardığını müzakirə masasına yatırmışdıq və mənə çox maraqlı idi.

Bəli, bizim işin özündə tanımadığımız, xırda-para problemlərinin əlində əsir-yesir qalan Azərbaycanımız, erməninin, gürcünün əlində yeyilib işğal olunan Azərbaycanımız, harın məmurların doymayan gözlərinin dərinliklərində itib-batan Azərbaycanımız əslində, çox böyükdür. Bir zamanlar şimalda Dəmirqapı Dərbənddən cənubda Hind okeanına, qərbdə Ərzurum dolayları ilə Qars arasındakı Qara Dərbənddən şərqdə Qəndəhara qədər uzanan nəhəng ərazilərə hakim olmuşuq. Bu torpaqların verdiyi qüdrət bizi Tanrılara qədər ucaldıb. Okeana çıxışımız olub… Dənizlərə hakim olmuşuq…

Kərəm Məmmədovla evində söhbətləşdik. İndi balacalaşmışıq – hamımız qohumuq. Təbii ki, axtarıb hələ qohum da çıxdıq. Bu reallıqda balaca, amma mənən böyükdən böyük evdə ilk dəfə Azərbaycan tarixinin 12 dövlətinin bayraqlarını toplayıb Kərəm müəllim. Qədimdən günümüzə. Yadımdadır, Türkiyədə də 16 bayraqlı Türk dövlətlərindən söhbət gedir. Türkiyənin prezidentinin emblemi də 16 ulduzdan ibarətdir. Amma o ulduzların içində Azərbaycanda qurulan dövlətlərdən biri də yoxdur. Kərəm müəllimin gərgin əməyinin nəticəsi olaraq 12 Azərbaycan bayrağını görmək, elə Türkiyənin özünün bildiyi 16 dövlət qədər əzizdir mənə və nə mutlu ki, 28 bayrağı olan bir millətin övladıyam.

“Qaynar Qazan”da bir saat yarım söhbətləşdik. Heç yorulmadıq. Söz sözü, tarix tarixi elə çəkib apardı ki, bir də baxdıq zaman ötüb keçdi. İndi bu dəyərli söhbəti Oxucu-tamaşaçılarımızın ixtiyarına buraxırıq. Əsl qiyməti onlar verəcəklər. Tariximizin isə mənhus və kədərli səhifələri bununla bitmir. Biz hələ tariximizi yenəcə vərəqləməyə başlamışıq…

Əvəz Zeynallı

 

I hissə

 

Ən böyük siyasət də tarixin özüdür

 

– Kərəm müəllim, xoş gördük sizi.

– Xoş gördük.

– “Qaynar Qazan” layihəsini həyata keçirəndən bəri, ictimaiyyətin siyasətdən çox tarixçilərə meyl etdiyinin şahidi oldum. Yazırlar, tələb edirlər, zəng edirlər. Tarixçilər arasından da təbii olaraq, sizin adınız daha çox çəkildi. Müraciət edənlər Kərəm Məmmədovdan müsahibə alınmasını istədilər. Bu vəsilə ilə də “Qaynar Qazan”ın bugünkü müsahibi sizsiniz.

– Əslində, yazılanlardan birinə mən də münasibət bildirmişdim – “Tarix siyasət deyil”,- deyə. Amma nə qədər tarix siyasətdən qaçsa da, elə ən böyük siyasət də tarixin özüdür. Niyə? Çünki tarixdə hər hansı hadisə və yaxud da hər hansı şəxsiyyət haqqında adi bir cümlənin deyilişi bütövlükdə insanların fikrini dəyişə bilər. Vaxtilə Sovet dövründə belə bir ifadə vardı: «Шах Исмаил был настоящим завоевателем. В течение 15 лет он завоевал 15 стран».

– Karl Marksın “Kapital” əsərində işlənmiş ifadə…

marks

– Bəli. Bunu belə tərcümə edirdilər. Təbii ki, Şah İsmayılı sevən adam bunu tərcümə edərkən yazırdı ki, “Şah İsmayıl əsl fateh idi. Hakimiyyətinin 15 ili ərzində 15 əyalət fəth etmişdi.” Bəzi tərcüməçilər isə yazırdılar ki, “Şah İsmayıl əsl işğalçı idi. Hakimiyyətinin 15 ili ərzində 15 əyalət işğal etmişdi.” Əslində, “işğal”la “fateh” sözü sinonim sözlərdir. Amma sözün deyilişi var. “Fateh” sözündə bir qürur, “işğal” sözündə bir qəsbkarlıq, kiminsə haqqını tapdalamaq var…

– Təcavüz var…

– Bəli…

 

Faşizmin kökləri Fransa və İngiltərəyə gedib çıxır

 

– Müsahibəyə bu mövzudan başlamağınız yaxşı oldu. Əslində, türk tarixçilərinin, milli tarixçilərimizin yönü Şah İsmayılın fateh olaraq təqdim olunması istiqamətində idi. Türk tarixinin zaman-zaman bizi izləyən düşmənləri – onlar elə bu gün də var – Azərbaycanın, türklərin bir çox tanınmış şəxsiyyətlərini məhz işğalçı kimi qələmə verirdilər. Bu da ideologiyadan irəli gəlirdi…

– Bu cür ideologiyanın formalaşması faktiki olaraq,  XIX yüzillikdən başlayır. Fikir verin, XVI-XVIII yüzilliklər dünya tarixində müstəmləkə işğalları dövrü kimi xarakterizə olunur. Yəni böyük coğrafi kəşflər və müstəmləkə işğalları. O zaman avropalılar qılınc, silah gücünə tuta bildikləri torpaqları silah gücünə tutdular. Silah gücünə tuta bilmədikləri əraziləri sözün əsl mənasında ideoloji basqı ilə tutdular. Hamımızın bu gün tənqid etdiyimiz Avropa mərkəzçilik ideologiyası bu vaxtlar formalaşdı. Avropa mərkəzçilik ideologiyasının kökündə nə dururdu? Guya, bütün dünya xalqlarından fərqli olaraq, Avropa xalqları dünyanın ən qədim sakinləridir. Onun bir qolu olaraq da “Hind Ari” nəzəriyyəsi uyduruldu. Sonra da faşizmə gətirib çıxardı. Düzdür, faşizmi daha çox Almaniyaya bağlayırlar, amma faşizmin köklərini araşdıranda Fransa və İngiltərəyə gedib çıxır. “Qabino nəzəriyyəsi” sosial darvinizmin pik nöqtəsi sayılır. Yəni əslində, çox vaxt almanları qınamaq düzgün deyil. Nitsşe, görün, Qabinodan sonra nə vaxt yaşayıb? Və yaxud həmin İngiltərənin özündə ortaya çıxan nəzəriyyələr – sosial darvinizmin mənbələri ora gedib dirənir. Və onlar nəyi təlqin edirdilər? Avropanı tam işğal edəndən sonra, təbii ki, nəzərlər Asiyaya tərəf yönəlməyə başladı. Asiyada həmin dövrlərdə hökmran olan xalqlar kimlər idi? Türklər. Bugünkü Osmanlıda hakim sülalə türk, indi İran adlandırılan və ona qonşu bölgələrdə hakimiyyətdə olan sülalə türk, Orta Asiyada hakim sülalələr türk və Hindistanda hakim sülalə türk, Çində – mancur sülaləsi türkə bağlı sülalə. O zaman nəyi elan eləmək lazımdır? Türklərin vəhşi, türklərin gəlmə, türklərin aborigen olmadıqları haqqında nəzəriyyələr uydurmaq lazım gəlirdi. Mən avropalıları qınamıram.

 

Türk əleyhdarlığının dərin kökləri…

 

– Əslində bütün dünya türk idi – belə demək olarsa…

– Bəli. Faktiki olaraq, böyük bir ərazı türklər idi. Sərhədlərlə baxsaq, Çin, Hindistan, Mərkəzi, Orta Asiya, indiki İran və indiki Türkiyə ərazisi boydan-boya türk sülalələri idi. Demək, onda nə uydurmaq lazım idi? Türklərin gəlmə olduğunu.

– Deməli, türk düşmənçiliyinin kökü ora dayanır?

– Düşmənçilik də deməzdim. Bu bir ideologiya idi. Təbii ki, mən avropalı olsaydım, bundan istifadə edərdim. Yəni onlara da haqq qazandırmaq olar.

– Əslində, biz də elə ideologiyaları zamanında işləməli idik. Hakimiyyət əlimizdə ikən…

– Əlbəttə… Sonrakı mərhələlərdə – Azərbaycanın digər bölgələrdən fərqli cəhəti nə oldu? Azərbaycanın şimalı Rusiya işğalı altına düşdü. Cənub hissəsi isə, hələ də qacarların hakimiyyəti altındadır. Əgər fikir versək, XIX-XX əsr boyu hansı sülalələri hakimiyyətdən uzaqlaşdırdılar? Türkiyədə – Osmanlıda 1923-cü ildə faktiki olaraq, səltənət aradan qaldırıldı. Ondan iki il sonra – 1925-ci ildə İranda Əhməd şah Qacar hakimiyyətdən getdi.

 

Çinin də, Hindistanın da hakimi Türklər…

 

– Türk sülalələri…

– Bəli, türk sülalələri… Hindistanda sonuncu moğol sülaləsindən olan Bahadur xan 1859-cu ildə hakimiyyətdən uzaqlaşdırıldı. Çində mancur sülaləsi 1911-ci ildə hakimiyyətdən uzaqlaşdırıldı.

– Yəni Çində 1911-ci ilə qədər mancur sülaləsi hakim oldu? Onlar da Türklərdi?

– Bəli, hakimiyyətdə idilər. Mancurlar sayca, o boyda Çin əhalisinin heç yüzdə birini təşkil eləmirdi.

– Yəni mancurlar uyğurlar deyil?

– Xeyr, deyillər.

– Bu gün də Çində mancurlar qalıbmı?

– Bəli, qalıb. Onlar Çində də, Rusiya ərazisində də yaşayırlar.

– Elvin Cavadzadənin sualı ilə başlamaq istəyirəm. O, sizə maraqlı bir sual ünvanlayıb: ““Qaynar Qazanda” Bütöv Azərbaycanın quru sərhədlərini, çay, göl, qəsəbə olaraq bildirə bilərmi? Xüsusilə də, İraq, Türkiyə, İran ərazısındə olanları. Bu xəritəyə indiki Suriya da daxildirmi, yoxsa, türkmənlərin dövləti ayrıdır? Kərəm müəllimin “Qəndəhara kimi torpaqlarımız” kimi dediyi ifadələr yadımdadır. O, “Bütöv Azərbaycan” deyəndə Qəndəhara qədər torpaqları da nəzərdə tuturmu?”

Əslində, bu sual mənim də ürəyimdən keçdi. Ümumiyyətlə, Azərbaycanın bugünkü sərhədləri haradan-haraya qədərdir? Haralara “Tarixi Azərbaycan torpaqları” demək olar?

 

Azərbaycan Respublikası, Bütöv Azərbaycan, Böyük Azərbaycan

 

– Sualı təxminən başa düşdüm. Bir var etnosun, bir də var siyasi qurumun tarixi. Onu da deyim ki, heç də həmişə hansısa etnosun siyasi qurumu olmur. Dünyada o qədər xalqlar var ki, dövlətləri yoxdur. Sayları sayımızdan çoxdur, yayıldığı ərazi yayıldığımız ərazidən çoxdur, ancaq siyasi qurum deyil. Bu da müstəmləkə altında olmuş xalqların taleyidir ki, onlar daim ayrı-ayrı dövlətlərin ərazisində parçalanmış vəziyyətdə olurlar. Etnos parçalanmış şəkildə olanda istər-istəməz müxtəlif adlarla tanınırlar. Bu gün “türkmən” deyəndə, sanki bizdən ayrı bir qövm kimi başa düşülür. Ancaq bu sözü söyləyən adam Hələbdəki türkmanla söhbət eləmiş olsa, təbii ki, dediyi sözlərə peşman olar. Təbii ki, mənim nəzərimdə – mən bunu ehkam kimi qəbul eləmirəm, kimsə bununla razılaşa, kimsə də razılaşmaya bilər – bir var Azərbaycan Respublikasının ərazisi, bir var Bütöv Azərbaycanın, bir də var Böyük Azərbaycanın ərazisi. Əslində, bunların hamısı fərqli-fərqli terminlərdir.

– Yəni Böyük Azərbaycan Bütöv Azərbaycandan böyükdür?

– Əlbəttə. Mən “Böyük Azərbaycan” deyəndə nəyi nəzərdə tuturam? Azərbaycan türklərindən olan sülalələrin hakimiyyəti dövründəki ərazilərimizi.

– Gəlin, elə ondan danışaq. Əgər söhbətin ucunda Qəndəhar varsa, deməli, söhbət Böyük Azərbaycandan gedir.

– Sualda da Elvin bəy Böyük Azərbaycanı nəzərdə tutur. Ola bilsin, dövlət fərqli şəkildə adlanır. Məsələn, Qacarın hakimiyyəti dövründə – “Məmləkəti Məhruzi Qacar” adlanırdı dövlətin adı. Ancaq metropoliya kimi Azərbaycan götürülürdü. Bütün Qacar vəliəhdləri mütləq Təbrizdə böyüməli idilər. Hətta Nəsrəddin şah Qacar haqqında danışılanda deyilir ki, Azərbaycandan gəlib, Tehranda taxta oturanda o bəxtsiz – nə üçünsə onun haqqında danışılanda “bəxtsiz” deyirlər – farsca bir kəlmə də olsun, bilmirdi. Nəsrəddin şah Qacar o qədər də qədim keçmiş deyil. XIX əsrin sonlarından söhbət gedir. Hansı ki, Cəmaləddin Əfğaninin adamları – Mirzə Kermani tərəfindən sui-qəsd nəticəsində öldürüldü. O Nəsrəddin şah Qacar ki, türklərə məktəblərin açılması üçün Mirzə Tağıya hökm vermişdi – həmin Nəsrəddin şah Qacardır. Bu gün bizə onu necə tanıdıblar? Necə tanıyırıq, heç ümumiyyətlə, tanıyırıqmı?

– Sadəcə İran şahı deyib, keçirik.

– Halbuki yenə də deyirəm: İran şahı olmaq, iranlı şah olmaq demək deyil. Tutaq ki, bizim mənbələr “osmanlı” sözünü işlətmir, “Rum diyarı” deyir. İndi biz Osmanlıya – Roma deyək? İran coğrafi məfhumdur, siyasi qurum deyil. Üstəlik ölkənin adı da “Məmləkəti Məhruzi Qacar” gedir. Necə ki, Nadir şahın dövründə də “Məmləkəti Məhruzi Afşaran” – “Tanrı tərəfindən qorunan Əfşar diyarı” idi.

– O zaman İran adı haradan gəldi?

– İran coğrafi məfhumdur.

 

İran adlanan coğrafiya Xorasandan şərqdəki torpaqlardır

 

– Necə Azərbaycan coğrafi məfhumdur, eləcə də İran?

– Belə deyək. İranın tarixi coğrafiyasına fikir verəndə, çox təəssüf ki, unuduruq – İran haqqında ən çox yazan və danışan Firdovsidir. Onun “Şahnamə”sinə baxanda məlum olur ki, İran adlanan coğrafiya faktiki Xorasandan şərqdəki torpaqlardır. Xorasan özü İrana daxil deyil. Xorasandan Sink çayına qədər olan ərazilərə İran deyilirdi. Həmin “Şahnamə”ni oxuyanda məlum olur ki, Turan deyiləndə bugünkü Urmiya və Azərbaycan ərazisi, Şirvan hissəsi – Dəşti Qıpçaq nəzərdə tutulur. Ona görə də “Şahnamə”ni oxuyan istənilən istər filoloq olsun, istərsə də başqa humanitar sahədə çalışan mütəxəssislər, bilirlər. Alp Ər Tunqa Urmi gölündə dəfn olundu. Əgər İran ərazisi olsaydı, Tunqa orada dəfn olunardımı?

– Təbii məntiqdir.

– Ona görə də Xorasandan şərqdəki torpaqlar, o dövrdə İran coğrafiyası adlanırdı. O dövrdə, xüsusilə də İslamın gəlişinə qədər İran-Turan qarşıdurması o qədər möhtəşəm, o qədər anlayışlı idi ki, gen yaddaşında hər bir Turan kökünə bağlı adam İranda hökm edəndə bunu özünə qürur sayırdı ki, “Mən İrana hökm edirəm”. Demirdi iranlıyam, İrana hökm elədiyini xüsusi vurğulayırdı. Çox təəssüf ki, biz bunu çox vaxt yanlış başa düşürük. Deyirik ki, bu, İran dövlətidir. Hətta o səviyyəyə çatıb ki, Hülakülər dövlətini də bəzən İran moğolları adlandırırlar. Ayıb bir şeydir. Niyə? Çünki bu kişilərin kəsdirdikləri pullar türk dilində idi.

– Hülakülərin?

– Bəli. Çox vaxt bunu Şah İsmayıla bağlayırlar. Amma ilk dəfə zərb olunan pulun üzərində “Əliyyən vəliyullah” kəlməsini yazdıran Qazan xan, 1300-cü ildə yaşayan hülakülərdir. Şah İsmayıldan haradasa 200 əvvəl yaşayıblar. Görürsünüzmü, nə qədər bizim tariximizdə dolaşıqlıqlar var?

– Bu, həm də şiəliyin, Qızılbaşlığın geri getməsidir.

– Əlbəttə.

– Yəni deyirsiniz ki, bu xidmətlərin hamısını Şah İsmayıla bağlamaq da düzgün deyil?

– Əlbəttə, düzgün deyil.

 

Şah İsmayıl bir mirasın üstündə oturmuşdu

photo_23939

– O zaman Şah İsmayıl bir mirasın üstündə oturub.

– Əlbəttə. İslam qəbul ediləndən üzü bəri, məsələn, Azərbaycanda biz tam deyə bilərik ki, IX yüzillikdə müsəlman-türk dövləti yarandı. Çox təəssüf ki, biz o dövlətə “Sacilər dövləti” deyirik. Sülalə adıyla da dövlət olarmı? Niyə biz Rusiyanı “Romanovlar dövləti” adlandırmırıq? Belə bir ifadə eşitmisinizmi – “Korolinklər dövləti”? Eşitmisinizmi – “Nerovinklər dövləti”?

– Yox.

– Mən də şəxsən eşitməmişəm. Bunlar sülalələrdirlər. Amma dövlətin adı gələndə deyirlər ki, Fransa krallığı. Kim idarə edirdi? Karolinklər sülaləsi. Yaxşı, o zaman söhbət bizə gələndə niyə deyirik ki, “Sacilər dövləti”? Halbuki sacilər də fərmanlarında yazırdılar ki, “Azərbaycan və Cibal hökmdarı 1527”. Cibal deyəndə Dağıstan tərəf nəzərdə tutulurdu. Axı bu kişilər yazıb. Bunların pasportu olub. Amma biz də deyirik, “Sacilər dövləti”.

– Kərəm müəllim, Azərbaycan dövləti anlayışı tarixdə nə vaxtdan olub?

– Həsən padşah Bayandurlunun fərmanlarında Azərbaycan sultanı şəklində gedir. Övliyya Çələbinin səyyahətnamələrində indiki Doğu Anadolu haqqında deyilir ki, “Azərbaycan sultanlarının hakimiyyəti dövründə “filan şeylər inşa edilib.

– O zaman biz niyə Azərbaycan adını XIX əsrin axırlarına gətiririk?

– “Azərbaycan” adı dövlət olaraq çox-çox qədimlərə qədər gedib, çıxır.

– Dövlət anlayışı olaraq?

– Əlbəttə. Düzdür, Sacilərin Azərbaycanda hakimiyyətə gəlişinin tarixi çox mübahisələr doğurur. 879, 889-cu illəri götürənlər də var. Ancaq 889-cu ildə kəsilən pul var. Pulun zərb edilməsi dövlətçiliyin atributlarından sayılırdı… O dövrdə adamların fərmanlarında onun adı elə də keçir.

– Azərbaycanın sərhədlərini cıza bilərsinizmi? Haradan başlayır və hara qədər gedir? Biz övladlarımıza nə deyək – hansı dövlətin vətəndaşlarıdırlar?

– Ərəblər Dərbənd keçidini Babi Ərvab adlandırırdılar. Dərbənd keçidi tarixən Azərbaycanın şimal qapısı olub.

 

Azərbaycanın şimal qapısı “Dəmirqapı Dərbənd”dir

244

– “Dəmirqapı Dərbənd”.

– Bəli. Bunu sasani, pəhləvi, qrapar, gürcü, ən çox da ərəb mənbələri deyir. Azərbaycanın şimal qapısı deyəndə, Dərbəndi nəzərdə tuturdular. Azərbaycanın qərbi deyəndə, “Qara Dərbənd” nəzərdə tutulur. Çox təəssüf ki, “Qara Dərbənd”i çox vaxt bizim “tarixlə məşğul olanlarımız” – “tarixçi”lərimiz deyə bilmərəm – Şimali Qafqaza aparıb çıxarırlar. Guya, Osetiyada olan Gürcüstan yolu “Qara Dərbənd”dir. Halbuki “Qara Dərbənd” orada deyil, “Qara Dərbənd” Ərzurumla Qarsın böyründədir. İndi də o formada adlanır – “Qara Dərbənd”.

– Doğu-Şərqi Anadolu?

– Bəli, Doğu Anadolu. “Qara Dərbənd”dir. Qərbimiz oradır.

 

Azərbaycanın qərbi Ərzurumla Qarsın arasındakı “Qara Dərbənd”dir

 

– Şimalımız da Dərbənd, qərbimiz də Dərbənd.

– Bəli. Şərqdə etnik yurd baxımından Xorasan daxildir, dövlətimizin qüvvətləndiyi vaxtda Qəndəhara qədər torpaqlarımız uzanır.

– Qəndəhar, yəni Əfqanıstanadək?

– Bəli. O zaman Əfqanıstan məfhumu yox idi, əslində. Əfqanıstan dediyimiz siyasi qurum ingilislərdən sonra yaranıb. O zaman Əfqanıstanın qərb sərhədlərinə diqqət yetirsəniz, görərsiniz ki, Rusiyanın Orta Asiyası ilə, ingilisin Hindistanı həmsərhəd olmasın deyə, qurama bir Əfqanıstan dövləti yaratdılar və dil kimi Pamir dağlarının ortasına uzatdılar. Bu, ona görə lazım idi ki, neytral bir zona olsun. İngilis rusa demək istəyirdi ki, “mənim səninlə sərhəddim yoxdur”. Bu siyasət düşünərək edilib. Əgər tamaşaçı ingilis müstəmləkəçiliyinin bariz nümunəsini görmək istəyirsə, lütfən, Afrikanın xəritəsinə baxsın. O xətkeşlə çəkilmiş xəritələrə. Rus heç olmasa bir az insaflı idi. Coğrafi arealı da nəzərə alırdı – dağları, çayları nəzərə alırdı. İngilisdə bu yox idi. Xətkeşi qoyub xətkeşlə torpaq bölürdü. İordaniyanın sərhədlərinə baxa bilərsiniz.

– Misir də elədir.

– Hətta bəzən lətifə kimi danışırdılar ki, ingilis, səhv etmirəmsə, Liviya ilə Misir arasındakı sərhəd xəttini çəkəndə asqırıb, xətt əyilib. Şərqə o qədər həqarətlə yanaşılırdı.

 

Azərbaycanın şərqi Qəndəhar, cənubu Hind okeanıdır

 

– Şərqimiz Qəndəhar, bəs Cənubumuz?

– Cənubumuz, təbii ki, Hind okeanına qədər uzanan ərazilərdir. Bəzən bizi istəməyən adamlar bizə özləri də bilmədən elə xidmətlər göstəriblər ki… Xüsusilə də Rza Şah Pəhləvi. Vaxtilə qaşqayları assimilyasiya edərək əritmək üçün Farsistana – fars vilayətinə köçürtdü. Bu gün orada yaşayan qaşqaylar sayca farsları keçməyə başlayıblar. Öz qapalı həyat tərzini saxlamaq şərti ilə.

– Assimilyasiya olmadan?

– Qaşqayı assimilyasiya eləmək də mümkün deyil. Niyə? Çünki o, heç bir vaxt içərisinə yad ünsürü daxil eləmir. Qaşqayların müsbət cəhəti budur. Mənfi tərəf də budur ki, qaşqayları Azərbaycan türkü saymaq istəmirlər. Bu isə kökündən yanlışdır. Dilimiz də, adət-ənənələrimiz də, incəsənətimiz də eynidir.

 

Xorasan Azərbaycan üçün müqəddəs bir ərazidir

 

– Deməli, şimaldan Dəmirqapı Dərbənd, qərbdən Qara Dərbənd, şərqdən Qəndəhar, cənubdan isə Hind okeanı olaraq Böyük Azərbaycana – bu qədər möhtəşəm bir areala sahibik.

– Qəndəhar Böyük Azərbaycandır. Bütün dünya linqvistləri – Avropada ciddi linqvistlər araşdırma apararkən, Azərbaycan türkcəsinin iki dialektini qeyd edirlər – Xorasan dialekti, Qərb dialekti. Qərb dialekti bu gün sizinlə danışdığımız dildir. Şərq dialekti Xorasan türkcəsidir. Xorasanı mən niyə tez-tez hallandırıram, əslində? Xorasan Azərbaycan üçün həqiqətən də müqəddəs bir ərazidir. Nəyə görə? Babək üsyanı yatırılandan sonra, Xorasan türklərini qorxutmaq üçün Babəkin kəsilmiş başını ora göndərmişdilər. Xorasandan ona görə qorxurdular ki, oradan Nadir şah kimi cahangir çıxmışdı. Faktiki Nadir şah Xorasanda doğulub. Üstəlik, Azərbaycan türkcəsində yazmış ilk şair Həsənoğlu Xorasanın kəndində doğulub, orada da basdırılıb. Xorasan uğrunda tarixboyu biz mübarizə aparmışıq. Şah İsmayılın birinci xidməti nədən ibarət oldu? 1510-cu ildə Özbək Şeybanini məğlub elədi və Xorasanı Azərbaycana birləşdirdi.

– Başını kəsib, piyalə düzəldib…

– Bilirsinizmi, belə versiyalar var və müxtəlifdir. Məsələn, bir versiya var ki, İsmayılın onun başını qızıla tutdurub Səlimə göndərməkdə məqsədi o olub ki, desin, “bu da Qızılbaş oldu”. Həm hərfi, həm də simvolik mənası var. Digər tərəfdən, o, peçeneklərdən türklərə gələn bir adətdir – düşmənin başından piyalə düzəltmək. Məsələn, peçenek knyazı Svyatoslavın başını kəsib piyalə düzəltdirmişdi. Bu, daha çox mifik xüsusiyyət daşıyır. Amma Şeybani xanın Şah İsmayıl haqqında elə təhqiramiz məktubları var ki… O məktubları sadəcə hissiyyatsız oxumaq mümkün deyil. Başdan ayağa təhqirdir.

– Yəni deyirsiniz ki, Şah İsmayıl bunu həmin məktublara cavab olaraq eləyib?

– Təbii ki… Şah İsmayıla, “atımın yüyənini tutarsan”, “Məni Məkkəyə qədər piyada müşayiət edərsən” yazıb… Sən kimsən ki, Şah İsmayıl səni piyada müşayiət etsin, xeyir ola? Bir var yazsın ki, “icazə ver, torpaqlarından keçib gedim”, bir də var, “sən mənim yəhərimi tut, üzəngimi bas”… Mən sənin qulun-zadınam ki, səni müşayiət eləyim? Bizim tərəflərdə buna “loppazlıq” deyirlər. Dediklərinin cavabını, nəticəsini də aldı.

 

Dərbənddə, Həmədanda, Qəzvində, Zəncanda, Qarsda, Borçalıda – vahid Azərbaycan dili!

kerem2

– Şah İsmayıl mövzusu o qədər yaralı bir mövzudur ki… Son zamanlarda bir çox müsahibələr verilir. Səfəviləri, Şah İsmayılı İran dövlətinə xidmət edən, Azərbaycan duyğusundan kənar kimi təqdim edirlər. Əslində, Şah İsmayılın bu şəkildə qabardılmasını rus ideologiyasının nəticəsi kimi dəyərləndirilir. Bu fikirlərə nə cür baxırsınız?

– Mən, təbii ki, hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Allah-Təala, şükür, hamıya ağıl verib. Məşhur bir yazıçı var, yazırdı ki, ağıl yeganə şeydir ki, heç kim onun azlığından şikayət eləmir. Hərə bir cür fikirləşir. Deyirlər ki, Şah İsmayıl İrana xidmət edirdi. Bu adamların özlərindən soruşmaq lazımdır ki, “sən 500 il bundan sonranı görə bilərsənmi?” Şah İsmayılın xidməti nədə olub? Bu gün danışdığımız dildə əgər Dərbənddə, Həmədanda, Qəzvində, Zəncanda, Qarsda, Borçalıda danışırlarsa, bu, hansı dövrdəsə etnik konsolidasiyanın məhsuludur. Bu etnik konsolidasiyanı Şah İsmayıl eləyib. Şah İsmayıl özü farsca yazmış olsaydı, onda bəlkə də onu qınamaq olardı. Axı onun özü də türkcə yazıb.

 

Babəkin Bəzz qalasında məscidi vardı

 

– Mənim özüm üçün də maraqlı olan məqamlar var. Sovet dövründə Babək, Şah İsmayıl, hətta Koroğlu belə bizə milli qəhrəmanlar kimi təqdim olunub. Necə düşünürsünüz, rus ideologiyası bizə milli qəhrəmanlarımızı tanımağa imkan verə bilərdimi?

– Rus ideologiyası, sovet tarixşünasları onu bizə hansı fonda təqdim edirdi, məsələ bundadır. Şah İsmayılı ruslar ona görə sevirdilər ki, onların qatı düşməni olan Osmanlıya qarşı vuruşmuşdu. Rus ideologiyasının Nadir şahı təriflədiyini, bizə milli qəhrəman olaraq təqdim etdiyini görübsünüzmü? Ömrü boyu tərifləməzlər. Niyə? Çünki ilk dəfə bu torpaqlardan rusun burnundan vurub-çıxaran da Nadir şah oldu. Amma Nadir də Osmanlıya qarşı vuruşmuşdu. Amma görürsünüzmü, Nadirin məxsusən İran şahı olması tirajlanırdı. Hər zaman gözə bu məqam soxulurdu. Şah İsmayılı isə nə üçün tərifləyirdilər? Bəli, Osmanlıya qarşı döyüşdüyünə görə… Bir də bilirsinizmi, elə şəxsiyyətlər var ki, – cidanı çuvalda gizlətmək mümkün deyil –  hansı dövr olur-olsun, onların tarixi xidmətlərini gizlətmək olmur. Sadəcə sovet ideologiyasının çevikliyi onda idi ki, o, tarixi şəxsiyyətlərin adından istifadə edirdi ki, bu, onun işinə yarayırdı.

– Maraqlarına uyğun gəlirdi.

– Məsələn, Babəkdən necə istifadə olunurdu? Guya, Babək İslama qarşı döyüşüb. Bu, rusa sərf edirdi. Babəkin bərabərlik ideologiyası da sovet ideologiyasına uyğun gəlirdi. Amma bu tarixin də dərinliyinə getməyə imkan vermirdi. Babəkin Bəzz qalasındakı məscidi və orada Qurani-Kərimin oxunması…

– Belə çıxır ki, Babək müsəlman olub?

– Əl Bağdadinin yazdığına görə, bəli.  Yazırdı ki, “Bəzz qalasında xürrəmilərin öz məscidi var idi. Onlar islami qaydada ibadət edirdilər, ancaq Qurani-Kərimi xürrəmcəsinə izah edirdilər”.

– O zaman Babək nəyə görə döyüşürdü?

– Ona qayıdaram. İndinin özündə, bu gün bir çox kəndlərimizə gedək, görərik ki, adam namaz qılmır, oruc tutmur, dinini soruşanda, “müsəlmanam”,- deyir. Necə müsəlmansan? Deyir, “ürəyim təmizdir, əməllərim safdır…”

– Çox elə adamlarımız var.

– Bəli, sufilik elə budur. “Ürəyim təmizdir, dilim yalan danışmayıb, əlim oğurluq eləməyib, əməlim safdır, əsl müsəlman elə mən özüməm”. Bəs, ona görə türklər islamiyyəti asanlıqla qəbul elədilər. Çünki türklərdə ərəblərdəki kimi eybəcər adət yox idi ki, ikinci qız doğulanda onu diri-diri torpağa basdırsınlar. İslamiyyət gələndə türklərdə İrandakı kimi murdar adət yox idi ki, ata qızı ilə, oğul da anası ilə evlənsin. Türklərdə belə adətlər olubmu? Olmayıb.

– Olmayıb. Heç bir zaman olmayıb.

– Ona görə də islamiyyət ərəb üçün, fars üçün qaydalar qoyurdu. Bizim üçün də bu qaydalar şüur formasında, yaşam tərzi formasında üst-üstə düşdüyünə görə, asanlıqla qəbul elədik. Qəribə olanı nədir? Türk inancları İslamiyyətin içərisində elə oturdu ki, bu gün İslamdan onu ayırmaq mümkün deyil. 3, 7, 40, indi də 52 dəbə düşüb. Bunun heç biri İslamiyyətdə yoxdur. Quran oxumaq bizdə dəbdədir. Əgər insan sağ olanda normal həyat tərzi keçirməyibsə, ona nə qədər Quran oxuyursan oxu, guya, nə xeyri var ki? Düzdür, mən hər zaman ilahiyyət sahəsindən uzaq durmağa çalışıram. Çünki oradakı mübahisə mənasızdır.

– Nəhayətsizdir, sonsuzdur…

– Ancaq istənilən ilahiyyətçi mənə sübut eləsin ki, İslam dinində 3, 7, 40 var. Yoxdur, belə şey. Hamısı türk inancından gələn şeylərdir. Hətta Allahın adının çəkilməsində, türklərdə daha çox  “Tanrı” deyirlər, nəinki Allah.

– Bu da tamamilə fərqlidir.

– Bəli. Nə üçün bu haqda ətraflı danışdım? Mənim namizədlik işim də, “İslama qədərki dövrdə dini inanclar”dır. O araşdırmaları aparandan sonra bugünkü İslamla tutşduranda belə çıxdı ki, elə bunun 80 faizi əski inanclar imiş ki…

– Yəni siz Babəkin və xürrəmilərin dini inanclarının o prizmadan formalaşdığını deyirsiniz?

– Bir vaxtlar da “Qızılbaş”lıqla bağlı mübahisələr düşdü. Şiəlik adı altında o qədər cərəyanlar var ki…  Onlar bəzən heç İslama uyğun da deyillər. Hətta belə bir şey də var – Əliallahlılıq…

– Yəni Əlini Allah bilənlər?

– Bəli. Bunların bunu əsaslandırmaqlarına baxın. Guya, Məhəmməd peyğəmbər merac eləyəndə onu bir əl aşa qonaq elədi. Məhəmməd peyğəmbər də deyib ki, “Ya Rəbbim, sən də bu təamdan mənimlə birgə dadmış olaydın”. Əl bir də tabağa uzananda, Məhəmməd peyğəmbər bir dənə düyünü o əlin üstünə atır.  Meracdan qayıdanda Həzrəti Əli qılıncını qundağında tutaraq, onun yanına gəldi. Məhəmməd peyğəmbər gördü ki, həmin düyü onun əlinin üstündədir. Belə bir şeyin İslama ümumiyyətlə dəxli yoxdur.

 

“Qızılbaş”lılıq inanc modeli sonradan İran şiəliyinə çevrildi

 

– Nağıldır.

– Bunu necə şiəlik hesab eləmək olar? Düzgün deyil axı. Belə cərəyanlar da çoxdur – nöqtəvilik və s. Bunların hamısı şiəlik cərəyanı altında adlandırılır. Bu cür cərəyanlardan biri də, bizim türklərin “Qızılbaş”lılıq cərəyanlarından biri idi.  Həmin “Qızılbaş”lılıq inanc modeli sonradan, çox təəssüf ki, bugünkü İran şiəliyinə çevrildi. Halbuki tamamilə fərqli-fərqli şeylərdir.

– Dövlət milli idisə, Türk dövləti idisə, şah İsmayıl da türkçü, Türk dövlətinin tərəfdarı idisə, o zaman niyə nəticə olaraq, bugünkü İrana qədər gəlib çatdıq? Dövlət türk millətinin, dəyərlərinin düşməni deməyək, amma əleyhinə olan bir sülalənin əlinə keçdi?

– Gəlin, onun mexanizminə fikir verək. Çox zaman İsmayıldan sonrakı şahları qınamağa başlayırlar. İsmayıldan sonra hakimiyyətə gələn Təhmasib oldu və onun dövründə gözəl bir epizod var. Deyir ki, “gecə yuxu gördüm, göydə üç aypara, hilal var idi. Bir nurani şəxs mənə yaxınlaşıb dedi ki, ortada duran ay sən, sağında duran böyük ay Osmanlı, solunda duran kiçik ay isə özbəkdir”. Bundan böyük türkçü olmaq olar? Türkün simvolu nədir? Aypara deyil?

– 3 hilal da Türkiyədə MHP-nin simvoludur.

– Bəli. 3 hilal sözünü ilk dəfə işlədən Təhmasibi, bu gün MHP-nin fəaliyyət göstərdiyi Türkiyədə “İran şahı” adlandırırlar.

 

Dürzü, yoxsa Xaqan?!

 

– Hətta tarixi “Möhtəşəm yüz il” filmində Qanuni Sultan Süleymanın dili ilə onu “dürzü” adlandırdılar.

– Nə dərəcədə düzgündür bu? Təhmasibin filmində Qanuni Sultan Süleymanla nə qədər məktubları var. Məktublaşmalarından birində Qanuni Sultan Süleyman yazır ki, mənim atam Səlim xanla, sənin baban xaqan İsmayıl – diqqət edin, atasına xan, İsmayıla  xaqan deyir, nə şah, nə də sultan demir, Allah rəhmət eləsin, düz deyirdi, İsmayıl xaqan idi… Hətta belə bir epizod da var ki, Sultan Səlim deyir, “olmaya, bu Qızılbaş yaramaz Əfrasiyabın Turanını dirçəltmək istəyir?” Bu sözləri İsmayılın ünvanına deyib. Səlimin oğlu Süleyman isə İsmayıla “xaqan” deyib…

I hissənin sonu