32 il əvvəl – 1986-cı ilin oktyabrında Azərbaycan SSR-in paytaxtı Bakıda keçirilmiş bir beynəlxalq konfrans Azərbaycanın dünya müsəlmanlarının yeni əməkdaşlıq mərkəzinə çevrilməsində mühüm rol oynayıb.
1986-cı ilin oktyabrın 1-3-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, 36 yaşlı Allahşükür Paşazadənin təşkilatçılığı ilə Bakı şəhərində İslam Konfransı Təşkilatının himayəsi altında “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans təşkil olunur.
Müsəlman dünyasında böyük rezonansa səbəb olan bu konfrans özünün siyasi mesajları və bəyanatları ilə sovet müsəlmanlarının dünyadakı din qardaşları ilə həmrəyliyinin nümayişinə çevrilir.
SSRİ-də çox nadir hallarda baş tutan belə toplantılar, adətən, Daşkənddə keçirilirdi. Tədbirlərdə sovet ideoloji prinsiplərinin sərt çərçivəsində hazırlanan bəyanatlar birtərəfli və məhdud xarakter daşıdığından, heç nə ilə yadda qalmırdı.
Bakıda keçirilən beynəlxalq konfrans öz miqyasına görə özündən əvvəl – 1977-ci ildə Daşkənddə keçirlimiş toplantıdan daha ciddi və rezonans doğuran bir tədbir oldu. Bakıya 60 müsəlman ölkəsindən 600 nümayəndə gəlmişdi. 3 gün ərzində davam edən bu konfrans SSRİ-nin ictimai həyatında mühüm hadisəyə çevrildi. Bu tədbir gənc şeyxülislam Allahşükür Paşazadənin özünün SSRİ-də yeni dini lider kimi təsdiqində də mühüm rol oynadı.
SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsinin sərt tənqid olunduğu o dönəmdə müsəlman ölkələrin vahid mövqeyini ortaya qoymaq və yekdil mövqedən çıxış etmək çox incə və yetkin siyasi koordinasiya tələb edirdi.
Bu məsələdə fikirlər çox müxtəlif idi. Məsələn, Azərbaycana gəlmiş Müsəlman Liqasının baş katibi Abdulla Ömər Nasif və nümayəndə heyəti bəyan etmişdilər ki, onlar Bakıya SSRİ-nin Əfqanıstana olan müdaxiləsi ilə bağlı etirazını və mövqelərini bəyan etmək üçün gəliblər.
QMRİ-nin gənc sədri konfransda vahid mövqenin əldə olunması üçün bütün bacarığını və səyini ortaya qoymalı oldu. Bu, həm də ölkənin tarixində sayına görə ən böyük nümayəndə heyəti idi. Məhz bu konfransla Şeyxülislam özünü SSRİ müsəlmanlarının yeni faktiki lideri kimi göstərə bildi.
Bakı konfransının iştirakçıları dünya müsəlmanlarına müraciət edərək birgə yaşayışı, sülhü dəstəklədilər, Əfqanıstan probleminin həlli yollarını açıq və gərgin diskussiya şəraitində müzakirə etdilər və Fələstin xalqına dəstəklərini bəyan elədilər.
Konfransın əsas siyasi yekunlarından biri bundan sonrakı digər beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakıda Hazırılıq Komitəsinin yaradılması ilə bağlı qərar oldu. Bu Hazırlıq Komitəsinin sədrliyinə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadənin sədrilyi təklif olundu.
1986-cı ilin Bakı konfransı İslam Konfransı Təşkilatının baş katibi Pirzadənin SSRİ-yə səfəri üçün əsas oldu. İKT-nin baş katibi SSRİ xarici işlər naziri Şverdnadze tərəfindən qəbul edildi. Maraqlıdır ki, Pirzadə 1987-ci ilin fevralında yenidən Moskvaya səfər etdi.
Bakı konfransı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin xüsusi hesabatının hazırlamasına səbəb olmuşdu. ABŞ Dövlət Departamentinin 1987-ci ildə hazırladığı sənəddə təəssüflə qeyd olunurdu ki, Bakıda Əfqanıstanla bağlı müsəlman ölkələrinin parçalanmış mövqeyinə nail ola bilmədilər.
Dövlət Departamenti QMRİ sədri haqqında ayrıca təhlil xarakterli hesabat da hazırlamışdı. “Allahşükür Paşazadə digər sovet din xadimlərinə xas olmayan bir sıra qeyri-adi cəhətləri ilə fərqlənir. O, hazırkı postuna 29 yaşında gəlib. Bununla da sovet müsəlman icmalarını həddən artıq təəccübləndirib. Ənənəyə görə, bu vəzifəyə yaşlı adam seçilir. A.Paşazadə öz fikirlərini fars, türk, rus, ərəb və ingilis dilində ifadə etməyi bacaran bacarıqlı dini şəxsdir. A. Paşazadə Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinin Rəyasət Heyətinin üzvü, İordaniya Kral Elmlər Akademiyasının müxbir üzvüdür. Onun SSRİ-nin 4 müsəlman idarəsinin birinə rəhbəri seçilməsi Sovet İttifaqının xaricdə yaşayan müsəlmanlarla əlaqədə gənc və bacarıqlı şəxslərə üstünlük verməsini göstərir” – deyə hesabatda vurğulanırdı.
Ümumiyyətlə, 1980-ci illəri Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətində yüksəliş illəri saymaq olar. A.Paşazadənin QMRİ-yə sədr seçilməsindən sonra Azərbaycan, SSRİ-də dünya müsəlmanları ilə münasibətlərin yeni məkanına çevrilməyə başladı.
Foto: Nümayəndə heyəti Təzəpir məscidində.
Bakıda keçirilən bu konfrans Azərbaycanın müsəlman dünyası ilə yaxın əlaqələr qurmasında bir vəsilə oldu. Üstündən 5 il ötəndən sonra –1991-ci ilin dekabrında Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan, SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İslam Konfransı Təşkilatının (indiki adı ilə İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.
Bu, faktiki olaraq, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. Toplantıda iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir və iyirmiyə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam Azərbaycanı həm İslam Konfransı Təşkilatının, həm də İslam İnkişaf Bankının tamhüquqlu üzvü etməyə nail olmuşdu. Məhz həmin toplantıda Pakistanın Baş Naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.
Bakı konfransının Azərbaycanın müsəlman dünyası ilə təmaslarında öz izini saxlayaraq ölkəmizin islam aləminin bir parçasına çevrilməsində rolu danılmazdır.
X.Səfəroğlu
Strateq.az