XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 09:22

ABŞ GENERALLARI ÖNƏ ÇIXARIR –Yeni Orta Şərq planında əsas rol diplomatlara yox, hərbçilərə ayrılıb - TƏHLİL

Hüseyn Əbdül-Hüseyn

“Anadolu” Agentliyi, Türkiyə

 

Vaşinqton, Orta Şərqi qasıb qovuran müharibələrə, xaosa və bölünmələrə rəğmən, səssiz-sədasız şəkildə yeni nizam qurmaqda qərarlı görünür. Yaxşı, keçmişdə edilən cəhdlər uğursuz olmuşkən, Yeni Orta Şərq nizamının uğurlu olacağını göstərən bir şey varmı?

ABŞ-ın Yeni Orta Şərq nizamında olan ən böyük fərq bu dəfə iş başında diplomat və ya siyasətçilərin deyil, generalların olmasıdır. Yəqin ki, sükan arxasında olan ABŞ ordusunun İraqdakı vətəndaş müharibəsini uğurlu şəkildə yatırma təcrübəsi Vaşinqtonu hərbçilərin siyasətçilərdən daha təsirli olması məsələsində razı salıb.

Bir neçə ildir ki, İsrail Orta Şərqdə yeganə aktual təhlükənin, nüvə gücü olsa da, olmasa da, İran olduğu məsələsində israr edir. Prezident Obama dövründə ABŞ bu müttəfiqi ilə çox ciddi fikir ayrılığı içində idi. Lakin Prezident Trampın gəlişindən sonra ABŞ və İsrailin xarici siyasətləri, demək olar ki, eyni görünəcək dərəcədə üst-üstə düşmüş durumdadır.

Son dövrdə İsrail ilə eyni istiqamətdə siyasət izləyən Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələr də, əli çatan coğrafiyanın genişliyi və aqressiv davranışı nəzərə alınaraq, İranın özləri və milli maraqları üçün ən böyük təhdid olması qənaətinə gəliblər.

 

Yeni ittifaq NATO nümunə götürülərək, qurulur

 

İran həm İsrailin, həm də Körfəz ölkələrinin düşməni olduğu üçün işin içində olan hər kəsin o klassik formulda – “düşmənimin düşməni dostumdur” prinsipində birləşməsi sadəcə bir an məsələsi idi. Ancaq bir tərəfində İsrail, digər tərəfində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri olan balansda hər hansı dostluq əlaqəsinin mümkün ola biləcəyi xəyalına qapılmaq belə, bir dostluğun reallıqda gerçəkləşməsindən daha asandır.

70 illik Ərəb-İsrail münaqişəsi hər iki tərəfdə çox qan töküb, çox can alıb. Və fələstinlilərlə israillilər arasında sülhün dayanıqsız olduğu bir mühitdə İsraillə KƏŞ ölkələri arasında ittifaq inşaetmə səyləri uzun müddətdən bəri uzaq ehtimal olaraq qalıb. İsraillə tezliklə və heç bir şərt önə sürmədən sülh əldə edilməsini müdafiə edən ən böyük ərəb liderləri üçün də bu belədir.

ABŞ, İsrailə yönəlik ərəb düşmənçiliyinin ətrafından yan keçə bilmək üçün Misir, İraq və onlar qədər olmasa da, Livan ilə özü arasındakı uğurlu hərbi əlaqələrə baxaraq, diplomat və siyasətçilərin uğursuz olduğu yerdə işi generalların qurtara biləcəyinə inanmış görünür.

Bu çərçivədə KƏŞ ölkələrindən, ayrıca, Misir, İordaniya və ABŞ-dan gələn generallar bu ayın əvvəlində Küveytdə bir araya gələrək, artıq adı “Orta Şərq Strateji İttifaqı” (Middle East Strategic Alliance – MESA) olaraq “oturmağa” başlayan konsepsiyanın necə həyata keçiriləcəyini müzakirə edbilər. Bəzən “Ərəb NATO-su” adlandırılan bu hərbi ittifaq qeyri-müəyyən, müvəqqəti siyasi münasibətlərdən daha dayanıqlı olacaq formada planlaşdırılır.

Xüsusilə də iki rəqib qrupu (toplantıda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirlə bərabər, Qətərdən də generallar olub) təmsil edən hərbi komandanlığın iştirak səviyyəsinə baxılarsa, MESA toplantısı, həqiqətən də, ciddi bir sıçrayışın gerçəkləşdirildiyindən xəbər verir.

Yeni ittifaq NATO nümunə götürülərək, qurulur. Ortaq komanda mərkəzi yaradılacaq, bu mərkəzin kadrları da, böyük ehtimalla, ABŞ-dan olacaq. Bu arada ABŞ çəkiləcək xərci neftlə zəngin Körfəz ölkələrinin öz üzərinə götürəcəyinə güvənir.

MESA-nın əsas missiyası İranın ABŞ-ın “baş bəlası” olaraq gördüyü iki fəaliyyəti – bütün regiondakı milislərini silahlandırması və Körfəzdə hədəf olaraq gördüyü nöqtələri vurma qabiliyyətinə sahib olması ilə mübarizə aparmaq olacaq. İttifaq, hər halda, Hörmüz və Bab əl-Məndəb boğazlarında, həmçinin Süveyş kanalında da jandarmalıq etməyə məcbur olacaq. İttifaq, İranın ölkə xaricindəki, xüsusən də şimali-qərbi İraqdakı və şimali-şərqi Suriyadakı milislərinə logistika dəstəyini təminetmə qabiliyyətinə zərbə vuracaq yerli qruplara da dəstək verəcək.

 

Diplomatiya yerinə hərbi əməkdaşlıq

 

ABŞ MESA-nın hərbi mülahizələr ön planda olmaqla bərabər, siyasi nailiyyətlər əldə edəcəyinə də ümidlidir. Qətər və müxalifləri hərbi MESA toplantısında görüşə bilirsə, o zaman bu əməkdaşlığın kəşfiyyat, daha sonra da diplomatik əlaqələrin təmir edilməsini də əhatə edəcək formada genişləndirilməməsi üçün heç bir səbəb yoxdur.

Sonda qeyd edək ki, MESA İsraili hər hansı bir formada tərəfdaş elan etmədən natamam qalacaqdır. Axı, İsrail və MESA eyni yönə, böyük ehtimalla, İrana və onun bölgədəki bütün milislərinə silah doğrultmuş olacaq və beləliklə, İsrail ilə yeni ittifaq arasında hərbi əməkdaşlıq olacağını proqnozlaşdırmaq məntiqli olacaq. Hərbi səviyyədə hər hansı bir Körfəz-İsrail əməkdaşlığının mümkün olması səbəbilə, bu durum gərək İsraillə münasibətlərin normallaşdırılmasına qarşı çıxan ərəbləri də qəzəbləndirməsin.

Hərbi əməkdaşlıq eynən Qətərlə rəqiblərinin arasında olduğu kimi, ərəblərin İsraillə digər sahələrdə olan əlaqələrini də düzəltməyə yönəlik yol aça bilər. Ərəb-İsrail münasibətləri öncə hərbi, sonra da diplomatik sahədə yaxşılaşmağa başlayarsa, mühit də “Əsrin müqaviləsi”nin icra edilməsi üçün optimal hala gəlmiş olacaq. Bu sülh müqaviləsinin memarları Ceyson Qrinblatt (Jason Greenblatt) və ABŞ administrasiyasındakı sponsoru, Trampın yüksək səviyyəli müşaviri, eyni zamanda kürəkəni olan Cared Kuşnerdir (Jared Kushner).

MESA hələ ilk mərhələdə olsa da, ABŞ və müttəfiqləri üçün hər tərəfin qazanacağı bir durum kimi görünür. Ərəb və İsrail qəzəbini İrana yönəltmək hər iki tərəfin də inadçı və davamlı olaraq problem çıxaran bir düşməni zəiflətməsini təmin edir, eyni zamanda ərəblərin və israillilərin, təxminən, bir əsrdir bir-birinə qarşı ifadə etdikləri qəzəbin dozasını azaldır. Ərəblərlə israillilər arasında olan qəzəbin azalaraq İrana qarşı nifrətə çevrildiyi bir zamanda Ərəb-İsrail sülhünün reallaşması daha yaxın ehtimal olaraq görünür.

Hərbi əməkdaşlıqların öz səviyyəsini aşan bir ölçüsünün də olduğu və siyasi dostluqlardan daha dayanıqlı olduğu sübut olunub. MESA bu yönü ilə Körfəz sülhündə əlamətdar bir hadisə ola biləcəyi kimi, İranı geri çəkilməyə məcbur etməklə bərabər, Ərəb-İsrail sülhünə də xidmət edə bilər.

Vaşinqtonda isti gündəlik maddəsi olmasına baxmayaraq, MESA indiyədək diplomat və siyasətçilərdən daha çox generalların at çapdığı bir meydan olaraq qalıb və buna görə də çox da ön plana çıxmayıb. ABŞ-ın, ümumiyyətlə çox hay-küy edib, demək olar ki, heç bir nəticə ala bilmədiyi öncəki təşəbbüslərinə baxılarsa, bu, anlaşılan bir durumdur.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə