XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 16:01

KRAL SALMAN SƏLTƏNƏTİ NECƏ XİLAS EDƏ BİLƏR? –Varis şahzadəni əvəz edə biləcək əsas fiqurlar - TƏHLİL

Mədavi əl-Rəşid

New York Times

 

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın Yəməndəki qəddar müharibədən tutmuş Kanada ilə mübarizəyə, nəhayət, son dövrdə jurnalist Camal Xaşuqcinin qətlinə qədər bütün hərəkətləri ucbatından Səudiyyə Ərəbistanı şər dövləti olma riski altındadır. Riyaddakı kral sarayı, padşah Salman bin Əbdüləziz də daxil olmaqla, vəziyyətin bu cür davam edə bilməyəcəyini bilir.

Ağıllıdırlarsa, qətiyyətli hərəkətlər etməlidirlər.

Birincisi, kral Salman şahzadə Məhəmmədi vəzifəsindən kənarlaşdırmalı, Xaşuqci sui-qəsdinin məsuliyyətini qəbul etməli və nəticələrlə razılaşmalıdır.

Daha sonra, əgər Səudiyyə Ərəbistanı həqiqətən də, beynəlxalq birliyin sayılıb-seçilən üzvü olmaq istəyirsə, konstitusiyalı monarxiya yönündə addımlar atmalıdır.

Kral Salmanın MBS kimi tanınan oğlunu daha az çılğın və təmkinli şahzadə ilə əvəz etməsi fikri gerçəkdən uzaq görünə bilər, ancaq bunun presedentləri var. Kralın iradəsi varsa, tacdar şahzadəni kənarlaşdırmaq çox çətin və ya mübahisəli deyil. 2015-ci ildə taxta çıxdıqdan bəri o, iki vəliəhdi kənarlaşdırıb: qardaşı şahzadə Müqrin bin Əbdüləzizi və qardaşı oğlu şahzadə Məhəmməd bin Naifi. Padşahın fərmanı ilə hər ikisinin xoruzları qoltuqlarına verilib.

Amma MBS ilə əlaqədar daha faydalı tarixi nümunə var: 1960-cı illərdə kral Səud bin Əbdüləziz antiimperializm və ərəb millətçiliyinin yüksəlişi dövründə misirli Camal Əbdül Nasir kimi ərəb liderlərinə sui-qəsd təşkil edərkən, məmləkətin sərvətini çapıb-talayarkən, kral ailəsi utancdan yerə girirdi. Səltənət iflasın astanasında, Birləşmiş Ştatlar isə narahat idi. Şahzadə Vəlid bin Talalın atası Talal bin Əbdüləzizin rəhbərlik etdiyi bir neçə şahzadə Beyrut və Qahirəyə sürgün olunmuş, oradan konstitusiyalı monarxiya tələb edirdilər. Kral Səud ailəsində “persona non-qrata” oldu. Tacdar şahzadə Feysəl bin Əbdüləziz, fərasətli strateq digər şahzadələrlə birlikdə ruhanilərdən fətva aldı və Sarayın Milli Qvardiya tərəfindən mühasirəyə alınmasından sonra Səud taxt-tacdan imtina etməyə məcbur oldu…

Kral Salman və kral ailəsi içərisindəki digər fiqurların Sarayı mühasirəyə almasına ehtiyac yoxdur, ancaq MBS-ni kənarlaşdırmaq üçün daha dinc üsul tapa bilərlər.

Fəlakətli şahzadə Məhəmmədi əvəz etməyə bir neçə namizəd var. Daxili işlər nazirinin müavini kimi qısa karyerasından sonra uzun müddət kölgədə qalmış kral Salmanın qardaşı şahzadə Əhməd yaxşı seçimdir. O, marginal fiqurdur, nə hikkəli, nə də aqressivdir. MBS-nin dəmir yumruğuna qarşı təzyiqi və kral ailəsinin böyük üzvlərini alçaltmaq istəyini nəzərə alaraq, şahzadə Əhməd daha az iddialı tərzi ilə Səudiyyə Ərəbistanına qırılan kral konsensusunu bərpa etməyə kömək edə bilər.

Bundan başqa, daha görkəmli namizədlər var: kral Salmanın qardaşı uşaqları, yaxud, məsələn, bir il əvvəl hakimiyyətdən kənarlaşdırılan şahzadə Naif və 2017-ci ildə həbs olunana qədər Səudiyyə Ərəbistan Milli Qvardiyasına rəhbərlik etmiş şahzadə Mütəyb bin Abdullah.

Şahzadə Naif amansızlığı ilə şöhrət qazanıb, güman ki, kral ailəsi və rəiyyətdən dəstək ala bilməyəcək. 2003-cü ildən etibarən “əl-Qaidə”yə qarşı kampaniyasına görə Qərb hökumətləri tərəfindən sevilib və istefasından əvvəl, 2015-ci ildə CIA rəhbəri Corc Tanetdən medal alıb. Amma şahzadə Naif cəmiyyətdə xof yaradıb, fəalları həbs edib və işgəncə verib, terrora qarşı mübarizədə bir çox səudi yadfikirliliyin susdurulmasına məruz qalıb.

Onun əksinə, şahzadə Mütəybin adı repressiya ilə əlaqəli deyil. Onun güc təməli Milli Qvardiyaya qatılmış qəbilə qrupları idi. O, padşahlığın köhnə patronu kimi, atasının şöhrətindən faydalana bilər. Əgər əcdadının paternalizmini davam etdirərsə, öz qohumları arasında etimadın bərpası üçün təməl rəmzinə çevrilər.

Səudiyyə məqam sahiblərinin nə düşündüyünü heç kim bilmir, amma oğlunu əvəz edərkən, heç kim Kral Salmana meydan oxumayacaq. MBS tərəfindən təyin edilən insanların çoxunun kral Salmanın əleyhinə çıxması gözlənilmir.

Amma yaşlı kral MBS-nin padşahlığa verdiyi zərəri (qorxunc müharibələr, həbslər, işgəncə və indi qətllə nüfuzunu itirmə, köhnə konsensusun parçalaması) dərk edirmi?

Kosmetik tədbirlər – qadın sürücülüyü, kinoteatrlar, teatrlar – krallıqda yeni tərəqqi yaratmaq üçün kifayət deyil.

Əgər kral Salman MBS-ni əvəz edərsə, mütləq monarxiyanı gələcəkdə padşahların və tacdar şahzadələrin təyin edilməsini təsdiq edən seçilmiş hökumət və parlamentlə birlikdə konstitusiyalı monarxiyaya çevirməlidir. Bu, özlüyündə, MBS kimi, bütün iqtidarı əlində birləşdirən və krallığın maraqlarını təhlükə altına alan yeni bir şəxsin ortaya çıxmasına mane olacaq.

Səudiyyə Ərəbistanını əsas insan haqq və azadlıqlarına hörmət göstərən müasir dövlət halına gətirmək üçün vaxt və pulu var, lakin o, bu yoldan çəkinib. Keçmişdə təbəələr və kral ailəsinin bəzi üzvləri siyasi nümayəndəliyin başlıca formalarını axtarıblar, lakin konstitusiyalı monarxiya çağırışlarının müəllifləri həbsxanaya salınıb. Sözlə əməl aşmayıb.

Kral Salman ölkədə və xaricdə ciddi təzyiq olmadan belə bir dəyişikliyə könüllü surətdə təkan verməyəcək. Qərbin, xüsusən də prezident Trampın dəstəyini nəzərə alsaq, əksər hökumətlərin Camal Xaşuqcinin itkin düşməsi və öldürülməsi ilə bağlı qlobal təhqiri həzm edib unutması üçün krallığın yeni siması olacaq yeniliklər lazımdır.

MBS-nin kənarlaşdırılması və konstitusiyalı monarxiyaya doğru hərəkət hazırda arzulanmayan düşüncə kimi görünə bilər, amma bu iki addım Səudiyyə Ərəbistanını gələcəkdə daha ciddi əziyyət və iflasdan xilas edə bilər.

 Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə