XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2018 - 15:21

“BAKI VAŞİNQTONLA BİRGƏ BÖLGƏDƏ GEOPOLİTİK BURULĞAN HAZIRLAYIR” –Rusiya analitikindən sensasion iddialar – TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 20.11.2018

 

Baş nazirin birinci müavini, narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Azərbaycan dövlət komissiyasının sədri Əli Həsənov Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi üzrə altkomissiyasının 53-cü sessiyasında bildirib ki, “Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi narkotik vasitələrin Avropa ölkələri və başqa ölkələrə tədarük edildiyi nəzarətsiz zonaya çevrilib”.

Və sonra: “Bu ərazilərdə narkotiklərin istehsalı və tranzitiylə məşğul olurlar, terrorçu dəstələr hazırlanır, bu da təhlükəni daha da çoxaldır”.

Dərhal mühüm dəqiqləşdirmələr təklif edək. Ermənistan-İran sərhədi Arazboyu keçir, uzunluğu cəmi 35 km-dən ibarətdir. Bu, həm İrəvan, həm də Tehran üçün ən qısa dövlət sərhədidir (qalan hissə Dağlıq Qarabağ və İran arasındakı kəsimə düşür). Bu sərhədi daha çox Rusiya sərhədçiləri qoruyurlar ki, bu da 1992-ci il 30 sentyabrda İrəvanda imzalanmış dövlətlərarası müqaviləylə müəyyən olunur. Onun 2-ci maddəsində deyilir: “Ermənistan Respublikası öz təhlükəsizliyinin, Rusiya Federasiyasının təhlükəsizliyi və MDB dövlətlərinin kollektiv təhlükəsizliyinin təminatı marağıyla öz ərazisi hüdudlarında Türkiyə və İranla dövlət sərhədlərinin qorunması məsələsini həvalə edir”.

Belə ki, Ermənistan və İran arasındakı sərhəd sahəsini, Həsənovun dediyi kimi, “nəzarətsiz zona” adlandırmaq olmaz. Rusiya FTX Sərhəd İdarəsi Ermənistanda dörd sərhəd dəstəsini – Gümri, Armavir, Artaşat və Mehridəkini, habelə İrəvanın beynəlxalq “Zvartnots” aeroportunda ayrıca nəzarət-buraxılış məntəqəsini ehtiva edir.  Ermənistandakı Rusiya sərhədçilərinin saxlanması iki dövlətin hökumətləri tərəfindən paritet əsasda təmin olunur.

İran və Dağlıq Qarabağ arasındakı sərhədə gəlincə, Artsax Respublikasının (Dağlıq Qarabağ ərazisindəki qondarma qurum nəzərdə tutulur-red.) xarici işlər naziri Masis Mailyanın ötən ilin sonunda İranın siyasi analitiki Salar Seyfuldinə müsahibədə məlumat verdiyi kimi, “Artsax (Dağlıq Qarabağ-red.) və İran arasındakı dəhliz bağlı qalır”.

Lakin İran araşdırmaçısı Abdulla Ramazanzadə yazır ki, fakt üzrə “Dağlıq Qarabağ və Ermənistan arasındakı dəhliz qalır”, buranı şimal tərəfdən Ermənistan sərhədçiləri qoruyurlar.

Buna görə də, ehtimal ki, Bakı məmuru Həsənovun iddiasına görə, “narkotiklərin istehsalı və tranziti” məhz bu zonada yerləşir, “terrorçu dəstələr” məhz burada hazırlanır. Məntiqə görə, bu, doğrudan da, belədirsə, onda Azərbaycan maraq göstərməliydi ki, İran və Dağlıq Qarabağ arasındakı sərhəd Rusiya sərhədçilərinin nəzarətinə keçsin. Amma güman etmirəm ki, Bakının ağlında belə bir ssenari var.

Məsələ burasındadır ki, oradan səslənən bəyanatların “İranın Livandan Yəmənə qədər terrorçular, döyüşçü  dəstələri və başqa ekstremist qruplaşmaları maliyyələşdirdiyi və hazırladığı” haqda Vaşinqtondan Tehranın ünvanına səslənənlərlə əlaqəsi var.  İndi Həsənov o cümlədən Stepanakert (Xankəndi-red.) hökumətinə qarşı iddialar irəli sürərək göstərir ki, nəsə buna bənzər bir şey “nəzarətsiz zona”da da baş verir.

Əlbəttə, belə fikirlər əvvəllər də səslənib. Lakin bunlar kəskinləşən Amerika-İran münasibətləri şəraitində yeni, mürəkkəb bölgəsəl münaqişəyə əlavə olunur. Tehranla bağlı proqnozlar müxtəlifdir, istisna deyil ki, amerikalıların bu ölkəyə sonrakı təzyiqi hər şeydən qabaq Azərbaycanın bölgə siyasətində əks olunacaq və məhz İran problemləri kontekstində “beynəlxalq terrorizm mərkəzləri”ndən biri elan etmək istədikləri Stepanakert (Xankəndi-red.) ətrafında “yeni” tendensiyalar variantı işə düşə bilər.

ABŞ hərbi komandanlığı Azərbaycan şəraitində mümkün hərbi əməliyyatlara hazırlıq məqsədilə qabaqlar dəfələrlə qərargah oyunları keçirib və Azərbaycanın coğrafi və iqlim şəraiti nəzərə alınmaqla kompüter vasitəsilə hipotetik hərbi əməliyyatlar hazırlayıb. Ssenarilərdən biri İran və Dağlıq Qarabağ arasındakı sərhədi bağlamağı nəzərdə tutur.

Amerikanın bəzi ekspertlərinin fikrincə, burada Şimali Koreya qoşunlarının Cənubi Koreyaya soxulduğu, özəyini ABŞ bölmələrinin təşkil etdiyi BMT qoşunlarının isə sonuncuya yardıma gəldiyi Koreya savaşındakı durum təkrarlana bilər.

Yeri gəlmişkən, Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan MEA İnsan hüquqları üzrə İnstitutun elmi işçisi Rizvan Hüseynov 2016-nın aprel savaşından sonra sıradakını bildirib: “Dağlıq Qarabağın mərkəzinə aparan yolların önəmli hissəsi indiki anda yüksəkliklərdən nəzarət, belə deyək, Azərbaycanın birbaşa atəşi altındadır. Eyni hal cənub tərəfə – İranla sərhədə də aiddir. Burada mühüm yüksəklik götürülüb, bunun sayəsində, demək olar, üç rayonun xeyli hissəsinə və Azərbayacan-İran sərhədinin məşhur Xudafərin körpüsünədək çox geniş xəttinə nəzarət etmək mümkün olur. Azərbaycan eyham vurub ki, nə edə bilər, amma etməyib”.

Bakı 2016-nın aprelində belə bir əməliyyata cürət etməyib, ya da, sadəcə, bacarmayıb. Bəs indi necə olacaq?

Aydındır ki, Dağlıq Qarabağ erməniləri hadisələrin belə inkişafında əllərini yanlarına sallayıb oturmayacaqlar. Bakı Vaşinqtonla eyni zamanda bölgədə gərginlik törətməyə başlayacağı durumda Tehranın da necə qıcıq verəcəyi məlum deyil.

Bunu da hesabdan atmağına dəyməz ki, İranda Dağlıq Qarabağ kimi, Azərbaycanın da XIX yüzilliyin əvvəlindəki savaşlar nəticəsində “Rusiyanın zorla qopartdığı İran ərazisi” olduğu baxış nöqtəsi var.

Buna görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ssenasrilərindən birinin gerçəkləşməsi çərçivəsində biçimlənən konkret geopolitik durumda Qarabağ torpağında hansısa beynəlxalq güclərin görünməsi İranın özündə zəncirvari reaksiya doğura bilər. Geniş mənada.

Dar mənada isə münaqişənin tənzimlənməsinin mövcud beynəlxalq mexanizmi sındırılacaq və hər şey gözlənilməz nəticələrlə alt-üst olacaq.

Amma hələlik Azərbaycanın bölgə siyasətində vurğunun dəyişildiyini qeydə alırıq. Sonra nə olacaq?

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə