XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2018 - 12:50

YEVANGELİST MİSSİONER NİYƏ BURAXILDI? –Türkiyə-ABŞ münasibətlərində sürətlə yumşalma gözlənilir - TƏHLİL

Nagehan Alçı

“Habertürk”, Türkiyə, 13 oktyabr 2018-ci il

 

Aylardır ABŞ-Türkiyə əlaqələrini kilidləyən ən önəmli başlıq olan rahib Branson işi bu gün etibarı ilə həll edilmiş görünür. Bransonun sərbəst buraxılmasını son dərəcə doğru qərar olaraq dəyərləndirirəm.

Yaxşı, qərar təəccübləndiricidirmi? Xeyr.

Bir neçə gündür ABŞ mətbuatı Amerika ilə Türkiyənin anlaşdığını, Bransonun sərbəst buraxılması qarşılığında ABŞ-ın Türkiyəyə yönəlik iqtisadi sanksiyaları yumşaldacağını yazır. Mənim əlimdə belə məlumat yoxdur. Soruşduğum mənbələrim isə qəti şəkildə bunu təkzib ediblər.

Ancaq Bransonun ev həbsinin bitirilməsi yönündə bir iradə olduğunun əlamətləri onsuz da vardı. Sentyabr ayının əvvəlində İzmir Cümhuriyyət Baş Prokurorluğuna Ədliyyə nazirinin sabiq müavini Ömər Faruk Aydınər təyin olundu. Aydınərin gördüyü ilk işlərdən biri Branson işinin prokuroru olan Berkant Karakayanın vəzifəsini dəyişmək oldu. Bu, işin gedişində bir dəyişiklik olacağına işarə idi.

Bazarlar da buna görə hərəkət edirdi. Maliyyə dairələrində olan mənbələrim günlərdir Bransonun sərbəst buraxılmasının bazarlarda “satın alındığını”“dollar üçün 5,75-ə qədər mövqe tutanlar olduğunu” söyləyirlər.

Həqiqətən, dünənki məhkəmə iclasında şahidlərin öz ifadələrini dəyişməsi və prokurorun həbs tələbini 10 ilə endirməsi nəticəni müəyyən etdi. Bundan sonra Türkiyə-Amerika münasibətlərində sürətlə yumşalma və istiləşmə dövrünün başlayacağını proqnozlaşdıra bilərik. Trampdan gələn müsbət bir açıqlama, bəzi mallara qoyulan əlavə vergilərdə geri addım atılması kimi hadisələr bazarları rahatladacaqdır. Eşitdiyimə görə, həbsdə olan başqa bir ABŞ vətəndaşı Serkan Gölge ilə bağlı olaraq da müsbət hadisələr baş verə bilər.

Bransonun azadlığa buraxılmasını son dərəcə doğru olan bir qərar olaraq qiymətləndirirəm. Əlbəttə, hadisələrə siyasətin kölgə salması haqqında şərhlər veriləcəkdir. Bu tip məhkəmə işlərini siyasətdən müstəqil olaraq düşünmək imkansızdır. Ancaq Bransonun həbs edilməsindən 1,5 il sonra irəli sürülən iddianaməni də “kraldan çox kralçı” bir məntiqlə hazırlanan, hər cür şeyi eyni səbətə qoyan və daxilində bir çox uyğunsuzluq olan, “Böyük Ada iddianaməsi”ni xatırladan bir iddianamə olaraq qeydə almalıyıq.

 

25 il sonra

 

Baş verən bütün bu hadisələrin siyasi və hüquqi tərəfi ilə bərabər insani tərəfi də vardır. Haqqında agent, casus dedilər. Həqiqətin nə olduğunu bilmirəm, məncə, sadəcə xristianlıqla bağlı olan biri deyildi. Amma Endryü Branson 27 yaşından, yəni düz 25 ildir ailəsilə birlikdə Türkiyədə yaşayırdı. Bu, demək olar ki, ömrünün yarısı deməkdir. Üç uşağından ikisi burada dünyaya gəlib. Türkcə çox yaxşı danışırdı. Baş verən bu hadisələrdən sonra Türkiyəni tərk edərək, ABŞ-a gedir.

Branson məsələsi Türkiyənin gündəliyinə oturanda Nalan Koçak “Habertürk”də onun haqqında məlum olmayanlarla bağlı çox gözəl bir xəbər hazırlamışdı. O xəbərdən çox şey öyrəndim.

Bu gün bütün Türkiyə Branson haqqında danışarkən “Bu rahib kimdir?” sualının önəm qazandığını düşünürəm. O səbəblə, gəlin, bir az Bransonun keçmişinə baxaq…

Endryü Branson ailəsinin izi ilə gedən rahibdir. Şimali Karolinada doğulan bu din adamı 7 uşaqlı yevangelist missioner bir ailədə dünyaya gəlib və qohumlarının önəmli bir hissəsi də missionerdir.

Həyat yoldaşı Norine də missioner ailədəndir. 1993-cü ildə Yevangelist Kilsəsinin missionerlik qurumu olan “World Witness” Bransonları Türkiyəyə göndərib. Gəliş elə o gəlişdir. O gündən Türkiyədə idilər.

Onların üç uşağı var. Biri qız, ikisi oğlan. Ən böyük uşaqları olan qızları Jaklin ötən günlərdə bir amerikalı hərbçi ilə evlənib. Uşaqlar türk məktəblərində təhsil alıblar. Ən böyüyü və ortancılı ABŞ-dadır, kiçiyi isə hələ də burada liseydədir…

Tərcümə Strateq.az-ındır