XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 18:14

DUTERTENİN ÇİN QAMBİTİ:prezidentdən fərqli olaraq, filippinlilər Pekinə əsla güvənmir - TƏHLİL

Nikol Kurato

“Əl-Cəzirə”

 

İyulun səhər saatlarında Manilanın Keson prospektində qırmızı bayraqlar dalğalanırdı. Plakatda isə bu sözlər yazılmışdı: “Filippinə, Çin əyalətinə xoş gəlmisiniz!”

Bu zarafatın ilhamvericisi prezident Rodriqo Dutertenin özü idi. Belə ki, fevral ayında Çin səfirinin də qatıldığı tədbirdə Duterte bildirib ki, Filippin artıq Çinin əyaləti olub.

İyulun 12-də Beynəlxalq Arbitraj Məhkəməsi Filippin lehinə qərar verib, amma Qərbi Filippin dənizi (Cənubi Çin dənizi) ilə əlaqədar Çinlə mübahisə hələ də bitməyib.

Həmin gün yerli məmurlar üzərində “Filippinə, Çin əyalətinə xoş gəlmisiniz!” bannerini çıxarıblar. Hökumət sözçüsü Harri Roke bunun “hökumətin düşmənləri”nin əməli olduğunu bəyan edib.

Bu həftə Çin prezidenti Si Zinpin Filippinə rəsmi səfər edərkən, Çin əleyhinə etiraz dalğası ölkəni bürüyüb. Nümayişçilər Çinin “torpaqlarımızdan çıxmağa” çağırış edən şüarlar səsləndirərək Çin konsulluğuna doğru gediblər. Balıqçılar Pekinin ölkənin ərazi sularını ələ keçirməsinə etiraz ediblər. Filippindəki sosial media “Winnie the Pooh”-un şəkilləri və “mem”lərlə dolub-daşıb (Çin prezidenti Sinin ayı obrazına oxşadılması Çində qadağandır).

Bu qorxunc hekayət güclü qonşu ilə əlaqələrdə Dutertenin Çinə praqmatik yanaşmasına şübhələr doğurub.

 

Tarixi güvənsizlik

 

Rəy sorğularının nəticələri göstərir ki, filippinlilər arasında Çin və Çin investisiyalarına şübhə böyükdür. Beş ölkəni əhatə edən sorğu testində (sentyabr ayında keçirilib) yalnız Çin “-16” etibar reytinqi qazanıb. ABŞ +59, Yaponiya +28.

Həqiqətən təəccüblü budur ki, sonuncu ölkələr müstəmləkəçi olub, halbuki Filippin ərazisini Çin heç vaxt işğal etməyib. Bununla belə, məhz o, mənfi güvən reytinqinə sahibdir.

Filippinlilərin milli təsəvvüründə çinlilər yad və istismarçı tacir-kapitalistləri təmsil edirlər. İspaniya-Amerika müstəmləkəsi dövründə Çinin iqtisadi qüdrəti problem olaraq qəbul edilib, belə ki, hətta müharibədən sonrakı dövrdə pərakəndə satışında Çin hakimiyyətini pozmaq üçün xüsusi qanunvericilik qəbul edilib.

Bu tarixi miraslar Filippində qlobal güc olan Çinlə münasibətlərə, xalqın qan yaddaşına bu gün də təsirini davam etdirir. Hətta populist Dutertenin Siyə olan sevgisini açıq şəkildə elan etməsi də Çinin mənfi obrazını zəiflətməyib.

Qərbi Filippin dənizi məsələsinə gəlincə, eyni rəy araşdırması göstərir ki, filippinlilərin əksəriyyəti Çinin Filippin ərazilərinə hücumuna hökumətin hərəkətsizliyinə qarşı çıxır. Respondentlərin 71 faizi bu məsələnin diplomatik danışıqlarla beynəlxalq təşkilatlarda müzakirəsini vacib sayırlar.

Bu sorğular xalqın düşüncəsi ilə prezident Dutertenin fikirlərindəki ziddiyyəti göstərir.

 

Milli prioritetlər

 

Əksər filippinlilər üçün ərazi bütövlüyü məsələləri vacibdir, amma prioritet deyil. Digər sorğu məlumatları göstərir ki, əhali üçün ən böyük narahatlıq əməkhaqqı, inflyasiya, yoxsulluq və məşğulluqdır. Ərazi müdafiəsi məsələsi əhalinin böyüməsi, terrorizm və s. ilə yanaşı, alt qatdadır.

Dutertenin xarici siyasəti xalqının fikirləri ilə eyni olmaya bilər, amma onun praktik sövdələşmələri insanların gündəlik narahatlığına cavab vermək potensialına malikdir. O, ölkə iqtisadiyyatını gücləndirən Çin investisiyalarına çox güvənir.

Cənubi Çin dənizində ölkənin dənizçilik maraqlarını təşviq edən proaktiv xarici siyasət aparan sələfi Beniqno Aqino ilə müqayisədə, Duterte Pekini ikitərəfli danışıqlara cəlb etməyi üstün tutur. Böyük infrastruktur layihələrinin icrası yoluyla iqtisadi inkişaf gündəliyini həyata keçirmək üçün lazım olan əsas şey – Çin investisiyalarıdır.

Sinin rəsmi səfəri çərçivəsində imzalanmış 29 razılaşma arasında bir körpünün və bir avtomagistralın texniki-iqtisadi əsaslandırılması, bənd layihəsi üzrə kredit sazişi və ən mübahisəli məsələ – Qərbi Filippin dənizində neft və qazın hasilatı üzrə anlaşma memorandumu var.

Bu sazişlərə şübhə etmək üçün bəzi səbəblər var.

Dutertenin Pekinə səfərindən iki il keçib və Filippin “ABŞ-dan ayrılmasını” elan edib, amma Çinin 24 milyard dollarlıq investisiya vədi havada qalıb.

İqtisadçılar müəyyən edib ki, sərmayə qoyuluşu və ticarət “çox yüksək səviyyədə” deyil. Üç iqtisadi sektor: turizm, qumar və daşınmaz əmlak istisna olmaqla. Bəzi böyük infrastruktur layihələri şübhəli podratçılara verilib və bunlardan ən azı biri Dünya Bankı tərəfindən siyahıya alınıb.

Duterte ölkəsində Çin layihələri üçün düzgün şəffaflıq və yüksək icra standartları təmin etmirsə, riskə gedir.

O, növbəti prezident seçkilərindən öncə çətin suallar qarşısında qalacaq: Çin yaxınlaşmaq uğrunda müqavilələrin, kreditlərin və təchizat zəncirlərinin şərtlərini müəyyənləşdirmək üçün Çinə hansı həddədək icazə verilib? Bu əqdlərin hansı icrasız qalıb?

Dutertenin siyasi gələcəyi Çin qambitinə bənzəyir. O, ərazi mübahisəsində güzəştləri və iqtisadi cəbhədə uğursuzluğu iqtidarının davamlılığına şübhə yaradır.

 

Tərcümə: Strateq.az