XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

12 Noyabr 2018 - 21:27

FUTBOL, MƏTBƏX VƏ DOSTOYEVSKİ HƏVƏSKARI OLAN ALMAN KANSLER…- Merkel xarici səfərlərində itlərlə bağlı xüsusi tələb qoyur

“News.ru”, (Rusiya)

 

Almaniya tarixindəki ilk qadın kansler Angela Merkel 1954-cü ildə Hamburqda anadan olub. Atası Horst Kasner kilsədə işləyirdi, anası Gerlinda Kasner isə məktəb müəlliməsi idi. Deyilənlərə görə, atasının soy-kökü Polşaya gedib çıxır. Lakin nədənsə o, Kazmerçak olan soyadını sonradan Kasenrə dəyişir.

Angela dünyaya gələndən bir neçə həftə sonra ailə Hamburqdan Şərqi Almaniyaya köçür. Gələcək kanslerin bundan sonrakı həyatının böyük hissəsi məhz sosialist Almaniyası ilə bağlı olur.

Kilsədə işləməyinə baxmayaraq, Horst Kasner Almaniya Demokratik Respublikasına aktiv dəstək verirdi.

7 yaşında məktəbə gedən Angela sakit təbiəti ilə fərqlənirdi və əsasən dəqiq fəndlərdən yaxşı qiymətlər alırdı. O, əvvəlcə pioner, ardından da Azad alman gəncləri ittifaqının (Komsomolun analoqu:red) üzvü olur.

Məktəbi başa vurandan sonra Leypsiq şəhərinə köçür və Karl Marks adına Leypsiq Universitetinin fizika fakültəsinə qəbul olunur. Universitetdə əla qiymətlər alan Angela sakit təbiətli qızdan Azad alman gəncləri ittifaqının parlaq fəalına çevrilir. Kursda təbliğat və təşviqat işlərindən məsul olur.

Diplom işinin müdafiəsindən sonra Angela Berlindəki Elmlər Akademiyasının Fiziki Kimya İnstitutunda fəaliyyətə başlayır. Burada 11 il çalışan Merkel uğurlu elm karyerası qurur və doktorluq dissertasiyası müdafiə edir. Paralel olaraq da “komsomolda” işləyir.

Aktiv siyasətə gələndən sonra bir neçə partiya dəyişən Merkel nəhayət, Xristian Demokratik İttifaqında qərar tutur.

90-cı ilin dekabrında keçirilən ilk ümumxalq seçkilərində Bundestaqa seçilir. Sonra qadınlar və gənclər, onun ardından da ətraf mühit naziri olur.

2000-ci ildə Xristian Demokratik İttifaqının lideri olur. Beş il sonra Almaniya kansleri postunu tutur.

Gələcək kansler 23 yaşında Ulrix Merkellə ailə qurub. Gənclər tələbəlik dövründə – universitetin üçüncü kursundaykən tanış olublar və bir il sonra kilsədə nikaha giriblər. Lakin cütlüyün ailə səadəti uzun sürməyib və Angela ilə Ulrix 4 il sonra ayrılıblar.

«Evləndik, çünki hamı evlənirdi. İndi bu axmaq səslənsə də, evliliyə lazımi qədər ciddi yanaşmamışdım”, – deyə siyasətçi sonralar etiraf etmişdi.

Angela ərindən ayrılsa da, onun soyadından (Merkel) imtina etmir. İkinci dəfə ailə həyatı qurmasına baxmayaraq, bügünədək birinci ərinin soyadını daşıyır.

Merkel ikinci həyat yoldaşı İoaxim Zaugrla Fiziki Kimya Mərkəzi İnstitutunda tanış olub. Angela Merkeldən 5 yaş böyük olan Zaugr həmin vaxt ailəli idi və iki övladı vardı. Cütlük 1984-cü ildə görüşməyə başlayanda Merkel sıravi elmi işçi, Zaugr isə tanınmış professor idi.

Cütlük yalnız 14 il sonra – 1998-ci ildə münasibətlərini rəsmiləşdirir. Merkel kansler seçiləndən sonra həyat yoldaşı da gündəmə gəlməyə başlayır. Lakin Zaugr dəfələrlə bildirib ki, üzdə olmağı, ictimailəşməyi sevmir. Və onun bütün həyatı kimya və fizikaya bağlıdır.

Hətta bir dəfə jurnalistlərə xəbərdarlıq edir ki, elmi məsələlərdən başqa heç bir mövzuya dair açıqlama verməyəcək.

Merkel və həyat yoldaşı Zaugr

2015-ci ildə mətbuat “Nobel” mükafatı ilə bağlı xəbərlərdə cütlüyün adını qoşa hallandırmağa başlayır. Bəzi jurnalistlər “Nobel”i qaçqınlara göstərdiyi qayğıya görə alman kanslerin alacağını, bəziləri isə mükafatın kimya elmindəki nailiyyətlərinə görə ərinə veriləcəyini yazırdı.

Merkelin övladı yoxdur. Kanslerin şəxsi həyatı barədə çox az şey məlumdur. Ailəsi haqda danışmır. Hər il keçirilən Bayroyt festivalı istisna olmaqla cütlük demək olar ki, birgə gözə dəymir. Lakin bəstəkar Rixard Vaqnerin əsərlərini dinləmək üçün bu festivala həmişə birlikdə qatılırlar.

Almaniya kansleri klassik musiqi ilə yanaşı, milli alman mahnılarını da xoşlayır. Tez-tez mahnı oxuyur və rəqs edir. Kansler torpaqda işləməyi də çox sevir. Bağına şəxsən özü baxır. Bununla yanaşı, Merkel yemək, xüsusən də “piroq” bişirməyi sevir. Evində olanlar bilirlər ki, kansler qonaqları heç vaxt ac yola salmır. Yeri gəlmişkən, kansler postunu tutandan sonra Merkel xidməti rezidensiyaya köçməkdən imtina etdi.

Uşaq yaşlarından rus dilini öyrənən Merkel 14 yaşında məktəb olimpiadasının qalibi olur. Rus dilini yaxşı bildiyinə görə tələbəlik dövründə onu təcrübə keçmək üçün Leninqrada göndəriblər. Dediyinə görə, rus dilini indi də təkmilləşdirir. Dostoyevskinin əsərlərini və onun haqqında yazılan kitabları oxumağı çox sevir.

Merkel klassik geyimləri sevir və adətən ciddi kostyumlara üstünlük verir. Baxmayaraq ki, mətbuat Angelanın gənc yaşlarında rəfiqləri ilə birlikdə “nudist çimərlikləri”nə (insanların çılpaq olduğu çimərliklər) getməyi sevdiyini yazır.

Merkel həm də futbol həvəskarıdır. İstisna deyil ki, məhz bu hobbisinə görə bir çox kişi siyasətçi ilə dil tapa bilib.

Kansler itləri nəinki sevmir, onlardan çox qorxur. Gənckən ov iti onun ayağını dişləyib. O vaxtdan bəri itlərdən mümkün olduğu qədər uzaq durmağa çalışır.

Merkel administrasiyasının bütün xarici səfərlər zamanı qarşı tərəfdən xüsusi xahişi olur – səfər müddətində kanslerin qarşısına it çıxmamasına diqqət edilsin. Bütün liderlər Merkelin bu məsələyə həssaslığını nəzərə alırlar.

Rusiya prezidenti Vladimir Putin qaydanı pozan ilk dünya lideri oldu. Kanslerlə görüşlərinin birində Putin danışıqların getdiyi otağa öz itini gətirmişdi…

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə