XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 01:56

ABŞ-ın 6 NOYABR SINAĞI –Konqresə seçkilər Trampın gələcək taleyini müəyyənləşdirəcək - TƏHLİL

“The Economist”,

Böyük Britaniya, 03 noyabr 2018-ci il

 

6 noyabrda seçkilərə hazırlaşan Amerika, son bir neçə onillikdə olmadığı kimi, bölünmüş və qəzəblənmiş durumdadır. Siyasətçilərin bir-birinə tez-tez “dələduz”, “axmaq” və ya “satqın” kimi münasibət bəsləməsi seçkiqabağı kampaniyaya kölgə salıb.

Bu yaxınlarda Prezident Donald Trampın bir tərəfdarı öz rəqiblərinə poçtla 14 partlayıcı qurğu göndərib, ağ dərili şovinist isə sinaqoqda 11 nəfəri güllələyərək, Amerika tarixində ən dəhşətli antisemit cinayət törədib.

Amerikanın ciddi çatışmazlığı onun qeyri-sağlam və xoşagəlməz nəticələri olan federal siyasətidir. Bu siyasət, immiqrasiya siyasətindən sosial təminatadək, aktual real problemləri həll etməyə mane olur. O, amerikalıların öz hökumətlərinə və onun qurumlarına olan inamını sarsıdır və demokratiyanın məşəlçisi kimi Amerikanın xaricdəki nüfuzuna xələl gətirir.

Ara seçkilər qayda-qanun yaradılmasına, hətta vəziyyəti düzəltmək məqsədilə sadə olmayan işə başlamaq üçün imkandır.

Bu alçaldıcı durum Trampın təqsiri ucbatından yaranmayıb. Lakin o, bu alçaldıcı durumu bütün digərləri kimi, entuziazmla qəbul edib, öz qərarları və fikirlərilə onu yeni dərinliyə gətirib çıxarıb.

Bütün siyasətçilər yalan danışır. Trampsa, “The Washington Post”un yazdığı kimi, həsəd oyadan asanlıqla yalan danışır, andiçmə mərasimindən sonra o, beş min dəfədən çox yalan danışıb.

Onun yalanları o qədər utanmazcasına və inandırıcı olur ki, tərəfdarlarının çoxu onun tənqidçilərinin xüsusilə KİV-lərdə dediyi sözlərə deyil, onun sözlərinə inanır. Və demək olar ki, bütün faktlara rəğmən, ona inanırlar. Bu, Trampı qane edir, əgər heç kimə inanmırlarsa, deməli, onu məsuliyyətə cəlb etmək də olmaz. Lakin bu, Amerika üçün fəlakətli bir durumdur. Çünki arqumentləşdirilmiş çıxışlarla debatlarda qalib gəlmək imkanı itirildikdə, demokratiya işləyə bilmir.

Bundan əlavə, Tramp məqsədli şəkildə fikir ayrılığı yaradır. Bütün siyasətçilər rəqiblərinə hücum edir, lakin prezidentlər faciələrdən sonra ölkəni birləşdirməyi öz borcu hesab edir. Yalnız Tramp sinaqoqun gülləyə tutulmasını “Həyat ağacı” kimi, onu tənqid edən KİV-lərə və “demokratlar”a cavab zərbəsi vurmaq üçün bir bəhanə olaraq gördü. Yalnız o hesab etdi ki, öz aqressiv ritorikasını yumşaltmaq əvəzinə, onu sadəcə olaraq gücləndirə bilər.

Belə fikir ayrılığı atmosferi əhəmiyyət kəsb edir, belə ki, əgər sizin rəqibləriniz sadəcə pis insanlardırsa, o halda bütün sağlam siyasətin əsası olan kompromis partiyalar daxilində çətin, onlar arasında isə, demək olar ki, qeyri-mümkün olur.

Tramp fikir ayrılığını qızışdıran yeganə siyasətçi deyil, yalnız o, ən təsirli və ən uğurlu olanlarından biridir. Onun seçilməsinədək ictimai rəy sorğuları zamanı “demokratlar”ın yarısından çoxu deyirdi ki, “respublikaçılar”dan çəkinirlər; “respublikaçılar”ın da, demək olar ki, yarısı “demokratlar” haqqında eyni şeyi deyirdi. Ötən yay psixi cəhətdən dayanıqsız olan bir adamın açdığı atəş nəticəsində respublikaçı konqresmen güllə yarası aldıqdan sonra bu hadisəyə “demokratlar”ın ritorikasının şərait yarada biləcəyi haqqında bəyanatlar verilən zaman aparıcı “demokratlar” cavab olaraq öz “hiddətlərini” ifadə etmişdilər. Bununla belə, onlar partlayış törətmək cəhdlərindən və sinaqoqun atəşə tutulmasından daxili terrorizmdə prezidentin günah payının nə qədər olması haqqında debatların başlaması üçün bəhanə kimi istifadə etdilər.

Amerikada demokratiya güclüdür, o, elə belə də düşünülüb. Lakin onun institutları ard-arda təhlükəli, ciddi nəticələri ola biləcək qütbləşməyə yoluxur. Konqres bu “infeksiyaya” 1990-cı illərdə, Nyut Qinqriç  spiker olarkən “yoluxub”. KİV də partiyalara inamsızlığın qurbanı oldu, təbii, o oxucu, ola bilsin ki, hətta jurnalist mühitini də əhatə etdi. “CBS News”un ötən ilin yayında keçirdiyi rəy sorğularına görə, Trampın qəti tərəfdarlarının yalnız 11%-i KİV-ə inanır. Onların 91%-i isə Trampa inanır. “Demokratlar” arasında bu inam səviyyəsi, bir qayda olaraq, əksinədir. İndi Ali Məhkəmə də qərəzli hesab edilir.

“Demokratlar” seksual təcavüz haqqında, ola bilsin, yalan danışan və qanunu öz partiyasının maraqlarından üstün tuta bilməyəcək Bret Kavanonun bu yaxınlarda hakim vəzifəsinə təyin olunmasını Respublikaçılar Partiyasının tərəfdarının irəli çəkilməsi hesab edirlər. “Respublikaçılar”sa əksinə, bunda “demokratlar”ın layiqli adamın vəzifəcə  irəliləməsinə mane olmağa yönəlik dəhşətli sui-qəsdi üzərində qələbə görürlər. Əgər dürüst olmayan məmur (icra hakimiyyətinin nümayəndəsi) yaltaq qanunverici (qanunverici hakimiyyətin nümayəndəsi) ilə əlbir olarsa və qərəzli hakim (məhkəmə hakimiyyətinin nümayəndəsi) tərəfindən dəstəklənərsə, əgər iş bu yerə çatarsa, o halda Amerika həqiqətən də çox dəhşətli duruma düşər.

Nə etməli? Amerika siyasəti bir saat içində pisləşməyib, ona görə də bu durumdan çıxış da, gələn həftə baş tutacaq seçkilərdən başlayaraq, uzun və tədrici olacaq. Bu yolda ilk addım, ən azı, Konqresin Nümayəndələr Palatasında hakimiyyətin “demokratlar”a keçməsi olmalıdır.

Bu mühümdür, çünki Konqres Prezident Trampın fəaliyyətinə nəzarət etməlidir. Tramp, digər prezidentlərin qarşısını bu və ya başqa dərəcədə alan normalara nifrət edir. O, öz vergi bəyannaməsini təqdim etməkdən imtina edir, xidməti fəaliyyətilə bərabər şəxsi biznesilə məşğul olur və ya məmurları, deyək ki, Ədliyyə Nazirliyində işləyənləri, müstəqil olmalı olanları qorxudur. Lakin Konqresin Nümayəndələr Palatasında olan “respublikaçılar” dəfələrlə öz konstitusiya öhdəliklərinə laqeydlik göstərərək, bunu etməkdən imtina ediblər. Məsələn, Rusiyanın prezident seçkilərinə müdaxiləsilə bağlı Amerika xüsusi xidmət orqanlarının rəyi açıqlanarkən, “respublikaçılar” təhqiqata nəzarət edən məmurların işlərini çətinləşdirmək üçün onları məhkəməyə ifadə verməyə və sənədləri təqdim etməyə çağırdılar. Onların öz öhdəliklərini yerinə yetirməkdən imtina etməsi göstərir ki, əgər Konqresin Nümayəndələr Palatasında “respublikaçılar”ın çoxluğu qorunub saxlanılacaqsa, bu, yekunda qanunun aliliyini təhdid altında qoyacaq.

Əgər Konqresin Nümayəndələr Palatasında çoxluğu “demokratlar” qazanacaqsa, bu, uzunmüddətli perspektivdə hər iki partiyanın xeyrinə olacaq. Məğlubiyyət bəzi “respublikaçılar” baxımından trampçılığa qarşı mühafizəkar alternativin irəli sürülməsi üçün stimul olacaq. Senatda məğlubiyyət də, – azehtimallı görünsə də, – buna güclü təkan verəcək. Əgər mövcud durum qorunub saxlanacaqsa, o halda Tramp praktiki olaraq partiyanı tamamilə öz nəzarətinə götürəcək.

“Demokratlar” məğlub olma təhlükəsindən çıxış edərək, hərəkət etməlidirlər. Artıq indidən partiya daxilində mərkəzçilərlə partiyanın radikal qanadı arasında sərt mübahisə gedir. Növbəti məğlubiyyət “demokratlar”ı sola “itələyə” bilər. Əgər “demokratlar” yenə də çox səs yığsa da yekunda yerlərin azını qazanarsa, partiyada Ali Məhkəmənin tərkibinin genişləndirilməsi və ya hakimlərin impiçmenti kimi normaları pozmağa yönəlik platforma yaratmağa meyl yarana bilər.  Əgər “demokratlar” Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazanarsa, bu, partiyanın mötədil qanadına cəsarət verəcək.

Bundan əlavə, hökumətin parçalanması həmişə dalan vəziyyətinə aparıb çıxarmır. Hətta indi prezident və Konqresdəki “demokratlar” infrastrukturun yaradılması, Çinin qarşısının alınması və heroin epidemiyası ilə mübarizə kimi bəzi məsələlərlə bağlı razılaşma əldə edə bilirlər.

Qoy onlar digər məsələlərlə bağlı mübahisə etsinlər, lakin hər iki partiyanın istədiyi siyasətin həyata keçirilməsi naminə qarşılıqlı nifrəti kənara qoysunlar. Güzəştin mühüm və ləyaqətli addım olduğunu göstərmək üçün bir nümunə belə yetərlidir.

Amerika siyasətində yaranmış durumu yalnız bir seçki ilə düzəltmək mümkün deyil. Uğur əldə edilməsi üçün, ən azı, bir neçə seçkinin keçirilməsi, Respublikaçılar Partiyasının yenilənməsi və fərqli əxlaqi oriyentirləri olan fərqli prezidentin seçilməsi tələb olunur. Ancaq gələn həftə keçiriləcək seçkilərin müsbət nəticələri bu uğura aparan yolu göstərə bilər.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə