XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 17:57

TÜRKİYƏ VƏ ABŞ ARASINDA “AL VAİZİ-VER VAİZİ” DEYİŞMƏSİ BİTMƏK ÜZRƏDİR –Amerikalı pastorun tezliklə azad edilməsi gözlənilir - TƏHLİL

Ece Göksədəf

“Middle East Eye”

 

ABŞ və Türkiyə rəsmilərinin sözlərinə görə, yay mövsümü boyu Vaşinqton və Ankara arasında baş verən gərginlik amerikalı pastorun tezliklə sərbəst buraxılması ilə aradan qalxa bilər.

İki ölkə arasındakı ritorika Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı 2016-cı ilin iyul ayında gerçəkləşən çevriliş təşəbbüsünü dəstəkləməkdə ittiham olunan Endrü Bransonun ev həbsinə məhkum edilməsi, daha sonra türk lirəsinin dəyər itirməsi ilə qızışıb.

Ancaq zilə qalxmış səs tonu son günlərdə bəmə düşüb.

Anonim qalmaq istəmiş bir türk diplomatının sözlərinə görə, ölkənin iqtisadi tənəzzülünü dayandırmaq üçün təzyiq altında olan Ankaraya Vaşinqtondan bildirilib ki, münaqişə yalnız ictimai mübahisənin dayandırıldığı təqdirdə həll edilə bilər.

“Biz problemin həlli və Türkiyə iqtisadiyyatı naminə ABŞ-la münasibətlərimizi normallaşdırmaq məcburiyyətində olduğumuzu bilirdik, amma bunu çətin bəyanatlar əsnasında icra etmək mümkün deyildi, – diplomat bildirib. – Beləliklə, ikimiz də hər hansı bir əlavə gərginliyin qarşısını almağa və problemi sakit şəkildə həll etməyə qərar verdik”.

Çərşənbə axşamı prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Bransonun taleyi məhkəmə məsələsidir və pastorun işi ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 12-nə təyin olunub.

“Reuters”-ə eksklüziv müsahibədə Ərdoğan deyib: “Prezident kimi onun azadlığa buraxılmasına icazə verə bilmərəm. Məhkəmə müstəqildir. Gəlin məhkəmənin nə qərar verəcəyini gözləyək”.

 

“Hər iki tərəfin iradəsi var”

 

Türk diplomatı və onuntək anonim qalmaq istəmiş bir ABŞ diplomatı “MEE”-ya Bransonun “ən yüksək səviyyədə” danışıqlar mövzusu olduğunu söyləyib.

“Bu problemi həll etmək üçün hər iki tərəfin iradəsi var, – ABŞ diplomatı deyib. – Biz həm bu problemi arxada qoymaq, həm də əməkdaşlığımızı davam etdirmək üçün digər sahələrə diqqət etmək istəyirik. Xüsusilə Mənbic, ticarət əlaqələri və s”.

Mübahisə iyul ayından etibarən dəyərinin 40 faizini itirən lirə və eyni dövrdə inflyasiyanın 3% yüksəlməsi ilə, Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edib.

Hökumət xarici investorlarla danışıqlar aparıb, faiz dərəcələrini yüksəldib, böhranın qarşısını almaq üçün yeni iqtisadi strategiyanı açıqlayıb. Parlamentin açılışı ilə bağlı oktyabrın əvvəlində nəzərdə tutulan ziyafət də ləğv edilib.

ABŞ dövlət katibi Mayk Pompeo BMT Baş Assambleyasında jurnalistlərə verdiyi açıqlamada Bransonun bu ay azad ediləcəyini açıqlayıb.

Türkiyədəki böyük şirkətlərdən birinin maliyyə müşaviri “MEE”-ya deyib ki, ABŞ-Türkiyə münasibətlərinin normallaşdırılması üçün hökumət rəsmilərindən yaxın zamanda müsbət addımlar gözləyir və bu, iqtisadiyyatı yaxşılaşdıracaq.

İstanbuldakı Bahçeşehir Universitetində iqtisadçı-müəllimi Murat Sağman bildirib ki, ABŞ Türkiyə üçün əsas ticarət tərəfdaşı olmasa da, strateji müttəfiqdir və diplomatik problemlər Türkiyə iqtisadiyyatına birbaşa təsir göstərir.

“Türkiyə ilə ABŞ arasındakı ticarət Avropa ölkələrinə nisbətən çox kiçikdir. Ancaq siyasi ittifaqlara və əlaqələrə baxdığınızda, gərginlik yaşanırsa, türk lirəsi dəyərini itirir və bu, daha yüksək inflyasiyaya gətirib çıxarır. Xalq satın alma gücünü itirir”.

Hazırda Türkiyənin xarici borcu 220 milyard dollardan çoxdur, bu, ölkənin özəl sektoruna mənfi təsir göstərir və Türkiyənin bankları ilə bağlı kredit reytinq agentliklərinin xəbərdarlıqları var.

Murat Sağman deyib ki, mübahisənin dolayı yolla nə qədər ziyan vurduğunu anlamaq çətindir, amma o, davam edərsə yaxşılığa doğru bir şey olmayacaq.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə