XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 20:43

QAHİRƏ BAZARINDAN PREZİDENT KÜRSÜSÜNƏ…- Feldmarşal Əbdül Fəttah əl-Sisiyə "Misirin Putini" deyirlər

Əbdül Fəttah əl-Sisi 1954-cü ilin 19 noyabrında Qahirədə müsəlman ailəsində dünyaya gəlib. Ailədəki 8 uşaqdan ikincisi olub. Uşaq yaşlarında əvvəlcə ailəsinə məxsus dükanda, daha sonra Qahirənin tarixi bazarı olan Xan əl-Xəlilidə işləyib.

1977-ci ildə Hərbi akademiyanı başa vuraraq hərbi elmlər üzrə bakalavr dərəcəsi alıb. Sonradan Misirin Mərkəzi komandanlıq kollecində magistr təhsili alıb. 1992-ci ildə isə Britaniyada eyniadlı kollecdə oxuyub. Bununla kifəyətlənməyən Sisi 2003-cü ildə Naser adına Ali Hərbi Akademiyanın nəzdindəki hərbi kollecdə təhsilini davam etdirib. 2005-2006-cı illərdə isə ABŞ-ın Pensilvaniya ştatında Ali Hərbi Kollecdə oxuyub.

1977-ci ildən başlyaraq Misirin motoatıcı qoşunlarının zabiti olub. 509-cu motoatıcı batalyona rəhbərlik edib. 134-cü motoatıcı briqadada qərargah rəisi, 16-cı motoatıcı briqadada komandir, 2-ci motoatıcı diviziyada qərargah rəisi olub.

Fars körfəzindəki savaş (1990-1991) zamanı Misirdən olan kontingentin tərkibində “Səhrada fırtına” əməliyyatında iştirak edib. Misir Müdafiə Nazirliyində informasiya və təhlükəsizlik şöbəsinə rəhbərlik edib. Həmçinin Misirin Səudiyyə Ərəbistanındakı hərbi attaşesi olub.

2008-ci ildə ölkənin Şimal hərbi dairəsinə qərargah rəisi təyin edilib. 2010-2011-ci illərdə Hərbi kəşfiyyat idarəsində rəis müavini olub. 2011-ci ilin fevralında bu idarəyə rəis gəlib və Silahlı Qüvvələrin Ali Şurasının ən gənc üzvü olub.

Silahlı Qüvvələrin Ali Şurası 2012-ci ilin 30 iyununda hakimiyyət səlahiyyətlərini seçilmiş prezident Məhəmməd Mursiyə təhvil verir.

Həmin ilin 12 avqustunda prezident Mursi Sisiyə general rütbəsi verir və onu Silahlı Qüvvələrin Ali Şurasına sədr təyin edir. Sisi həmçinin Silahlı Qüvvələrin baş komandanı, eləcə də Müdafiə və hərbi sənaye naziri olur.

2013-cü il iyunun sonlarında Misirdə çoxminlik mitinqlər başlayır. Müxaliflərlə Məhəmməd Mursi tərəfdarları və “Müsəlman qardaşlar” arasında silahlı toqquşmalar olur. 2013-cü ilin iyulunda Sisi radiodan xalqa müraciət edir. Elan edir ki, Misir ordusu fikir ayrılıqlarını aradan qaldırmaq üçün bütün siyasi qüvvələrə 48 saat vaxt verir.

2013-cü ilin 3 iyulunda Sisi öz telemüraciətində prezident Mursinin devrildiyini, Konstitusiya Məhkəməsinin qərarı ilə Adli Mansurun müvəqqəti prezident təyin olunduğunu elan edir.

Yeni formalaşan hökumətdə Sisi baş nazirin birinci müavini, Müdafiə və hərbi sənaye naziri postunu tutur.

Mursinin kənarlaşdırılmasından sonra Misirdə silahlı toqquşmalar başlayır. Fövqəladə vəziyyət elan ediləndən (14 avqustdan 12 noyabradək) və silahlı qüvvələrin müdaxiləsindən sonra “Müsəlman qardaşlar”ın üzvləri zərərsizləşdirilir və vəziyyət stabilləşməyə başlayır.

2013-cü ilin oktyabrında Sisinin seçkidənkənar prezident təyin olunması ilə bağlı imza kampaniyası başladılır və 4 milyon imza toplanır.

Həmin ilin dekabrında “Time” jurnalının oxucuları Sisini “ilin adamı” elan edirlər.

Müvəqqəti prezident Adli Mansur 2014-cü ilin 27 yanvarında Sisiyə feldmarşal (Misir ordusunda ən yüksək hərbi rütbə) rütbəsi verir.

2014-cü ilin 13 fevralında Rusiyaya rəsmi səfər edən Sisi prezident Vladimir Putin tərəfindən qəbul olunur. Və Putin qarşıdakı prezident seçkilərində ona uğur arzulayır.

Həmin ilin 26 martında Sisi baş nazirin birinci müavini postundan istefa verir. Həmçinin Müdafiə və sənaye naziri, Silahlı Qüvvələrin Ali Şurasının sədri və Silahlı Qüvvələrin baş komandanı vəzifələrindən gedir. Bu addımı prezident seçkilərində namizəd olmaq istədiyi üçün atdığını deyir.

2014-cü ilin 26-28 may seçkilərində səslərin 96,91 faizini toplayaraq prezident seçilir.

Əbdül Fəttah əl-Sisi 1977-ci ildə Entisar Amer adlı xanımla ailə qurub. Birinci ledi çox nadir hallarda ictimaiyyət arasına çıxır. Cütlüyün 3 oğlu, 1 qızı var. Ailə müsəlman ənənələri ilə yaşayır və Sisi özü tez-tez “Quran”dan sitatlar gətirir. Misir lideri tarix və hüquqdan bəhs edən kitabları oxumağı sevir.

Sisinin qızı Misirin Hərbi Kəşfiyyat rəisinin oğlu ilə ailə qurub. Deyilənlərə görə, Hərbi Kəşfiyyat rəisi Sisi ilə hərbi akademiyada tələbə yoldaşı olublar.

“The New Times”da dərc olunan bir məqalədə Sisi “Misirin Putini” adlandırılır: “Onların bioqrafiyaları oxşardır. Hər ikisi sadə ailədən çıxıb və prezidentliyə kəşfiyyatdan gəliblər. Hakimiyyətdə yüksək post tutana qədər onların heç biri geniş ictimaiyyət arasında tanınmayıb. Nəhayət, hər ikisi ailələrini yad gözlərdən kənar tutmağa çalışır”.

Sisi haqqında mətbuata ən maraqlı məlumatlardan birini onun qohumu, Qahirə universitetinin professoru Xossam əl-Sisi açıqlamışdı. Professorun sözlərinə görə, Sisi Səudiyyə Ərəbistanında hərbi attaşe işləyən zaman həm Səudiyyə, həm də ABŞ kəşfiyyatı ilə sıx əlaqələr qurub. Bundan başqa, onun körfəz ölkələrinin (xüsusən də Küveyt və BƏƏ) kəşfiyyatları ilə də əlaqələri olub.

Professor Xossam Sisinin keçmiş prezident Hüsnü Mübarəkin yaxın adamlarından biri olduğunu, onun hərbi karyerada yüksəlişinə Mübarəkin təkan verdiyini deyir: “Sisinin Mübarəkin oğlu Camalla da olduqca yaxın münasibətləri olub”.

Strateq.az