XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2018 - 12:35

“Şərq-2018” Rusiya-Çin birgə hərbi təlimləri NATO-nu həyəcana salıb:“Rusiya böyük münaqişəyə hazırlıq görür” – Təhlil

Nerdun Hacıoğlu, Uğur Ergan

Hürriyet (Türkiyə), 12.09.2018

 

Ukrayna və Suriyadakı hadisələrlə bağlı Qərbin bir çox ölkələrilə, hər şeydən əvvəl ABŞ-la böhran yaşayan Rusiya soyuq savaş dönəmindən sonrakı dövr üçün ən böyük hərbi təlimlərə başlayıb. Çinin ilk dəfə qatıldığı manevrləri Türkiyə də izləyir.

11 sentyabrda Sibirdən Sakit okean sahillərinə qədər uzanan geniş bir rayonda başlanmış və 17 sentyabradək çəkəcək təlimlərdə 297 min hərbçi, mindən yuxarı təyyarə, helikopter və pilotsuz uçuş aparatları, 376 min tank və zirehli maşın, üç donanmanın 80 hərbi gəmisi, yəni Rusiya ordusunun, demək olar, üçdə biri iştirak edir. Bu, Sovet İttifaqının dönəmində “Qərb-81” manevrlərinin keçirildiyi 1981-ci ildən bəri ən böyük hərbi təlimdir.

Təlimlərin başlandığı məqamda Rusiyanın Vladivostok şəhərində Çin lideri Si Szinpinlə görüşən Rusiya prezidenti Vladimir Putin dünyaya siqnal verib: “Çin və Rusiya siyasət, iqtisadiyyat, müdafiə sahəsində bir-birinə tam etibar edir”.

Bu arada təlimlərin məqsədi haqda bəyanat verən Rusiya Müdafiə Nazirliyi qeyd edib: “37 il ərzində misli görünməmiş sayda hərbçi və texnika cəlb etməklə keçirdiyimiz “Şərq-2018” təlimləri quru, hava və dəniz qüvvələrinin koordinasiyasının təmini ilə böyük hərbi birləşmələrin bir məntəqədən o birinə operativ atılmasının məşqi xarakteri daşıyır. Əvvəllər sınaqdan keçirilməmiş desantatma taktikaları təlimlərdə ilk dəfə məşq ediləcək”.

 

Türkiyədən müşahidəçilər

 

Türkiyə də müşahidəçilər səviyyəsində ən böyük və geniş “Şərq-2018” hərbi təlimlərinə qatılıb. Türkiyənin Moskvadakı elçiliyinin hərbi atteşeliyindən zabitlər Rusiyadan gələn dəvətdən sonra sentyabrın 13-də manevrlərin epizodlarını seyr edəcəklər.

NATO-da bu təlimlərə reaksiya veriblər. NATO rəsmi təmsilçisi Oana Lunqesku bildirib: ““Şərq” təlimi bundan xəbər verir ki, Rusiya böyukmiqyaslı münaqişəyə hazırlaşır. Bu isə son zamanlar gördüyümüz davranış modelinə uyğun  gəlir: müdafiə büdcəsini və hərbi iştirakı artıran daha təcavüzkar Rusiya”.

 

Məqsəd – ikitərəfli ticarətdə milli valyutalara keçməkdir

 

Rusiya və Çin liderləri Vladimir Putin və Si Szinpin Vladivostok şəhərində açılan Şərq iqtisadi forumu meydanlarında birlik haqda siqnal veriblər. Putin qeyd edib: “Qonşumuz və iqtisadiyyat, ticarət, siyasət, müdafiə sahələrində tərəfdaşımız kimi Çinlə etibarlı münasibətlərimiz yaranıb. Ötən il ikitərəfli mal dövriyyəmiz 30 % artımla 87 milyard dollar təşkil edib. Bu ilin birinci yarısında 50 milyard dollara çatmışıq. İlin sonuna doğru 100 milyard dollara çıxmalıyıq. Ölkələrimiz qarşılıqlı hesablaşmalarda getdikcə milli valyutalardan daha fəal istifadəyə hədəflənib”.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə