XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 07:59

İRANLILAR RUSİYADAN NARAZIDIRLAR:“Neft-qaz bazarında bizi sabotaj edir” – TƏHLİL

ILNA İA (İran), 17.10.2018

 

Neft bazarı üzrə ekspert: “Rusiya bizim təsəvvürlərimizə qarşı olaraq bizim üçün heç də tərəfdaş deyil. Bu, uzun illər boyu İrana Avropaya qaz ixrac etmək imkanı verməyən bir ölkədir və hətta qonşu ölkələrə tədarüklərimizi sabotaj edib”.

Murtuza Bəhruzifər qarşıdakı sanksiyalar dalğası nəzərə alınmaqla OPEK ölkələrinin neft hasilatı həcmi haqda danışaraq “ILNA”nın müxbirinə bildirib: “OPEK üzvləri anlayırlar ki, bu qurumda qərar kollektiv qəbul edilir, buna görə də hansısa ölkə qarşıdırsa, qərar da qəbul edilməyəcək. OPEK üzvləri xəbərdardırlar ki, İran neft hasilatının artırılmasına qarşı çıxıb – bu qayda ilə aydındır ki, onlar öz ziyanlarına hərəkət və təşkilatın nizamnaməsinə zidd olanı etməməlidirlər”.

Eksper əlavə edib: “Amma gerçəklik belədir ki, Rusiya indiki anda neft hasilatını SSRİ dönəmindən bəri ən yuxarı həddə çatdırıb və bunu etməkdən ötrü bütün imkanlarını səfərbər edib. Səudiyyə Ərəbistanı da hasilatın ifrat həddini, yəni ona bazarı doldurmaq imkanı verəcək həcmi saxlamaq istəyir”.

Ekspert qeyd edib: “Problem bundadır ki, biz bunu istəsək də, istəməsək də, İran neftinin bir qismi bazardan gedəndən sonra başqa ölkələr 900 min barrel itkinin yerini doldurub və kəsirdən yayınmağa nail olunub”.

O bildirib: “Amerikanın siyasəti dəyişməsə və Tramp neft sanksiyalarını dəstəkləmək niyyətində sabit qalarsa, onda bazarın önəmli hissəsi əlimizdən çıxacaq. Problem ondadır ki, Amerika İran neftini bazardan itələyib çıxarmaq istəyirsə, Səudiyyə Ərəbistanı bu addımı alqışlayacaq, Rusiya isə artıq sərgiləyib ki, yalnız öz milli maraqlarını güdür və qətiyyən  bizim strateji tərəfdaşımız deyil”.

Rusiya neft-qaz bazarında bizim rəqibimizdir, – Murtuza Bəhruzifər qeyd edib. – Bu ölkə göstərib ki, bizi həmişə manipulyasiya edib, bizimlə dilxoşluq edib və hətta bizi bazardan sıxışdırıb ki, öz maraqlarını təmin etsin. Bu yaxınlardakı hadisələr xəbər verir ki, Rusiya son aylarda neft hasilatını artırmaqla mümkün olduğu qədər bizim yerimizi tutmağa başlayıb”.

Ekspert vurğulayıb:  “Konyunkturanın mövsümi dəyişikliklərinə görə tələbat payızın üç ayı boyunca hələ saxlanacaq, buna görə bazar sarıdan hələlik heç kim narahat olmur. Başqa yandan, nəzərə almaq gərəkdir ki, Səudiyyə Ərəbistanı və Rusiya ən böyük neft ixracatçısı kimi qiyməti endirmək istəmir: axı lap böyük ixracat həcmi bu iki ölkəyə düşür, uyğun olaraq onlar da bu halda ən böyük itkiyə məruz qalır”.  

Analitik bildirib: “Fars körfəzinin Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt kimi ölkələri İranın düşmənidir və açıqca silah cingildədirlər. O biri yandan, Rusiya da bizim təsəvvürlərimizə rəğmən, heç də bizim tərəfdaşımız deyil. Bu, uzun illər boyu İrana Avropaya qaz ixrac etmək imkanı verməyən bir ölkədir və hətta qonşu ölkələrə tədarüklərimizi sabotaj edib: məsələn, o, yatırımçı kimi çıxış edə bilər, sonra isə elə edir ki, layihə yığışdırılır. Başqa sözlə, əslində, Rusiya yatırım qoymaq istəmir, sadəcə, İranı bazardan sıxıdırmaq istəyir”.

Tərcümə Strateq.az-ındır.