XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2018 - 16:06

RUSİYAYA CASUSLUQ İTTİHAMIYLA DAHA BİR QALMAQALLI HƏBS –Avstriya ordusunun polkovniki ilə bağlı məsələ böyüyür

Avstriyada Ordunun (Bundesheer) yüksək rütbəli zabitinin həbsi ilə bağlı yaranan qalmaqal qızışır.

Strateq.az “Nezavisimaya qazeta”ya istinadla bildirir ki, Vyana qəzeti Kurier” Avstriya ordusunun bir polkovnikinin 1990-cı illərdən Rusiya (və görünür, əvvəllər sovet) xüsusi xidmət orqanlarının maraqları üçün casusluqla məşğul olduğu xəbərini yayıb. Düzdür, zabit artıq 5 ildir təqaüddədir, lakin hər şeydən göründüyü kimi, casusluq fəaliyyətini dayandırmayıb.

Qəzetin verdiyi məlumata əsasən, o, Rusiya xüsusi xidmət orqanlarını Avstriya ordusunda olan silah sistemləri və miqrasiya problemləri haqqında informasiya ilə təmin edib. Guya, o, öz ətrafı haqqında da əməkdaşlığa cəlbetmə baxımından maraq kəsb edən informasiyalar verib.

Agent öz fəaliyyəti dövründə rus kəşfiyyatından, qəzetin məlumatına əsasən, təqribən, 300 min avro alıb. Guya, 2006-cı ildə o, öz fəaliyyətini dayandırmaq istəyib, lakin ruslar, qəzetin yazdığına görə, buna imkan verməyiblər.

Agent həbs olunmağına yaxın özündəki sübutları məhv etməyə cəhd göstərib. Ancaq Avstriya hərbi əks-kəşfiyyatı, guya, onu qabaqlaya bilib.

Avstriya Müdafiə naziri Mario Kunasek Vyanada mətbuat qarşısında çıxış edərkən bəyan edib ki, təqaüdçü “dost məxfi xidmətlərdən birinin” verdiyi informasiya əsasında həbs edilib. Onunla bağlı istintaq hərəkətləri aparılır.

Avstriya Federal kansleri Sebastian Kurtsun qeyd etdiyi kimi, əgər casusluq iddiası ilə bağlı şübhələr təsdiq olunarsa, onu cinayət təqibi və 3 ilə qədər həbs gözləyir. Federal kansler sonra bəyan edib ki, ona qarşı irəli sürülən iddia “xarici hərbi kəşfiyyata dəstək verməkdir”.

Beləliklə, görünür, avstriyalı agent rus hərbi kəşfiyyatına işləyib.

Qəzetin məlumatına görə, cümə günü Rusiyanın diplomatik nümayəndəsi Avstriya XİN-inə çağırılıb, Avstriya Xarici işlər naziri Karin Knaysl isə 2-3 dekabrda Moskvaya planlaşdırılan səfərdən imtina edib. O, Rusiyanın paytaxtında “Soçi dialoqu” forumunun yaradılmasını müzakirə etmək niyyətində idi. Bu forumun yaradılmasını Rusiya Prezidenti Vladimir Putin bu ilin iyun ayında Vyanaya səfəri zamanı təklif etmişdi və söhbət iki ölkənin vətəndaş cəmiyyətlərinin fikir mübadiləsi aparması üçün meydançanın yaradılmasından getmişdi.

Baş verənlərlə əlaqədar Kansler Kurtsun qeyd etdiyi kimi, bu hadisə “Rusiya ilə münasibətləri yaxşılaşdırmır”. Bundan əlavə, o həmçinin bu yaxınlarda Hollandiyada, guya, elektron məlumat bazasına girməyə cəhd edən rus hərbi kəşfiyyatçıları ilə bağlı baş verən hadisələri də yada salıb.

Şübhəsiz, bu casus qalmaqalı Rusiya ilə Avropadakı azsaylı tərəfdaşlarından biri olan, anti-Rusiya sanksiyalarına tənqidi yanaşan Avstriya arasındakı münasibətləri əhəmiyyətli dərəcədə mürəkkəbləşdirir.




Yuxarı Əvvələ Ana Səhifə