XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 Oktyabr 2018 - 13:31

MKİ DİREKTORUNUN “XAŞUQCİ CİNAYƏTİ” İLƏ BAĞLI RAPORTU MƏXFİ SAXLANIR –Kuşner haqqında Ağ Evdə ciddi müzakirələr başlayıb - TƏHLİL

Sərdar TURQUT

“Habertürk”, Türkiyə, 26 oktyabr 2018-ci il

 

MKİ direktoru Gina Haspel Türkiyədən döndükdən sonra ilk səhər prezident brifinqini dünən Trampa verib.

“Gündəlik prezident brifinqi” (President’s Daily Brief PDB) adlandırılan bu ənənəvi səhər brifinqlərində bütün ABŞ kəşfiyyat aparatının əlində olan və üst səviyyədə gizli sayılan gündəlik qlobal hadisələrə aid bütün məlumatlar, həyata keçirilməkdə olan əməliyyatlar və planlaşdırılan yeni əməliyyatlar Prezidentə məruzə edilir.

MKİ direktorunun özü şəxsən hər gün bu brifinqlərə girməyə bilər. Bunu onun yerinə MKİ-nin tapşırıq alan üst səviyyəli vəzifəli şəxsi də edə bilər.

Xarici işlər naziri Mayk Pompeo MKİ direktoru olan vaxtlarda bu səhər brifinqlərini birbaşa özü verməyi çox önəmli sayırdı. Bu üzdən Trampla aralarında yaxınlıq yarandı və Pompeo rəhbərlik daxilində təsir əldə etdi. Axırda da, bildiyiniz kimi, Xarici işlər naziri oldu.

İndi də Trampa MKİ direktoru Gina Haspelin birbaşa özünün brifinq verdiyi söylənir. Yaxında onun da təsir səviyyəsinin artmasının gözlənilməsi lazımdır.

Trampdan öncə bütün prezidentlər iş gününə çox erkən başladıqlarından, MKİ nümayəndəsi brifinq vermək üçün sabaha doğru Lenqlidəki mərkəzdən çıxıb, Ağ Evə gedərdi. Ancaq indi Prezident Tramp günorta saatlarınadək Ağ Evin rezidensiya bölümündən çıxıb, “Qərb Qanadı” (“West Wing”) adlandırılan çalışma yerinə keçmədiyinə görə, hazırda brifinqlər günorta saatlarına doğru başlayır.

 

Ağ Evin səhərləri

 

Prezident Trampın səhər saatlarını Ağ Evin rezidensiya bölümündə televiziyada “Fox news”u seyr edərək və “twitter” mesajları ataraq keçirdiyi söylənir. Ayrıca, Trampın məxfi xidmətdən “Mobil telefonunuzdan çox istifadə etməyin, çünki qulaq asılma ehtimalı çox yüksəkdir” xəbərdarlığı almasına baxmayaraq, o, xüsusilə səhər saatlarında, bir çox şəxsə birbaşa özü zəng edərək, danışmağı davam etdirir.

 

Dünənki brifinqdə bir nömrəli maddə Türkiyə idi

 

MKİ direktoru Gina Haspelin dünən Prezidentə verdiyi gündəlik brifinqin öncəlik sırasına görə, ilk maddəsi Türkiyə və Xaşuqci məsələsi idi. Prezident Tramp bir neçə gündür ki, öz yaxın ətrafına bu məlumatları maraqla gözlədiyini söyləyir.

Ortada bacarıqsız “üstünü örtmə əməliyyatı” olduğunu düşünən Tramp, bu məsələ ilə bağlı səudiləri günahlandıran açıqlamalar da verib.

110 milyard dollarlıq silah satışı üzündən Məhəmməd bin Salmanı birbaşa günahlandırmaq istəməyən Tramp, Xaşuqcinin səudi dövlətində nəzarətdən çıxmış ünsürlər tərəfindən öldürüldüyünü düşündüyünü də açıqlayıb. Bunun həqiqət olub-olmaması dünən verilən brifinqdən sonra daha dəqiq ortaya çıxacaq.

 

Yazılan səslər Haspelə dinlədildimi?

 

Bu arada, Türkiyənin Xaşuqci cinayətilə bağlı səsyazılarını MKİ direktoru Haspelə dinlədib-dinlətmədiyi məsələsilə əlaqədar Vaşinqtonda fikir ayrılığı yaşanır. Bu məsələ ilə bağlı rəsmi açıqlama verilmədiyindən, dinlədildiyini də, dinlədilmədiyini də deyənlər var. Bir mənbəm, “Bu məsələ elə gizli qalmalı olduğundan, Türkiyəyə MKİ direktoru göndərilmişdi. Bizim həqiqəti tam öyrənə bilməyimiz, görünür, mümkün deyil” deyir.

Anlaşılan odur ki, ABŞ dövlətinin ən üst məxfilik səviyyəsinə malik olan bu səhər brifinqində nə danışıldığını Prezident Trampın bundan sonrakı davranışlarına və açıqlamalarına baxaraq anlamaq məcburiyyətində qalacağıq.

 

Cared Kuşner

 

Ancaq bu qətidir ki, Prezident Tramp bu çətin işin başına kürəkəni Cared Kuşner tərəfindən açıldığını düşünür. Kuşner Məhəmməd bin Salmanla çox yaxın dostdur və ABŞ-ın yeni regional ittifaqları da, əslində, bu dostluq təməlində qurulub.

Cared Kuşner haqqında Ağ Ev daxilində də ciddi müzakirə gedir.

Tərcümə Strateq.az-ındır