XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 12:07

BOLTONUN VƏ QAFQAZIN ÜÇ ÖLKƏSİNİN BİRİ-BİRİNDƏN GÖZLƏNTİLƏRİ:ABŞ İranın təcridini istəyir, qonşuların isə öz prioritetləri var

“ABŞ Prezidenti Donald Trampın aparıcı müşavirinin Qafqaza səfəri zamanı bu regiondakı üç ölkəni Vaşinqtonun İranı təcrid kampaniyasına cəlb etməyə çalışacağı gözlənir. Amma Qafqazdakı liderlər Tehranı qarşılarına almaq məsələsinə ehtiyatla yanaşırlar. Əvəzində onlar da uzun müddət regionu gözardı etmiş administrasiyaya öz maraqlarını təşviq etməyə çalışacaqlar”.

“Eurasianet.org” saytında Coşua Kucera diqqəti hazırda bu üç Cənubi Qafqaz ölkəsinin heç birində ABŞ səfirinin olmamasına, siyasətçilərin Amerikanın onlara diqqət ayırmamasından gileylənməsinə çəkir.

Milli təhlükəsizlik müşaviri Con Bolton bu gün – oktyabrın 24-də Bakıda görüşlər keçirməli, daha sonra Yerevana və Tbilisiyə getməlidir. Bu, Tramp administrasiyasından regiona indiyədək ən yüksək profilli səfəri sayılır.

Bolton deyib ki, səfərinin məqsədi regional təhlükəsizlikdir. O, səfərdən öncə bir müsahibəsində qeyd edib ki, Qafqaza bu ölkələrin İran, Rusiya və Türkiyəyə dair coğrafi rollarını öyrənməyə gəlir.

Problemli məqam 

Müəllif yazır ki, Boltonun vurğunu İrana vuracağı gözlənir. Bu ölkənin Ermənistan, Azərbaycan və Gürcüstanla münasibətləri yaxşıdır, Tramp administrasiyası isə cidd-cəhdlə onu təcrid etməyə çalışır. Bolton İrana qarşı həmişə sərt mövqe tutub, administrasiyanın İranla nüvə sazişindən çıxmasını, Tehrana sanksiyaların bərpasını təbliğ edib.

“Onun Qafqazda İrandan başqa nəyi müzakirə edəcəyini təsəvvür eləmirəm”, – Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya Proqramının aparıcı əməkdaşı Paul Stronski deyib.

“Ötən ay Trump BMT-də İranı önləməkdən ötrü beynəlxalq əməkdaşlığa çağırdı, amma onun cəhdləri əsasən, uğursuz olub. İndi Bolton Qafqaz və Moskvanın dəstəyini təmin etməyə çalışır”. ABŞ-ın istefada olan səfiri, vaxtilə Qafqazda işləmiş Karey Kavanaugh belə düşünür. Müəllif özəlliklə Ermənistanın İranla əlaqələrinin həyati əhəmiyyətinə toxunur, axı, Azərbaycan və Türkiyəylə sərhədləri bağlıdır:

“Bu, həmişə problemli məqam olub. ABŞ-ın narahatlığı, sanksiyaları ucbatından bu ölkələr coğrafi baxımdan yaxın qonşular olmalarına baxmayaraq, İranla möhkəm iqtisadi əlaqələr qura bilməyiblər. Amma həmişə də tənqidlə razılaşmayıblar, çünki başqa variantları yoxdur”.

Ancaq son zamanlar İranla bağlı artmaqda olan təzyiq Qafqaz ölkələrinin onsuz da kövrək olan geosiyasi mövqeyini bir az da çətinləşdirib: “Tramp administrasiyasının İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxması bu ölkələri çətin duruma salıb. ABŞ-Rusiya münasibətlərinin dəhşətli pisləşməsi onların tarazlaşdırma siyasətini çətinləşdirib… Bu ölkələr reallıqda iki od arasında qalıblar”, – Stronski vurğulayır.

Qafqazın prioritetləri 

Amma müəllifin fikrincə, İranın Boltonun gündəmində əsas yer tutmasına baxmayaraq, Qafqaz liderlərinin onu öz prioritetlərinə yönləndirməyə çalışacağı gözlənir. Məsələn, Gürcüstan rəsmiləri təhlükəsizlik sahəsində əməkdaşlığa fokuslanacaqlar. Bunu Gürcüstan Siyasət İnstitutunun direktoru Kornely Kakaçya bildirir.

Azərbaycan tərəfsə Birləşmiş Ştatlardan Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamasını istəyəcək. Beynəlxalq Böhran Qrupunun Bakıdakı təhlilçisi Zaur Şiriyevin fikrincə, Azərbaycan İranda Birləşmiş Ştatların siyasətinə qatılmış kimi görünməyi arzulamır:

“Tehran bunu yanlış yoza bilər və Bakı İranla ikitərəfli münasibətləri zədələmək istəmir. Boltonun səfəri zamanı Dağlıq Qarabağ azərbaycanlılar üçün əsas məsələ olacaq, amma ABŞ tərəfdən elə bir yeni təşəbbüs də gözlənilmir”, – Şiriyev deyib.

Ermənistanda Bolton ölkəyə dramatik islahatlar vəd edən yeni rəhbərliklə görüşəcək.

“Ermənistanın perspektivindən baxanda, bir tərəfdən Rusiya və Birləşmiş Ştatlar, digər tərəfdən İranla münasibətləri balanslaşdırmaq istəyirlər. Bu o deməkdir ki, Yerevan həm Ermənistan-İran strateji əlaqələrini irəli aparmağa, həm də əsas niyyətlərlə bağlı Birləşmiş Ştatlarla şəffaf davranmağa çalışır”, – Ermənistan üzrə Londonda yaşayan təhlilçi Eduard Abrahamyan belə düşünür.

(Azadlıq radiosu)




Yuxarı Əvvələ Ana Səhifə