XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2016 - 22:28

Bağlanan son “nəfəslik”: Qara dəniz Rusiyanın nəzarətindən çıxır

ae2_screen_shipping_routeTürkiyənin nəqliyyat naziri Binali Yıldırım “Kanal İstanbul” layihəsinin yenidən müzakirə olunacağını  və proyektdə köklü dəyişikliklər aparılacağını bildirib.

Strateq.az-ın məlumatına görə, nazir bunun səbəbini kanal marşrutunun keçəcəyi ərazilərin geoloji problemləritarixi sahələr üzərində yerləşməsiylə əsaslandırıb və mütəxəssislərin məsləhətini nəzərə aldıqdan sonra proyekt hazırlığına yenidən başlanacağını deyib. Yəni əvvəlki layihənin üzərindən tamamilə qara bir xətt çəkib.

Xatırladaq ki, “Kanal İstanbul” bu zamana qədər AKP hakimiyyətinin əlində əsas təbliğat vasitəsinə çevrilmiş, “əsrin proyekti” kimi ictimai rəyə təqdim olunmuşdu. Halbuki, bir çox mütəxəssislər hələ proyekt ortaya atılan gündən bəri onun mənasızlığını gündəmə gətirmiş, boş-boşuna çəkiləcək xərc olduğunu önə sürmüşdülər.

10 milyard dollara başa gələcəyi gözlənilən “Kanal İstanbul”un vacibliyi İstanbulun təhlükəsizliyiylə əlaqələndirilirdi. Guya, bu proyekt başa çatdıqdan sonra Qara dənizdən Mərmərəyə keçən gəmilər ordan Aralıq dənizinə çıxaraq mənzillərinə yollanacaqdılar. Beləcə, Türkiyə indiyə qədər boğazdan qazanmadığı pulları kanal vasitəsilə əldə edəcəkdi. Kanaldan istifadə olunması nəticəsində İstanbul boğazında tıxacların azalacağı da proqnozlaşdırılanlar arasında idi.

Mütəxəssislər isə bu optimizmi bölüşmürdülər. Onların fikrincə, eni 150 metr olacaq bu kanal istər genişliyi, istərsə də məsafəsi və dolayısıyla keçiş müddəti baxımından boğazdan xeyli geri qalacaqdı. “Montro müqaviləsi”nə görə, boğazdan müftə-müsəlləh keçmək hüququna malik olan xarici ölkələrə aid gəmilərin hansı ağılla ödənişli keçişə üstünlük verəcəyi sualının, həqiqətən də, heç bir məntiqli cavabı yox idi.

Kim bilir, bəlkə də Binalı Yıldırımın texniki xüsusiyyətlərlə əsaslandırmağa çalışdığı təxirəsalmanın daha əsaslı səbəbləri vardı və bu səbəblərin başında isə onun, ümumiyyətlə, mənasızlığı prinsipi dayanırdı.

Bir başqa səbəb isə Qara dənizin geopolitik əhəmiyyəti ilə bağlıdır.

Məlum olduğu kimi, Qara dəniz öz sahillərində bir neçə dövləti birləşdirir. Bu dövlətlərdən biri Rusiya, digərləri Ukrayna, Bolqarıstan, Gürcüstan və Rumıniyadır. Qara dəniz, faktiki olaraq, bu ölkələrin dünyaya açılan qapısı xarakteri daşıyır. Dənizə tökülən çaylar (xüsusilə də Fransa sərhədlərinə qədər uzanan, bütün Orta və Şərqi Avropanı əhatə edən Dunay) vasitəsilə gəmilər bu su hövzəsindən Almaniya, Avstriya, Balkan dövlətləri və Moldavaya da səfər edə bilirlər.

Düzdür, bu gəmilərin səfərə çıxması üçün subasımının 2.5 metrdən çox olmaması, hündürlüyünün isə 6 metri keçməməsi tələb olunur. Başqa sözlə, Qara dənizdən Avropaya çaylar vasitəsilə yalnız kiçik gəmilər üzə bilərlər. Bu məhdudiyyətlər Qara dəniz üzərindən ticarət dövriyyəsini azaltsa da, Aralığa birbaşa çıxışı olmayan bir çox Avropa ölkələri, o cümlədən Almaniya üçün ən qısa, bəziləri (məsələn, Avstriya) üçün isə alternativsiz yoldur. Bir sözlə, Qara dəniz bütün Avropanın iqtisadi qan-damar sisteminə çevrilmək potensialına malikdir.

Bununla belə, SSRİ zamanında qütbləşmiş və dəmir pərdələrlə bir-birindən ayrılmış dünya gerçəkləri Qara dənizin bu əvəzsiz potensialının reallaşmasına imkan verməmiş, onu Aralığa bağlayan İstanbul boğazını digər bənzər keçid nöqtələriylə müqayisədə daha qısır vəziyyətə salmışdı. Təsadüfi deyil ki, bu gün dünya dəniz ticarət yollarının ən önəmli keçid məntəqələrindən sayılan Malakkadan üzən gəmilərin sayı İstanbul boğazından keçənlərdən 100 dəfədən daha artıqdır.

Elədirsə, sual ortaya çıxır: bu qədər qısır imkanlara sahib Qara dəniz niyə qlobal geopolitik mübarizələrin əsas hədəfinə çevrilib?

Zənnimizcə, bu sualın ilk cavabına yuxarıda qısaca da olsa toxunduq:

Qara dənizin çox ciddi potensialı var və bu potensialı qlobal dünyaya qazandırmaq, yaxud ona təkbaşına sahib olmaq yarışı gedir.

Bir müddət əvvəl və elə indi də istər Ukraynada, istərsə Moldavada, istərsə Gürcüstanda baş verən inqilabi proseslərin əsas səbəbinin kökündə, fikrimizcə, bu yarış dayanır. Özünü təkqütblü dünyanın yeganə lideri kimi görən ABŞ, Qara dənizi beynəlxalq dəniz ticarəti şəbəkəsinə bağlamaqla, öz dünya hegemonluğunu tamamlamaq istəyir. Onun əsas rəqib olaraq gördüyü Rusiya isə Qara dənizi əldən buraxmaq niyyətində deyil.

Prinsip etibarilə, Rusiyanı da anlamaq olar. Şimal qonşumuzun geopolitik mövqeyi Qara dənizə sahib olmağı tələb edir. Axı, dünya dövləti olmağın başlıca açarı okeanlara çıxış və nəzarət imkanına bağlıdır. Rusiyanın isə dünyaya okeanlara açılan 3 qapısı var:

Onlardan biri Baltik və  Sibir dənizidir ki, Şimali Buzlu okeanına açılır, amma ilin böyük qismində don vəziyyətində olur.

Digəri Berinq və Oxot dənizidir ki, Sakit okeana açılsa da, həm Rusiya iqtisadiyyatının əsas mərkəzindən xeyli uzaqlıqda yerləşir, həm də bu okean tamamilə ABŞ-ın nəzarətindədir.

Üçüncü isə Qara dənizdir ki, dünya dəniz ticarətinin ən mühüm marşrut xətti sayılan Aralıq dənizinə açılır.

Göründüyü kimi, Qara dənizə sahiblik rus imperialist siyasətinin “olmazsa olmazı”dır və onun istər Ukraynada, istərsə də Gürcüstanda baş verən rəngli inqilablara olduqça aqressiv münasibəti də bundan qaynaqlanır. Hər bir böyük dövlət iddiasıyla ortaya çıxan siyasi iradə, sözsüz ki, özünün bu potensialını təhdid edən hadisələrə biganə qala bilməz, əksinə bunu müharibə səbəbi hesab edər. Rusiyanı da bu mənada anlamaq çətin deyil.

Nə qədər Qara dənizlə heç bir əlaqəsi olmasa belə, ABŞ-ın da bu su hövzəsiylə bağlı konkret maraqları var. Həmin maraqlar dünyanın yeganə siyasi qütbü olmaq istəyindən və potensialından irəli gəlir.

İstər iqtisadi, istər hərbi cəhətdən dünyanın ən böyük gücü sayılan ABŞ bir neçə okeanın əhatəsində yerləşir. Bu da ona qlobal dəniz ticarəti üzərində heç kimdə olmayan nəzarəti qurmaq imkanı verir. Gəlin, ən yaxşısı, amerikalı strateq və “STRATFOR” analitik mərkəzinin sahibi Corc Fridmanın bu barədə dediklərinə nəzər salaq:

“Amerika gücünün əsasını okeanlar təşkil edir. Okeanlarda qurulan hegemoniya digər dövlətlərin ABŞ-a hücum etməsinin qarşısını alır, lazım olanda ABŞ-ın başqa yerlərə müdaxilə etməsinə şərait yaradır və ona beynəlxalq ticarəti idarə etmək imkanı verir. ABŞ-ın bu gücündən istifadə etməsinə ehtiyac yoxdur, amma başqa birinin istifadəsinə də icazə verməməlidir. ABŞ bütün okeanlara nəzarət etməlidir. Tarixdə heç bir güc bunu etməyib. Bu nəzarət yalnız ABŞ-ın təhlükəsizliyi deyil, eyni zamanda beynəlxalq sistemi formalaşdırmaq gücünün əsası deməkdir. Əgər ABŞ icazə verməzsə, heç kim dünya okeanlarında istədiyi yerə gedə bilməz. Dənizlərdə nəzarəti davam etdirmək ABŞ üçün ən əhəmiyyətli geosiyasi hədəfdir”.

Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. Müəllif öz ölkəsinin okeanlar üzərində strateji maraqlarını o qədər səlis ifadə edir ki, istər Çinlə Şərqi Çin dənizi, istərsə də Rusiya ilə Qara dəniz üzərində gedən geopolitik gərginliyə bu aspektdən nəzər salanda hər şey aydın görünür. Xüsusilə də Qara dəniz ABŞ hegemoniyasının nəzarətindən kənarda qaldığından, İstanbul boğazı ola-ola, ondan xeyli dar potensiala sahib kanalın açılması zərurətinin səbəbi aydınlaşır. Belə məlum olur ki, qlobal güc mərkəzləri 15 milyonluq İstanbul əhalisinin təhlükəsizliyini bəhanə edərək, Rusiyanın son “nəfəsliyini” də bağlamaq istəyirdilər.

Elədirsə, onda Türkiyə niyə bu geopolitik layihəni təxirə salır?

Zənnimizcə, istər Ukrayna, istər Gürcüstan, istərsə də Moldavada son zamanlar ortaya çıxan bəzi hadisələr “Kanal İstanbul” layihəsinin əhəmiyyətini də azaltmışdı. Yəqin ki, yaxın zamanlarda baş verəcək daha mühüm hadisələr Qara dənizi artıq Rusiyanın daxili su hövzəsi olmaqdan çıxaracaq və onu beynəlxalq dəniz ticarətinə qazandıracaq. Əslində bir zamanlar Varşava Paktının üzvləri olan digər Qara dənizli ölkələrin NATO-ya girməsiylə bu prosesin əsası çoxdan qoyulmuşdu.İndisə növbə digər sahildaş post-sovet ölkələrinə yetişib. Onların Rusiyadan uzaqlaşmasıyla missiya tamamlanacaq, təkqütblü dünyanın son kərpicləri hörüləcək.

Heç də təsadüfi deyil ki, Ukrayna neçə müddətdir, Rusiyanın təsir dairəsindən çıxmaq üçün çabalayır, Moldavada hökumətə qarşı etiraz aksiyaları güclənir, Gürcüstanın Rusiyadan asılılığını azaltmaq üçün ölkədə böyük qaz ehtiyatlarının axtarışı ciddi nəticələr verir.

O da təsadüfi deyil ki, “Kanal İstanbul” layihəsi məhz Ukrayna böhranına hazırlıq mərhələsində ortaya atılıb. Xatırlayırsınızsa, Ukrayna “baharı” Viktor Yanikoviçin Avropa Birliyi ilə əməkdaşlıq və sərbəst ticarət müqaviləsindən imtina etdiyi zaman, yəni 2013-cü ilin 21 noyabrında başladı. Prinsipcə, Yanikoviç də hakimiyyətə bu müqavilədən imtina etmək üçün 2010-cu ildə Rusiyanın açıq dəstəyi ilə gətirilmiş, özündən əvvəlki Qərbyönümlü hökumət üzvlərini həbsə atmışdı. Təbii, Qərb bu hakimiyyət dəyişikliyinə biganə qalmayacaq, özünün yeni qüvvələrindən istifadə edərək revanş almağa çalışacaqdı və necə ki, 3 ildən sonra bu mübarizə başladı. Məsələyə bu aspektdən nəzər salanda Ukrayna inqilabının toxumlarının hələ 2010-cu ildə səpildiyi aydın olur.

Maraqlıdır ki, “Kanal İstanbul” proyekti haqqında ilk məlumat da Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın diliylə, təxminən o zaman – 2011-ci ilin 27 mart tarixində səsləndirilmişdi. Görünür, Rusiyanın keçmiş “arxa baxçasında” öz hegemoniyasını gücləndirmək istəyi onun “nəfəsliyini” kəsməsini şərtləndirmiş və bu proyekt ortaya atılmışdır. İndisə Ukraynanın əhəmiyyətli hissəsinin Rusiyanın nəzarətindən çıxması tam qətiləşdikdən və Moskvanın başı Suriyaya qatıldıqdan sonra Qara dəniz “nəfəsliyi”nin bağlanmasının da lüzumu qalmayıb. Belə bir vəziyyətdə Qara dəniz “nəfəsliyinin” bağlanması digər “dost” sahildaşlara zərər vurmaqdan başqa bir anlama gəlmir.

Üstəlik, Türkiyə və Balkan ölkələri də Rusiyayla artıq düşmən vəziyyətə gətirilib. Ölkənin Qara dəniz vasitəsilə ticarət əlaqələrini genişlədə biləcəyi Avropa da Moskvadan üz döndərib. Rusiyanın ayaqda durmaq üçün bütün ümidlərini Şanxay Əməkdaşlıq Təşkilatına bağlamaqdan başqa çarəsi yoxdur. Qara dənizdən “Şanxay”a açılmaq üçün Mərmərəyə, Aralığa, ordan Suveyş kanalıyla Qırmızı dənizə və Hind okeanına çıxmaq tələb olunur ki, bu da xeyli uzaq yoldur.

Tam bu sıralarda İran Xəzər dənizindən Hind okeanına kanal çəkmək arzusunu dilə gətirir. Sanki Qara dənizdə hərəkət sahəsi daraldılan Rusiyaya ən qısa və təhlükəsizlik yol göstərilir. Moskvanın bütün diqqəti onun üçün İrandan açılacaq yeni “nəfəsliyə” yönəldilir. Rusiyanın əlinin-qolunun kəsildiyi Qara dəniz isə dünya hegemonluğuna can atan qüvvələrin nəzarətinə keçir.

Bu durumda, həqiqətən də, nəfəs daraltmağa nə hacət?

Heydər Oğuz

Strateq.az