XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Noyabr 2018 - 21:14

UKRAYNANIN ŞƏRQİNDƏ “SEÇKİLƏR”:Putinin oxşar kartları hansı sövdə üçün saxlanılır? - TƏHLİL

Leonid Berşidski

“Bloomberg”

 

Noyabrın 11-də Ukraynanın şərqindəki qondarma “xalq respublikaları”nda keçirilən seçkilər yalnız bu ərazilərin Kremlin qarmağında olduğuna daha bir sübut kimi müzakirəyə layiqdir. Heç bir beynəlxalq razılaşma olmadan belə, prezident Vladimir Putin bu kukla dövlətləri, Cənubi Osetiya və Abxaziya modelində olduğu kimi, tanıya bilər.

“Seçkilər” “Donetsk Xalq Respublikası”nın lideri Denis Puşilin və “Luqansk Xalq Respublikası”nın rəhbəri Leonid Paseçnikə şübhəli qanunilik təqdim edib.

Puşilin avqust ayında bir restoranda sələfinin partladılmasından sonra hakimiyyətə gəlib; Paseçnik əvvəlki lideri devirməklə. Hər ikisi artıq Kreml tərəfindən təsdiqlənib.

Vladislav Surkov – Putinin köməkçisi “xalq respublikaları”na kənardan rəhbərlik edir. Deməli, seçki farsına da ehtiyac yoxdur. Buna baxmayaraq, seçki şousu baş tutub.

Rəsmi Rusiya mətbu orqanları Kremlin namizədləri üçün 80 faizlik iştirak və böyük dəstək olduğunu bildirib. Surkova yaxınlığı ilə tanınan şərhçi Aleksey Çesnakov TASS agentliyinə deyib: “Seçki kampaniyasında misli görünməmiş iştirak 2014-cü ildə respublika səlahiyyətlilərinin seçdiyi istiqamətə dəstəyi göstərir. Rəsmi Kiyev vaxt itirmədən Donbasla birbaşa dialoqa başlamalıdır”.

Aprel ayında ABŞ-ın Şərqi Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib ki, “ABŞ bütün ukraynalı vətəndaşlar üçün sülh danışıqlarına kömək etməyə hazırdır, amma hələ də yanvar ayında irəli sürülən təkliflərə Rusiyanın cavabını gözləyir”.

BMT-nin Ukraynanın şərqindəki sülhməramlı missiyası Ukrayna qoşunları və rusiyalı vəkilləri Rusiya sərhədinə yaxınlıqdan uzaqlaşdırmaq istəyini açıqlayıb. Surkov təklifə tez cavab verib, amma danışıqlara gəlməyib.

O vaxtdan bəri müxtəlif neytral ölkələrdə görüş təklif olunub, lakin Kreml BMT-nin sülhməramlı qüvvələri haqqında fikirləri başından qovub. Putin, həqiqətən, Rusiya sərhədində heç bir ayırma xəttini görmək istəmir.

Seçkilər əslində, Rusiyanın “sülhməramlı qüvvə” anlayışı və hətta 2014-2015-ci illərdəki Minsk müqavilələrinə də ehtiyac duymadığını göstərir. Çesnakov TASS-a bildirib ki, seçkilər Minsk müqaviləsinə zidd deyil, parlamentlər və liderlər bu “respublikalar”da seçilib. Əslində, seçkilər “respublikalar” tərəfindən yaxın gələcəkdə heç bir Ukrayna seçkilərinin keçirilməyəcəyini təsdiqləyir.

Minsk razılaşmasında iştirak edən digər liderlər dərhal və birmənalı şəkildə təpki göstəriblər. Ukrayna prezidenti Petro Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron birgə bəyanatla seçkiləri qınayıblar. Volker, öz növbəsində, Rusiyanın Minsk müqaviləsini pozduğunu tvitlə bildirib.

“Rəsmi” statistika məlumatlarına görə, “respublikalar”da 3,7 milyon nəfər yaşayır. Bu, ehtimal ki, şişirdilmiş saydır, təxminən dörd milyon adamın əksəri Kremlin hakimiyyəti və qanunsuzluğa görə daimi yaşayış yerlərindən köçüb. İş yoxdur. Ukrayna iqtisadiyyatının təxminən 15 faizini təmin edən ağır sənayenin böyük hissəsinin – zavodların xarabalıqları qalıb, avadanlıq zay edilib və ya oğurlanıb; bölgə Rusiya mallarının açıq bazarıdır.

Ötən il “respublikalar” Cənubi Osetiyada qeydə alınmış “Vneştorqservis” adlı bir firmaya təslim edilmiş sənaye şirkətlərini milliləşdirib (beləliklə, rəsmi olaraq onlar yalnız Rusiya ilə ticarət apara bilər). Şirkət Ukraynadansürgün edilmiş oliqarx Sergey Kurçenkonundur; o, kömür mədənləri istisna olmaqla, hər hansı bir müəssisənin fəaliyyəti ilə az maraqlanır: kömürə tələbat var.

Başqa statistika yoxdur və rəsmi əsaslandırma budur: Ukrayna bu ərazilərdə iqtisadi vəziyyət haqqında bixəbər qalmalıdır, amma əsl səbəb Rusiya yardımının miqdarını gizlətməkdir.

Cənubi Osetiya, demək olar ki, bütün dünya tərəfindən Gürcüstanın bir hissəsi hesab edilir, ancaq müstəqilliyi Rusiya tərəfindən tanınan 54 min nəfərlik bir bölgə Moskvadan ildə təxminən 6 milyard rubl (89 milyon dollar) alır; Şərqi Ukraynanın ərazisi və əhalisi böyükdür, deməli, məsrəf də çox olmalıdır.

“Seçkilər” hələ də Putinin Ukraynanın şərqində Cənubi Osetiya ssenarisini yeritdiyini göstərir.

Şərqi Ukrayna vasitəsilə ABŞ və onun Qərb tərəfdaşları ilə sövdə baş tutmur: Ukraynanın şərqi hesabına Krımın ilhaqını qanuniləşdirmək.

Bu cür razılaşma gələcəkdə də görünmür və hətta 2019-cu ildə keçiriləcək prezident seçkiləri belə Putinə Şərqi Ukrayna ilə alver etmək şansı vermir. Seçicilər Moskva ilə hər hansı bir kompromisi rədd edirlər. Deməli, rus diktatoru insanların əzminə əmin olmaqla özü istefa verməlidir. Amma seçki manipulyasiyası hələ ki Qərb ölkələrinə siqnaldır: Putinin öz şərtləri ilə danışıqlar aparacaq.

 

Tərcümə: Strateq.az