XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 16:26

“XAŞUQCİ İŞİ”ndə TRAMP-KONQRES DARTIŞMASI:“Qətl təsdiqlənsə, Səudiyyəni çox ciddi nəticələr gözləyir” – Təhlil

Məhəmməd Bəzzi

“The Atlantic” (ABŞ), 12.10.2018

 

Cari ayın başlağıcında, oktyabrın 2-də Səudiyyə hökumətinin məşhur tənqidçisi Camal Xaşuqci nikaha girmək məqsədiylə gərəkən sənədləri almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girib. Onu daha heç kim görməyib.

Türkiyə məmurları bir neçə gündən sonra Xaşuqcinin, səudiyyəli 15 əməliyyatçının qatıldığı ehtimal edilən qətlinin ayrıntılarını xəbər veriblər. Xaşuqci “The Washington Post” nəşrində icmalçı işləyirdi – nəşr məlumat verib ki, Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın bəyəndiyi plan mövcud olub, Səudiyyə məmurları bu çərçivədə jurnalisti həbs etmək üçün tovlayıb Virciniyadan çıxarmalıydılar.

Özünü insan haqlarına dair etinasız göstərməyən ABŞ prezidenti Donald Trampın administrasiyası beynəlxalq etirazın artdığı fonda əvvəlcə Səudiyyə Ərəbistanına basqıdan çəkinib. Amma çərşənbə günü, oktyabrın 10-da Ağ Evdən məlumat veriblər ki, ABŞ prezidentinin müşaviri Cerad Kuşner və milli təhlükəsizlik üzrə müşavir Con Bolton Xaşuqcinin yoxa çıxmasını müzakirə etmək üçün Səudiyyə Ərəbistanının varis şahzadəsinə zəng ediblər.

Gözlənilir ki, Konqres Səudiyyə Ərəbistanına daha güclü basqı göstərəcək. Demokratlar və respublikaçılar Səudiyyənin islamçı ekstremizmin yayılmasına şərait yaradan siyasətini daim tənqid edirlər. Səudiyyə Ərəbistanı 2015-də Yəməndə hərbi kampaniya başlayandan sonra getdikcə daha çox sayda Amerika qanunvericiləri Yəmənin mülki əhalisi arasındakı qurbanlar haqda daha çox təşviş ifadə edir və Ər-Riyada Amerika yardımını məhdudlaşdırmağa çalışırlar.

22 senatordan ibarət ikipartiyalı qrup çərşənbə günü, oktyabrın 10-da ABŞ prezidentinə məktub göndərərək Xaşuqcinin yoxa çıxması faktı üzrə araşdırma aparmağı tələb edib. Senatorlar məktubda Konqresə insan haqları sahəsində icra hakimiyyətinə araşdırma aparmaq tapşırığı verməyə imkan yaradan “İnsan haqlarını pozmağa görə məsuliyyət haqda Maqnitski Aktı”na istinad ediblər.

Qanunvericilər Trampı “Səudiyyə Ərəbistanının yüksəkməqamlı vəzifəli şəxsləri daxil olmaqla” Xaşuqciyə münasibətdə “pozuntuya görə istənilən xarici şəxsə” sanksiyalar qoymağa çağırıblar.

İndi Trampın 120 günü var ki, araşdırma aparsın, günahkarları müəyyən etsin və sanksiya tətbiqi haqda qərar alsın.

Donald Tramp və kral Salman bin Əbdüləziz əl-Səud

 

Xaşuqcinin yoxa çıxmasında Tramp administrasiyasının varis şahzadəni ittiham edəcəyi az ağlabatandır, çünki bu, Səudiyyə Ərəbistanının ən yüksəkməqamlı şəxslərinə qarşı sanksiyaların tətbiqinə səbəb olardı. Ancaq senatorların məktubu göstərir ki, Konqres buna yol verməz. Məktubun göndərilməsi üçün təşəbbüs Tennessidən respublikaçı senator Bob Kerkor və Nyu-Cersidən demokrat senator Robert Menendesə məxsusdur. Xəbər verildiyi kimi, Kerkor Trampa məktub göndərməzdən öncə Xaşuqci işi üzrə məxfi materialları araşdırıb və qənaətə gəlib ki, türkiyəli məmurların təqdim etdiyi məlumatları nisbətən etibarlı saymaq olar.

