XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 17:48

VAŞİNQTONDA MÜBHƏM GÖRÜŞ:İsrail generalı ərəb vəzifədaşları ilə nəyi müzakirə edib? - TƏHLİL

Anna Ahronhaym

“Jerusalem Post”

 

İsrail ordusunun Baş Qərargah rəisi general Qadi Ayzenkot bir neçə ərəb ölkəsindən olan vəzifədaşları ilə görüşüb. Görüş Vaşinqtonda, ekstremist təşkilatlarla bağlı hərbi komandirlər üçün keçirilən konfransda baş tutub.

İsrailin “KAN” ictimai televiziyasının məlumatına görə, Ayzenkot Səudiyyə Ərəbistanı Baş Qərargahının rəhbəri general Fəyyad bin Həməd əl-Ruvayli ilə bir araya gələrək, o cümlədən ortaq düşmən olan İrana əleyhinə bir sıra regional məsələləri müzakirə edib.

İsrail ordusunun açıqladığı bəyanatda Ayzenkotun ABŞ və digər xarici hərbi rəsmilərlə görüşdüyü bildirilsə də, konkret adlar çəkilməyib.

Bu, Ayzenkot ilə əl-Ruvayli arasında bu il ərzində artıq ikinci dəfə və eyni tədbirdə baş tutan görüşdür. İlk görüş zamanı da onların İranla bağlı müzakirə apardığı ehtimal olunur.

Konfransda ilk iştirakından sonra, keçən ilin noyabr ayında Ayzenkot, ofisi Londonda yerləşən Səudiyyə Ərəbistanının “İlaf” qəzetinə müsahibə verib. Həmin müsahibədə general İranla bağlı kəşfiyyat məlumatlarını Riyadla bölüşməyi təklif edib və deyib ki, səudilərin İran ekspansiyası ilə bağlı narahatlığı İsrailin narahatlığı ilə üst-üstə düşür.

“Biz Səudiyyə Ərəbistanı və digər müsəlman ərəb ölkələri ilə təcrübə və İrana müqavimət üçün kəşfiyyat mübadiləsi aparmağa hazırıq”, – deyə o bildirib və əlavə edib ki, “biz və Səudiyyə Ərəbistanı arasında çoxlu ümumi maraqlar var”.

Yaxın Şərqdə yeni beynəlxalq ittifaqa çağırış edən Ayzenkot deyib: “İran təhdidinin dayandırılması üçün böyük, hərtərəfli strateji plan olmalıdır. Bölgədə yaranmış vəziyyətin qarşısını almaq lazımdır. Bu mövzuda biz və Səudiyyə Ərəbistanı arasında tam uzlaşma var “.

Əl-Ruvayli ilə görüşdən əlavə, Ayzenkot Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Fərid ilə eyni masa arxasında oturaraq nahar edib. Bunu əks etdirən fotoda iordaniyalı general-leytenant Mahmud Əbdühalim Freyhat, həmçinin Bəhreyn Baş Qərargahının rəisi general Ziab bin Səqr əl-Nuaimi əks olunub.

İsrailin Səudiyyə Ərəbistanı və Bəhreynlə heç bir rəsmi münasibəti olmasa da, sünni krallığı və digər Körfəz ölkələri ilə əlaqələr son illərdə güclənib və bu, İranın bölgədə genişlənmə təhlükəsi ilə bağlıdır.

İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər gərgindir, onlar bir-birini regional təhlükəsizliyi pozmaqda ittiham edir. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İsrailin mövcud olma haqqını tanıyaraq, bu ilin əvvəlində gündəmi partladıb.

Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanını, o cümlədən ABŞ prezidenti Donald Trampın səfərdə olduğu günlərdə krallığın paytaxtını ballistik raketlərlə hədəfə alıblar.

Ötən ilin noyabr ayında husilərin sözçüsü İsraili Yəmənə qarşı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyada iştirak etməkdə günahlandırıb və Afrikadakı İsrail hərbi bazalarının husi raketlərinin radiusunda olduğuna dair xəbərdarlıq səsləndirib.

Sentyabr ayında Birləşmiş Əmirliyin “əl-Xəlic” xəbər saytı husilərin raket hücumlarından özünü müdafiə etmək üçün Səudiyyə Ərəbistanının İsraildən “Dəmir Qübbə” raket hücumundan müdafiə sistemini satın aldığını bildirib. Birləşmiş Ştatların vasitəçiliyi ilə həyata keçirilən bu satınalma ilə iki ölkə  geniş hərbi əməkdaşlıq haqqında razılığa gəlib.

Tərcümə: Strateq.az