XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 11:08

SƏUD AİLƏSİNİN DAHA BİR “AZMIŞ OĞLU” LONDONDAN SARAYA QAYIDIR –70 yaşlı əmi 33 yaşlı qardaşoğluna rəqib olacaqmı? - TƏHLİL

“New York Times”

 

Krallığa dönməkdən qorxan Səud Ailəsinin bir üzvü oktyabrın 30-da Londondan Riyad şəhərinə qayıdıb. Dissident Camal Xaşuqcinin öldürülməsindən sonra bu, kral ailəsində ən mühüm addımdır.

Şahzadə Əhməd bin Əbdüləzizin qayıdışı Xaşuqcinin acınacaqlı ölümündən sonra krallığa qarşı başlayan beynəlxalq təzyiq fonunda baş verib.

Kral Salmanın kiçik qardaşı şahzadə Əhməd dönüşdən qorxurdu, keçən ay o, 33 yaşlı varis Məhəmməd bin Salmanı, padşahın sevimli oğlu və de-fakto hökmdarı açıq şəkildə tənqid edib.

Kral ailəsində nüfuzlu şəxslərdən biri olan şahzadə Əhməd 70 yaşındadır, o, Xaşuqcinin öldürülməsinin ardınca həm rejimin qanuniliyinə kömək edə, həm də rəqibsiz varisin iqtidarını məhdudlaşdıra bilər.

Texas Universitetinin alimi Qreqori Qauz bildirib: “Onun qaytarılması kral ailəsindəki manevrlərin əhəmiyyətli göstəricisidir. Deməli, nəsə baş verir”.

Oktyabrın 2-də Virciniya sakini və “Washington Post”-un köşə yazarı Camal Xaşuqcinin öldürülməsi, 2001-ci il sentyabrın 11-də baş verən terror hücumlarından sonra krallıq hökmdarlarının ən böyük beynəlxalq böhranıdır.

Xaşuqcinin Səudiyyə konsulluğunda öldürülməsinin etirafı üçün Səudiyyə Ərəbistanına iki həftə vaxt lazım gəlib. Türk səlahiyyətliləri onun bədəninin parçalandığını isbatlayan səs qeydləri və digər dəlillərə sahib olduqlarını söyləyiblər. Onlar bildirib ki, bu əməliyyat üçün kral sarayında ən yüksək səviyyədə icazə alınmalı idi.

Səudiyyə rəsmiləri şahzadə Məhəmmədin buna əmr vermədiyini və ya razı olmadığını iddia edirlər. Krallıqla bağlı təcrübəsi olan bir çox qərbli səlahiyyətlilər şahzadənin kəşfiyyat və təhlükəsizlik xidmətləri üzərində nəzarətini nəzərə alaraq, bu iddianı şübhəyə alırlar.

İndi tacdar şahzadənin başı üzərində dolaşan kabusla bağlı, müşahidəçilərin fikrincə, kral ailəsi cazibəsindən qopanları yenidən ətrafına toplaya və ya alternativ olaraq varisə təzyiqlər göstərə bilər. Ailənin, məsələn, xarici siyasət və ya Qərblə münasibətlərdə tacdar şahzadənin rolunu azaltmaq üçün yeni güclü xarici işlər naziri təyin etməsi mümkündür.

Nüfuzu xeyli zədələnmiş Məhəmmədə Vaşinqtona böyük maraq var, çünki Tramp administrasiyası onu İranın təsirini məhdudlaşdırma və fələstinliləri İsraillə sülh razılaşmasına məcbur edən planlara görə ən mühüm ərəb müttəfiqi kimi qəbul edir.

Şahzadə Əhməd ailənin xüsusi cazibə qüvvəsi kimi görülür, çünki o, padşahın qardaşıdır. O və padşah Salman Səud xanədanının Südəyri qolunun 7-ci xələfləridir – müasir krallığın qurucusu olan Kral Əbdüləzizin yeddi oğlu, ən sevimli arvadı Hussa bint Əhməd əl-Südəyrinin balaları. Qardaşlar padşahın onlarla xələfi arasında güclü blok yaradıb, taxt-tacı qardaşdan qardaşa miras qoyub və əsas nazirlikləri öz aralarında bölüşdürüblər.

Kral Salmanın ata bir, anadan ayrı digər qoca qardaşları da hələ sağdır, lakin krallıqda vəzifəyə sahib deyillər.

Şahzadə Əhməd bir neçə çərək daxili işlər nazirinin müavini və 2012-ci ildə qısa müddət nazir vəzifəsi tutub. Lakin bu rolda uğur qazanmayıb. O, son altı ili təqaüddə keçirib, çox vaxt da Londonda.

Vəzifə stajına baxmayaraq, şahzadə Əhməd varis Məhəmməd tərəfindən ev həbsinə məruz qalması ehtimalı ilə qayıdışını bir neçə dəfə təxirə salıb. Taxta rəqib kimi qəbul edilən bir neçə digər ailə üzvü belə “müalicə”yə məruz qalıb.

Şahzadənin narahatlığı keçən ay başlayıb. Onun evi önündə Yəməndə yaşanan üçillik vətəndaş müharibəsində Səudiyyə Ərəbistanının başlıca rolu ilə bağlı kral ailəsinə qarşı şüarlar səsləndirilib. Şahzadə Əhməd aksiyaya dair şərhlərində deyib: “Buna məsul padşah və tacdar şahzadədir. Ümid edirəm ki, Yəməndəki vəziyyət sona çatacaq”.

Bu açıqlamadan sonra şahzadə Əhməd varisin tənqidçilərinə bəhanə verib. O, anidən qəhrəmana çevrilib, internet mesajlarında bir çoxları hətta ona beyət ediblər. Sanki, şahzadə Əhməd padşahdır.

Amma yeni qəhrəman tez bir zamanda tacdar şahzadəni əvəz etmək niyyətində olmadığını və şərhlərinin səhv anlaşıldığını dilə gətirib.

Oktyabrın 30-da şahzadə Əhməd hələ Londonda olarkən, Riyada qayıtdıqda qüdrətli qardaşı oğlundan kötək yeməyəcəyinə zəmanət axtarırdı. Onun varisin Qərb tənqidçilərinə sipər ola bilib-bilməyəcəyi, dönüşün təhlükəsiz olduğu aydın deyildi. Şahzadəyə yaxın insanlar Əhmədin Səudiyyə Ərəbistanına çərşənbə axşamı, saat 01.30-da ayaq basdığını söyləyiblər. Tacdar şahzadə onu hava limanında səmimi şəkildə qarşılayıb.

82 yaşlı atası kral Salman 2015-ci ildə taxt sahibi olandan Məhəmməd mühüm neft və əsas təhlükəsizlik nazirliklərinə nəzarət edir. O, həmçinin ailəsində potensial rəqiblərini sistematik şəkildə aradan götürüb, demək olar ki, heç kimin ona meydan oxumamasını təmin edib. Kralla görüşmüş diplomatlar deyir ki, kralın qocalıqdan yaranan kəmağıllılığı oğluna müqavimət gücünü azaldıb.

Səudiyyə Ərəbistanı mətbuatı Şahzadə Əhmədin qayıdışına toxunmayıb.

Vaşinqton və Londonda səfir olmuş keçmiş kəşfiyyat şefi şahzadə Turki əl-Feysəl – Xaşuqcinin baş patronu onun öldürülməsindən bir həftə sonra Vaşinqtonda olub. Amma Riyadda dəyişiklik üçün lobbiçilik etmək əvəzinə, şahzadə Turki varisi dəstəkləyib. “Washington Post” qəzetinə müsahibəsində o deyib: “Tacdar şahzadə nə qədər çox tənqid olunursa, padşahlıqda daha çox nüfuz qazanır. Səudiyyə Ərəbistanı xalqı onun liderliyindən xoşbəxtdir”.

Şahzadə Əhməd qayıtsa da, Səudiyyə Ərəbistanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qarşıdurma halında qalır. Səudiyyə rəsmiləri deyiblər ki, qatillər Xaşuqcinin cəsədini “yerli cinayət şərikinə” veriblər, ancaq onlar bu şəxsin adını deməkdən imtina ediblər.

Ərdoğan jurnalistlərə deyib ki, səudilər cinayəti ört-basdır etməyə çalışırlar. “Kimisə bu oyundan təmiz çıxarmaq cəhdi var”.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə