XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

21 Noyabr 2018 - 00:41

“TOYUQ HİNİNDƏKİ TÜLKÜ”… –Rus mafiyası "İnterpol"a nəzarəti ələ keçirə biləcəkmi?

ABŞ senatorları (hər iki palatanın) Aleksandr Prokopçukun “İnterpol”a rəhbər təyin edilməsinə qəti şəkildə qarşı çıxıblar. Senatorların ABŞ prezidenti Donald Trampa ünvanladığı açıq məktubda bildirilir ki, rusiyalı general Prokopçuk “toyuq hinindəki tülküdür”. Eyni mətnli məktub “İnterpol” Baş Assambleyasına da göndərilib.

Müraciəti 4 senator imzalayıb – respublikaçı Rocer Uiker, Marko Robio, eləcə də demokrat Cin Şahin və Kris Kuns.

Məktub müəllifləri bildirirlər ki, Rusiya dəfələrlə “İnterpol”un qaydalarını pozub və qurumun bilgilərindən siyasi opponentlərini, dissidentləri və jurnalistləri təqib etmək üçün istifadə edib.

Amerikalı senatorlar hesab edirlər ki, Prokopçuk Putinin avtoritar rejiminin möhkəmlənməsinə, Rusiyada demokratik institutların zəiflədilməsinə hesablanan qorxutma strategiyasının gerçəkləşməsində şəxsən iştirak edənlərdəndir.

Kremlin mətbuat katibi Dmitri Peskov məsələyə operativ reaksiya verərək senatorların məktubunu seçki prosesinə müdaxilə kimi qiymətləndirib.

ABŞ senatorları ilə yanaşı, müxalifyönlü Azad Rusiya Forumunun üzvləri də Prokopçukun namizədliyinə qarşı çıxıblar. Və bildiriblər ki, “İnterpol” kimi nüfuzlu qurumun rəhbərliyinə Prokopçuk kimi, öz ölkəsinin vətəndaşlarının hüquq və azadlıqlarını boğan, beynəlxalq öhdəlikləri pozan və bir neçə aqressiv savaşın iştirakçısı olan şəxs gətirilə bilməz.

Rusiya hökumətinin təqibi ilə üzləşdikləri üçün xaricə üz tutan rusiyalı biznesmenlər də analoji mövqedən çıxış ediblər. Rusiyada barələrində cinayət işi açılan bu iş adamları hesab edirlər ki, Rusiya Daxili İşlər Nazirliyi insan hüquqlarını pozan çoxsaylı qanunsuzluqlara imza atıb: “Bu orqan korrupsiyaya bulaşıb, onun işçiləri mütəmadi olaraq şübhəlilərə qarşı qeyri-insan davranışda və işgəncələrdə ittiham olunur və təqsirli bilinirlər”.

Rusiyalı biznesmenlər Baş Assambleyanın nümayəndə heyətini Prokopçukun namizədliyini dəstəkləməməyə, ona səs verməməyə çağırıblar.

Ukrayna da Prokopçuk əleyhinə çıxış edib. Rəsmi Kiyev bəyan edib ki, Prokopçukun seçiləcəyi təqdirdə, Ukrayna “İnterpol”u tərk edəcək.

Eyni ultimatumu Litva da səsləndirib. Ölkənin daxili işlər naziri Eymutis Misyunas bildirib ki, rus general rəhbər seçilərsə, “İnterpol”u tərk edəcələr: “Biz görürük ki, Rusiya əvvəllər “İnterpol”dan vətəndaş cəmiyyəti və demokratik ictimaiyyətin fəalları ilə, eləcə də bəzi Litva vətəndaşlarıyla hesablaşmaq üçün istifadə edib. Əgər Prokopçuk seçilsə, Litva digər demokratik ölkələrlə birgə “İnterpol”u təcili olaraq tərk etmək məsələsinə baxacaq”.

Misyunasın bu mövqeyi Litva Seyminin 88 deputatı tərəfindən dəstəklənib.

Prokopçun mümkün təyinatına ən sərt reaksiya verənlərdən biri də britaniyalı maliyyəçi Uilyam Brauder olub. Brauder “The Washington Post” qəzetindəki məqaləsində yazır: “Üçüncü gün bütün demokratik və açıq ölkələr bir araya gələrək öz təsir güclərini ortaya qoymalı və “İnterpol”un Rusiya mafiyasının alətinə çevrilməsinə imkan verməməlidirlər”.

Brauder Rusiya hökumətinin “İnterpol”un kanalları vasitəsilə dəfələrlə onu beynəlxalq axtarışa verməyə cəhd etdiyini də xatırladıb.

“Washington Post”da dərc olunan başqa bir məqalədə isə rusiyalı müxalifətçi Vladimir Kara-Murza bildirir ki, Putin  “İnterpol”a nəzarət etməyə hazırlaşır.

Men Xunvey

 

192 dövlətdə cinayətkarların axtarışı ilə məşğul olan “İnterpol”un yeni şefi noyabrın 21-də Dubayda keçirilən seçkidə müəyyən olunacaq. Son vaxtlara qədər “İnterpol”a Çinin təmsilçisi Men Xunvey rəhbərlik edirdi. Xunvey bu il sentyabrın 29-da Fransadan Çinə yollandıqdan sonra itkin düşdü və ondan günlərlə xəbər çıxmadı. Bir həftə sonra məlum oldu ki, Xunvey Çinə eniş edən kimi yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və korrupsiyada, həmçinin başqa cinayətlərdə ittiham olunur.

Bu ittihamlar Çinin İctimai Təhlükəsizlik Nazirliyinin Dövlət Nəzarət Komitəsində araşdırılır. Və “İnterpol”a müvəqqəti olaraq qurumun vitse-prezidenti, Cənubi Koreyadan olan Kim Çen Yan rəhbərlik edir.

57 yaşlı Prokopçuk Ukraynada anadan olub. Komsomolda işləyb və 80-ci illərdə Rusiyaya köçüb. İxtisasca filoloqdur. 90-cı illərdə hüquq təhsili alıb. Ukrayna mətbuatı onun KQB əməkdaşı olduğunu iddia edir.

Prokopçuk vergi polisində yüksək vəzifə tutub və 2003-cü ildən Rusiya Daxili İşlər Nazirliyində işləməyə başlayıb. 2016-cı ildə “İnterpol”un vitse-prezidenti seçilib. Həmin vaxt mətbuat yazırdı ki, Prokopçuk “İnterpol”un tarixində bu qədər yüksək vəzifə tutan ilk rusiyalıdır…

Strateq.az