“İnterpol”un yoxa çıxan prezidenti Men Xunveyin harada olduğu məlum olub.
Çinin “South China Morning Post” qəzetinin yazdığına görə, M.Xunvey hazırda Çin istintaqçılarının əlindədir.
Məlumatı öz mənbələrinə istinadən yayan qəzet bildirir ki, “İnterpol” şefi ötən həftə Çinə çatan kimi dərhal saxlanılıb.
Onun hansı iş üzrə həbs olunduğu və hazırda konkret hansı orqanda saxlanıldığı barədə hər hansı məlumat verilmir.
“İnterpol”dan “Reuters”ə verilən açıqlamada isə yalnız o bildirilir ki, bu, Fransa və Çinin müvafiq orqanlarının araşdıracağı məsələdir. Qurumun gündəlik fəaliyyətinə prezidentin yox, baş katibin nəzarət etdiyini deyən “İnterpol” rəsmisi Xunveyin yoxa çıxması ilə bağlı əlavə şərh verməkdən imtina edib.
Men Xunveyin yoxa çıxdığına dair məlumat oktyabrın 5-də yayılıb. Məlumatda bildirilir ki, 64 yaşlı Xunvey sentyabrın 29-da Fransadan Çinə yola düşüb. O gündən bu yana heç kim onun haqqında hər hansı məlumat ala bilməyib.
“İnterpol” şefinin itməsi ilə bağlı hökumətə onun Lion şəhərində yaşayan xanımı müraciət edib. “İnterpol”un baş qərargahı da bu şəhərdə yerləşir.
Men Xunvey “İnterpol”un rəhbərliyinə 2016-cı ilin payızında gətirilib. Ona qədər Xunvey Çində ictimai təhlükəsizliyə cavabdeh olan nazirlikdə müavin postunu tuturdu. Paralel olaraq da “İnterpol”un Çin bürosunun rəhbəri idi.
Strateq.az