Kerkor cümə axşamı – oktyabrın 11-də daha uzağa gedərək bildirib: “İntuisiyam mənə pıçıldayır ki, bunu Səudiyyə hökumətinin etdiyinə heç bir şübhə yoxdur. İntuisiya mənə deyir ki, onu onlar öldürüblər”.

Kerkor Səudiyyə Ərəbistanına basqı üçün ABŞ Konqresi Senatının xarici məsələlər üzrə komitə sədrinə verdiyi vasitələrdən əvvəllər də istifadə etməyə səy göstərib. O, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn Qətərlə münaqişələrini tənzimləməyincə 2017-nin iyunda Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq Şurasının altı üzvünün hamısına silah satışı üzərində nəzarət təşkil edib.

Kerkor Qətərlə bağlı böhranın başlanmasından səkkiz ay sonra Səudiyyə Ərəbistanını geri çəkilməyə məcbur edə bilməyərək, hər halda basqını zəiflədib, bildirib ki, terrorizmlə mübarizədə Vaşinqtona yardım üçün silah tədarükü gərəkdir. Əvvəllər Səudiyyə Ərəbistanını dəstəkləyən başqa qanunvericilər də Ər-Riyada münasibətdə sərt mövqe tutublar. Cənubi Karolinadan Senatın silahlı qüvvələr üzrə komitəsinin üzvü və Trampın müttəfiqi respublikaçı senator Lindsi Qrem bildirib ki, jurnalistin ölümündə Səudiyyə Ərəbistanı təqsirli bilinəcəyi halda onu “son dərəcə ciddi nəticələr” gözləyir.

Hətta Xaşuqcinin yox olması haqda işin araşdırılması şəraiti Səudiyyə Ərəbistanına münasibətdə sanksiyalara səbəb olmasa da, fərq etməz, Konqres Səudiyyə Ərəbistanının Yəməndəki hərbi kampaniyasına hərbi dəstəyi məhdudlaşdıraraq, Ər-Riyada zərbə vura bilər. Konqres üzvləri ərəb koalisiyasının hərbi kampaniyası nəticəsində Yəməndə dinc sakinlərin həlakı və Amerika əsgərlərinin Yəməndəki hərbi cinayətlərə mümkün dəxlinə nisbətdə Tramp administrasiyasının onların narahatlığına məhəl qoymadığından güclü hiddətləniblər.

Səudiyyə Ərəbistanının xüsusi təyinatlıları

 

Konqres ABŞ və Səudiyyə Ərəbistanı arasındakı alyansa təfriqə salmağa nail olsa, bu, Ər-Riyadla raketdən müdafiə sistemlərinin tədarükü haqda artıq Səudiyyə Ərəbistanıyla müqavilə imzalamış  Moskvanın yaxınlaşmasına səbəb ola bilər. Bu saziş ondan xəbər verir ki, Ər-Riyad ABŞ silah sistemlərindən tam asılılıqdan qurtulmaq istəyir.

Doğrudan da, ABŞ Dövlət Departamenti Rusiya və Səudiyyə Ərəbistanı arasındakı saziş haqda bilindikdən sonra 15 milyard $-məbləğində tanka qarşı “Lockheed Martin” raket sistemlərinin tədarükü haqda Ər-Riyadla danışıqları sürətləndirməyə çalışdı. Amma bu danışıqlar dalana dirəndi, səudlar sazişin senytabrın 30-adək imzalanma müddətini artıq əldən buraxıblar ki, bu da ABŞ-ın tanka qarşı raket sistemlərini 20 faizlik güzəştlə əldə etmək imkanı verib.

Ər-Riyad eyni zamanda Rusiya ilə hərbi sazişin ayrıntıları haqda danışıqları sürdürür. Xaşuqcinin yox olması və Konqresin araşdırma aparmağın gərəkdiyi haqda tələbi ABŞ və Səudiyyə Ərəbistanı arasındakı alyansı yenidən formatlaya bilər. Demokratlar noyabrdakı aralıq seçkiləri nəticəsində Konqresdə bir və ya hər iki palata üzərində nəzarət əldə etsələr, Ər-Riyadın tənqidi ancaq güclənəcək.

Tərcümə Strateq.az-ındır.