XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 15:06

“XAŞUQCİ CİNAYƏTİ”Nİ SİFARİŞ EDƏNİN ADI ÇƏKİLİR: MKİ şahzadəni nişan verir, Tramp isə müqavimət göstərir – Araşdırma

Culian Barns, Erik Şmitt, Devid Kirkpatrik

The New York Times (ABŞ), 12.11.2018

 

Jurnalsit Camal Xaşuqcinin ötən ay baş vermiş qətlindən bir an sonra qətl iştirakçısı telefonla kuratora zəng edib və “öz bossunuza deməyi” (çox ehtimal, bu, Səudiyyə Ərəbistanının varis şahzadəsi Muhəmməd ibn Salmandır) xahiş edib ki, agentlər verilən vəzifəni yerinə yetiriblər. Bu haqda Türkiyə kəşfiyyatının əldə etdiyi Xaşuqçinin qətlinin səsyazısının məzmununa bələd üç adam məlumat verib.

Xüsusi xidmət əməkdaşları türklərin keçən ay MKİ direktoru Cina Haspellə bölüşdüyü bu yazı Virginya sakini və “Vaşinqton post”un əməkdaşı, ölümü bütün dünyada səs-küylü hiddət doğurmuş Xaşuqcinin öldürülməsində şahzadə Muhəmmədin əli olduğuna ən inandırıcı sübutdur.

Şahzadənin  adı çəkilməsə də, Amerika kəşfiyyatı əməkdaşları hesab edirlər ki, “öz bossunuza deyin” ifadəsi varis şahzadəyə aiddir. Onların sözlərinə görə, bu zəngi jurnalist Xaşuqcini Səudiyyə konsulluğunda aradan qaldırmaq üçün 15 nəfərlik heyətin tərkibində İstanbula yollanmış Mahir Əbdüləziz Mutrəb edib. O, telefonda ərəbcə danışıb. Türkiyə xüsusi xidmətləri əməkdaşlarının Amerika təmsilçilərinə söylədikləri kimi, onların fikrincə, səfərlərdə şahzadə Muhəmmədi tez-tez müşayiət edən təhlükəsizlik xidməti zabiti Mutrəb telefonda onun köməkçilərindən biriylə danışıb. Ərəbcədən tərcümə orijinaldan fərqlənə bilər, amma söhbətin məzmununa bələd adamlar qeyd edirlər ki, Mutrəb məğzi “işin görüldüyü”nə müncər olunan bir neçə ifadə söyləyib.

Belə telefon söhbəti danılmaz dəlilə çox oxşayır, – MKİ-nin keçmiş əməkdaşı, hazırda Brukinqs institutunda işləyən Bryus Ridel bildirib. – Bu, çox güclü ifşaedici dəlildir”.

Türkiyə təmsilçiləri bildiriblər ki, səsyazısı şahzadə Muhəmmədin iştirakına danılmaz sübut deyil, Amerika kəşfiyyatçıları və hökumət təmsilçiləri isə xəbərdarlıq edirlər ki, telefon danışığının yazısı nə qədər inandırcı görünsə də, fərq etməz, Xaşuqcinin qətlində varis şahzadənin iştirakının təkzibedilməz sübutu sayıla bilməz.

Hətta Mutrəb jurnalisti öldürməyi şahzadənin əmr etdiyini hesab etsə də, əmrin kimdən gəldiyini dəqiq anlaya bilməzdi. Səsyazısında şahzadə Muhəmmədin adı konkret çəkilmir və xüsusi xidmət təmsilçilərində tam əminlik yoxdur ki, Mutrəb məhz onu nəzərdə tutub.

Səudiyyə hökuməti bazar ertəsi varis şahzadənin Xaşuqcinin qətli haqda “qətiyyən heç nə bilmədiyi”ni vurğuladığı bəyanatla çıxış edib. Mutrəbin “öz bossunuza deyin” sözləri haqda deyilir ki, Türkiyə “bizim xüsusi xidmətlərə bu yazını dinləməyə icazə verib və orada sözügedən ifadəyə heç bir istinad yoxdur”.

Türklərdə ən müxtəlif, o cümlədən telefonların dinlənilməsinin səsyazısı ola bilər. Tamamilə mümkündür ki, Türkiyə hökuməti səsyazısını  yalnız adda-budda bölüşə bilərdi.

MKİ təmsilçisi şərhdən imtina edib.

Bu telefon söhbəti Türkiyə hökumətinin Haspelin Türkiyə paytaxtı Ankaraya oktyabr səfərində ona dinləmək üçün verdiyi səsyazısı materiallarının yalnız bir hissəsidir. Amma ona bu səsyazısını ABŞ-a götürmək imkanı verilməyib. Türkiyə prezidenti Rəcəb Ərdoğan şənbə günü bildirib ki, hökuməti səsyazısını Səudiyyə Ərəbistanı, ABŞ və digər qərbli müttəfiqlərə verib. Lakin Türkiyə hökuməti amerikalılara və başqa xüsusi xidmətlərə bu yazını dinləmək imkanı versə də, onu müstəqil ekspertizadan keçirməyə verməyib.

Ərdoğanın mətbuat katibi Fəxrəddin Altun bazar ertəsi xəbər verib ki, Türkiyə bu iş üzrə istintaq materiallarını “bir çox dost ölkələrlə” paylaşıb. Altun Türkiyənin bu işi necə apardığı haqda Fransanın tənqidini cavablayaraq deyib ki, Türkiyə hökuməti səsyazısını Fransa xüsusi xidmətlərinə dinləməyə və açılışa verib. Altun qeyd edib: “Gəlin, unutmayaq ki, Türkiyənin qətiyyətli hərəkətləri olmasaydı, artıq bu işi çoxdan ört-basdır etmişdilər”.

Şahzadənin Xaşuqcinin qətliylə bağlılığı haqda yeni sübutlar varis şahzadəylə münasibətlərin qorunması xatirinə onun iştirakı haqda konkret sübutların yoxluğundan durmadan danışan Ağ Evə basqının hökmən güclənməsinə gətirəcək. Şahzadə Muhəmməd prezidentin kürəkəni və baş müşaviri Cared Kuşnerlə yaxın münasibət qurub, Səudiyyə Ərəbistanı isə Tramр administrasiyasının səyləri sayəsində Vaşinqtonun ərəb dünyasında ən önəmli tərəfdaşına çevrilib. Trampın bəzi müşavirləri bildirirlər ki, ABŞ-ın şahzadə Muhəmmədi və Səudiyyə Ərəbistanını daha sərt cəzalandıra bilməsi üçün onun Xaşuqci qətlində iştirakı haqda danılmaz sübutlar lazımdır. Türkiyə hökuməti qeyd edir ki, səsyazısında qəsdən qətlin sübutları var və bildirir ki, Səudiyyə agentləri Xaşuqçini cəld boğub, sonra isə cəsədi cərrah mişarıyla üsulluca hissələrə bölüblər.

Fəaliyyətdə olan və keçmiş rəsmilərin sözlərinə görə, administrasiya ümid edir ki, cüzi sanksiyalar ABŞ-ın Yəmən savaşında Səudiyyə Ərəbistanına dəstəkdən imtinası tənqidçiləri, o cümlədən Kapitoliya təpəsindəkiləri qane edər.

Lakin konqresdə qüvvələr nisbəti dəyişəcək, çünki yanvarda Nümayəndələr Palatasına nəzarət demokratlara keçəcək. Bu da daha amansız cəza tədbirləri görməli olacaq administrasiyaya basqının güclənməsiylə nəticələnə bilər. MKİ və başqa xüsusi xidmətlər bu həftə konqresdə brifinq keçirməlidir və yəqin ki, konqres liderləri Haspeldən şahzadə Muhəmmədin qətldə iştirakı haqda fikir deməyi tələb edəcəklər.

Trampın özü eyham vurub  ki, tezliklə yeni məlumat meydana çıxacaq. “Növbəti həftə məndə durumun daha dəqiq qavrayışı olacaq, – o, çərşənbə günü Ağ Evdə reportyorlara bildirib. – Mən öz mövqeyimi müəyyən edəcəyəm”.

Administrasiyanın öz mövqeyini sərtləşdirdiyinin ilk əlamətləri meydana çıxır. Dövlət Departamenti bazar günü sərt bəyanat verərək qeyd edib ki, dövlət katibi Mayk Pompeo şahzadə Muhəmmədlə telefon danışığının gedişində ona xəbərdarlıq edib: “Birləşmiş Ştatlar Camal Xaşuqcinin qətlinə qatılanların hamısını cavab verməyə çağıracaq”.

Səudiyyə hökuməti öz araşdırmasının materiallarını ən yaxın günlərdə elan etməyi planlaşdırmışdı, amma səudlar Türkiyənin səsyazısının açılışını ər-Riyada və Qərb ölkələrinə verdiyi haqda bəyanatıyla bağlı hər hansı bildirişdən əvvəl çox tələsik tədbirlər görməyə məcbur olacaqlar.

Xüsusi xidmətlər hətta inandırıcı sübutlar olmadan da artıq nəticə çıxarıb ki, şahzadə Muhəmmədin xasiyyəti, isdarəçilik özəllikləri və krallıqdakı hakimiyyətinin gücünü nəzərə almaqla Xaşuqcinin qətli haqda əmri yalnız o verə bilərdi. Səsyazısı habelə göstərir ki, Xaşuqci xüsusi xidmətlərdən qrupun onu gözlədiyi Səudiyyənin İstanbuldakı konsulluğuna girəndən sonra tezliklə öldürülüb. Kəşfiyyatın məlumatlarilə tanış qaynaqlar bildirir ki, bu, qətlin planlaşdırıldığına daha bir sübutdur.

Xüsusi xidmət təmsilçiləri iddia edirlər ki, qəliz tapmaca olan Xaşuqci qətlinin bütün qırıntıları, çətin ki, tapılar. Onlardan birinin sözlərinə görə, kəşfiyyat sadəcə işlərin heç bir maneəsi olmayan ideal təmiz səsyazıları əsasında qurulduğu casus filmlərində və polislər haqda teleşoularda göstərildiyi kimi işləmir.

Nümayəndələr Palatasının üzvü, gələn il kəşfiyyat üzrə komitəyə rəhbərlik edə biləsi kaliforniyalı demokrat Adam Şiff deyib ki, çətin ki, müstəntiqlər varis şahzadənin qətlə bağlılığını danılmaz şəkildə göstərən dəlil və sübut toplaya bilsinlər.

Bu qətli həyata keçirən adamlar kimdən əmr aldıqları və kimlə təmasda olduqları haqda açıq danışmağa başlamayacaqlar, – Şiff müsahibə zamanı deyib. – Buna bel bağlamaq real deyil”.

Birbaşa dəlillərin yoxluğu məsuliyyəti şahzadə Muhəmmədin üzərinə qoymaqda kəşfiyyat cəmiyyətinə mane olmur…

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə