XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2015 - 11:56

Səfir:“IŞİD-i yoxsulluq və Fələstin problemini həll etməklə aradan qaldırmaq olar”- MÜSAHİBƏ –ÖZƏL

f1 (1).JPG

Fələstin səfiri Nasir Əbdül Kərim: “Müəyyən qruplar var ki, Yəməndə özlərinin siyasi məqsədlərini həyata keçirmək üçün bir-biri ilə savaşa giriblər”

“ABŞ əlaqələrindən istifadə etməklə İsrail hökumətinə təsir göstərə bilər”

Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimin “Strateq.az” saytına verdiyi müsahibəni oxuculara təqdim edirik:

– Cənab səfir, ötən və bu il Fələstin dövlətinin tanınması baxımından əlamətdar oldu. Bu prosesin nəticələrini necə qiymətləndirirsiniz və gələcək gözləntiləriniz nədir?

– Əlbəttə, bu, Fələstin diplomatiyası və siyasəti üçün xüsuslə böyük önəm daşıyır və böyük uğur hesab olunur. Həqiqətən, dünya artıq Netanyahu hökumətinin radikal, ekstrimis mövqeyindən və apardığı siyasətindən bezib. Artıq dünya ictimaiyyəti anlayır ki, bu proses daimi olaraq davam edə bilməz. Bu prosesin qarşısını kəsən və sülhə nail olmaq üçün əngəl törədən İsrail hökuməti daha maneə yaratmamalıdır.

– 1967-ci ildən bəri İsrail İordanın Qərb sahilində 130-dan çox yaşayış məntəqəsi salıb. Həmçinin, Fələstinin nəzarətində olan torpaqlar 3 hissəyə bölünüb. Bu problemin həllini necə görürsünüz?

– İsrail tərəfinin rəsmi olaraq qeydə aldığı məskənlərin sayı 130-dur. Lakin hesab edirik ki, hökumətlə razılaşdırılmamış say isə 130-dan daha çox, məsələn, 150 və bundan artıqdır. çünki hökumətlə razılaşdırılmadan orada fərdi olaraq israilli vətəndaşlar məskunlaşır və özlərinə balaca formada da olsa, məskənlər salırlar. Dediyiniz kimi, Fələstinin nəzarətində olan torpaqlar 3 yerə – A, B, C hissəsinə bölünüb. Bu hissələrə nəzər salsaq, A hissəsi İordan çayının Qərb sahilinin 18 faizini əhatə edir. Bu əraziyə Fələstin hökuməti idari və təhlükəsizlik baxımından nəzarət edir. B hissəsi İordan çayının Qərb sahilinin 22 faizini təşkil edir. Buna da Fələstin tərəfi yalnız idari tərəfdən nəzarət edir. Təhlikəsizliyə bizim tərəf nəzarət edə bilmir. C hissəsi 60 fazidir ki, bu, Fələstin hökumətinin deyil, bütövlükdə İsrail hökumətinin nəzarətindədir. Burada bizim nədənsə istifadə etməyimiz konkret olaraq qadağandır. Hətta Fələstin hökumətinin nəzarət etdiyi A hissəsinə İsrail ordusu maneələr yaradır, giriş-çıxışa müdaxilə edir. Bu problemin həlli yalnız və yalnız sülh razılaşmasından keçir. Yuxarıda sadaladığım o üç hissədən işğalçı İsrail ordusunun geri çəkilməsi, bizim tam suveren olaraq müstəqillik qazanmağımızla problemin həllinə gətirib çıxaracaqdır.

– Amma uzun illərdi İsrail o ərazidə məskunlaşıb və çıxmağı da düşünmür. Fələstin tərəfinin də problemin hələ də sülh yoluyla həllinin tərəfdarı olduğunuzu deyirsiniz. Belə davam etdikcə, problemin sonu görünmür…

– Doğru deyirsiniz, burada məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür. Başda ABŞ və BMT olmaqla problemin həllinə öz töhfələrini verməlidirlər. Onlar artıq dərk etməlidir ki, bu problemin sülh yolu ilə həll olunması nəinki regional maraqlara, eyni zamanda bütün dünyanın maraqlarına xidmət edəcəkdir. Bunu böyük güclər, İsraillə yaxınlığı olan ABŞ bu əlaqələrindən istifadə etməklə İsrail hökumətinə təsir göstərə bilər. çünki Netanyahu son seçkilərdə çıxışında Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu söyləyib. Hətta ərəblərlə də layiqli şəkildə rəftar etmədiyini ortaya qoydu. Bütün bunları nəzərə alsaq, ABŞ həmin dövlətə öz təzyiqini göstərməlidir ki, bu problemin həllində irəliləyişə nail olmaq mümkün olsun. Netanyahu öz ekstremist, radikal mövqeyində qalmaqla yalnız öz ideologiyasını düşünür. Fələstn və İsral arasında bağlanacaq sülh tək Fələstinin deyil, eləcə də İsrailin gələcək strategiyasına, həmin xalqın maraqlarına birbaşa xidmət edir.

– İsrailin status-kvonu saxlamaq cəhdləri əvvəlki dövrlərdə olduğu kimi, uğurlu nəticələr vermir. Bunun bir səbəbi kimi, Vaşinqtonun Fələstin probleminin çözülməsinə yanaşmasının dəyişməsi göstərilir. Vaşinqtonun Fələstin probleminə münasibətini necə dəyərləndirirsiniz?

– ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə irəli sürülən 9 aylıq marafon görüşlərinin sonu göstərdi ki, İsrail tərəfi bu sülhün bərqərar olmasına birbaşa zərbə vurdu və sülhə nail olmağa maneələr yaratdı. Artıq ABŞ dərk edir ki, sülhə maneçilik yaradan Fələstin deyil, başda şəxsən Netanyahu olmaqla İsrail tərəfidir.

– Cənab səfir, müsəlman, ərəb ölkələri Fələstini kifayət qədər dəstəkləyirlərmi? Fələstin üçün müsəlman ölkələrindən hansı təşəbbüsləri gözləyirsiniz? çünki bir sıra Qərb analitikləri iddia edirlər ki, Liviya, Tunis və nəhayət Misirdə baş verənlərdən sonra Fələstin problemi ərəb dünyası üçün əvvəlki kimi prioritet deyil…

– Fələstin dövləti olaraq həmişə ərəb və müsəlman ölkələrindən kifayət qədər maddi, siyasi dəstək almışıq. Bu dəstək hər bir dövlətin özünün imkanlarına görə dəyərləndirilir. Lakin bu dəstəyin bir bir az daha fəal sferaya keçməsi bizi çox sevindirər. ümumilikdə, ərəb ölkələrindən, Fələstin probleminin başlanmasından bu yana həmişə dəstəyi yüksək qiymətləndirmişik və onlar bizə həmişə dəstək olub. Adını çəkdiyiniz ölkələrdə baş verənlər hazırkı dövr üçün diqqəti cəlb edir. Lakin bu, hal-hazırkı problemlərdir, həmin ölkələrin xalqlarının öz problemlərini həll etməyə cəhd etməsi xarakteri daşıyır. Lakin ümumilikdə götürdükdə, Fələstin problemi hər zaman bu ölkələr üçün prioritetdir. İstənilən ərəb ölkəsinə getsəniz və həmin ölkənin vətəndaşından onlar üçün ən çətin, böyük problemin nə olduğunu soruşsanız, birbaşa “Fələstin problemi” deyəcəklər. çünki Fələstin problemi heç zaman özünün prioritetliyini itirməyib. üç gün əvvəl İndoneziyada keçirilmiş Afrika-Asiya ölkələrinin rəsmilərinin zirvə toplantısında da əsas məsələ Fələstin problemi idi. Afrika-Asiya ölkələrinin ilk zirvə toplantısı 1955-ci ildə çağrılmışdı. O vaxt da qoyulan ilk problem Fələstin məsələsi idi.

– Son iki ildə İraq Şam İslam Dövləti (İŞİD) fenomeni Fars körfəsində və müsəlman, ərəb dünyasında çox mühüm dəyişikliklərə səbəb oldu. İŞİD-in yaranması, güclənməsi, hansı güclərdən dəstək alması ilə bağlı ən müxtəlif fərziyyələr səslənir. Sizin fikirlərinizi eşitmək maraqlı olardı. İŞİD-i necə yox etmək olar?

– Radikal qruplar ortaya çıxmazdan əvvəl, İslam dininin donunu geyinirlər. Onların fəaliyyətinin İslama qətiyyən aidiyyəti yoxdur. Bunun ortaya çıxmasında müxtəlif səbəbləri ola bilər. Bu, insanları özünə çəkən bataqlığa bənzəyir. Bu bataqlığı təkcə hərbi yolla və təhlükəsizlik qüvvələri vasitəsilə qurutmaq yox, səbəblərin köklərinə getməklə, bu kimi qrupların fikirləri ilə müharibə aparılmalıdır. Onların din donu geyindirdikləri fəaliyyətlərini din xadimləri, dini işlərlə məşğul olan önəmli təşkilatlar vasitəsilə ifşa etmək lazımdır. Bununla yanaşı,
bu münbit şəraitdə onların fikirlərinin yayılmasına kömək edən hər şeyi aradan qaldırmaq vacibdir. Bunlar cəhalət, işsizlik, yoxsulluq və həmçinin Fələstin problemidir. Bu terrorçu qrupların dəvətçiləri Fələstin probleminə heç bir əhəmiyyət verməsələr də, bu problemin adından istifadə etməklə gəncləri səfərbərliyə çağırırlar.

– Son illər müsəlman dünyasında məzhəb savaşının şiddətləndiyini müşahidə edirik. Yəməndə baş verənlər bunu bir daha nümayiş etdirdi. Necə düşünürsünüz, bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

– Yəməndə baş verənlər sünni-şiə davası deyil. Burada məzhəb savaşından söhbət gedə bilməz. Burada siyasi məqsədlərin həyata keçirililməsi məsələsi var. Sünninin də, şiənin də bir Quranı, bir Allahı, bir Peyğəmbəri var. Onlar Quranın təfsiri ilə bağlı mübahisə aparmırlar. Müəyyən qruplar var ki, Yəməndə özlərinin siyasi məqsədlərini həyata keçirmək üçün bir-biri ilə savaşa giriblər.

– İranın Qərb ölkələri ilə nüvə probleminin həlli ilə bağlı çərçivə razılaşma imzalaması bütün dünyada ciddi rezonans doğurdu. Artıq bir çox ekspertlər Tehran-Qərb anlaşmasının Yaxın Şərqdə vəziyyəti dəyişəcəyini qeyd edirlər. Siz necə dəyərləndirirsiniz bu anlaşmanı? İranın izolyasiyadan çıxması Fələstin probelminin həlli üçün hansısa yeni perspektivlər vəd edirmi?

– İranın Qərb dövlətləri ilə yaxınlaşması və belə bir çərçivə sazişi imzalaması ümumilikdə müsbət haldır. Regionda stabilliyə və sülhə nail olmaq üçün atılan hər bir addım bütün regionun maraqlarına xidmət edir. İranın bu son addımı region ölkələri üçün də müsbət bir hadisədir. Bunun hansı formada – birbaşa və ya dolayı yolla Fələstin probleminə öz təsirini göstərəcəyini demək, hələ ki, tezdir.

Laçın SƏMLA

Strateq.az