XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 22:47

ABŞ VƏ AVROPANI BÜRÜYƏN KİBERHÜCUMLAR İFŞA OLUNDU- Vaşinqton hücumları təşkil edən rus kəşfiyyatçılarının adlarını açıqladı, fotolarını yaydı

ABŞ Ədliyyə Nazirliyi son kiberhücumların arxasında Rusiyadan olan 7 nəfərin durduğunu açıqlayıb. Və bəyan edib ki, onların yeddisi də Rusiya hərbi kəşfiyyatının zabitləridir.

Nazirlikdən bildiriblər ki, kiberhücumların əsas hədəfi kimyəvi laboratoriyalar olub. Onların sırasında İsveçrə laboratoriyası da var ki, orada Rusiyanın keçmiş kəşfiyyatçısı Sergey Skripalın zəhərlənməsində istifadə olunan maddə ilə bağlı araşdırma aparılırdı.

Bundan başqa, FİFA, “Westinghouse” nüvə şirkəti, Ümumdünya Antidopinq Agentliyi, həmçinin ABŞ, Kanada, Niderland, İçveçrə, Monakoda yerləşən bəzi şirkətlər də kiberhücumların hədəfində olub.

ABŞ Ədliyyə Nazirliyi hakerlərin qurbanları arasında 30 ölkədən 250 idmançının, eləcə də bütün dünya ölkələrindəki milli antidopinq agentliklərinin olduğunu bildirir.

Nazirliyin rəsmisi Skott Bredinin sözlərinə görə, ittiham olunan 7 nəfərdən 3-nün Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı aparılan araşdırmada da adı keçir.

Bununla belə, Ədliyyə Nazirliyi budəfəki hücumun həmin araşdırmayla bağlılığının olmadığını deyir.

ABŞ hüquq-mühafizə orqanları hücumlarda əli olan rusların adlarını da açıqlayıb – Aleksey Sergeyeviç Morenets, Yevgeniy Mixayloviç Serebryakov, İvan Sergeyeviç Yermakov, Artyom Andreyeviç Malışev, Dmitriy Sergeyeviç Badin, Oleq Mixayloviç Sotnikov, Aleksey Valeriyeviç Minin.

Onlardan bir neçəsinin adı ABŞ Ədliyyə Nazirliyinin ittiham aktlarında yer alıb. Bu ilin iyulunda xüsusi prokuror Müller İvan Yemakovu, Dmitri Badini və Artyom Malışevi ABŞ-dakı 2016-cı il prezident seçkiləriylə bağlı kiberəməliyyatlarda ittiham etmişdi.

Nazirlik əmindir ki, sözügedən 7 nəfərin hamısı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin (“QRU”) əməkdaşlarıdır. Kiberhücumların (xüsusən də Ümumdünya Antidopinq Agentliyinə olan) bir məqsədi Rusiyaya qarşı aparılan antidopinq təhqiqatıdır.

Amerikalı istintaqçılara görə, ittiham olunan şəxslər kibervalyutadan alət kimi istifadə ediblər. Onlar bu yolla domen adlarını qeydiyyatdan keçirərək içərisində virus olan elektron məktublar göndəriblər. Və D-DOS hücumları həyata keçiriblər.

Ədliyyə Nazirliyi qeyd edir ki, Aleksey Mininin, Aleksey Morentsin, Yevgeniy Serebryakovun və Oleq Sotnikovun adı bundan əvvəl hollandiyalı əks-kəşfiyyatçıları tərəfindən açıqlanıb.

BBC-nin Rusiya xidməti üzə çıxarıb ki, Aleksey Mininin qeydiyyat ünvanı belədir – Moskva, “Narodnoqo opolçeniya” küçəsi, 50. Bu ünvan Rusiya Müdafiə Nazirliyinin Hərbi Akademiyasının yerləşdiyi ünvanla eynidir. Bu akademiyada hərbi kəşfiyyatçılar və hərbi atteşelər hazırlanır.

Aleksey Morenets isə bu ünvanda qeydiyyatdadır – Komsomol prospekti, 20. Bu ünvanda Rusiya Müdafiə Nazirliyinin hərbi universiteti yerləşir. Bundan başqa, bu ərazidə hərbi hissə var ki, ABŞ hökuməti bu hərbi hissəni 2016-cı ildə ABŞ Demokrat Partiyasının rəsmi saytını qırmaqda ittiham etmişdi.

Moronets 1999-cu ildə Mojayski adına Hərbi-Kosmik Akademiyanın idaretmə sistemlərinin avtomatlaşdırılması fakültəsini bitirib.

Yevgeniy Mixayloviç Serebryakovun adı Rusiya Müdafiə Nazirliyinin nəzdindəki mərkəz tərəfindən 2014-cü ildə nəşr edilən elmi (kriptoqrafiya üzrə) işin müəllifi kimi qeyd olunur. Müdafiə Nazirliyinin saytında göstərilir ki, bu mərkəz ayrı-ayrı sahələr, eləcə də informasiya və kommunikasiya sistemlərinin təhlükəsizliyi üzrə innovasiya layihələrinin həyata keçirilməsi ilə məşğul olur.

Yermakov və Malışevin adları bundan əvvəl 2016-cı ildə ABŞ Demokrat Partiyasının rəsmi saytına kiberhücumlarda çəkilmişdi.

ABŞ xüsusi xidmət orqanları müəyyən edib ki, İvan Yermakov “QRU” zabitidir və baş leytenantdır. 2010-cu ildən bu yana o, uydurma personajlar yaradıb. Məsələn, “Keyt S.Milton”, “Ceyms MakMorqans”, “Karen U.Millen”… “QRU”nun bir çox haker əməliyyatlarında bu adlardan istifadə olunub.

ABŞ əks-kəşfiyyatının qənaətinə görə, Artyom Malışev “QRU”nun kiçik leytenantıdır. 2016-cı ildə o, zərərli virus proqramına nəzarət edib və bu virus sonradan Demokrat Partiyasının kompüterlərinə göndərilib.

Bu gün daha iki ölkə Rusiya hərbi kəşfiyyatının qanunsuz fəaliyyətini aşkarladığını bəyan edib.

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzindən bildiriblər ki, Rusiyadan gələn haker hücumlarının hədəfləri arasında Ümumdünya Antidopinq Agentliyi, Britaniyadakı bir televiziya şirkəti, Ukraynadakı bəzi kommersiya şirkətləri var.

Niderlandın Müdafiə Nazirliyi bildirib ki, bu ilin aprelində 4 rus kəşfiyyatçısını ölkədən çıxarıblar. Bu şəxslər Kimyəvi Silahların Qadağası Təşkilatının Haaqadakı baş ofisinin kompüter şəbəkəsini qırmağa çalışıbmış.

Məlum yeddi nəfərdən beşinə artıq rəsmi ittiham irəli sürülüb. Onlar şəxsi məlumatları oğurlamaqda,  dələduzluqda və bir sıra başqa cinayətlərdə ittiham olunurlar.

Strateq.az