Ben Habbard, Devid Kirpatrik
“The New York Times” (ABŞ), 14.10.2018
Beyrut, Livan – Camal Xaşuqci keçən payızda Vaşinqtonda təyyarədən endi. Onun baqajında pis xəbərlərin tam bir yükü vardı.
Səudiyyə Ərəbistanı kral ailəsinin uğurlu müşaviri və qeyri-rəsmi təmsilçisi karyerasından sonra yeni varis şahzadədən jurnalist fəaliyyətinə yasaq qazandı – hətta “Tvitter”də yazmağı da ona qadağan etdilər. Onun Səudiyyə pullarına nəşr edilən ərəb qəzetindəki köşəsini bağladılar. Nigahı pozuldu. Səudiyyə hökmdarlarını tənqidi ona tərgitdirmək üçün qohumlarına xaricə getməyi qadağan etdilər.
O, artıq Ştatlara gələndən sonra Səudiyyə Ərəbistanı boyunca həbs dalğası yayılaraq dostlarının çoxunu həbsxanaya apardı və o, ağır qərar aldı: ən yaxın vaxtlarda (ola bilsin, bundan belə) vətənə dönmək təhlükəlidir.
O, artıq Ştatlarda özünü tənqidçi kimi açdı, “The Washington Post”da köşə apardı və hesab edirdi ki, Qərbdə sığınacaq qazanıb. Aşkarlandığı kimi, onun təhlükəsizliyi yalnız Qərb ölkələrinə yayılmışdı.
Cənab Xaşuqcini son dəfə oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna girəndə görüblər – qarşıdakı toy üçün buradan hansısa arayışı götürməliydi. Türkiyə məmurları hesab edirlər ki, Səudiyyə agentləri komandası onu qətlə yetirib və şaqqalayıb.
Səudiyyə Ərəbistanı rəsmiləri Xaşuqciyə hər hansı ziyan vurulmasını inkar edirlər, amma onun yoxa çıxdığı andan keçən iki həftə ərzində baş verənlər haqda mötəbər hesabat, habelə onun konsulluğu sağ-salamat və toxunulmamış tərk etdiyi haqda sübutlar təqdim etməyiblər.
Onun yoxa çıxması Vaşinqton və Tramp administrasiyasının əsas ərəb müttəfiqi Səudiyyə Ərəbistanı arasında üzülüşməyə səbəb olub. Bundan başqa, bu, Səudiyyə taxtının varisi, 33 yaşlı Muhəmməd ibn Salmanın nüfuzuna ləkə salıb – hətta Qərbdəki ən sabit ardıcılları boyunlarına alırlar ku, o, bu dəfə çox dərinə gedib.
Dissidentin aradan qaldırılması haqda əmri gənc varis şahzadənin verə bilməsi haqda düşüncənin özü prezident Trampı çətinliklərlə təhdid edir və haçanınsa dostluq münasibətlərini gərginliyə çevirmək riski doğurur. Xaşuqcinin yoxa çıxması Yəməndəki təcavüzə, Livan baş nazirinin oğurlanmasına və ruhanilərə, biznesmenlərə və kral nəslindəki zatlara qarşı yönəlmiş həbslər dalğasına əvvəllər barmaqarası baxan hökuməti və korporasiyaları şahzadənin əsil mahiyyətinə əmin edə bilər: o, qəddar avtokratdır və düşmənlərini ələ keçirtmək üçün heç nəyin qarşısında dayanmaz.
Yoxolma varis şahzadənin fiqurunu kəskin işıqda göstərsə də, habelə kral ailəsinə xidmət illəri boyunca demokratiya və islamçılığa sevginin qəribə şəkildə çulğaşdığı cənab Xaşuqcinin özünün dolaşıq rəğbətlərinə diqqət çəkib.
Siyasi islama həvəs Xaşuqciyə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın şəxsi dəstəyini qazanmağa yardım edib: o, indi tələb edir ki, Səudiyyə Ərəbistanı onun dostunun taleyini aydınlaşdırsın.
Qərbə könüllü sürgün uzun karyerası ərzində krallığın aparıcı reportyorlarından, publisistlərindən və redaktorlarından biri olan 60 yaşlı Xaşuqci üçün ağır zərbə oldu. Gənc Usamə bin Ladendən müsahibə götürərək beynəlxalq diqqəti çəkdi. Bir az sonra kral sarayı zatlarınn inanılmış şəxsinə çevrildi.
Karyera onu bir yığın faydalı bağlantılarla təmin etdi: sanki boy-buxunlu, mərhəmətli və söhbətcil Xaşuqci son otuz ildə Səudiyyə Ərəbistanına dəxli olan hər kəsi tanıyırdı.
Lakin Vaşinqtonda yaşamaq öz üstünlüklərini də verirdi. Xaşuqci dostuyla birgə qeyd etdiyi ötən “Şükür günü”ndə hind toyuğunu necə gəmirdiyini əks etdirən fotoşəkli öz “tvitter”ində dərc edib. Onun sosial şəbəkələrdə 1,7 milyondan çox abunəçisi vardı.
Sağlıq demək növbəsi ona çatanda deyərdi: “Minnətdaram ki, azad oldum və istədiyimi yaza bilirəm”.
Xaşuqcini və onun Səudiyyə Ərəbistanıyla münasibətlərinin iç üzünə şəxsən bələd olan onlarla adam hesab edir ki, məhz ağlına gələni yazmaq manerası, habelə qıraqdan islahatlara meyl onu varis şahzadəylə toqquşmaya aparıb.
Səudiyyə Ərəbistanı böyük knyazların konsensusuyla yönəldilsə də, varis şahzadə bu sistemi dağıdaraq hakimiyyəti tam öz əlində cəmləyib. Kimsə də “satqın”ın ağzını yummağı əmr edibsə, onda buna bütün əsası olub.
Üsamə, Ədnan əmi və “Müsəlman qardaşlar”
Xaşuqcinin şöhrətə doğru ilk addımı Üsamə ben Ladenlə tanışlığı olub. Xaşuqci ben Ladenin doğma şəhəri Ciddədə bir müddət yaşayıb. O da ben Laden kimi kral nəslindən olmasa da, zadəgan ailəsindən çıxıb. Xaşuqcinin babası həkim idi və Səudiyyə Ərəbistanının ilk kralını müalicə edib. Əmisi məşhur silah taciri Adnan Xaşuqciydi. Amma Camal öz əmisinin var-dövlətindən belə də faydalanmayıb.
Xaşuqci İndiana ştatının universitetini bitirib və Səudiyyə Ərəbistanına dönərək yerli ingilisdilli qəzetə işə girib. Dostlarından bəziləri deyirlər ki, gəncliyində “Müsəlman qardaşlar”la yaxınlığı olub.
O, “Qardaşlar”ın toplantılarına getməyi tərgitsə də, mühafizəkar, islamçı və çox vaxt antiqərb ritorikasını saxlayıb – gizlincə, yaxud əksinə, dostluğunu qazanmağa çalışmağından asılı olaraq önə çıxarmaqla. Qəzetçi həmkarları onu dostcanlı, dərin düçüncəli və mömin kimi xatırlayırlar. Hindistanlı redaktor Şahid Raza Berni xatırlayır ki, o, redaksiyada tez-tez camaat namazı aparardı.
Xaşuqci 1980-ci illərdə bir çox başqa səudiyyəlilər kimi Əfqanıstanda Sovetlərə qarşı cihad tərəfdarıydı – MKİ və Səudiyyə Ərəbistanı rəhbərliyinin özü onu dəstəkləyirdi. Buna görə də daha bir gənc səudiyyəli ben Ladenlə tanışlıq təklifi edəndə, Xaşuqci bu fürsəti əldən buraxmadı. Xaşuqci Əfqanıstanda yeli geyimdə gəzirdi və hətta rəhbərliyin böyük dilxorluğuna rəğmən əlində hücum tüfəngiylə fotoya düşüb. Amma, deyəsən, döyüşlərə qatılmayıb.
Xaşuqcini Əfqanıstan haqda sorğuya tutmuş Norveç jurnalisti Tomas Hegghammer izah edir: “O, orada birinci növbədə jurnalist kimi olub. Sözsüz, Əfqanıstan cihadına rəğbət bəsləyib, amma ərəb, bir də, əlbəttə, qərbli reportyorların bir hissəsi kimi belə edirdi”.
Xaşuqcinin keçmiş işdaşları Hegghammeri təkrarlayırlar.
Camal Xaşuqcinin dostları
Hazırda Hindistan qəzetinin redaktoru Berni deyir: “Camaldan necəsə bir ekstremist quraşdırmaq ədalətsizlikdir – bu, düzgün deyil”.
Lakin müharibənin Əfqanıstan cəmiyyətinə gətirdiyi uğursuzluqlar Xaşuqci hələ uzun müddət əzab verib – eynilə ben Ladenin sonradan terrorçuluğa dönüşü kimi.
Xaşuqcinin səudiyyəli dostlarından biri deyir: “O, dərindən sarsılmışdı ki, əfqanlar bütün bu mübarizədən sonra belə də birləşə bilmədilər”. O, repressiya qorxusundan adını çəkməməyi xahiş etdi.
Xaşuqcinin Əfqanıstana səfəri və Səudiyyə kəşfiyyatına başçılıq edən şahzadə Turki əl-Faysalla dostluğu bəzi dostlarını şübhələndirdi ki, Səudiyyə hökumətinə casusluq edir.
Artıq sonralar, 2011-ci ildə Amerika xüsusi təyinatlısı Pakistanda ben Ladeni məhv edəndə Xaşuqci öz köhnə dostunun yasını tutacaq.
“Mən dərddən üzülürəm, Əbu Abdulla, – Xaşuqci ben Ladeni köhnə ayamasıyla çağıraraq tvitləyib, – Əfqanıstanda o məsud günlərdə sən gözəl və cəsur idin, nifrət və ehtiras hələ səni bürüməmişdi”.
Reportyorluqdan kral ailəsinin vəkilliyinə
Xaşuqcinin jurnalist karyerası yüksəlişə getdi: Əlcəzairdə oldu, Fars körfəzində I savaş zamanı Küveytə yollandı. Qəzetlərə şahzadələrin sahiblik etdiyi, sərt senzuranın fəaliyyətdə olduğu, kral zatlarıyla bağlı qalmaqalların isə ciddi-cəhdlə ört-basdır edildiyi Səudiyyədə KİV-lərin korporativ pilləkanıyla yuxarı dırmaşdı.
2001-ci il 11 sentyabr teraktından sonra ərəb dünyasında bərq vuran sui-qəsd nəzəriyyəsinin üstünə düşərək yazdı ki, qaçırılan təyyarələr “bir din kimi islamı və təbliğ etdiyi dözümlülük və dinc, yanaşı yaşamaq dəyərlərini də vurdu”.
2003-də Səudiyyənin “əl-Vətən” qəzetinin redaktoru postuna təyinat aldı, amma cəmi iki aydan sonra hörmətli bir islam ilahiyyatçısının ünvanına tənqidi məqalədən sonra işdən çıxarıldı – onu, guya, “kafirlər”ə qarşı hücuma çağırmaqda ittiham etdilər. 2007-də redaktor postuna qayıtdı, bu dəfə bir qədər çox duruş gətirdi.
Xaşuqci kral Abdullanın məiyyətinə daxil idi və sonradan varis şahzadə Muhəmmədin həbs etdiyi yatırımçı-milyarder şahzadə əl-Validlə dostluq edirdi. Kəşfiyyatın keçmiş rəisi, şahzadə Turki Böyük Britaniya və ABŞ-da səfir olarkən Xaşuqcini müşavir tutub.
Xaşuqci elə bu vaxt Virciniya ştatında Maklində mülk alıb və Səudiyyə Ərəbistanından qaçarkən orada da məskən salıb.
Xaricdəki üsyanlara dəstək, vətəndə islahatlar
Xaşuqcinin dostlarından çoxu deyir ki, o, Səudiyyə monarxiyasına qulluq lazım gəldiyi bütün müddətdə həm seçkili demokratiyaya, həm də “Müsəlman qardaşlar” tərzində siyasi islama sevgisini gizlətməli olub.
1992-ci ildə hərbi çevriliş Əlcəzair parlamentində islamçı partiyanın qələbə ümidini məhv edərkən, Xaşuqci Londonda islamçı dostuyla “Əlcəzair demokratiyasının dostları” təşkilatını qurub.
Qrup İngiltərə qəzetlərində seçkiqabağı reklam elanları dərc edərək səsləndirib: “Öz səsinizi verməyə gedəndə unutmayın ki, bu, əlcəzairlilər daxil olmaqla planetin əksər sakinlərinin məhrum olduqları təbii sərvətdir” – Xaşuqcinin fiquruna diqqət çəkməməkdən ötrü o zaman təşkilatın siması olmuş Əzzam Təmimi xatırlayır.
O, altıncı onlliyə keçənə yaxın “Müsəlman qardaşlar”la dolaşıq münasibəti formalaşdı. Təşkilatın bir sıra üzvləri bu həftə xəbər veriblər ki, onu “öz adamları” sayıblar. Xaşuqcinin dünyəvi dostları isə buna heç vaxt inanmazdılar.
Cənab Xaşuqci heç vaxt Səudiyyə monarxiyasının tədricən dəyişdirilməsindən savayı heç nəyə çağırmayıb. Son nəticədə o, hətta Bəhreyn və Yəməndə “İran nüfuzu”nun qarşısının alınmasına yönəlik hərbi müdaxiləni dəstəkləyib. Xaşuqci bununla yanaşı, “ərəb baharı”ndan – 2011-də ərəb dünyasında alovlanmış üsyanlar silsiləsindən vəcdə gəlmişdi.
Amma Əfqanıstan cihadı hadisəsində olduğu kimi, tezliklə iğtişaş və zorakılığa çevrilən “ərəb baharı”ndan tez məyus oldu. Həm də Səudiyyə Ərəbistanı və ABŞ öz sərvətini müxalifəti sarsıtmaq və avtokratları dəstəkləməyə yönəltdi.
Xaşuqcini şəxsən tanıyan, vaşinqtonlu Yaxın Şərqin bilicisi Siqurd Noybauer deyir: “Ona xoş gəlmirdi ki, Səudiyyə Ərəbistanı öz nüfuzundan istifadə edərək bütün ərəb dünyasında reaksiyanı qızışdırır”.
Lakin 2015-də taxta çıxan kral Salman böyük bir hakimiyyəti öz oğlu, əvvəllər MBS inisialıyla tanınmış varis şahzadə Muhəmmədə verərkən, krallığın hətta ən rəhmli tənqidə də dözümü yoxa çıxdı.
Gənc şahzadə iqtisadiyyatın şaxələndirilməsini elan etdi, ictimai basqını azaltmağa söz verdi və hətta qadınlara avtomobil sürmək hüququ verməyə razılaşdı.
Xaşuqci bu addımları alqışladı, amma şahzadənin avtoritar ədalarını tənqid etdi. Deməli, Xaşuqci ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın abrını alanda Səudiyyə məmurları Amerikanın yeni administrasiyası ilə münasibətlərə ziyan verəcəyindən qorxaraq danışmağı ona yasaqladılar.
Varis şahzadə Muhəmməd var gücüylə öz tənqidçilərinin üstünə düşdü: bəzilərinə xaricə getməyi qadağan etdi, digərlərini həbsxanaya atdılar. Xaşuqcinin onlarla dostunu həbs edəndə, yüzlərlə görkəmli səudiyyəlini isə rüşvət ittihamıyla ər-Riyadda “Rits-Karlton” otelinə qapayanda, o, ötən il krallığı tərk etdi. İki keçmiş varis daxil olmaqla onların bəziləri hələ də həbsdədir.
Xaşuqci “The Washington Post”a yazmağa başlayaraq, varis şahzadəni Rusiya prezidenti Vladimir Putinlə tutuşdurdu. Dostları nəticəyə gəlib ki, o, məhz belə məqalələrlə şahzadənin qara siyahısında özünə yer qazanıb.
“Muhəmməd ibn Salman milyonlarla dollar itirirdi ki, özünün müəyyən imicini yaratsın, Camal Xaşuqci isə bunu qələmlə bir anda məhv edirdi, – Xaşuqcinin dostu Təmimi hesab edir. – Yəqin ki, varis şahzadə qəzəbindən özündə deyil”.
Amma Xaşuqci əldə etdiyində dayanmağa hazırlaşmırdı.
O, Səudiyyə Ərəbistanı daxil olmaqla ərəb ölkələrinin iqtisadiyyatı haqda tərcümə hesabatların dərci üçün sayt qurmağı planlaşdırırdı. Ona elə gəlirdi ki, korrupsiyanın miqyasını çoxları anlamır – eynilə neft sərvətinin əbədi olmadığını başa düşmədikləri kimi.
O, habelə təbliğat işiylə məşğul olmaq üçün “Çağdaş ərəb dünyasında demokratiya” təşkilatını qurdu. Dostlarının sözlərinə görə, Xaşuqci yox olmazdan qabaq maliyyələşmə qoparmağa və direktorlar şurasını yaratmağa çalışırdı.
Xaşuqci apreldə islamçılığa meyllənən “İslam və demokratiyanın öyrənilməsi” mərkəzindən mükafat alaraq bildirib ki, bütün ərəb dünyasında demokratiya xalq kütlələrinin siyasi həyata qatılmasının yalnız xaosa gətircəyindən qorxan radikal islamçılar, avtokratlar və elitalar tərəfindən zərbə altındadır. O, hesab edirdi – hakimiyyətin bölünməsi vətəndaş savaşından yayınmaq və dövlət idarəçiliyini təkmilləşdirməyin yeganə yoludur.
Varis şahzadə Muhəmməd “gələcək layihələrə yüz milyardlarla dollar yatırır, amma duruma yalnız öz dəyərləndirməsini rəhbər tutur və inanılmış şəxslərin dar çevrəsinin bacarığına güvənir. Bu yetərlidirmi? Xeyr, yetərli deyil”, – deyə Xaşuqci yazır.
O, dostlarına etiraf edirdi – Vaşinqtona köçdüyü andan varis şahzadənin təmsilçiləri tənqidi birtəhər yumşaltmaq və vətənə qayıtmaq çağırışıyla onu cana gətirmişdilər.
Lakin Xaşuqci artıq yeni həyat qurmuşdu. Türk araşdırıcısı Xədicə Cengizlə evlənməyə və İstanbulda yurd salmağa hazırlaşırdı.
Çoxdankı rəfiqəsi Meqqi Mitçell Salem ona görə çox həyəcan keçirirdi və o, hər dəfə Səudiyyənin Vaşinqtondakı elçiliynə yollananda sms yazmağı xahiş edirdi. Qadın xatırlayır: “O isə hər dəfə zarafata salırdı: “Meqqi, Meqqi, özünü gic yerinə qoyma””.
Tərcümə Strateq.az-ındır.