XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2018 - 12:03

ERMƏNİSTANDA MÜHARİBƏ TƏLAŞI… –Paşinyan hadisələrə qeyri-adekvat reaksiyada suçlanır - TƏHLİL

Artaşes Qeqamyan

regnum.ru, 18.09.2018

 

Ermənistan Respublikasında və çevrəsində son yarımildə baş verən hadisələri diqqətlə analiz edərkən, istər-istəməz, sual edirsən: erməni dövlətçiliyinin  başı üzərindən asılmış ciddi təhlükənin dərki geniş xalq kütlələrinə nə vaxt çatacaq? Doğrudanmı, dərk olunmur ki, Azərbaycan artıq Ermənistan Respublikasına (ER) və Artsax Respublikasına (Dağlıq Qarabağ Respublikasına) hibrid savaş elan edib? Ermənistan Respublikası Tavuş vilayətinin kəndlərinin və Artsax Respublikasının (Dağlıq Qarabağ-red.) yaşayış məntəqlərinin atəşə tutulması gündən-günə təkrarlanır və Azərbaycanın aparıcı elektron KİV-lərində əhaliyə və beynəlxalq təşkilatlara ER və DQR (Dağlıq Qarabağ-red.) tərəfdən atəşkəs rejiminin növbəti pozulması kimi təqdim olunur. Doğrudanmı, Ermənistanın milli təhlükəsizliyini təmin etməyə nəzərdə tutulmuş uyğun xidmətlər bu fonda Abşeron Respublikasının (Azərbaycan-red.) hökumətyönlü və guya, müstəqil elektron nəşrlərinin başlıq və məzmunlarını analiz etmir (xüsusən son ayda): “Azərbaycan ordusu Qarabağda hücuma hazırlaşır” (haqqin.az/news/136 004, 14 sentyabr 2018-ci il), “Ərdoğan Bakıda Qarabağ münaqişəsində Azərbaycana dəstəyi təsdiqlədi” (www.kavkaz-uzel.eu/articles/325429, 15 sentybar 2018-ci il) və xeyli digər dərclər. Misalçün, Ərdoğanın “Кавказский узел”də dərc edilmiş bəyanatından çıxarış gətiririk. Görünür, ondan qabaq “Ərazi bütövlüyünün bərpası üçün gərəkən əsas şərt güclü ordunun varlığıdır. Və bu gün Azərbaycan ordusunun gücü artır… Bu gün işğal altında olan bütün ərazilərimizdə bayraqlarımızn yellənəcəyi gün yaxınlaşır” deyə bəyan edən Əliyevdən ruhlanan Ərdoğan Bakının azad edilməsinin 100 illiyinə həsr edilən paraddakı çıxışında bildirib: “Türkiyə Azərbaycanın bütün səylərini dəstəkləyəcək. Biz bir milyon azərbaycanlı qaçqının əzablarının dayanmasını istəyirik”.

Ərdoğan sonra vurğulayıb ki, Qarabağ münaqişəsi tənzimlənməyincə, Türkiyə Ermənistanla münasibət qurmayacaq və onunla sərhədlərini açmayacaq. Ərdoğan deyib: “Qardaşlarımızn ərazilərinin 20%-nin işğalında günahkar olanların və milyondan çox qardaşımızın öz evlərinə qayıtmasına imkan verməyənlərin sərhədlərimizi açmaq gözləntiləri hədər yerə vaxt itirməkdir”.

NATO üzvü ölkənin  prezidentinin  ağzından müharibəyə bu birbaşa çağırışlar qorxunc səslənir. Çaşqınlıq yaradan budur ki, NATO-ya üzv ölkələr – eyni zamanda ATƏT Minsk Qrupunun həmsədri olan ABŞ və Fransa nədənsə susur. Mən hey ümid edirdim ki, ABŞ-ın ER-dəki səfiri Riçard Millz Türkiyə prezidentinin Azərbaycan tərəfdən müharibənin başlanmasına birbaşa təhrikindən sonra hökmən uyğun, pisləyici bəyanatla çıxış edəcək. Yadımdadır, RF xarici işlər naziri Sergey Lavrov sentyabrın 3-də Ermənistandakı durumun hazırda qaynamağa davam etdiyi və xüsusən də on il əvvəlki hadisələrin araşdırılması, həbslər aparılmasının Rusiyanı narahat etdiyini bildirəndə R.Millz buna olduqca operativcəsinə reaksiya verərək bildirmişdi: “Mən belə dəyərləndirmə və şərhləri görmüşəm. Ermənistan hökuməti bunlara cavab verməlidir. Bizim mövqeyimiz beləydi və belə də qalır ki, 1 mart olayları ətraflı və obyektiv araşdırılmalıdır. Önəmlidir ki, istintaq qanunun aliliyi prinsiplərinə və gərəkən hüquqi proseslər çərçivəsinə söykənsin”.

Ümid etmək istəyirəm ki, ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə beş bəyanatı obyektiv araşdırma əsasında hazırlanıb və beynəlxalq hüququn aliliyi prinsipləri və ümumən qəbul edilən hüquqi proseslər çərçivəsində tərtib olunub. Amma ABŞ səfirinin susmasına bəraət var – Türkiyə və Azərbaycan liderləri tərəfindən müharibəyə bu davakar çağırışlar keçən şənbə axşamı səslənib, sonra isə istirahət günüydü, bir sözlə, bu gün Amerika səfirliyindən bu haqda xəbərlər gözləyirik. Oxucu mənim önrəyçiliyimdən şübhələnə bilər: ATƏT Minsk Qrupunun başqa həmsədr ölkələri niyə yada salınmırmış? Bununla bağlı oxucuların diqqətini bəzi faktlara cəlb etmək istərdim.

Deməli, cari ilin 14 sentyabrında ER baş naziri Nikol Paşinyanın Parisə işgüzar səfəri və Fransa prezidenti Emmanuel Makronla görüşü baş tutub. Oxucu soruşa bilər, bunda qəribə nə var ki? Qəribəlik, bax, bundadır. N.Paşinyan lap bu yaxınlarda, cari ilin 11 iyulunda NATO-nun sammitinə qatıldığı Brüsseldə rəsmi səfərdəydi. Qeyd edək ki, səfər çərçivəsində Fransa prezidenti Makronla görüşüb. Habelə yada salaq ki, E.Makron cəmi bir ay sonra Frankofoniya sammitinə qatılmaq üçün Ermənistana dövlət səfəri edəcək. Deməli, bu görüşün gərəkliyi nə ilə şərtlənmişdi? Ermənistanın informasiya agentlikləri N.Paşinyanın Paris səfərini işıqlandıraraq protokol iltifatını xatırlatmaqdan savayı həmçinin xəbər verib ki, tərəflər Qarabağ məsələsi üzrə fikir mübadiləsi edib və münaqişənin ATƏT Minsk Qrupu formatı çərçivəsində dinc tənzimlənməsinə önəm veriblər. Şübhə etmək lazım gəlmir ki, məhz Dağlıq Qarabağ münaqişəsi ətrafında dolaşan hadisələr Ermənistan tərəfinin duruma baxışı haqda məlumatlandırılmaq istəyən dost Fransanı qorxudub.

Bizim etibarlı müttəfiqimiz Rusiya Federasiyasına, şəxsən onun lideri, prezident Vladimir Vladimiroviç Putinə  gəlincə, oxucuların diqqətini bir neçə fakta yönəldək. Deməli, cari ilin 1 sentyabrında Soçidə prezident Putin və Azərbaycan prezidentinin görüşü olub. Çox maraqlıdır ki, Azərbaycan KİV-ləri hələ görüş ərəfəsində Qarabağ münaqişəsinin iki prezidentin görüşündə mövzulardan biri olduğunun özəl vurğulandığı silsilə yazılarla çıxış edib. Hətta Putin Əliyevi qarşılayaraq hərfən, bax, bunu  qeyd edib: “Sizinlə həm ikitərəfli münasibətlərimiz, həm də bölgədə durumun – bu isə mürəkkəbdir – necə biçimləndiyi haqda  danışmaq imkanına şadam. Amma ümid edirəm ki, bu günki görüşümüz həm  buna səbəb olacaq ki, bütün mürəkkəb problemlərin həll yollarını arayacaq, həm də, əlbbəttə, Azərbaycan və Rusiya Federasiyası arasındakı ikitərəfli münasibətlərin necə inkişaf etdiyindən danışacağıq”.

Düşünürəm ki, Vladimir Putin “bölgədə mürəkkəb durumun biçimləndiyi”ni vurğulamaqla Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutduğu heç kimdə şübhə doğurmur. Və məhz bölgədə barışın saxlanmasına tərəfdarlıq prezident V.Putini bir həftədən sonra sentyabrın 8-də Moskvada habelə ER baş nazirini də qəbul etməyə təhrik edib. Yüksək səviyyəli bu görüşün yekunları üzrə N. Paşinyanın vəcdli dəyərləndirməsinin obyektivlik dərəcəsi haqda müzakirələrə dalmaq istəməzdim. Hadisələrin sonrakı inkişafı bu sualı da cavablandıracaq. Bununla yanaşı, yəqin ki, baş nazirin məntiqini izləsək, ən yaxın çevrəsində rəhbər vəzifələrdə açıq rusxofluların, yaxud totalitar dini təriqət ardıcıllarının varlığına Vladimir Vladimiroviçi inandırması və ya qane etməsi – “parlaq” Rusiya-Ermənistan münasibətlərinin (siyasətşünaslıq elminə indiyədək məlum olmayan) yeni təzahürü də budur. “Parlaq” münasibətlərin bu silsisləsindən əldə olan bütün sənədləşmənin götürülməsi, hətta tam 19 min dollar verginin ödənilməməsinin aşkarlanmasilə “Rusiya dəmiryolları” ASC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz dəmiryolları” QSC-yə gecə basqınını da qeyd edək. Razılaşın ki, bu, yatırımları son illərdə 300 milyon dolları aşan şirkət üçün “heybətli” məbləğdir.

Bax, belə, əsas məsələdən yayınmamaq üçün qeyd edək ki, bu il sentyabrın 25-də RF prezidenti V.V.Putinin Azərbaycana dövlət səfəri nəzərdə tutulub. Bu, birinci növbədə, müttəfiq Rusiyanın Cənubi Qafqaz bölgəsində bu gün heç vaxt olmadığı qədər hərbi gərginləşməyə yol verməməkdə müstəsna məsuliyyətli münasibətinə inandırıcı dəlildir. Bir daha və bir daha xüsusən buna əmin olursan ki, Azərbaycan mətbuatında  öz davakarlığı ilə fitnəkar dərclər, məsələn, 14 sentyabr tarixli “Azərbaycan ordusu Qarabağa hücuma hazırlaşır” və ya 17 sentyabrda “Военное Обозрение” nəşrindəki “Bakı KİV-ləri: Azərbaycan ordusu Qarabağı azad etməyə hazırlaşır” başlıqları və digər xeylisi strateji müttəfiqimiz Rusiya Federasiyasını bu fikrə meylləndirir ki, Qarabağda müharibə hazırlanır. Axı Rusiyanın “Военное Обозрение” kimi bu qədər ciddi nəşri yuxarıda göstərilən başlıqla məqalə dərc etməzdi. Məsələn, onda  qeyd olunur: “Bu gün Azərbaycan ərazisində müxtəlif qoşun növ və çeşidlərinin son illərdə ən böyük operativ-taktiki təlimləri start götürüb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, manevrlərdə 20 mindən çox hərbçi, 200-dən yuxarı tank və başqa zirehli texnika, 100-dən çox raket sistemi və qurğusu, 30 aviasiya vahidi iştirak edir”.

Və bu, əvvəllər qeyd edildiyi kimi, “Azərbaycan ordusu müharibəyə hazırlaşır” tipli başlıqlı məqalələrin (AZE.az informasiya portalı) meydana çıxması fonunda baş verir. Mən Azərbaycan ictimai rəyini, bir də müharibənin qaçılmazlığı haqda beynəlxalq təşkilatları hazırlayan bu yazıların üzərində heç də təsadüfən durmuram. Bəs Ermənistanın ali rəhbərliyi, ER Konstitusiyası ilə ən geniş səalhiyyətlər verilmiş baş nazir Nikol Paşinyan bütün bunlara necə reaksiya verir? Dərhal qeyd edim – olduqca özünəməxsus şəkildə, daha dəqiqi, qeyri-adekvat. Düzgün başa düşülmək üçün yalnız qeyd edim ki, o, hələ də hansısa virtual dünyada işləməyi davam etdirir. Demək yetər ki, onun çıxış və nitqlərini analiz edərək bir nəticəyə gəlirsən: ölkə rəhbərinin gerçəklikdən tam ayrı düşdüyü göz qabağındadır. Özü də çox maraqlıdır ki, Artsax Respublikasının (Dağlıq Qarabağ-red.) və ölkənin təhlükəsizliyi təhlükə altında olduğu bu qədər mürəkkəb dövrdə dövlətin birinci şəxsi olan adam öz çıxış və nitqlərini, əsasən, ER Milli Məclisində ancaq Paşinyan hökumətinin təqdim etdiyi istənilən qanun layihəsinə birağızdan səs verən əks-inqilabçıların ifşasına həsr edir. Həm də onun çıxışları ER hökumətinin toplantıları zamanı deyil, seçkiqabağı kampaniyanın gedişində partiyasının İrəvan meri namizədliyinə irəli sürdüyü namizədə dəstək üçün təşkil edilən mitinqlərdə olur…

Tərcümə Strateq.az-ındır.