XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 18:10

RUSİYA-İSRAİL ƏLAQƏLƏRİNDƏ GƏRGİNLİK –Gözlənilməz qarşıdurma riski əvvəllər olduğundan daha yüksəkdir - TƏHLİL

Yuri Barmin

“Əl-Cəzirə”

 

Rusiya-İsrail münasibətləri hazırda ən pis böhranı yaşayır. Sentyabrın 17-də İsrail “F-16”-ları ilə bağlı hadisə Rusiya kəşfiyyat təyyarəsinin vurulmasına gətirib çıxarıb, 15 nəfərlik ekipaj həlak olub.

Müdafiə Nazirliyi İsrailin fəci hadisəyə görə məsuliyyət daşıdığını, İsrail döyüş təyyarələrinin Suriya hava hücumundan müdafiə sistemlərindən qorunmaq üçün rus təyyarəsindən qalxan tək istifadə etdiyini açıqlayıb. Həmçinin, Təl-Əvivin əməliyyatın başlamazdan bir dəqiqə əvvəl xəbərdarlıq etdiyini və Rusiyanın Latakiya əyalətindəki Xmeymim bazasına yaxın obyektləri hədəfə aldığını gizlətdiyini bildirib.

İsrail hökuməti bu ittihamları rədd edib və hətta məsələni aydınlaşdırmaq üçün Rusiyaya nümayəndə heyəti göndərib. Amma heyətin səyləri nəticəsiz qalıb və sentyabrın 24-də Rusiya Müdafiə Nazirliyi Suriyaya müasir “S-300” sistemini yerləşdirəcəyini açıqlayıb.

Bu, İsrailin Suriyadakı hava əməliyyatları qabiliyyətinin artıq cilovlanmasına və Rusiya-İsrail münasibətlərinin daha da gərginləşməsinə səbəb ola bilər.

 

Tehran problemi

 

2015-ci ilin sentyabrında Rusiyanın Suriyaya birbaşa hərbi müdaxiləsi İsrail tərəfindən dəstəklənib, çünki bu, İranı çəkindirmənin yolu idi.

İki ölkə bir-birinin “qırmızı xətlər”ini keçməmək üçün qarşılıqlı anlaşma əldə edib. Moskva İranın İsrail sərhədlərinə yaxınlaşmasının ikincinin Suriya müharibəsinə sürüklənməsi kimi arzuolunmaz hala gələ biləcəyini nəzərə alıb; Təl-Əviv Əsəd rejimini təhlükə altına qoymama fikrini qəbul edib.

Silahlı müxalifətlə qarşıdurmanın uğurunu təmin edən əməliyyatları dəstəkləmək üçün İran qüvvələrinin öz sərhədlərinə doğru irəliləməsinə İsrail bir müddət dözüb. Moskva ilə yaxın əlaqələrinə görə.

Eyni zamanda, Rusiya Suriyadakı milli təhlükəsizlik maraqlarını nəzərə alaraq, İsrailə geniş əməliyyat azadlığı verib. İsrailin hava qüvvələrinin əməliyyatları ilə bağlı heç bir problem olmayıb. Suriyaya birbaşa hərbi müdaxilənin başlamasından etibarən Rusiya İsraillə “qaynar xətt” qurub.

İsrailin keçmiş müdafiə naziri Moşe Ya’alonun sözlərinə görə, Təl-Əviv Moskvanı məlumatlandırmaq məcburiyyətində deyildi, çünki Rusiya hərbi qüvvələri İsrail təyyarələrini müəyyənləşdirə bilir, buna görə onların fəaliyyətinə müdaxilə etmirdi.

2018-ci ilin əvvəlindən etibarən Rusiyanın sükutu qarşılığında İsrail Suriyadakı İran və “Hizbullah” hədəflərinə hücumu sıxlaşdırıb. Ancaq İsrailin Suriyadakı məhdud və hesablanmış əməliyyatlarına müdaxilə etməmə İsrail hökuməti tərəfindən səhvən Moskvanın buna tam razılığı kimi qəbul edilib.

Halbuki Rusiya İranı çəkindirmək üçün ciddi addım atmayıb. Əslində, son üç ildə onun hərbi müvəffəqiyyətləri İrana Suriyadakı mövcudluğunu gücləndirməyə, İsrailin ümidlərini pozmağa və iki ölkə arasındakı əlaqələri sərtləşdirməyə imkan verib.

Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, rus səlahiyyətliləri israilli vəzifədaşlarına İranın Suriyadakı varlığının İsrail üçün təhlükə saymadıqlarını dəfələrlə izah edib.

Ötən il Suriyada İranın iştirakı Moskva və Tel-Əviv arasında əlaqəni gərginlik nöqtəsi halına gəlib. Fevral ayında Suriya hava hücumundan müdafiə qüvvələri işğal olunmuş Colan Təpələri yaxınlığında bir İsrail təyyarəsini vurduqdan sonra gərginlik zirvəyə qalxıb. Bu yeni inkişaf Rusiyanın “qırmızı xətlər”inə xələl gətirib və Moskvanın Suriyadakı siyasi qazanclarını silmək riski doğurub.

May ayında Rusiya İsraillə (və müvafiq olaraq ABŞ-la) razılığa gəlib və bunun sayəsində Suriya qüvvələri ABŞ-ın əvvəllər dəstəklədiyi müxalif qrupların yerləşdiyi cənub əyalətlərinə – Dəraa və Quneytranı “təmizləyib”. Öz növbəsində, Rusiya iranlı qüvvələri Colan Təpələrindən 100 km uzaqlıqda saxlamağa razı olub və rus səlahiyyətlilərin sözlərinə görə, İranın rəhbərlik etdiyi qüvvələri ölkədən çıxarmağa söz verib.

Bu razılaşma gərginliyi qısa müddətli rahatlama ilə təmin edib, amma İsraillə Rusiya arasındakı inamı gücləndirməyib.

 

Gərginliyin artması

 

17 sentyabr hadisəsindən yaranan diplomatik böhran Rusiya-İsrail tərəfdaşlığının nə qədər kövrək olduğunu göstərir.

Rusiya Müdafiə Nazirliyinin kəskin tonu (İsrailin Suriyadakı fəaliyyətini şərh edərkən, o, adətən, ehtiyatlı olur) olduqca təəccüblü idi. Açıqlanan bəyanat əvvəlcədən “İsrail diplomatik qovluğu”na şəxsən nəzarət edən prezident Putin tərəfindən təsdiqlənib.

Rusiya bir neçə aydır “S-300” müdafiə sistemlərini Şama çatdırmaq üçün gah irəli, gah da geri hərəkət edib və İsrailin təpkisindən ehtiyatlanıb. İsrail rəsmiləri bir neçə dəfə belə bir addımı təqdir etməyəcəklərini açıqlayıblar.

Beləliklə, Rusiyanın bu addımı atma qərarı Təl-Əvivə göndərilən ən güclü mesajdır. Bu hərəkət Suriyadakı İsrail əməliyyatlarını məhdudlaşdırmaq üçün çox azdır, ancaq ilk dəfə olaraq İsraillə münasibətlərində Moskva sözdən hərəkətə keçir.

“S-300” elanından sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsraili “İl-20”-nin vurulmasına gətirib çıxaran “məqsədli, qərəzli hərəkətlər”də təqsirləndirib. Putin isə baş nazir Benyamin Netanyahu ilə söhbətdə hadisələrin İsrail versiyasını rədd edib.

Bütün bunlar Rusiya-İsrail əlaqələrinin sərtləşəcəyinin aydın əlamətlərdir. Əslində, Rusiya-İsrail münasibətlərindəki mövcud eniş 2015-ci ildə hərbi kampaniyanın başlamasından bəri zaman məsələsi idi.

İki ölkə arasında sıx əlaqələr Suriya və İranın rolu ilə bağlı fikir ayrılığını daha çox tündləşdirir. Rusiya və İsrail arasındakı rabitə mexanizmi işlək olsa da, gözlənilməz qarşıdurma riski əvvəllər olduğundan daha yüksəkdir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə