XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 09:17

ÇİNDƏ ZƏNGİNLƏR KOMMUNİST PARTİYASINA NİYƏ AXIN EDİR?- Parlamentdə 100-dən artıq milyarder, onlarla milyonçu deputat var

Çində Kommunist Partiyasına üz tutan zənginlərin sayı getdikcə artır. Artıq çinli milyarderlər cəmiyyətdə Kommunist Partiyasının ideyalarının daşıyıcılarına çevriliblər. Onlar adıçəkilən partiyaya üzv olur, parlamentə seçilirlər. Hökumət də onları ölkə vətəndaşlarına nümunə göstərir…

Yerli mətbuatda Çinin inkişafına töhfə verən 100 Çin vətəndaşının siyahısı dərc olunub. Onların arasında siyasi xadimlər, əməkdar müəllimlər, görkəmli elm adamları və mədəniyyət xadimləri ilə yanaşı, bir neçə milyarder də var.

Məşhur onlayn-ticarət platforması olan “Alibaba Group”un qurucusu Cek Ma, investiya şirkəti “Tencent”in rəhbəri Poni Ma, “Baidu” (“Google” axtarış sisteminin analoqu) şirkətinin qurucusu Robin Li də həmin milyarderlərin sırasında yer alıb.

Yeri gəlmişkən, Çinin ən zəngin adamı olan və sərvəti 40 milyard dollar olan Cek Ma da Kommunist Partiyasının üzvüdür.

Cek Ma

Kommunist Partiyasının rəhbərliyi bəyan edib ki, Cek Ma elektron ticarətin və elektron ödəmə sistemlərinin qurulmasına, kiçik və orta sahibkarlıq üçün infrastruktur və logistikanın inkişafına, həmçinin sosial kreditlərin verilməsi ilə bağlı yeni sistemin yaradılmasına böyük töhfə verib.

İş adamına eyni zamanda “Tszyansu əyalətində sosializmin görkəmli qurucusu” fəxri adı da verilib.

Cek Ma pedaqoji təhsil alıb və aşağı məvacibli işlərdə çalışıb. 1995-ci ildə kompüter texnologiyasından heç bir anlayışı olmadan işini qurub. Bunun üçün dost və tanışlarından 2 min dollar borc alan Cek Ma bir neçə il il sonra milyarder olub.

1999-cu ildə “Alibaba Group”u təsis edib və Çinin ən varlı adamına çevrilib. Cek Manı sosial ədalətin tərəfdarı hesab edirlər. Çıxışlarında sadə həyat tərzi sürdüyünü deyən Cek Ma insanlara da bu yolla getməyi tövsiyə edir.

Biznesmen şəxsi vəsaitini xeyriyyə layihələrinə xərcləyir və təbiəti mühafizəyə dair tədbirlərdə aktiv iştirak edir.

Si Tszinpin

Çində kommunistlərin üzərinə xeyli öhdəlik qoyulub. Noyabrın 26-da partiyanın tədbirində iştirak edən Çin lideri (partiyanın baş katibi) Si Tszinpin növbəti dəfə qeyd edib ki, bütün partiya üzvləri yüksək mənəviyyat və işgüzarlıq kriteriyalarına riayət etməlidir. Eyni tələb partiyayaya böyük gəlirlərinin 2 faizini ödəyən milyarderlərə də aiddir.

Çində biznesmenlərin partiyaya üzv olmasına 2002-ci ildə icazə verilib. Ona qədər partiyaya yalnız işçilər, muzdla işləyənlər qəbul olunurdu.

Bir çox sahibkar yeni imkandan yararlanaraq partiyaya üzv oldu. Hazırda Ümumçin Xalq Nümayəndələri Məclisində 100-dən artıq milyarder təmsil olunur. 200-dən artıq zəngin deputatın ümumi sərvətinin təqribən 300 milyard dollar olduğu bildirilir. Müqayisə üçün qeyd edək ki, hazırda ABŞ Konqresində bir milyarder belə, yoxdur.

Qərb ekspertləri bildirirlər ki, sosializmin rəsmin şəkildə qurulduğu Çində ziddiyyətli vəziyyət yaranıb: varlı adamlar kapitalist ölkələrdə olduğu kimi, hakimiyyətə dolayısı ilə yox, özləri səlahiyyət alaraq birbaşa təsir edirlər.

“Hurun” biznes-jurnalının (“Forbes”in analoqu) yazdığına görə, bu gün Çində 620 milyarder var. Sərvəti 300 milyondan artıq olanların sayı 1893-dür ki, onlar da energetikadan tutmuş, internet-servislərə qədər müxtəlif sahələri təmsil edirlər.

Jurnalın məlumatına görə, Çində hər on zəngindən doqquzu Kommunist Partiyası ilə bağlıdır.

2014-cü ildə “The New York Times” yazmışdı ki, partiyaya üzvlük və ya partiyanın yüksək rütbəli nümayəndələri ilə dostluq iş adamlarına öz sərmayələrini müxtəlif sahələrə yatırmağa imkanlar yaradır. Məsələn, “Alibaba Group”a sərmayə qoyan dörd Çin şirkətini Kommunist Partiyasının keçmiş rəhəbrlərinin övladları və nəvələri idarə edir.

Çinin keçmiş lideri Tszyan Tszeminin nəvəsi Elvin Tszyan Çciçen Cek Manın şirkətinin səhmlərinin 5,6 faizinə sahibdir.

Lakin hakimiyyətə yaxınlıq onları məsuliyyətdən azad etmir. məsələn, 2016-cı ilin əvvəlində “Alibaba Group” öz resurslarında saxta məhsul satdığı üçün hökumət tərəfindən cəzalandırılmışdı.

Bununla belə, Çinin zəngin adamlarının hakimiyyətdən narazı qalmağa ciddi əsasları yoxdur. Sürətlə böyüyən iqtisadiyyat onlara bizneslərini inkişaf etdirməyə yaxşı şərait yaradır.

Unutmaq olmaz ki, Çində bütün özəl şirkətlər biznesmenlərin səyləri sayəsində yaradılıb. Dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində yox.

Çində milyarderlər vətəndaşlara nümunə kimi göstərilir. Partiya funksionerləri tez-tez bəyan edirlər ki, milyarderlər də sadə çinlilərdir. Sadəcə onlar daha əvvəl varlanıblar və Kommunist Partiyasının müdrik siyasəti nəticəsində yerdə qalanlar da onların ardınca gələcək…

Tərcümə Strateq.az-ındır