XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 17:41

ERMƏNİSTANIN “AMERİKA FİASKOSU”:Bolton “səbrimiz tükənir”, Paşinyan isə “Con Bolton mənim adımdan danışa bilməz” deyir – TƏHLİL

Coşua Kuçer

“EurasiaNet” (ABŞ), 31.10.2018

 

Con Bolton, özünün “qab-qacaq dükanındakı fil” ad-sanına uyğun olaraq, Qafqaz üzrə qasırğa kimi turne edərək arxasınca onu qəbul edən ölkələrin indiyə qədər baş çıxarmağa çalışdığı geopolitik qırıntılarda iz buraxıb.

Gözlənildiyi kimi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin səfəri Vaşinqtonun İranı təcrid üzrə səylərində Cənubi Qafqaz ölkələrinin – Ermənistan, Gürcüstan və Azərbaycanın dəstəyini əldə etmək cəhdlərinə hədəflənmişdi.

Bolton üç ölkənin hamısına baş çəkib. Onun Tiflis və Bakıdakı açıq çıxışları Amerikanın Cənubi Qafqaza səfər edən dövlət xadimindən gözlənilməsi mümkün olanlara azdan-çoxdan uyğun gəlirdi. Amma, budur, o, İrəvanda Ermənistan tərəfində əsəbilik doğuran və mənfi nəticələri indiyədək hiss olunan bir sıra fitnəkar bəyanatlar verib. Ermənistanın İrana münasibətdə mövqeyi xüsusən incədir, çünki Azərbaycanla davam edən münaqişə üzündən şərq və qərb (Türkiyə ilə) sərhədləri bağlıdır. Ermənistan dünyaya əsas çıxışlardan biri kimi, İranla cənub sərhədinə bel bağlayır.

ABŞ keçmişdə hətta Tehrana qarşı sərt sanksiyalar tətbiq ediləndə də Ermənistan-İran əlaqələrinə barmaqarası baxıb, çünki hamı anlayırdı ki, Ermənistanın özəl seçimi yoxdur. Bolton isə deyib ki, bu durumda ABŞ-ın səbri tükənir.

O, “Azadlıq” radiosunun erməni xidmətinə bildirib – Birləşmiş Ştatların İrana basqısı fonunda Ermənistan-İran sərhədi “önəmli məsələ”yə çevrilir: “Biz İranı sıxacağıq, çünki hesab edirik ki, onun Yaxın Şərqdə və ümumən dünyada davranışı çox pisdir və dəyişiklik tələb edir”.

Bolton etiraf edib ki, İranın Ermənistana niyə gərək olduğunu anlayır, amma deyib ki, burada Azərbaycanla münaqişənin bitməsi həll ola bilərdi.

Bolton “Azadlıq” radiosuna deyib ki, “indiki şərait Qarabağ münaqişəsində hər iki tərəfi qane edən nailiyyətin önəmini vurğulayır”. “Bu, baş verən kimi, ErmənistanAzərbaycan sərhədi bir anda açılacaq, – Bolton hesab edir. – Düşünürəm ki, Türkiyə sərhədi hökmən açılacaq”.

Bunların hamısı formalda belədir, amma ABŞ-ın İranı təcrid təşəbbüsünü dəstəkləmək üçün Ermənistanın öz varlığına təhlükə saydığı Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməli olduğu haqda ideya ermənilərdə anlayışla qarşılanmayıb.

Con Bolton, ya kim olur-olsun, mənim adımdan danışa bilməz, – baş nazir Nikol Paşinyan Boltonun səfərindən sonra mətbuat konfransında deyib. – Onların məntiqinə əsasən, Qarabağ məsələsi onların yedəyindədir. Və indi hətta fikrimi soruşmadan məni inandırmağa çalışırlar”.

Boltonun Qarabağ münaqişəsini anlamağa səthi cəhdi ABŞ-ın Ermənistan səfiri postundan getməyə hazırlaşan Riçard Millzin çoxmənalı müsahibəsindən bir həftə sonra baş verib – o, Qarabağ məsələsində bu qədər az erməninin Azərbaycana güzəştə getməyə hazır olduğunu “təşvişli” adlandırıb. Millz “EVN Report” saytına müsahibədə deyib: “Sərt həqiqət bundan ibarətdir ki, istənilən həll işğal edilmiş ərazilərin hansısa hissəsinin qaytarılmasını tələb edir”.

Və bu, formalda həqiqət olsa da, Boltonun və Millzin bəyanatları bir-birinə qalanaraq İrəvanda Paşinyanın Qərbə sarı sınaq addımlarına sonuncunun ermənilərin mövqeyinə anlayışla yanaşmaqdan imtina cavabı verdiyinin gözə dəydiyi duyğusunu gücləndirib.

Bundan başqa, Tramp administrasiyası Qafqaza – bu diplomatik istiqamətdə hətta Amerikanın aşağı standartları üzrə – özəl maraq göstərmir və Boltonun tələb etdiyi ciddi addımlara Vaşinqtonun nəsə təklif edəcəyini sərgiləmir.

Boltonun səfəriylə bağlı “Asbarez” erməni-Amerika saytındakı şərhdə deyilir: “ABŞ rədd edilən və təhlükəli Ermənistan-Türkiyə protokollarından bəri indiki qədər Ermənistanı bölgədə Amerika prioritetlərini izləməyə vadar edərək, ona belə güclü təzyiq etməmişdi”.

Köhnə rejim tərəfdarları yaranmış durumdan bir anda istifadə ediblər. Keçmiş müdafiə naziri Vigen Sarqsyan öz Facebook səhifəsində Paşinyanın “Amerika fiaskosu”nu şiddətlə tənqid edib və gileylənib ki, “Bolton təkcə Ermənistanın özünü sərhədləri bağlamaqda ittiham edən Azərbaycanın mövqeyini təkrar etməyib, həm də türklərin sərhədi bağlamasına haqq qazandırıb”.

Bolton hələ bölgədə olarkən, ABŞ-ın Ermənistan və Azərbaycana silah satışına yasağı ləğv edə biləcəyi haqda məsələ qaldırıb. Aydındır ki, belə bir qərar Azərbaycana əlverişli olacaq, çünki Bakının hazırda münaqişə tərəflərinin bel bağlamağa məcbur olduğu Rusiyanınkından xeyli baha Amerika silahını almağa pulu daha çoxdur.

Bu təklif İrəvan üçün “kökə” kimi səsləndirilib: “Baş nazirə də dediyim kimi, Rusiya, yoxsa Amerika silahınımı almaq sualı qarşıda durarsa, biz ikinciyə üstünlük verərdik, – Bolton “Azadlıq” radiosuna müsahibədə deyib. – İstənilən halda hesab edirik ki, bizim silahlar Rusiyanınkından daha yaxşıdır”.

Bolton habelə Ermənistanın Suriya ərazisinin minasızlaşdırılmasında Rusiyaya yardım üçün Suriyaya kiçik dəstə göndərmək qərarını kəskin tənqid edib: “İndi kiminsə hərbi mənada Suriya münaqişəsinə qarışmaq cəhdi səhv olacaq, – o, İrəvanda mətbuat konfransında bildirib. – Münaqişəyə yeddi, ya səkkiz ölkə artıq qatılıb.  Onlardan hər hansına calaşmaq istənilən ölkə üçün səhv olacaq”.

Təbii, Kreml Rusiya və Ermənistan arasına nifaq səpmək cəhdini pis qəbul edib. İrəvan Moskvanın Qafqazda ən yaxın müttəfiqidir, Ermənistan isə güzəştli qiymətlərlə alınan Rusiya silahından güclü asılıdır…

Tərcümə Strateq.az-ındır.