XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 11:55

ERMƏNİSTAN HƏRBİ BÜDCƏSİNİ ARTIRMAĞI NƏZƏRDƏ TUTUR –Rəsmi İrəvanın əsas ümidi yenə də rus kreditlərinədir - Araşdırma

Leonid Nersesyan

regnum.ru, 30.09.2018

 

Ermənistan, Dağlıq Qarabağ Respublikası (Dağlıq Qarabağ-red.) və Azərbaycan arasında silahlanma qovğası davam edir – həm liderlərin ritorikası, həm də fəal şəkildə hərbi texnika alqısı bundan xəbər verir. 2019-cu ildə hərbi büdcə artımı maraqlı və çox ciddi fakta çevrilir – 657 milyon $-a qədər. Belə bir artım nəyin hesabına əldə edilib və bu, Ermənistan silahlı qüvvələrinə necə təsir edəcək?

 

İki il dalbadal ikirəqəmli artım

 

Ermənistanın müdafiə büdcəsinin kəskin artımı ilk dəfə 2018-də qeydə alınıb – 2017-dəkindən 17,6% çox olmaqla 518 milyon $ təşkil edib.

2019-da daha çox artım gözlənilir – demək olar, dörddə bir qədər – (24,9%) – təhlükəsizliyə, təxminən, 647 milyon $ xərcləyəcəklər.

Qeyd etmək lazımdır ki, Ermənistan iqtisadiyyatının 2018-də hiss olunacaq artımına (6,5%) və 2019-a proqnozlaşdırılan artıma (4,9% ÜDM artımı) baxmayaraq, hərbi büdcənin bu cür artırılması ÜDM faizlərində də hiss olunacaq şəkildə əks olunub – göstərici 2018-də 3,8%-ə yaxın olub, 2019-da 4,5%-ə çatacaq.

Bu rəqəm fəlakətli deyil, amma bir çox ölkələrin arşınıyla az deyil – ABŞ NATO-nun xeyli ölkəsinin hərbi büdcəsinin ÜDM-in cəmi 2%-ə qədər artımı uğrunda mübarizə aparır. Bu tempdə sonrakı artım çətin olacaq – ÜDM-dən 5-6% o yana getmək ölkə iqtisadiyyatı üçün artıq yetərincə təhlükəlidir. Belə ki, maksimum daha 1-2 il boyunca bu qədər yüksək rəqəm artımı gözləməyinə dəyər, sonralar büdəcnin özünün artımına daha mütənasib bağlı olacaq.

Büdcənin özünün artımından savayı, Rusiyanın güzəştli kreditlərini də qeyd etmək gərəkdir – hələlik ikisi verilib – birinci 2016-da 200 milyon $, ikincisi 2018-də 100 milyon $. Daha 100 milyon dollarlıq kredit üçün fəal danışıqlar aparılır. Bu zaman qeyd etmək gərəkdir ki, 2019-cu il üçün artımı istisnasız olaraq kreditin hesabına artımla izah etmək olmaz – tamamilə mümkündür ki, ötən iki ildə də bu vəsaitlər həmin nisbətlərdə iştirak edib. Məsələn, 2019-un büdcəsinə 89,2 milyon (Ermənistanın hərbi büdcəsinin 13,7%-i) dollarlıq Rusiya krediti hesabına texnika alqısı qoyulub.

 

Əlavə vəsaitlər nəyə gedə bilər?

 

Azərbaycanda 2014-cü ildən bəri qeydə alınan iqtisadi böhranı, manatın ucuzlaşması və müdafiə büdcəsi səviyyəsinin düşməsini (2018-də 1,6 milyard $, 2013-cü ildə maksimum 3,7 milyard $) nəzərə alsaq, son illərdə çağdaş silahlar almaqdakı fərqi azaltmağa Ermənistanın gerçək şansları meydana çıxıb.

Aydındır ki, hətta indiki artım nəzərə alınmaqla Azərbaycanın büdcəsinə çatmağa hələ çox var, amma Rusiyadan güzəştli alqı imkanı məhdud  vəsaitlərdən daha effektli istifadə imkanı verir. Ermənistan bu imkanlara malik olmaqla 2015-2016-dan başlayaraq tam bir sıra çağdaş hərbi texnika alıb – “İskəndər” əməliyyat-taktiki raket kompleksi (ƏTRK), “Qasırğa” reaktiv yaylım atəşi sistemi (RYAS), “Avtobaza” radiotexniki kəşfiyyat sistemi, (pilotsuzlara qarşı) “Repellent” radioelektron mübarizə sistemi, “İnfauna” və R-325U, tanka qarşı “Kornet-EM” raket kompleksi və s.

Məlumdur ki, ikinci güzəştli kredit üzrə üç müqavilə artıq imzalanıb, çox ehtimal ki, onlardan biri “Top-M2E” yaxınmənzilli zenit-raket kompleksinin tədarükü üçündür.

Bundan savayı, Ermənistan silahlı qüvvələrində qırıcı aviasiyasının yaradılmasına böyük maraq var, Ermənistan rəhbərliyi faktiki olaraq artıq belə bir qərar alıb ki, bu da həm rəsmi bəyanatlar, həm də Müdafiə Nazirliyindəki qaynaqların məlumatlarıyla təsdiq olunur. Hətta dörd çoxfunksiyalı Su-30SM qırıcısından ibarət ilk kiçik partiyanı almaq üçün 120 milyon $-dan az olmayan pul tələb olunur (müəyyən miqdarda silah və ehtiyat hissələrilə birlikdə bir təyyarənin qiyməti hətta ən yuxarı güzəştlə, çətin ki, 30 milyon $-dan aşağı çıxar). 2019-da belə müqavilənin imzalanması planlaşdırılırsa, onda büdcənin artırılması tamamilə məntiqlidir (təxminən, bu məbləğdə də artırılıb). Məlumdur ki, qırıcıları almağa vəsait yuxarıda xatırlatdığımız güzəştli kreditlər çərçivəsində ayrılmayacaq.

İstənilən halda müasir hərbi texnika alqısının çoxalması və bütünlükdə silahlı qüvvələrin imkanlarının güclənməsi barışığın möhkəmlənməsi və Ermənistan və Azərbaycan arasında tammiqyaslı müharibə başlanması ehtimalının azalmasına şərait yaradır.

Ermənistan tərəfi bu mənada düzgün yöndə hərəkət edir və güzəştli kreditlərlə Rusiya dəstəyi də bunda çox böyük rol oynayır.

Tərcümə Strateq.az-ındır.