XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 02:41

Naxçıvan: Nuhun ilk ayaq basdığı məkan haqda bilmədiklərimiz…

bolotnikkovİsa Həbibbəyli: “Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyatını gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”

Məlum olduğu kimi, Rusiya Dumasının bir qrup deputatı 1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə BMM arasından imzalanmış “Moskva müqaviləsi”nin, o cümlədən bu müqavilənini tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin ilin oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında imzalanmış “Qars müqaviləsi”nin ləğv edilməsi xahişiylə prezident Vladimir Putinə və Rusiya Xarici İşlər Nazirliyinə müraciət ünvanlayıblar.

Xatırladaq ki, ləğvi tələb edilən bu müqavilələrdə Azərbaycanın ayrılmaz hissəsi – Naxçıvanın muxtariyyət məsələsi də öz əksini tapıb. 

Hazırda Naxçıvan məsələsi beynəlxalq müzakirə predmeti olduğundan, qərara gəldik ki, Azərbaycanımızın bu gözəl yurdu haqda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin “Nuhçıxandan-Naxçıvana: tarix və müasirlik” adlı məqaləsini müəyyən ixtisarla Strateq.az oxucularının diqqətinə çatdıraq:

 

isahebib-1.jpg

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin deputatı

İndiyədək Naxçıvan sözünün mənşəyi və etimologiyası barədə ayrı-ayrı tarixi dövrlərdə müxtəlif fikirlər meydana çıxmışdır. Mənbələrdə Naxçıvan sözünün əsasən “Naxsuana”, “Aksuana”, “Nəşavə”, “Akçıobon”, “Nəqçuan”, “Naxçirvan”, “Naxcivan”, “Nəqşi-cahan” şəklində işlədildiyi barədə məlumatlar mövcuddur.

Bu etimoloji vahidlərin hərəsi müxtəlif tarixi mərhələlərdə yaranmış və həmin dövrlərin ictimai-siyasi şəraitinin nəticəsində formalaşmışdır. Belə ki, “Naksuana” coğrafi adı yunanlara, “Aksuana” saklara, “Nəşəva” ərəblərə, “Nəxçir” ifadəsi, yaxud “Naxçı” tayfa bildirən sözlər parfiyalılara, “Nəqşi-cahan” söz birləşməsi isə farslara aid mənbələrdə özünə yer almış, zaman-zaman yayılaraq genişlənmişdir.

Nuhçıxan – Nuhdaban

Tədqiqatçılardan Avropayönlü araşdırma aparanlar yunan mənbələrinə, yəni Klavdi Ptolemeyin“Coğrafi təlimlər” kitabına, şərqşünaslar isə ərəbdilli və farsdilli mənbələrə üstünlük vermişlər. Fikrimizcə, digər bu tip anlayışlarla yanaşı, “Naxçıvan” sözünün etimologiyasını izah edərkən daha çox əcnəbi qaynaqlara istinad olunması həm də sovet hakimiyyəti zamanı milli söyköklə bağlı məsələlərin xalqın özünəməxsus qədim mənbələr, ilkin qaynaqlar əsasında öyrənilməsinin məhdudlaşdırılması ilə bağlı olmuşdur.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, nəhayət ki, bu istiqamətdə ciddi və əhəmiyyətli tədqiqatlar meydana çıxmağa başlamışdır. Müşahidələr göstərir ki, Muxtar Respublikanın ərazisində Naxçıvan sözü ilə səslənən yerli materiallar arasında Dünya tufanı hadisəsi ilə və Nuh peyğəmbərlə bağlı toponimlər, əfsanə və rəvayətlər çoxluq təşkil edir. Belə ki, regionda Nuhdaban, Nuhəcir (Nəhəcir), Nuhram(Nehrəm) kimi qədim yaşayış yerləri ilə əlaqədar toponimlərin, habelə “Nəbi yurdu” (Peyğəmbər yurdu), “Qaranquş yaylağı”, “Naharbaşı məscidi” (Ordubad) kimi yer adlarının, “Peyğəmbər ayağı”adlı əraziyə dair toponimlərin çağımıza qədər yaşaması burada Nuhun tufanı hadisəsinin dərin iz qoyduğunu nəzərə çatdırır.

Fikrimizcə, qeyd olunan toponimlərin Naxçıvan diyarındakı məşhur Gəmiqayaya yaxın ərazilərdə yerləşməsi Nuhun tufanı hadisəsinin bu regionla bağlılığı etimalını daha da qüvvətləndirir. Həmin baxımdan yanaşdıqda, Nuh peyğəmbərin gəmisinin son dayanacaqlarından biri kimi ehtimal olunan Gəmiqayanın sağ və sol ətəklərindəki Nürgüt, Nüvədi kimi yaşayış yerlərinin adlarının da müəyyən səviyyədə Nuh hadisəsi ilə səsləşdiyini ehtimal etmək olar. Hətta Gəmiqayanın qabaq-qənşərindəki Naxçıvandan çox da uzaqda olmayan cənub ərazilərində tərkibində Nuh elementi olan Nəhənd, Nehran, Nehram, Nəhqan kimi toponimlərin olması qeyd edilən ehtimalı gerçəkliyə daha da yaxınlaşdırır.

Özündə qədim tarixin izlərini əks etdirən bu qəbildən olan çaxsaylı toponimlər Naxçıvan diyarının Dünya tufanı, Nuh peyğəmbər hadisəsi ilə əlaqədar olduğunu diktə edir. Bunlar isə Naxçıvan sözünün Nuhçıxan, yəni həzrəti Nuh peyğəmbərin gəmisinin gəlib çıxdığı məkan olduğu barədəki mülahizələrin reallığına inamı artırır. Məşhur Gəmiqaya rəsmlərində üzərində qayıq, gəmi, tufan, qasırğa təsvirlərinin geniş yer tutması da toponimlərdə yaşayan həqiqətlərin təbiət abidəsində də öz əksini tapdığına şahidlik edir.

Yer kürəsindəki Dünya tufanı hadisəsinin əhatə etdiyi coğrafiyada, heç bir ərazidə, Ağrıdağ ətrafında və ya Altayda Naxçıvandakı qədər həmin hadisə ilə səsləşən çoxsaylı mifoloji motivlərin, əfsanə və rəvayətlərin, etnoqrafik materialların, toponimlərin olması qeydə alınmamışdır. Nuh peyğəmbərin əfsanəvi gəmisinin yerə endiyi ehtimal edilən Kiçik Qafqaz dağ silsiləsinin ən uca zirvəsi sayılan Qapıçıq dağının yaxasındakı Gəmiqayadan və ətraflardakı ərazilərdən toplanmış zəngin materiallar tarixin pozulmaz naxışlarıdır. Maraqlıdır ki, əldə edilmiş nümunələrdə Nuhun gəmisi və Dünya tufanı ilə bağlı ən müxtəlif məsələlərlə yanaşı, ulu peyğəmbərin və övladlarının Naxçıvan ərazisində yaşayış məskənləri salmasını, burada yaşamasını, fəaliyyət göstərməsini nəzərə çatdıran motivlər də vardır. Məsələn, “Nuhdaban əfsanəsi”ndə deyilir:

“Nuh Nəbi sözün qurtardı. Dayandığı yerdən bir addım irəli atdı. Ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi. Oğulları həmin yerdə yurd saldılar. Adına da Nuhdaban dedilər”.

Nuhla bağlı Naxçıvan ərazisindən toplanmış materiallarda ulu peyğəmbərin öz övladlarına bu ərazidəki“tüstüsüz alova bürünən”, “od tutub yanan” dağların: Gəmiqaya, İlandağ və Ağrıdağın arasında yurd salmağı məsləhət görməsi motivi də öz əksini tapmışdır.

Diqqətlə nəzər salsaq, Naxçıvan şəhəri də məsafə etibarilə Naxçıvan ərazisindəki Gəmiqaya ilə Türkiyə tərəfdəki Ağrıdağın tən ortasında yerləşir. Hətta XIX əsrin səksəninci illərində Naxçıvanda yaşayıb-işləmiş tanınmış rus maarifçi ziyalısı K.A.Nikitinin yerli əhali arasından topladığı materiallarda da Naxçıvan şəhərinin Nuh peyğəmbər tərəfindən salınmasına dair konkret mətləblər ifadə olunmuşdur:“Nuh hazırda Naxçıvan şəhərinin olduğu yerdə məskunlaşmışdır. O, burada gələcək şəhərin əsasını qoymuş və ailəsini orada yerləşdirmişdir. Nuh və onun nəsli uzun illər Naxçıvanda yaşamışdır. Rəvayətə görə ilk insan nəsilləri buradan yayılmışdır. Nuhun özü, bacısı və ailənin bəzi digər üzvləri Naxçıvanda vəfat etmiş və orada dəfn olunmuşlar”.

Elmi dəlillər əsasında həzrəti Nuh peyğəmbərin məzarının da Naxçıvan şəhərində olduğu müəyyən edilmişdir. Bu barədə rus, türk və ərəb mənbələrində rəsmi məlumatlar mövcuddur. Eyni zamanda Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərlinin 1919-1921-ci illərdə Nuh peyğəmbərin Naxçıvandakı məzarının naturadan çəkdiyi rəsmlər bu gerçəkliyi bir daha təsdiq edir.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa olunması haqqında”kı 28 iyun 2006-cı il tarixli sərəncamı ilə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki türbəsinin mənbələrdə yazılan təsvirlərə uyğun şəkildə bərpa olunaraq yenidən ucaldılması tarixlə müasirliyin vəhdətini özündə cəmləşdirir.

Başqa bir məsələ: Fikrimizcə, Naxçıvan sözünün tərkibindəki “Nax” komponenti də Nuhla bağlı məna ifadə edir. Doğrudur, tədqiqatlarda Nax-dan əsasən nax-lar, yəni Nax etnosu, Nax tayfası kimi bəhs edilir. Ancaq nəzərə almaq lazımdır ki, geniş mənada bəşəriyyət dünya tufanından sonra yeni həyata Nuhun tayfasının davamı olaraq, Nuhun törəmələrinin artması ilə başlamışdır. Həzrəti Nuh peyğəmbər ayrılıqda götürülmüş bir xalqın, xüsusi bir etnik qrupun deyil, bütövlükdə bəşəriyyətin ulu babasıdır. Naxçıvan sözünün tərkibindəki Nax komponenti çox asanlıqla Nuh kimi də oxuna bilər. Məlum olduğu kimi, həzrəti peyğəmbərin hazırda türk-müsəlman dünyasında Nuh kimi yazılan və tələffüz edilən adı ayrı-ayrı qövmlərdə Noy, hətta Nox kimi də işlədilir (Q.Qədirzadə). İndi də Noy forması Avropa xalqlarının dillərində qalmaqdadır.

Bizə görə, Nax etnosu zaman-zaman dəyişərək Nuh-Noy-Nox-Nax, yaxud da Noy-Nuh-Nəx-Nox-Naxşəklini almışdır. Azərbaycan dilində fonetik hadisə kimi x-h, yaxud da y-x, o-a səsdəyişməsi proseslərinin olduğunu nəzərə alsaq, Nuh-Noy, Nox-Nax formatındakı inkişafı təbii proses kimi asanlıqla izləmək və qəbul etmək lazım gələr. Yəni Nax etnosunun Nuh, Noy, Nax sözləri və anlayışları ilə əlaqədar olması mümkün ola bilən haldır. Vaxtilə akademik Ağamusa Axundov da Nax etnosunun nəticə etibarilə Nuh adından yaranması barədə ehtimal irəli sürərək yazmışdı: “Toponimin (Naxçıvan yer adının – İ.H.) birinci tərkib hissəsi Nax, Nuh peyğəmbərin adının fonetik variantıdır”.

Bizim fikrimizcə, Nuhçıxan sözü Naxçıvan adının ilk əsas variantlarından biridir. Naxçıvan ərazisindəki Kiçik Qafqaz dağları silsiləsinin ən uca nöqtəsi olan, 3906 metr yüksəklikdə yerləşən “Qapıçıq zirvəsi” bəşəriyyətin babası həzrəti Nuh peyğəmbərə dünya tufanından sonra torpağa qədəm basmaq üçün açılmış kiçik qapı, yaxud ilk giriş yeridir. Üstü ilin bütün fəsillərində qarla örtülü olan “Qapıçıq zirvəsi” sanki dünya sularında Nuh peyğəmbərin xilaskarlıq simvolu kimi qaldırdığı ağ bayrağın rəmzi kimi də görünür. “Qapıçıq”, eyni zamanda Nuh peyğəmbərin əfsanəvi gəmisinin birinci limanı, ilk dayanacağı da deməkdir. “Qapıçıq zirvəsi”ndə Gəmiqayadan qaynayıb çıxan “Baca bulağı” çeşməsi insanlığı Dünya tufanından xilas etmiş Nuh peyğəmbərin şərəfinə qaldırılmış həyat piyaləsinə bənzəyir. Qapıçıq nöqtəsindən süd kimi köpüklənərək üzü aşağı iki min metrədək məsafədəNəsirvaz kəndinə qədər böyük sürətlə axan “Baca bulağı” suları sanki Gəmiqayanın zirvəsinə qalxmaq üçün istifadə olunan alpinist kəndiridir. Ordubad rayonundakı Nəsirvaz kəndinin adı “Bilqamıs”dastanında Nuh peyğəmbərlə əlaqədar təsvir olunan Nisr dağını yada salır. Gəmiqayanın yüksək ətəyindəki Nəbi yurdu (Nuh-Nəbi yurdu) Dünya tufanından sonra artıq burada ilkin məskunlaşmanın başlandığı məkan mənasını daşıyır. Bu ərazidəki “Qaranquş yaylağı” Nuh peyğəmbər əsatirindəki dimdiyində dəfnə yarpağı gətirən, yaxud caynaqları palçığa batmış vəziyyətdə gəmiyə geri qayıtmış qaranquş əhvalatının yadigarıdır. Gəmiqaya rəsmlərində bir neçə vəziyyətdə qaranquş təsvirləri qeydə alınmışdır. Gəmiqaya yüksəkliyinin sağ yaxasındakı “Xəzər obası” toponimi Nuh peyğəmbərin oğlu Yafəsin törəmələrindən birinin adını yaşatmaqla yanaşı, ilkin məskunlaşma dairəsinin genişlənməsini əks etdirir. “Haçadağ” – “İlandağ” Nuh peyğəmbərin Dünya tufanının başa çatdığını və bəşəriyyətin yeni həyatının başlandığını elan etdiyi möhtəşəm xitabət kürsüsü – Elandağı təəssüratı yaradır.

“Haçadağ”dan üzü arana doğru olan ərazidəki Peyğəmbər ayağı sahəsindəki 52 ayaq izi yeri, yaxud təsviri həyati proseslərin ilkin məskunlaşmadan oturaq məkana doğru inkişaf etdiyini əks etdirir.

Nəhayət, Naxçıvan şəhərinin cənub hissəsindəki Nuhdaban, adından da göründüyü kimi, həzrəti peyğəmbərin ayaq saxladığı, dabanını yerə basdığı, yəni oturaq həyat qurduğu yerin adıdır. Nuh peyğəmbərin məzarının da Nuhdaban adlı sahədə olması buranın çox qədim tarixə malik olduğunu göstərir. Fikrimizcə, bu məqamda tarixşünaslıqda Sasani hökmdarları tərəfindən miladın altıncı-yeddinci əsrlərində tikildiyi ehtimal edilən Köhnə Qalanın adındakı “köhnə” sözü də həmin qala divarlarının daha əvvəllərdən mövcud olduğunu, sonradan bərpa edildiyini düşünməyə müəyyən əsas verir. Xalq arasında yaşayan rəvayətlərdə Köhnə Qalanın təxminən iki min dörd yüz il əvvəl Naxçıvan şəhərinin Makedoniyalı İskəndərin hərbi yürüşlərindən qorunmaq üçün tikildiyini bildirən məlumatlar da yer almaqdadır. Bununla belə, bizim ehtimalımıza görə bəlkə də Köhnə Qala ilkin olaraq Nuh peyğəmbərin məzarının – movzeleyinin mühafizəsi üçün salınmış, tədricən Nuhdabanın-Nuhçıxanın-Naxçıvanın müdafiəsi məqsədilə genişləndirilmiş və inkişaf etdirilmişdir. Beləliklə, Qapıçıqdan, Gəmiqayadakı Nəbi yurdundan başlamış məskunlaşma prosesləri Nuhdaban oturaq məkanının salınması ilə başa çatmışdır.Nuh peyğəmbərin vəfatından sonra naxlar, nuhlar, peyğəmbərin tərəfdarları bu yeri onun şərəfinə Nuhçıxan adlandırmışlar. Naxçıvan şəhər adı da Nuhçıxandan yaranmışdır. Məsafə etibarilə çox yaxın ərazidə qədim Duzdağ mədənlərinin yerləşməsi Naxçıvanda şəhər tipli yaşayışın formalaşmasında mühüm rol oynamışdır. Mənbələrdə Duz dağının da Nuh peyğəmbər tərəfindən aşkar edilməsi və işə salınması haqqında məlumatların olması Naxçıvanda ilkin şəhərin yaranmasının qədim tarixinə dair mövcud təsəvvürləri elmi şəkildə tamamlayır. Böyük yaşayış məskəni üçün zəruri sayılan ibadət yerinin – Əshabi-kəhf ziyarətgahının da Nuhdabana çox yaxın məsafədə olması Naxçıvan ilkin şəhəri haqqında anlayışlara dayaq verir. Hətta Nuhdaban şəhər tipli yaşayış yerinin altında dərin mağara tipli sığınacaqların, kəhrizlərin mövcudluğu da ilkin şəhər mədəniyyəti mənasında Nuhdaban-Nuhçıxan-Naxçıvan ehtimalını qüvvətləndirir. Bütün bunlar Naxçıvanın ilkin səhər mənasında beş min illik qədim tarixə malik olduğunu düşünməyə əsas verir. Ona görə də dünyadakı digər qədim yaşayış yerləri kimi, Naxçıvan şəhərinin də tarixini müəyyən edərkən arxeoloji tədqiqatlarla bərabər, mifologiyaya və toponimikaya dair materiallara da istinad etməyin, problemə kompleks yanaşmağın diqqət mərkəzinə çəkilməsi daha obyektiv yanaşma olardı.

Azərbaycan tarixində Naxçıvan  

Çoxəsrlik tarixə malik Naxçıvan diyarı həmişə Azərbaycanın üzvi tərkib hissəsi olmuşdur. Naxçıvan – qədim türk-oğuz yurdudur. “Kitabi -Dədə Qorqud” dastanlarındakı yer adlarının çoxu Naxçıvan ərazisində indi də yaşamaqdadır: Əlincə qalası, Dəvəşam, Şərur, Qaraçuq, Altuntaxt, Buğa çeşmə, Qazan göl, Sədərək, Günorta Dədə Qorqudun Naxçıvandakı möhürləridir. Ən qədim dövrlərdə, miladın əvvəllərindən etibarən orta əsrlərədək Naxçıvan həmişə bir parçası olduğu ana Vətəni – Azərbaycanı təmsil etmişdir. Tarixin müxtəlif dövrlərində Naxçıvan Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin məsuliyyətli imtahanlarından keçmişdir. Böyük İpək yolunun üzərində yerləşməsi bu diyarda iqtisadiyyatla yanaşı, elmin və sənətkarlığın da inkişafına səbəb olmuşdur. Naxçıvandan Şərqə: Təbriz-Həmədan-Məşhəd-Aşqabad yolları bu regiona türk-müsəlman sivilizasiyalarının axınlarını, buradan Qərbə: İrəvan-Tiflis-Batum-Ərzurum-Trabzon-İstanbul, yaxud Tiflis-Rostov-Moskva-Peterburq-Varşava yolları bura Avropa düşüncəsini gətirmişdir.

Bu mənada Naxçıvan – Şərq ağırlıqlı Qərb düşüncəsini və mədəniyyətini özündə əks etdirir. Şərq müsəlman təfəkkürü də, Qərb iqtisadi-maarifçi təsəvvürləri də burada möhkəm milli əsaslara malik olan Naxçıvanın süzgəcindən keçərək özünəməxsus şəkildə həyata vəsiqə almışdır.Nəticədə Naxçıvanda qədim zamanlardan etibarən millilik və dünyəvilik baxışları aparıcı faktora çevrilmişdir. Bir müddət Azərbaycan Atabəyləri dövlətinin paytaxtı funksiyasını uğurla həyata keçirməsi isə burada milli dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır. Böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin XII əsrdə tikdiyi məşhur Mömünəxatun məqbərəsi Azərbaycan milli memarlığının daş “Xəmsə”sidir. Sonrakı əsrlərdə Naxçıvan tüməni, Naxçıvan bəylərbəyliyi, Naxçıvan xanlığı, Naxçıvan mahalı müxtəlif tarixi mərhələlərdəki inzibati-ərazi vahidləri, dövlət qurumları regionda milli maraqların qorunub saxlanılmasında, ölkəmizin taleyində və inkişafında özünəməxsus rol oynamışdır.

XX əsrin əvvəllərində Naxçıvanda qurulmuş Araz-Türk Respublikası mürəkkəb hərbi-siyasi şəraitdə bu diyarın erməni təcavüzündən xilas edilməsinə və ölkənin ərazi bütövlüyünün təmin olunmasına uğurla xidmət etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan Araz-Türk Respublikasını təmsil edənlərin istiqlalçılıq idealları uğrunda mübarizəsi yeni yaranmış müstəqil dövlətin ümummilli maraqlarının qorunmasına və möhkəmləndirilməsinə etibarlı dəstəyin reallaşması mənasında da mühüm əhəmiyyətə malik idi. Bundan sonra bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində Naxçıvan Sovet Sosialist Respublikasının elan edilməsi əslində Sovet Rusiyasının Naxçıvanı tədricən Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-in tərkibinə daxil etmək istiqamətindəki məkrli oyunlarının təzahürü idi. Bir çox mürəkkəb və ziddiyyətli vəziyyətlərin meydana çıxmasına, dövrün tələblərindən doğan irəli-geri gedişlərin müşahidə olunmasına baxmayaraq, Azərbaycan Xalq Komissarları Sovetinin Sədri Nəriman Nərimanovun və qısa müddətdə ölkə rəhbərliyində Xalq Ədliyyə Komissarı, Xarici İşlər Komissarı, Azərbaycan SSR-in Rusiya Sovet Federativ Respublikasındakı fövqəladə nümayəndəsi, nəhayət Xalq Komissarlar Soveti sədrinin müavini vəzifəsində çalışmış Behbud ağa Şahtaxtinskinin möhkəm siyasi iradəsi və dönməz milli mövqeyi sayəsində atılmış məqsədyönlü tarixi addımların nəticəsində Naxçıvan bolşevik-erməni oyunlarından xilas edilmiş, Azərbaycan SSR-in tərkibində muxtariyyat statusu qazana bilmişdir. Behbud ağa Şahtaxtinski həm Rusiya mərkəzi hökumət orqanlarında, həm də Azərbaycan bolşevik təşkilatında müxtəlif vəzifələrə yiyələnmiş erməni millətçilərinin, hətta bir çox hallarda ümumi maraqlar adı altında onlara yaxın mövqedən çıxış edən bir qrup azərbaycanlı bolşeviklərin separatçı niyyətlərinin aradan qaldırılması cəbhəsində mərdliklə mübarizə aparmışdır. Behbud ağa Şahtaxtinski bolşevik hökumətində vəzifə daşıyan, lakin Azərbaycanın milli maraqlarına vicdanla xidmət edən vətənpərvər dövlət xadimidir. Behbud ağa Şahtaxtinski Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və başqaları kimi RSFSR qarşısında milli təslimçilik fəaliyyətini icra edən bir çox Azərbaycan bolşevik rəhbərlərindən fərqli olaraq, keçmiş ittifaq dövlət çərçivəsində olsa da müstəqillik üçün bacarığı ilə çalışmış, həmin xəttin daha da inkişaf etdirilməsinə şəxsi töhfələr vermişdir. Bu görkəmli dövlət xadiminin Naxçıvanın muxtariyyat qazanması uğrunda apardığı ardıcıl və məqsədyönlü mübarizə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına xidmətin ölkə səviyyəsində mükəmməl bir nümunəsidir. Sovet Rusiyasının rəhbəri Vladimir İliç Leninə yazdığı bəzi məqamlarda etiraz notası kimi səslənən rəsmi məktublar Behbud ağa Şahtaxtinskinin mükəmməl siyasi təcrübəyə və yetkin diplomatik düşüncəyə və cəsarətli mövqeyə malik olduğunu aydın nümayiş etdirir. Leninə ünvanlanmış 13 avqust 1920-ci il tarixdəyazılmış məktubdakı aşağıdakı sətirlər Behbud ağa Şahtaxtlının siyasi dünya görüşü və şəxsiyyəti haqqında aydın təsəvvür yaratmağa imkan verir: “Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir. Çünki buradan bir dəmir yolu xətti İranın Maku xanlığına və oradan Türkiyənin Bəyazid şəhərinə, digər isə İranın Təbriz şəhərinə aparır. Beləliklə, mühüm dəmir yol məntəqəsi kimi Naxçıvan diyarı bizi Türkiyə ilə və İranın zəngin əraziləri ilə birləşdirir. Daşnakların xeyrinə bu vacib birləşdirici məntəqədən Azərbaycan və Rusiya imtina etməməlidirlər… Bu diyarın Ermənistana verilməsi xalqın özünütəyin prinsipi və Sovet Azərbaycanının hüquqlarını pozur… Ümid edirəm ki, Sovet Rusiyasının hökuməti mənim bəyanatımı diqqətsiz qoymayacaq, Sovet Azərbaycanının və Sovet Rusiyasının özünün hüquq və maraqlarının pozulmasına yol verməyəcəkdir”.

Azərbaycan mərkəzi hökumətində erməni bolşeviklərinin və onların tərəfdarlarını təzyiqilə 1920-ci ilin dekabrında Naxçıvanın Ermənistan SSR-ə verilməsi barədə bəyanatlar səslənərkən Behbud ağa Şahtaxtinski həyatını böyük risk qarşısında qoyaraq öz daxili iradəsi ilə, heç bir icazə almadan və razılaşma əldə etmədən Bakıdan Naxçıvana gəlməsi, yerli əhalinin kütləvi etirazlarını təşkil etməsi və referendum keçirilməsinə nail olması tarixdə az təkrar olunan hadisələrdən biridir. Əslində 1921-ci ilin yanvar ayında keçirilmiş referendumda əhalinin doxsan faizdən çoxunun Naxçıvanın Azərbaycan SSR-in tərkibində qalmasına səs verməsi ilə ərazinin və burada yaşayan azərbaycanlıların taleyi həll olunmuşdur. Bu mənada 1921-ci ilin yanvar referendumu Naxçıvanın Azərbaycanın tərkibində qalmasını və muxtariyyat qazanmasını təmin etmişdir. Azərbaycanın dövlətlərarası münasibətlərində mühüm tarixi əhəmiyyəti olan 1921-ci ilin Moskva və Qars müqavilələri ölkə rəhbəri Nəriman Nərimanovun və Behbud ağa Şahtaxtinskinin ideya və əməl birliyinin mühüm tarixi hadisəsidir. Moskva və Qars müqavilələrinin hazırlanması və imzalanması prosesinə Azərbaycan tərəfdən Behbud ağa Şahtaxtinski rəhbərlik etmişdir. Qars müqaviləsində Behbud ağa Şahtaxtinskinin imzası vardır. Moskva və Qars müqavilələri ilə Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtariyyat statusu qazanması təmin edilmişdir. Moskva və Qars beynəlxalq müqavilələri Azərbaycan dövlətinin tərkib hissəsi qismində Naxçıvan Muxtar Respublikasının hüquqi-siyasi təminatıdır. Bütün bunlar 9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılmasını hazırlanmış, bu tarixi faktın həyata keçirilməsinə real zəmin yaratmışdır.

Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə xidmət edən böyük tarixi hadisədir. Muxtar Respublika statusu Naxçıvanın regionda ölkəmizin ərazi bütövlüyünün mühafizə edilməsində Azərbaycan dövlətinin mövqeyinin qorunub saxlanılmasına və daha da genişləndirilməsində rolunun və imkanlarının qüvvətlənməsinə imkan yaradır. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, böyük uzaqgörənliklə regionun erməni təcavüzündən xilas edilməsində beynəlxalq statusa malik Qars müqaviləsinin müddəalarını ön mövqeyə çəkmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Qars müqaviləsi əsasında apardığı məqsədyönlü dövlətçilik siyasəti müstəqilliyin bərpasından sonrakı ilk illərdə Azərbaycan-Türkiyə münasibətlərinin, region dövlətləri ilə əlaqələrin yenidən qurulmasında, Muxtar Respublikanın ərazi taleyinin beynəlxalq hüquq çərçivəsində həll edilməsində dünya ictimaiyyətinin problemə ciddi münasibət bəsləməsinin təmin edilməsində mühüm rol oynamışdır. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 12 oktyabr 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibətilə keçirilmiş təntənəli yığıncaqdakı tarixi nitqində muxtariyyat tarixinə və bu siyasi-hüquqi statusun müasir əhəmiyyətinə verdiyi qiymət beynəlxalq hüququn da, Azərbaycan reallıqlarının da mahiyyətini aydınlaşdırır: “Naxçıvanın muxtariyyatı tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mubarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyatını gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”…




Yuxarı Əvvələ Ana Səhifə