Hüseyn İbiş
“Bloomberg”
Aydındır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çərşənbə axşamı günü jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanı konsulluğunda öldürülməsi ilə bağlı yeni bir söz demədi. Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın qətldə iştirakını bildiyi halda, bunu bəyan etmədi. Yəni Ərdoğan “çılpaq həqiqəti” ortaya qoyacağı vədini yerinə yetirmədi.
Bunun səbəbi Türkiyənin həm Səudiyyə Ərəbistanı, həm də ABŞ-la dolaşıq əlaqələrinin təbiətindədir.
Türkiyənin Xaşuqcinin qətlinə təpkisi Ankara ilə Riyad arasında gərginlik fonunda nəzərdən keçirilməlidir.
Ərdoğan qlobal İslam lideri iddiasını gücləndirib. Səudiyyənin kral ailəsi isə uzun illərdir ki, bu statusu özünün mədəni hüququ hesab edir.
Səudiyyə Ərəbistanı Türkiyəni, Qətər və antaqonist “Müsəlman Qardaşlar” hərəkatını ehtiva edən sünni islamçıların regional ittifaqının rəhbəri olaraq görür.
Səudilərə görə, Türkiyənin Xaşuqcini bağrına basması Riyada meydan oxumadır: o, türkdilli televiziya kanalı, bir sıra veb-saytlar və ABŞ-da yerləşən siyasi qrup yaratmaqla, Yaxın Şərqin inkişafında daha böyük rol oynamağa çağırış edəcək.
Xaşuqci cinayəti vəliəhd şahzadəni nüfuzdan salmaq üçün Türkiyəyə Səudiyyəyə yeni meydan oxuma imkanı yaradıb.
Ancaq Ərdoğan məhdudiyyətlərlə üzləşir. Bu həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Cina Haspelin Türkiyəyə gəlişi Ərdoğanın önünü kəsib.
Haspel açıq şəkildə türklərə xəbərdarlıq etmək üçün göndərilib: Səudiyyənin varis şahzadəsini devirməyə cəhd göstərməyin. Bunu etmək ABŞ maraqlarının qorunmasında Birləşmiş Ştatların balanslaşdırma fəaliyyətini çətinləşdirə bilər.
Ərdoğanın ABŞ-la əməkdaşlığa ehtiyacı var. Çünki qətli gündəmdə saxlamaqla, səudiyyəli investorların maliyyəsini itirir.
Üstəlik, ABŞ da Ərdoğana kömək etməlidir. Xaşuqci cinayətinin təfərrüatlarını açıqlamasına, son həftələrdə Səudiyyə Ərəbistanına qarşı kampaniya apardığına görə.
Ən əsası, Ərdoğan öz beynəlxalq reabilitasiyasını inkişaf etdirmək istəyir. 2016-cı ilin iyulunda baş verən hərbi çevrilişindən bəri Ərdoğan siyasi müxalifəti qısnayıb, faktiki olaraq diktator səlahiyyətləri alıb, miras aldığı daha demokratik və institusional türk siyasi sistemini ləğv edib və onu öz fərdi hakimiyyəti ilə əvəzləyib.
Ərdoğan Türkiyəsi siyasi repressiya və insan haqları pozuntuları, o cümlədən Xaşuqci kimi jurnalistlərə qarşı təqiblərlə məşhurdur. Amma Xaşuqcinin ölümü Türk hökumətinə özünü məsuliyyətli aktyor kimi təqdim etmə imkanı verir. Ərdoğanın daxili və beynəlxalq davranışı onu qanun-qayda, ədalət çempionuna çevirir. Xaşuqcinin qətlindən sonra yürüdülən xətt Donald Tramp administrasiyasını Türkiyəni beynəlxalq səviyyədə məsuliyyətli regional aktyor kimi qəbul etməyə təşviq edir.
Çərşənbə axşamı günü Ərdoğanın göstərdiyi təmkinin səbəbi nə idi? Şahzadəni ən pis şəkildə aşağıladığı təqdirdə, Türkiyə prezidenti başqa, daha əhəmiyyətli hədəfləri qurban verəcəkdi. Bu halda, Səudiyyə Ərəbistanı ilə münasibətlər tamamilə dağılacaq və Vaşinqtonun təzyiqi artacaqdı. Amma indiki halda, o, Riyadı utandıra və tacdar şahzadəni zəiflətmək üçün regional rəqib kimi Səudiyyə Ərəbistanına təsirini qoruya bilər.
Varis şahzadə və Səudiyyə hökumətinə gəldikdə isə, onlar bütünlüklə qəza rejimindədir və hazırda bu durumun əsas tamaşaçısı Trampdır.
Tərcümə: Strateq.az