XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 17:12

Türkmənistanda dəvələr və adamlar acından qırılır –Prezident Berdımuhəmədov isə TV-də nazirlərə bədən tərbiyəsi keçir – ARAŞDIRMA

İrina Corbenadze

rosbalt.ru, 25.11.2018

 

Prezident Berdımuhəmədov hətta yeni şəhər salmaq niyyətilə anlaşılmaz təyinatlı qurğuya milyardlar xərcləyir. Respublikanı isə əsil aclıq təhdid edir.

Məlum olur ki, Türkmənistanda indi təkcə adamlar aclıq çəkmirlər. Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmədov gen-bol adamdır, təmtərağı xoşlayır və buna milyardlarla dolları həvəslə sərf edir. Göz oxşasın deyə. Bununla yanaşı, görünür, adamları az sevir: yəqin, hesab edir ki, onları gözümçıxdıya salmaq və hətta ac saxlamaq gərəkdir. Məlumdur ki, respublika gerçək aclıq qarşısındadır: sadə adamlar uzun növbələrə düzülür ki, dövlət qiymətinə bir qədər çörək, un, şəkər, bitki yağı, yumurta və zəruri digər ərzaqları tapsınlar – bunlar bazarda üçqat baha satılır. Amma kəndlilər paytaxt mağazalarına mal versə, cərimə olunurlar: xəzinəni doldurmaq üçün tamamilə “uyğun” praktikadır – eynilə piyadalar qulaqlıqda küçədə hərəkət etdiynə görə cərimələrin tətbiqi kimi.

Budur, Berdımuhəmədov bu günlərdə paytaxtı həmvətənlər üçün necə daha da gözəlləşdirmək və turist cəlb etməyi (düzdür, onun tətbiq etdiyi sərt viza rejiminə görə sonuncular Türkmənistanda praktik olaraq yoxdurlar) düşünmək üçün meri də özüylə götürərək velosipedlə Aşqabadı gəzib və respublikanın ilk prezidenti Saparmurat Niyazovun heykəlinin dizaynını dəyişməyi əmr edib. Habelə ölkə gerbi uzaqdan yaxşı görünsün deyə onun  monumentinə yeni yer tapmağı, bu ikitəkərli, ekologiyaca təmiz nəqliyyat növünün bayramı günü şərəfinə velosipedin daha bir abidəsni qoymağı. Velosiped monumenti yaya doğru hazır olacaq.

Prezident paytaxtda daha bir təmtəraqlı otel də inşa etməyi (amma Aşqabadda cah-cəlallı boş otellərin sayını artıq itiriblər) və fırlanan Yer kürəsi formasında heykəl kompozisiyası qurmağı əmr edib. O, türkmən xalqının bəşəriyyət tarixindəki rolunu asan dildə “izhar etməlidir”. Və burada heç bir kinayə yoxdur.

Amma bu da hamısı deyil. Berdımuhəmədov yeni şəhərin inşası layihəsinin gerçəkləşdirilməsini düşünür – ehtimal ki, Qazaxıstanın paytaxtına çevrilmiş Astananı tikən (düzdür, boş yerdə salınmayıb) Nursultan Nazarbayevin uğuru ona rahatlıq vermir. Türkmənistan prezidenti Axal vilayətinin Gökdəpə rayonunda 235 yaşayış binası, Nigah sarayı, at-idman kompleksi, infeksiya xəstəlikləri klinikası və gərəkən başqa sosial-məişət infrastrukturlarla şəhər görmək istəyir. Yaxınlıqda iki kənd də yerləşəcək. Berdımuhəmədovun bildirdiyi kimi, söhbət ölkənin özünə rəva görə biləcəyi nəhəng pul yatırımı tələb edən “azman layihə”dən gedir.

Qeyd edək ki, təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yer tutan bu ölkə iqtisadiyyatı inkişaf etdirməmək israfçılığına, büdcə işçilərinə quruş ödəməyə yol verir – orta maaş zorla 50 dollara çatır, işsizlik isə 70%-ə yaxınlaşıb. Burada əvvəlki prezidentin əhali üçün elektrik enerjisi, qaz, su, nəqliyyat xidməti və s.-dən pulsuz istifadə kursunun davamından necə danışmaq olar. Berdımuhəmədov bunu uğurla ləğv edib.

Ümumiyyətlə, Türkmənistanın indiki hökuməti acından ölməmək üçün bütün həqiqət və qeyri-həqiqətlərlə ölkədən qaçan əhalisini yedirdə bilmir və yaxud istəmir. Bununla yanaşı, “qaz cənnəti”nin, eyni zamanda “pambıq köləliyi”nin prezidenti ağır atletika üzrə dünya çempionatının açılışına doğru alınmış, dəyəri 600 min dollara yaxın qəttəzə “Mini Cooper”də gen-bol gəzməyi özünə rəva bilir. Habelə 4 milyarda yaxın dolların əndərildiyi təmtəraqlı aeropertla, nadir “büdcə”ziyarətçiləri olan akvaparkla və s.-lə qürrələnməyi.

Müstəqil qaynaqların məlumatına görə, respublikada yoxsulların sayı çoxalır: pensionerlər, qadınlar, uşaqlar pul və ərzaq sədəqəsi xahiş edir, adamlar yemək, köhnə geyim və ev avadanlığı axtarışında zibil qutularında eşələnirlər. Tullantılarda qurdalanmaq olar, amma, bax, Özbəkistanın məhrum prezidenti İslam Kərimovun Türkmənabaddakı heykəlinin yanında fotoşəkil çəkdirmək olmaz. “Azadlıq” radiosunun məlumatına görə, heykəl bütün günü yuxarıdan bu qədər qəribə yasağın  səbəbini izah etməyən polisin müşahidəsindədir.

Tələbələr həmçinin institutda dərsi buraxa bilərlər, amma həftədə bir dəfə Aşqabadda Berdımuhəmədovun ən müxtəlif mövzulardakı kitablarının sərgiləndiyi şəhər kitabxanasına getməmək olmaz. “Хроника Туркменистана” məlumat verir ki, hər ali məktəbin öz kitabxanası olduğuna baxmayaraq, prezident belə bir “kitabxana günü” təsis edib.

Daha nələr olmaz? Çox şey. Misalçün, sputnik çanaqlardan istifadə etmək – hamı TV-də ancaq xalq mahnıları və rəqslərini seyr etməli, prezidentin müxtəlif silah növlərindən atış və yəhərdə oturmaq məharətinə baxıb həzz almalıdir. Saçlara açıq boya – hər hansı olur-olsun – çəkmək, qadınlara avtombil sürmək (yeri gəlmişkən, Türkmənistanda yalnız ağ rəngli maşınlara icazə verilir) və çimərlik geyimi olmaz. Xaricə işləməyə və təhsilə getmək olmaz – ölkədən çıxış olduqca sərt şəkildə məhdudlaşdırılıb. Əvəzində pedaqoqlar, həkimlər, uşaqların pambıq yığımında işləməyi və zibillikdə metal qırıntısı axtarmağı olar və hətta bir borcdur.

Hələ bir də respublikada dəvələrin niyə öldüyü haqda həqiqəti demək olmaz. “Азатлык”ın məlumatına görə, əyalət baytarları hesab edirlər ki, Balkan vilayətində bu heyvanlaırn kütləvi halı çiçək xəstəliyinin qızışmasıyla bağlıdır, bu məlumatı yoxlayan komissiya isə hesab edir ki, yerli əhalinin dediyi kimi, gövşəyən heyvanların ölümünə aclıq səbəb olub.

Habelə məlumat verilir ki, özəl qrup noyabrda respublika və bölgə baytarlıq xidmətlərinin tərkibində Madov kəndinə də baş çəkib – orada da dəvələr xəstələnib. Kənd paqonlular tərəfindən qorunur və giriş-çıxış üçün bağlıdır. Yoxlanış bir neçə gün çəkib və baytarlar sonda bildiriblər ki, heyvanlar “acından ölüb”. Amma yerli sakinlərdən “bu haqda səs-küy qaldırmamağı” tələb ediblər. Lakin dəvə ətinin satışına yasaq yenə də saxlanır – hər bir gözlənilməz hala qarşı.

Bir sözlə, Türkmənistanda Saparmurat Niyazovun havayı kommunal və yanacaq-energetika və nisbi toxluqdakı “qızıl dönəm” deyilən dövr bitib. Amma gerçəklikdə hansı dönəm gəlib? Respublikada hələlik total aclıq yoxdur, amma artıq hamı xeyli yarıac-yarıtoxluqdan danışır. Heyvanların halıyla bağlı burada dilxorcasına  qara zarafat edirlər: acından kimin tez gəbərəcəyi məlum deyil – dəvələrin, yoxsa adamların.

Və hamı susur. Heç bir etiraz mitinqi yoxdur. Camaat hirsini evdə, özününkülərin içində soyudur. Respublikada müxalifət yoxdur: bəziləri həbsdə, başqaları tərki-vətəndir, üçüncüləri ümidlə gözləyirlər ki, bütün ailəylə köç edəcəklər. Bütün türkmənlərin prezidenti isə televizorda nazlirlərə bədən tərbiyəsi dərsi keçir və özü ştanqda dartınır. Ac dartına bilməz, adamları isə təkcə bir şeylə doyuzdururlar – nağıllarla.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə