XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 19:36

Amerika eksperti:“Ən yaxın müttəfiqlərimizin bundan sonra bizə etibar etməməyə ciddi əsası var” – Təhlil

ABŞ prerzidenti Donald Tramp və Kanada baş naziri Castin Tryudo

 

Maks But

Washington Post (ABŞ), 05.09.2018

 

Prezident Tramp demokratik institutlarımızı var gücüylə nüfuzdan salmağa çalışır, amma əhatəli iflasa məruz qalır. Öz partiyasının üzvləri üçün cinayət təqibindən immunitetin tətbiq edilməsini tələb etdiyi bir zamanda – senator Ben Sessin (Nebraska ştatından respublikaçı) qeyd etdiyi kimi, bu tələb Amerikanı banan respublikasına çevirəcək – Ədliyyə Nazirliyi onun Konqresdəki iki əsas tərəfdarına ittiham elan edib.

Buna görə də əminəm ki, prezident Trampın dönəmində Birləşmiş Ştatlarda demokratiya yaşayacaq. Lakin ABŞ-ın himayəsi altında liberal dünya düzəninin yaşayacağına tam əmin deyiləm.

Bu qismən onunla bağlıdır ki, Tramp öz postunu tutandan Amerika hegemoniyası artıq soluxub. İndi dünyada ABŞ deyil, Çin dünyada ən böyük donanmaya sahibdir. Bu, Trampın günahı deyil və əslində, o, müdafiənin maliyyələşməsini artırır, amma bu, Asiyada qüvvələr nisbətini dəyişmək üçün yetərli deyil. Yenə də Trampın günahı deyil ki, İraq və Əfqanıstandakı fəlakətlərdən sonra xarici dövlətə müdaxilə amerikalıların çoxunu boğaza yığıb.

Trampın doğrudan da günahkar olması – ən yaxın müttəfiqlərimizin misli görünməmiş alçaldılması, danlanması və nüfuzdan salınması siyasəti elə şəkildə yürütməyindədir ki, bu, qurulmasına on illər sərf edilmiş münasibətlərə çarəsiz ziyan vura bilər.

Kanadanı götürək. Trampın şimal qonşumuza necə yanaşması, ABŞ-ın Ottavadakı keçmiş səfirinin dediyi kimi, “əsil düşüncəsizlikdir”. Kanada Amerikanın ən böyük ticari tərəfdaşı və təhlükəsizlik üzrə ən yaxın tərəfdaşıdır. Kanada ordusu I dünya savaşından tutmuş Əfqanıstana qədər amerikalılarla yan-yana vuruşub, kəşfiyyat məlumatlarının mübadiləsindən (beş göz Alyansı) hava müdafiəsinə (Şimali Amerika hava-kosmik müdafiəsi Komandanlığı) qədər hər şeydə yaxın tərəfdaşdır.

Amma Tramp ABŞ “milli təhlükəsizliyini” qorumaq üçün polad və alüminiuma rüsumlar qoyaraq Kanadaya inadla düşmən kimi yanaşır. Tramp “Bloomberg news”-a qeyri-rəsmi şərhdə təkid edib ki, azad ticarət haqda Şimali Amerika sazişinin istənilən yenidən nəzərdən keçirilməsi “yalnız bizim şərtlərlə” baş verəcək və Kanada onun səmərəli tələblərinə mane olarsa, Kanadada istehsal edilən nəqliyyata  rüsumlar qoyacaq. Bunun heç bir mənası yoxdur, çünki bu cür rüsumlar Amerika şirkətlərinə ziyan vurur. Məsələn, Ontario zavodunda “İmpala” şevrolesini istehsal edən “General motors”a. Tramp bu faktı unudur ki, Kanada Amerikanın böyük ixracat bazarıdır və bizim Kanada ilə müsbət ticarət balansı saldomuz var.

Trampın Kanadaya münasibətdə ədavətinin arxasında nələrin durduğunu anlamaq çətindir – bircə baş nazir Castin  Tryudonun ondan cavan, ağıllı və yaraşıqlı olması kimi sadə fakt ona xoşgəlməz deyilsə. Tramp iyunun əvvəlində Tryudonun üzərinə “şərəfsizlik və zəiflik” ittihamları yağdıraraq “Böyük yeddilik” sammitini tərk edib, eyni zamanda onun ticarət üzrə müşaviri Piter Navarro deyib ki, Tryudoya “cəhənnəmdə özəl yer saxlayıblar”.

Bu alçaldıcı şərhləri Trampın Vladimir Putin (“güclü lider”), ya da Kim Çen In (“güclü”, “zirək”, “ağıllı”) kimi diktatorlara pərəstişli şərhlərilə tutuşdurun.

Təəssüf ki, Trampın Kanadaya münasibəti onun Amerikanın dostlarına münasibətinin tipik ifadəsidir Tramp iyulda, Putin qarşısında lap tərki-silahı ərəfəsində  ABŞ-ın NATO üzrə müttəfiqlərini alçalıdıb və onların roluna önəm verməyib. Belçikanın keçmiş baş naziri Gi Verhofstadt onun səfərini “sözün tam mənasında fəlakət” adlandırıb, Almaniya xarici işlər naziri Hayko Maas isə bildirib: “Biz daha Ağ Evə tam bel bağlaya bilmərik”.

Yaponiya baş naziri Sindzo Abe Trampla yaxşı münasibət saxlamağa çalışıb, amma bunun üçün onun, demək olar, heç bir səbəbi yoxdur: Tramp Yaponiyanı polad və alüminiuma rüsumdan azad etməyib, Abenin Şimali Koreyaya birtərəfli güzəştlər məsləhətinə, məsələn, hərbi təlimlərin ləğvinə məhəl qoymayıb. “Washington Post”un məlumatına görə, Tramp “Mən Perl-Harboru unutmamışam” deyərək Abeni təhqir edib (Tramp 1946-da doğulub) və onun ticarət sahəsində 1980-ci illərə aid ümumilikdə bir sıra uydurma pozuntulara görə danlayıb.

ABŞ müdafiə naziri Cim Mettis və dövlət katibi Mayk Pompeo bu həftə Nyu-Deliyə baş çəkərək potensial, mühüm, yeni müttəfiqlə əlaqələri yoluna qoyublar, amma Trampın Hindistan baş naziri Narendra Modiyə münasibətdə sayğısız davranışı onların vəzifəsini olduqca çətinləşdirib.

“The New York Times” qeyd edir: “Cənab Trampın cənab Modini ələ saldığı videoyazı internetin Hindistan şəbəkəsində yayılıb. Trampın hindistanlı həmkarını mətbuatsız təmasda tez-tez yamsılayıb cinlətdiyi haqda məlumatlar kimi”.

Trampın bu cür uşaq hoqqabazlığı Çinə qarşı durmaq üçün Birləşmiş Ştatlara gərəkən alyans imkanını poza bilər. Praktik olaraq Trampın sıx münasibət qurduğu yeganə müttəfiqlər Səudiyyə Ərəbistanı və İsraildir: birinci halda, demokratiya olmadığına görə, ikincidə isə özünün daxili-siyasi ehtiyacları üzündən. (Respublikaçılar İsraili sevirlər, Şeldon Adelson kimi yəhudi mühafuzəkarlar isə böyük məbləğlər ianə edirlər). Amma köçkünlərə münasibətdəki siyasətində İsrailə kart-blanş və Səudiyyə Ərəbistanına  Yəmənlə, Qətərlə, ölkədəki dissidentlərlə və hətta Kanada ilə savaşda  kart-blanş uzunmüddətli perspektivdə Amerikaya, elə İsrail və Səudiyyə Ərəbistanına da  öz məqsədinə çatmağa yardım etməz.

Tramp, tez-tez bildirdiyi kimi, Birləşmiş Ştatlara sayğılı münasibət yaratmaq əvəzinə ölkəni bütün dünya üçün lağlağılıq və nifrət, qorxu və kin hədəfinə çevirir. Hətta onun yerinə daha sağlam canişin gələrsə, bu itkinin yerini doldurmaq asan olmayacaq. Başqa ölkələr həmişə biləcək ki, Amerikada təcridçilik və proteksionizm üçün sfera var, növbəti populist araqarışdıranı taxta çıxarmaq üçün seçkilərdə birgəyik. Deməli, müttəfiqlər hansı illətdən Birləşmiş Ştatrlara yenidən etibar etməlidir?

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə