XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 15:33

“Erməni əsgərinin Füzulidə, Ağdamda nə işi var?”- sualı səslənmiş Münhen Konfransı:Prezident "dünya siyasətinin laboratoriyası"na niyə gedir?

Ilham-Eliyev-Munhen-Konfrans-15Sabah Almaniyada 52-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayacaq. 3 gün davam edəcək konfransda 20 ölkədən dövlət və  hökumət başçıları, 60 ölkədən isə XİN rəhbərləri və nazirlər, ekspertlər  müzakirələr aparacaqlar.

Konfransın budəfəki əsas mövzusu  dünyada artan qeyri-stabillik və risklərdir.

52-ci Münhen Konfransı ilə bağlı təşkilatçılar  tərəfindən hazırlanmış hesabatda bildirilir ki,  bu zamana qədər baş verən proseslər yeni, daha qeyri-stabil eranın başladığından xəbər verir: “2016-cı ildə, biz, böyük ehtimalla, risklərin, o cümlədən hərbi qarşıdurmaların, qeyri-müəyyənliyin artmasını və fundamental transformasiyanı –  yeni, daha qeyri-stabil eranın başladığını görəcəyik”.

Hamının intizarla gözlədiyi Rusiya prezidenti Vladimir Putin isə Münhen  Konfransına getməyəcək. Bu barədə Putinin mətbuat katibi Dmitriy Peskov məlumat verib. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.

ABŞ nümayəndə heyəti isə başda vitse-prezident Co Bayden olmaqla konfransa qatılacaq.

Təşkilatçılar İran prezidenti Həsən Ruhanini də dəvət ediblər.

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. 

Bunu jurnalistlərə Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Azərbaycan prezidenti enerji məsələləri üzrə paneldə çıxış edəcək.

MDB ölkələrindən Ukrayna prezidentinin də konfransda iştirak edəcəyi barədə məlumat verilib.

Alman KİV-nin məlumatına görə, son 4 ildə ilk dəfə olaraq bu ölkənin federal kansleri Angela Merkel də konfransın işində iştirak edəcək.

 

“Dünya siyasətinin laboratoriyası”nda səslənən sensasion anonslar

 

Münhen  Təhükəzsizlik Konfransı 1962-ci ildən başlayaraq hər  il keçirilir.  Bu konfransı  təhlilçilər“dünya siyasətinin laboratoriyası” adlandırırlar.

Ora əvvəllər əsasən, Qərb siyasətçiləri və hərbi-sənaye kompleksinin nümayəndələri toplanırdılar. Keçən əsrin 90-cı illərindən etibarən Münhen Konfransına dünyanın bütün regionlarından nümayəndələrin iştirakına imkan yaradılıb.

Münhen  Konfransının əhəmiyyəti ondan ibarətdir ki,  aktual təhlükəsizlik və qlobal geosiyasi məsələlərlə bağlı, obrazlı ifadə etsək, əsas trendləri-meylləri görməyə imkan verir.

Qlobal və regional müstəvilərdə əsas oyunçular bu problemlərə yanaşmaları ilə bağlı  mesajlar verirlər.  Məsələn, Rusiya prezidenti Valdimir Putin ilk dəfə qatıldığı 2007-ci il Münxen Konfransında  Qərb ölkələrini və ABŞ-ı sərt tənqid etmiş, Vaşinqtonu dünyaya hökmranlıq etmək səylərində günahlandırmış,Kremlin bu səylərə qarşı çıxacağını açıqlamışdı. Bir ildən sonra Rusiya-Gürcüstan müharibəsi baş verdi. Rusiya tankları Tbilisiyə yaxınlaşdılar. Abxaziya tamamilə Rusiyanın nəzarətinə keçdi.Bu vaxtdan etibarən Rusiya-Qərb qarşıdurması kəskinləşdi və Krımın Moskva tərəfindən ilhaqı ilə pik nöqtəsinə çatdı.  Hazırda Rusiya ilə Qərb ölkələri arasında münasibətlər, faktiki olaraq “soyuq müharibə” illərindəkindən o qədər fərqlənmir. İndi geriyə baxdıqda, ekspertlər Putinin Münhen çıxışını Kremlin sonrakı aqressiv xarici siyasətinin anonsu kimi dəyərləndirirlər.

2014-cü il Münhen  Konfransı isə İran nümayəndə heyətinin açıqlamaları ilə  də yadda qaldı. İranın xarici işlər naziri M.Zərif İran dövləti tarixində ilk dəfə olaraq Holokstu qəbul etdiklərini bildirmişdi. Eyni zamanda Tehranın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu önə sürülmüşdü. Məhz bundan sonra Tehranla-Qərb ölkələri arasında təmaslar intensivləşdi və ötən il İrana qarşı tətbiq olunan sanksiyalar götürüldü.

Sayca 52-ci Münhen  Konfransı da qlobal gesosiyasi rəqabətin kəskinləşdiyi, Yaxın Şərqdən Avropaya miqrant axınının davam etdiyi, Suriyada hərbi əməliyyatların qızışdığı, Rusiyanın havadan zərbələrinin gücləndiyi zamana təsadüf edir.

İŞİD təhlükəsi, qlobal qitisadi tarazlığın pozulması təhdidləri də aktualdır.

Eyni zamanda İrana qarşı sanksiyaların götürülməsi Fars körfəzi regionunda Tehranla digər ölkələr arsında gərginliyi artırıb. Türkiyənin Suriya məsələləri ilə bağlı ABŞ-la fikir ayrılıqları açıq müstəviyə çıxıb. Şimali Koreyanın nüvə və raket sınaqları də yeni təhdidlər yaradıb…

Şübhəsiz ki, bütün bu məsələlərlə bağlı Münhen  Konfransında müəyyən mesajlar veriləcək. Təsadüfi deyil ki, konfransın əsas müzakirə mövzusu kimi, dünyada artan qeyri-stabillik diqqət mərkəzinə gətirilir.

 

Münhen  Konfransında prezident İlham Əliyevin  məşhur sualı: “Erməni əsgərinin Ağdamda nə işi var?”

 

Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ildə keçirilən Münhen konfransında da iştirak etmişdi. Prezident İham Əliyevin “Ukraynadan əlavə – Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirakı diqqət çəkmişdi. 

Qarabağ nizamlanması ilə bağlı sualları cavablandıran prezident İlahm Əliyev bildirmişdi ki, beynəlxalq birlik Ukrayna münaqişəsindən dərs götürməlidir: “Hesab edirəm ki, Ukrayna məsələsindən çıxarılan dərslər çox diqqətlə öyrənilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi. Çünki burada eyni ssenari – ərazi bütövlüyünün eyni qaydada pozulması, eyni nəticə, işğal, separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki əksidir. Ona görə də biz beynəlxalq ictimaiyyətdən, dünyanın aparıcı ölkələrindən eyni yanaşmanı gözləyirik. Bizə gəldikdə, postsovet məkanının digər münaqişələrindən fərqli olaraq BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə var. Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki, həmin qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət etmirlər”.

Münaqişə tərəfləri arasında etimadı bərpa etmək üçün ilk növbədə hansı addımların zəruriliyi ilə bağlı sualın cavabında isə prezident İlham Əliyev qeyd etmişdi ki, ilk addım işğal olunmuş ərazilərin bir hissəsinin Ermənistan tərəfindən geri qaytarılmasına başlanılmasıdır: “Hesab edirəm ki, bu, çox sadədir. İlk addım işğal olunmuş ərazilərin bir hissəsinin Ermənistan tərəfindən geri qaytarılmasına başlanılmasıdır. Dağlıq Qarabağ və 7 ətraf rayon işğal olunub. Beləliklə, danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə alaraq, bu ətraf rayonların bir qisminin geri qaytarılmasına başlanılması mənzərəni dərhal dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında bütün kommunikasiyaların açılacağına dair təklif irəli sürmüşük. Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya çıxışı olacaq. Həmçinin Türkiyə də Ermənistan ilə bütün kommunikasiyalarını açacaq. Eyni zamanda, biz hərbi əməliyyatların başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq”.

Ermənistan nümayəndəsinin atəşkəsin pozulması ilə bağlı sualının cavabında isə prezident İlham Əliyev yaddaşlarda qalan cavabı vermişdi: “Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab olaraq bildirim ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”.

 

Bakı bu dəfə hansı mesajları verəcək?

 

Böyük ehtimalla, bu dəfə Azərbaycan Qarabağ münaqişəsi ilə yanaşı TAP və TANAP qaz kəmərlərinin çəkilməsi, Bakının Avropanının enerji təhlükəsizliyində oynadığı rol, Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərinə diqqət çəkəcək.  Xüsusən avropalı  tərəfdaşlara  Azərbaycanın əsas rol aldığı transmilli enerji layihələrinin əhəmiyyəti  bir daha xatırladılacaq.

Rusiyanın Ukraynadan yan keçməklə Avropaya qaz nəqlini nəzərdə tutan “Türk axını” layihəsi gündəlikdən çıxdıqdan sonra TAP və TANAP layihələrinin, Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha da artıb.  Son illər geosiyasi proseslərin daha dinamik və münaqişəli xarakter alması, Rusiyanın aqressiv xarici siyasəti Avropa İttifaqı üçün enerjidaşıyıcıları ilə təchizat məsələlərində şaxələndirmə strategiyasının reallaşmasını daha da aktuallaşdırıb. Hazırda bu istiqamətdə Avropa üçün TAP layihəsi ən real variantdır.  Bu baxımdan bu layihənin əsas aktyoru kimi Azərbaycan tərəfinin mesaj və açıqlamaları da indiki məqamda Aİ ölkələri üçün çox vacib əhəmiyyət kəsb edir.

 

Zaur İbrahimli

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə