XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 13:09

TRAMPIN SİYASƏTİ ANKARA VƏ BERLİNİ YAXINLAŞDIRIR –Türkiyə və Almaniya bir-birinə çox ehtiyaclıdır - TƏHLİL

“Middle East Eye”

 

Soyuq müharibə dövründə Türkiyə bir neçə şansını itirib. Blok şəklində beynəlxalq nizama tərəfdar çıxarkən, o zamanlar kiçik Avropaya Türkiyənin inteqrasiyası daha asan olardı. Bunun əvəzinə Ankara NATO-ya daxil ola bilib və ittifaq bütün tərəflər üçün yaxşı iş görüb. Sovetlərin Əfqanıstandan çıxarılmasından tutmuş 9/11 sonrası əməliyyatlara qədər.

Bəzən Türkiyə, ittifaqdan əldə edilənlə müqayisədə, daha böyük risklərə məruz qalıb. Ancaq NATO-nun təhlükəsizlik çətiri Türkiyə üçün əhəmiyyətli və Avropanın təhlükəsizliyinə açıq bir töhfə olub.

 

Aİ-Türkiyə: “Birlikdə çalışırıq”

 

Türkiyə ilə Avropa İttifaqı arasında irəliləyən üzvlük müzakirələrinə baxmayaraq, müsbət nəticəyə dair heç bir ümid yoxdur. Türkiyə ilə Avropa arasındakı əlaqələrin son sınaqları Egey bölgəsindəki miqrasiya böhranıdır. Əhməd Davudoğlunun hökuməti ilə Almaniyanın liderlik etdiyi Aİ arasında əməkdaşlıq Avropaya qaçqın axınına son verib.

Aİ-Türkiyə qaçqın müqaviləsi hələ də qüvvədədir və fəaliyyət göstərir. Baxmayaraq ki, Türkiyə bundan gözləniləni, yəni viza sərbəstliyini ala bilməyib. Əlbəttə, müqavilə hər iki tərəfin birgə fəaliyyət göstərməyə hazır olduğunu və bacardığı təqdirdə, ümumi məqsədlərə nail ola biləcəklərini və həqiqətən də regionda ümumi gündəmə malik olduğunu sübut edib.

Çoxtərəfli tərəfdaşlığa qarşı çıxan Donald Trampın təcavüzkar amerikan vətənpərvərliyi BMT Baş Assambleyasındakı çıxışında bir daha vurğulanıb və NATO-nun Avropa üzvlərinə qarşı sərt mövqeyinin davamıdır.

Ancaq bu vətənpərvərlik Türkiyə və Almaniyanı daha da yaxınlaşdırır. Avropanın İranla ticarəti davam etdirmək üçün alternativ yol axtarması Türkiyənin də narahatlığını əks etdirir; ABŞ dolları ilə müqayisədə xarici ticarətdə alternativ valyutaların istifadə edilməsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun illərdir təşviq edir.

Qeyd etmək lazımdır ki, Vaşinqton bu yaxınlara qədər həmişə Türkiyənin Avropa İttifaqına üzvlüyünün ən mühüm tərəfdarı olub. Aİ-də Türkiyənin üzvlük müzakirələri kilidləndikdə transatlantik təsir Türkiyənin lehinə işləyib. Bu, ABŞ qaynaqlı çoxtərəfli tərəfdaşlıq nizamının nəticəsi idi və Tramp indi bunun əleyhinə gedir.

 

İkili uçurumun sonu

 

Ərdoğanın prezident Frank-Valter Ştaynmayerin dəvəti ilə Almaniyaya rəsmi səfəri öncəsi Berlin və Ankarada arasında uzun müddət ikitərəfli uçurum mövcud olub.

Almaniyada üç milyon türk mənşəli vətəndaş yaşayır. Bu ölkə Türkiyə üçün xarici siyasətdə mühüm ölkədir.

Seçki dövründə Türkiyədə Almaniya və Almaniyada Türkiyə haqqında mülahizələr eşidilir. Ankaranın qaldırdığı, yəni ksenofobik duyğuların artması və FETÖ üzvlərinin Almaniyada gizlənməsi kimi bir sıra məsələlər var. Berlin də Türkiyədə mətbuat azadlığı, demokratiya və qanunun aliliyi mövzusunda narahatlıq keçirir. Türkiyəni demokratiyanı pozmaqda ittiham edən Berlin, Ərdoğanın son seçkilərdə hətta videokonfranslar vasitəsilə Almaniyadakı türk seçicilərə müraciət etməsinə icazə verməyib.

Səfərdən əvvəl həm Ərdoğan, həm də Merkelin sözçüsü nəzakətli şərhlər verib. Yaxşı niyyətli bir jest də Ərdoğanın Almaniyanın “FAZ” qəzeti üçün yazdığı məqalədir və o, Trampın birtərəfli tərəfdaşlıq mövqeyinə qarşı ümumi mövqeyə çağırıb.

Baş nazir Angela Merkel danışıqlar zamanı Ərdoğanı səhər yeməyinə dəvət edib. Bu, nadir haldır.

 

Praqmatik Türkiyə

 

Almaniyanın koalisiya hökuməti Türkiyəyə qarşı müxaliflikdə irəli gedə bilər. Türkiyə həbs edilmiş Almaniya jurnalisti Deniz Yücelin baş nazir Binali Yıldırımın fevral ayında Almaniyaya səfəri zamanı sərbəst buraxmaqla, necə praktik olacağını göstərib. Amma son zamanlarda baş verən iqtisadi böhrana görə o, çox güclü bir mövqedə deyil. Bununla belə, Türkiyə iqtisadiyyatı Avropanın, xüsusilə Almaniyanı maraqlarına xidmət edir.

2017-ci ildə Almaniya, Çindən sonra Türkiyənin ikinci ən böyük idxalçısı olub – 21 milyard dollar. Türkiyə iqtisadiyyatında kəskin azalma da alman iqtisadiyyatına mənfi təsir göstərəcək.

Miqrasiya həmişə alman xalqı üçün isti mövzu olub. Türkiyə Yaxın Şərqdəki qaçqın axınına nəzarət edən əsas aktyordur. Suriyanın İdlib əyaləti ilə bağlı son dövrdə imzalanan Türkiyə-Rusiya razılaşması Ankaranın bu məsələyə necə təsir göstərdiyini sübut edib.

Ankara-Berlin arasındakı mübahisənin əsas məqsədi olan Aİ-Türkiyə üzvlük müzakirələri bu səfər zamanı prioritet məsələ olmayıb. Əsas məsələ Türkiyənin Avropa Birliyi ilə deyil, Avropa ölkələri ilə yaxınlaşmasıdır.

Bundan başqa, Almaniya Türkiyəni namizəd ölkə kimi yox, vacib geosiyasi oyunçu kimi qəbul edir. Türkiyənin dəstəyinin yoxluğu bölgədə Avropanı tək qoyur.

Türkiyə və Almaniya Tramp dövründə bölgədə təhlükəsizlik və iqtisadi riskləri balanslaşdırmaq üçün alternativ yollar axtarır.

Türkiyənin mövcud büdcə kəsiri və iqtisadi tənəzzülünə görə təcili yardım lazımdır. Almaniya türk ictimaiyyətinin Ərdoğanın arxasında durduğunu görür və onunla işləməyin vacibliyini anlayır.

Tərcümə: Strateq.az