XƏBƏR LENTİ

20 Oktyabr 2018
19 Oktyabr 2018

Digər Xəbərlər

10 Oktyabr 2018 - 19:05

İRAN “QIRMIZI XƏTT”İ KEÇİB –İŞİD-ə atılan raketlər İsrailə əyani mesajdır - TƏHLİL

Şemuel Meir

“Atlantic Council”

 

Yaxın Şərqdə qeyri-adi strateji hadisə baş verib. Bu il ikinci dəfə İran İsraillə sərhədi olan Suriyadakı hədəfləri ballistik raketlərlə atəşə tutub.

Ən güclü şəkildə cavab vermək imkanını heç vaxt əldən buraxmayan İsrail baş naziri Binyamin Netanyahu İranın ballistik raket sınağını nisbi sükutla qarşılayıb.

Oktyabrın 1-də səhər saatlarında İran ortamənzilli ballistik raketləri – “Zülfüqar” və “Qiyam”ı (750-800 km) Kirmanşah şəhərindəki bazadan Fərat çayının şərqində, Suriyanın əl-Bukəmal mahalındakı İŞİD hədəflərinə yönəldib. Daha sonra yeddi dronla digər hədəflər bombalanıb.

Zərbələr, o cümlədən qadın və uşaqlar da daxil olmaqla, ən azı 25 nəfərin öldürüldüyü, cənub-şərq şəhəri Əhvazdakı hərbi paradda 22 sentyabr terror hücumuna cavab tədbiri idi.

Əl-Bukəmal İŞİD-in Suriyadakı son qalasıdır. Pentaqon qabaqcadan xəbərdar edilməyib və İran ABŞ qüvvələrinin bölgədəki yaxınlığını düşünməyib. Lakin bir həftə əvvəl ABŞ kəşfiyyatı İranın mobil radar sisteminin hərəkətini qeydə alıb. ABŞ-ın bu məlumatları İsraillə paylaşdığı güman edilə bilər.

Suriyadakı koalisiya qüvvələrinin amerikalı hərbi spikeri, ABŞ mövqeyindən yalnız 5 km məsafədə baş verən həmlə zamanı hərbçilərin “təhlükə altında olmadığını” təsdiqləyib. İranlılar ipi qıpmadan onu tarıma çəkməyi bacarıblar.

Budəfəki zərbələr 2017-ci ilin iyun ayından həyata keçirilən hücumun təkrarıdır. Ötən il Tehran Suriyanın Deyr əz-Zur bölgəsində terror hücumlarına cavab olaraq İŞİD hədəflərinə 6 “Zülfüqar” raketi atıb.

İsrailin ilk hesabatları dramatik idi. Öncə İranın İsrail ərazisindəki hədəflərə çatmağa qadir olan 1280 km məsafəli “Şahab-3” raketlərindən istifadə etdiyi barədə xəbərlər çıxıb. Lakin rəsmi Tehran bildirib ki, İŞİD mövqelərini İsrail ərazisinə çatmağa qadir olmayan qısamənzilli “Zülfüqar” raketləri ilə atəşə tutub.

2017-ci ildə İranın ballistik raketləri ilə bağlı İsraildəki narahatlığın əksinə, bu dəfə raket hücumuna təpki yumşaq idi. İsrailin “Haaretz”, “Yediot Aharonot” və “Maariv” qəzetlərində İranın hücumu manşetə çıxarılmayıb və qısa informativ xülasələrlə məhdudlaşdırılıb.

Baş nazir Netanyahu BMT Baş Assambleyasında məlum həmlədən demək olar ki, danışmayıb. Bunun əvəzinə, baş nazir raketlər üzərindəki “İsrailə ölüm!” şüarına diqqət çəkib.

Ballistik raketlərin xaricindəki hədəflərə atılmasının arxasında gizlənən strateji məna və ya təhdid haqqında bir söz deyilməyib. Hətta Əhvazdakı hadisədən söz açarkən, Netanyahu “terror hücumu” terminindən istifadə edib.

Ballistik raketləri atma qərarı, görünür, ən yüksək siyasi səviyyədə qəbul edilib. İranın baxımından bu, sadəcə müdafiə hərəkətidir. Tehran beynəlxalq birlikdə etiraz doğurmayıb. Bu, nisbətən İsrail və ABŞ-ın yumşaq təpkisi ilə izah edilə bilər. Halbuki İranla ABŞ arasındakı diplomatik qarşıdurma fonunda Donald Tramp və Netanyahu raket sınaqlarını JCPOA şərtlərinin açıq pozuntusu sayır, hər ikisi Tehrandan ballistik raket proqramını tamamilə imtina etməsini tələb edir.

Strateji səviyyədə, görünür, İsrailin Suriyada cəzalandırma mexanizmi Tehranı İsraillə bütünlüklə qarşı-qarşıya gəlməkdən çəkindirir. Amma İranın Suriyaya raket atışı mesaj kimi də qəbul edilə bilər. Hərgah raketlərdə “İsrailə ölüm!” şüarı olsa da, israillilər hədəfə alındıqlarına inanmayıblar.

Əslində, Tehran bununla İsraili vurmaq üçün nəzərdə tutulan raketlərdən istifadə edə biləcəyi siqnalını verib. Mesaj – raketlərdir. Artıq İslam İnqilabı Keşikçiləri başqa bir dövlətə atəş açır. İran görünməz, lakin çoxmənalı bir xətt keçib.

 

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə