XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2018 - 22:00

KİM ÇEN İNİN “SÜLH OYUNU”?- Beynəlxalq ekspertlər Şimali Koreya liderinə niyə inanmırlar?

Cənubi Koreya lideri Mun Çje İn sentyabrın 18-dən Şimali Koreyada səfərdədir. Bu gün başa çatan səfərin məqsədi koreyalararası sammitdə iştirak etmək idi. Amma nədənsə Pxenyanda təşkil edilən bu tədbir iki liderin bu ilin aprelindəki görüşü qədər diqqət çəkmədi.

Ötən dəfə liderlər demilitarizə edilmiş zonada – Koreyanı ikiyə bölən sərhəd kəndi Pxanmuncomda təşkil edilən sammitdə bir araya gəlmişdilər. Bu, 1953-cü ildən – Koreyada savaş bitəndən bəri iki tərəfin rəhbərliyi arasında keçirilən üçüncü görüş idi. Ondan əvvəlki görüşlər 2000 və 2007-ci illərdə Pxenyanda baş tutmuşdu.

Aprel sammitində Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə, müharibə şəraitinin (1950-ci ildən başlayan) rəsmən başa çatmasına qərar verilmişdi. Hər iki lider “Yeni sülh erası”nın başladığını, silahlı qüvvələrinin sayını azaldacağını, “sülh zonasında” sərhədi gücləndirəcəyini, havada, suda, yerdə qonşu dövlətə qarşı dostca olmayan bütün addımları dayandıracağını bəyan etmişdi. Cənubi və Şimali Koreya uzunmüddətli sülh sisteminin qurulması istiqamətində aktiv əməkdaşlığa da qərar vermişdi.

Lakin budəfəki sammit də az əhəmiyyətli olmadı. Sammitin nəticələrinə əsasən, dünən “Pekhvavon” dövlət iqamətgahında iki prezident arasında birgə sənəd imzalandı.

Liderlər nüvəsizləşdirmə üzrə tədbirləri davam etdirmək, ikitərəfli münasibətləri normallaşdırmaq, mümkün sahələrdə əməkdaşlıq qurmaq, iki azad iqtisadi zona yaratmaq barədə razılığa gəldilər. Həmçinin birgə hərbi komissiya, sülh zonası yaradılması haqqında da razılıq əldə olundu, müvafiq sənədlər imzalandı.

Bütün bunları isə tək iki Koreya arasında deyil, ümumilikdə, dünyada gərginliyin azaldılması istiqamətində ciddi addım kimi qiymətləndirmək olar.

Sammitin ilk günü tərəflər iki ölkə arasında dostyana və etibarlı münasibətlərin qurulması barədə bəyanatlar səsləndirdilər. Rəsmi çıxışı zamanı Kim Çen İn etiraf etdi ki, ABŞ-la danışıqlarının növbəti raundu ərəfəsində nəzərəçarpacaq irəliləyişə ümid edir. Eyni zamanda Mun Çje İn də bəyan etdi ki, məqsədləri dostluq və güvən, heç kimin gözləmədiyi gələcəyin qurulmasıdır.

Sentyabrın 19-da birgə mətbuat konfransında Cənubi Koreya lideri bildirdi ki, münaqişənin tənzimlənməsi üçün bir sıra sazişlər imzalayıblar. Onlardan biri də Koreya yarımadasının nüvəsizləşdirilməsidir. Yeri gəlmişkən, Pxenyana qarşı sanksiyaları aradan qaldırmaq üçün Vaşinqton da məhz buna nail olunmasını istəyir.

Kim Çen İn qitələrarası ballistik raketləri sınaqdan keçirdiyi “Soxe” poliqonunu bağlamaq öhdəliyi də götürüb. Poliqonda işlərin başa çatdığı beynəlxalq ekspertlərin iştirakı ilə nümayiş etdirilməlidir.

Birgə deklarasiyada Pxenyan Yonbyondakı nüvə elmi-tədqiqat mərkəzinin fəaliyyətinin dayandırılacağını da istisna etməyib. Kim Çen İn bildirib ki, bunun müqabilində Vaşinqton tərəfindən güzəştlər olmalıdır.

Şimali Koreya lideri onu da bildirdi ki, yaxın gələcəkdə Cənubi Koreyaya – Seula gedəcək. Bu, Koreya yarımadasının bölünməsindən sonra ilk rəsmi səfər olacaq.

Mun Çje İn isə bəayn etdi ki, Şimali və Cənubi Koreya 2032-ci illərdə keçiriləcək Olimpiya oyunları üçün birgə ərizə verməyi düşünür.

ABŞ pezidenti Donald Tramp iki ölkə arasında yeni sazişlərin imzalanmasını özünün “Twitter” hesabında şərh edərək alqışlayıb.

Bütün bu nikbin bəyanatlara baxmayaraq, beynəlxalq ekspertlər əvvəlki kimi hesab edirlər ki, Kim Çen İn Pxenyanın nüvəsizləşdirilməsi istiqamətində hansısa ciddi addımlar atmayacaq. Çünki buna gedəcəyi təqdirdə, öz iqtidarını təhlükəyə atmış olar.

“Şübhəsiz ki, biz narahatıq. Mun Çje İn Şimali Koreya ilə iqtisadi əməkdaşlığın və humanitar proqramların inkişafı üçün xeyli vaxt və güc sərf edib. Lakin ABŞ Pxenyanın nüvə silahının miqdarı və saxlanma yeri ilə bağlı bütün bilgilərə sahib olmaq istəyində israr edir”, – deyə Seul Universitetinin professoru An İnxe “Deutsche Welle”yə müsahibəsində bildirib.

İnxe ABŞ-dakı mənbələrinə istinadən deyir ki, Pxenyanın vədlərinə baxmayaraq, sanksiyalar hələ ki ləğv olunmayacaq. Və Vaşinqton Şimali Koreyanın nüvəsizləşdirildiyinə tam əmin olana qədər məhdudlaşdırıcı tədbirlər davam edəcək: “Cənubi Koreyada heç kim savaş istəmir. Amma hamının şüuraltında bu var. Çünki vətəndaşlarımızın 80 faizi Kim Çen İnin beynəlxalq müşahidəçilərin iştirakı ilə nüvə silahının tam ləğvinə gedəcəyinə inanmır”.

Yaponiyanın Daito Bunkyo Universitetinin dosenti Qarren Malloy da bu fikirlərlə razıdır. Və Kim Çen İnin nüvə silahından tam imtina edəcəyinə inanmır: “Onun yeganə hədəfi siyasi cəhətdən mövcudluğunu davam etdirməkdir. Millətin durumu onu daha az maraqlandırır. Kim Çen İn sadəcə hakimiyyətinin təhlükəsizliyinə təminat veriləcəyi təqdirə, məlum addımı ata bilər. Amma belə bir təminat verilsə belə, ona çətin ki, inana. ABŞ-da dörd ildən bir prezident seçkiləri keçirilir. Bir administrasiya tərəfindən verilən vəd növbətisi tərəfindən yerinə yetirilməyə bilər. Kim Çen İn də bunu başa düşür”.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə